Fügen: "Mənim ulu babam Məhəmməd xan Vidadinin oğlu,
ulu nənəm Pərisultan isə Vaqifin qızıdır"
Azər Turanın təqdimatında
Fügən Orkun ilə müsahibə
Hər dəfə İstanbula yolum düşəndə professor İbrahim Yıldırıma baş
çəkirəm. İbrahim bəyin Ləvənd səmtindəki evi Azərbaycan havalı bir evdir. İbrahim bəy də, həyat yoldaşı Fügen xanım da əslən Azərbaycan kökənlidirlər. İbrahim bəyin ulu babaları
Qərbi Azərbaycandan,
Fügen xanımın əcdadları
isə Qazax mahalındandır.
Fügen xanımın atası
tarixçi Vəli Orkun Türkiyə
tarixşünaslığında bilinən imzalardandır. "Gemlik tarix və coğrafyası",
"Sürmeli
Çukuru" kitabları əhəmiyyətli elmi araşdırmalar kimi bu gün də türkiyəli tədqiqatçıların istinad etdiyi mənbələrdəndir.
Fügen xanımın bildirdiyinə
görə, Vəli Orkun professor
Əhməd Cəfəroğlu,
Nağı Keykurun Şeyxzamanlı
ilə yaxın dost olub.
Ötən həftə İstanbulda keçirilən kitab fuarının Azərbaycan guşəsini ziyarət edənlərdən biri də
İbrahim bəy idi.
Görüşdük. Adəti üzrə
evinə
dəvət etdi.
Əvvəllər onun evində bir neçə
dəfə olsam da,
bu dəfə gedə
bilmədim. Amma o ev hər zaman mənə Azərbaycanın bir parçası kimi əziz olub.
Bir dəfə İbrahim bəy məni
Əli bəy Hüseynzadənin qızı Feyzavər xanımla bir yerdə dəvət etmişdi. Daha doğrusu,
öz maşını ilə
Feyzavər xanımın Şişli səmtindəki evinə
gəlib bizi əvvəl Qaracaəhməd məzarlığında Hüseynzadənin ziyarətinə, ordan da
özünün Ləvənddəki evinə
aparmışdı. Bir dəfə doktor Bəhruz Səfərəliyevlə,
bir dəfə tək...
İbrahim bəyin Azərbaycan sevgisi böyük olduğu kimi,
onun Azərbaycan qarşısında xidmətləri də
çoxdur. Müstəqilliyimizin ilk illərində Türkiyədə tibb təhsili alan azərbaycanlı
tələbələr onu yaxşı xatırlayır. Çünki həmin tələbələri seçmək üçün İstanbul Universiteti Azərbaycana
İbrahim bəyi göndərmişdi. Birinci Qarabağ savaşının ən ağır vaxtlarında
İbrahim bəyin başçılıq etdiyi cərrahlar qrupu Bakıda təmənnasız olaraq
300-ə yaxın cərrahiyyə əməliyyatı gerçəkləşdirib. Nə vaxtsa Prof.Dr. İbrahim Yıldırım və onun nəsil
şəcərəsi barədə kitab yazacaqdım... Rəhmətlik Qənirə
Paşayeva da belə
bir kitabın yazılmasını çox istəyirdi.
İstanbuldan
- kitab fuarından qayıdandan sonra kompüterimin yaddaşında bu yazıya rast gəldim.
Onu
İbrahim bəyə göndərdim ki,
ömür-gün dostu Fügen xanım, təxminən, 15 il əvvəl Vedadovlar nəsli barədə danışdığı
söhbəti təkrar oxusun. Oxudu... Sabah qəzetimizin bir nüsxəsini
İstanbula
- İbrahim bəylə
Fügen xanıma göndərəcəm...
Azər TURAN
Birinizin xatirinə…
- Atanız Türkiyədə kifayət qədər tanınan tarixçilərdəndir.
Siz isə ixtisasca tarixçi deyilsiniz. Ancaq Vəli Orkunun geni deyəsən, sizi də tarixçi
etməkdədir...
- Atam tarix müəllimi
idi. Tarixçi-araşdırmaçıydı.
Araşdırmaçılıq mənə, düz deyirsiniz, ondan intiqal edib. Mən
də soy-kökümüzlə
bağlı bir araşdırma yapdım. Araşdırmalarım nəticəsində
Molla Vəli Vidadinin atasına qədər gedib çıxdım.
- Firidun bəy Köçərlinin yazdıqlarından
bilirik ki, Vidadinin şəcərəsi Səfəvilərə
dayanır.
- Vidadinin atası Səfəvi dövlətində
önəmli insanlardan
sayılıb. Şəmkirə
gəlib. Burada böyük torpaq sahələri olub. Sonra da
öldürülüb.
- Hansı səbəbdən
öldürülüb?
- Bilmirəm. Deyəsən,
o dönəmdə məzhəb
qovğaları başlanıb.
Dəqiq bilmirəm.
Amma yəqin ki, o səbəbdən
olub.
- Vidadi haqqında Azərbaycanda hər bir kəsin müəyyən bilgisi
var. Orta məktəblərimizdə,
ali tədris ocaqlarında Vidadi illər boyu Azərbaycan türklərinə
tədris olunub. Ancaq Vidadi nəslinin
bir nümayəndəsi
kimi Sizin onun haqqında danışdıqlarınız, verəcəyiniz məlumat
hamımız üçün
maraqlıdır.
- Vidadi Şəmkirdə doğulub. Sonra Poyluya gəlib. Poyluda təhsil alıb. Vidadi Poyluda təhsil aldığı
illərdə atası
öldürülüb. Bundan
sonra Vidadi Şəmkirə dönmür,
Şıxlıda qalıb
müəllimlik edir.
Sonra Gürcüstanda gürcü
knyazının idarəsində
çalışır. Vidadinin
üç oğlu olub: Yahya, Məhəmməd
və Osman. Yahya gənc
yaşında dünyasını
dəyişib. Mənim
sülaləm Məhəmməddən
gəlir. Atamın adı da babamın adıdır - Vəli. Daha sonra əmioğluları
ilə aralarında bir anlaşılmazlıq çıxır, böyük
dədəm Şıxlıdan
Axıskaya gedir...O
zaman Axıska türklərin
yurduydu. Öz xanlıqları vardı. Böyük bibim, əmilərim, atam Axıskada doğulublar. O
zaman sovet dönəminin
ilk illərində Axıskada
çaxnaşmalar baş
verir. Bizimkilər çox böyük torpaq sahibləriydi. Sürüləri, ilxıları
vardı. Babamgil görür ki, ruslar erməniləri önə
sürərək bu torpaqları işğala başlayır. Babamın iki erməni nökəri olub. Həmin nökərlər
bir gün babama xəbər gətirir ki, iki-üç
gün sonra ermənilər sizə hücum edəcək. Hamını qırıb-çapacaqlar.
Bu zaman babam bütün
çoluq-çocuğu toplayıb
Türkiyəyə - Ərdəhana
gəlir. Bir müddət
burada qalırlar. Sonra
təkrar geri dönürlər. Fəqət,
artıq erməni təcavüzü çox
şiddətlənmişdi. Təkrar babamgil 1922-ci ildə Qarsa gəlirlər. Bu arada atamın bibisi - Molla Vəli Vidadinin anasının adını daşıyan
Xədicə Ərdəhanın
ağası Daşdəmir
oğlu adlı biri ilə evlənir.
Onun çocuqları
da Rusiyada mühəndislik
oxumuşdu. O zaman atam
7 yaşındaymış. Qarsda yerləşdikdən
altı ay sonra babam vəfat edir. Bunlara Qarsın
Azad köyündə torpaq
sahəsi verirlər.
- O zaman Qarsda azərbaycanlılar çox idi.
- Həm azərbaycanlılar,
həm də bizim qohumlarımızın
çox olduğu yerdi. Sonra atamın böyük qardaşı
əmim ciftliyin başında qalır. Bibim Türkiyəyə köçməmişdən əvvəl
dağıstanlı türk
kökənli bir əsgərlə evlənmişdi.
O da Zeynalabdin Tağıyevin
türklər üçün
açdığı Müsəlman
Qız məktəbinin
ilk məzunlarındandı. Babam təhsil almaq üçün Ərzuruma gedir. Ərzurumda müəllimlik
məktəbini bitirir.
Kayseriyə göndərilir
və burada anamla tanış olur. Evlənirlər. Sonra
atam ali təhsil almaq üçün Ankaraya gəlir. Universitetin tarix-coğrafiya fakültəsini
tamamlayır. Müəllim
olaraq Gemliyə təyin olunurlar. Gemlikdə əvvəlcə
qardaşım dünyaya
gəlir. Üç
il sonra mən doğulmuşam. Sonra İqdıra
təyin olunurlar. Mən ilk okulu İqdırda bitirdim. Sonra
atamgil işləmək
üçün İstanbula
köçür. Mən
İstanbulda fransız
məktəbini bitirdim.
Atam çox təşəbbüskar adamdı.
O arada Türkiyədə
ikinci özəl kolleci qurdu. Bu, ingiliscə təhsil verən bir kollec idi. Mən
bu kollecdə ingilis dili müəllimi
və müdir yardımçısı kimi
görəvə başladım.
Daha sonra İbrahimlə tanış
olduq. Türkiyə Tələbə Federasionunda
bir folklor festivalında tanış
olduq. Allahın nəsibiymiş. Evləndik.
Qardaşım İstanbul Universiteti fizika-kimya fakültəsini
bitirmişdi. Qalatasaray
Universitetində müəllimlik
etdi. Qardaşım çox erkən - əlli altı yaşında dünyasını
dəyişdi.
Mənim
diqqətimi ən çox bir məsələ çəkir:
Tiflisdə ilk türk
müsəlman məktəbini
quran Molla Vəli Vidadinin nəvəsi olub. Həmin məktəb indi də durur.
O məktəbdə sadəcə,
dini təhsil deyil, dünyəvi elmlər də tədris olunub. İllər sonra isə mənim atam Türkiyədə bir məktəb qurur və bu
məktəbdə Qərb
dillərində təhsil
verilir. Bunu öyrənəndə tüklərim
tikan-tikan oldu.. Vidadidən başlayaraq bütün nəslimiz müəllim olub. Fikir verin:
atam da, mən də, qardaşım da - hamımız ailəlikcə
müəllim olduq. Düşünürəm ki, müəllimlik
bizim nəsildə, ailədə genetik bir məsələdir.
- Ot kökü üstə bitər. Kökdə Vidadi dayanır... Fügen xanım, evinizdə Vidadinin hansı şeirini daha çox söylərdilər?
- Nənəm, atam, əmim, bibim hamısı hər zaman
"Durnalar"ı əzbər
söylərdilər.
Qatar-qatar olub qalxıb
havaya,
Nə çıxıbsız asimana,
durnalar?
Qərib-qərib, qəmgin-qəmgin ötərsiz,
Üz tutubsuz nə məkana, durnalar?
Təsbih
kimi qatarınız düzərsiz,
Havalanıb ərş üzündə
süzərsiz,
Gah olur ki, danə-xuriş gəzərsiz,
Gah düşərsiz pərişana,
durnalar!
Ərz eyləyim, bu, sözümün sağıdır,
Yollarınız haramıdır, yağıdır,
Şahin-şonqar sürbənizi dağıdır,
Boyanarsız qızıl qana,
durnalar!
Əzəl başdan Bəsrə,
Bağdad eliniz,
Bəylər üçün ərməğandır
teliniz.
Oxuduqca şirin-şirin diliniz,
Bağrım olur şana-şana,
durnalar.
Bir baş çəkin dərdməndin halına,
Ərzə yazsın, qələm
alsın əlinə.
Vidadi xəstədən Bağdad
elinə
Siz yetirin bir nişana,
durnalar.
- Evinizdə Azərbaycan mühiti vardımı? Vidadini anladırdılarmı?
- Çocuqluğumda nənəm
Azərbaycanı böyük
bir həsrətlə
anladırdı. Biz çox
kiçikdik. Bəzən
onun söylədiklərinə
inanmazdıq, "bunlar
doğrumu?" - deyə
düşünərdik. Bizə
hekayə kimi gəlirdi. Amma İbrahimlə
Azərbaycana gedəndə
- Kür nəhrini görəndə, Kür nəhrinin qarşısındakı
meşəliyi görəndə
o qədər duyğulandım
ki... Özümü saxlaya
bilməyib, ağladım.
- Uşaq vaxtı inanmadığınız şeylərin
doğru olduğunu gördünüz...
- Bəli... Kaş ki, atamgil sağ olaydılar. Kiçikkən
yaşadıqları torpaqları
görə biləydilər.
Kiçik bibimdən başqa heç birinə nəsib olmadı. Həsrətlə
getdilər... Özləmlə
getdilər həyatdan...
Onlar Azərbaycanda hər şeylərini qoyub gəlmişdilər.
Təkcə bir sandıq gətirmişdilər.
Mən o sandığı
xatırlayıram. İçərisində
artıq heç nəyə yaramayan əski rus pulları
vardı. Əmim və bibilərimin hər birinin doqquz övladı var. Ən az çocuğu
olan mənim atamdır.
- Ailənizdə milli gələnəklərimizi
yaşadırdınızmı? Azərbaycanın bir parçasıydı Sizin
ailəniz.
- Tamamən azəri türkcəsində danışırdılar.
İndi 86 yaşı olan
bibim hələ də azəri türkcəsində danışır.
Onu görsəniz, Azərbaycandan yeni gəldiyini
düşünərsiniz. Biz də lap balaca vaxtlarımızdan qulağımız
doluydu azəri türküləri, azəri
oyunları ilə.
Azərbaycanın bu iki böyük şairi həm ən yaxın dost, həm də qudadırlar. Molla Vəli Vidadi iki oğluna
Molla Pənah Vaqifin iki qızını
alıb. Məhəmmədlə
Pərisultan, Osmanla Mələk evlənib.
- Deməli, şəcərənizin
bir qolu da Vaqifə bağlıdır.
- Əvət. Əvvəldə
də dediyim kimi, mənim ulu babam Məhəmməd xan Vidadinin oğlu,
ulu nənəm Pəri
Sultan isə Vaqifin qızıdır.
O zaman Vaqif Qarabağ xanının yanına gedir. Vəzir olur. Şiəliyi qəbul edir. Vidadi Vaqifi məzhəb
dəyişdiyi üçün
qınayan şeirlər
də yazıb.
Bu gün Molla Vəli Vidadinin şeirləri ingilis dilinə də çevrilib. İnternetdə
gördüm bunu. Bir ingilis ədəbiyyat araşdırmaçısı Vidadini tədqiq edib, onun bir
neçə şeirini
ingiliscəyə tərcümə
edib. Mən o şeirləri böyük
qürur hissi ilə Avstraliyaya - oğluma göndərdim.
- Oğlunuz Avstraliyada yaşayır?
- Əvət.
- Azərbaycanın müstəqilliyi
xəbərini necə
eşitdiniz? Hansı hissləri keçirdiniz?
- Mənim atam tarix müəllimiydi. Araşdırmaçıydı. Deyərdi: "Bir gün gələcək, mütləqa
və mütləqa, Azərbaycan müstəqilliyinə
qovuşacaqdır. Bunu
bəlkə biz görmərik,
amma siz görəcəksiniz. O gün
gəldiyi zaman, o buzlar
əridiyi zamanda o dəmir pərdə qalxdığında mütləq
gedib Azərbaycanı
görün". Əslində
bu bir vəsiyyət
idi. Biz bu hadisəni bəkləyirdik.
İngiltərədə yaşadığımız
dönəmdə bu olayın yaxınlaşdığını
hiss edirdik. Buna görə
də Azərbaycanın
müstəqilliyə qovuşması
bizim üçün
sürpriz olmadı.
Biz televiziondan bu məsələləri çox
yaxından təqib edirdik, izləyirdik. Hələ o zaman Siyasi Büronun başına kim keçəcək məsələsi çox
dartışılırdı xarici telekanallarda. Heydər Əliyevin haqqında çox danışılırdı. Hətta
onun haqqında ayrıca bir proqram yayınladılar. Dedilər ki, Siyasi Büronun başına keçmək üçün
ən real namizəd Heydər Əliyev olsa da, ruslar buna müsaidə etməyəcəklər.
Çünki bir türkün bu qədər qüvvətli
olmasına rəğmən,
Siyasi Büronun lideri olmasına imkan verməzdilər. Bunlar o zaman televizion proqramlarında ardıcıl
müzakirə olunurdu.
-
İbrahim bəy sizin
üçün kimdir?
- İbrahimlə eyni kökəndən oluşumuz,
eyni gələnək
və görənəkləri
paylaşmağımız, eyni yörədən olmağımız çox
önəmlidir. Mən
İbrahimdən, İbrahim məndən çox şeyləri öyrəndik.
Evlilik əslində ortaq dəyərləri paylaşmaq deməkdir. Biz
İbrahimlə ortaq dəyərləri paylaşırıq.
Eyni şarkılara ağlayırıq, eyni şarkıları dinləyirik.
P.S. Bu söhbətdən neçə
il sonra İbrahim bəyi
qızımın toyuna
dəvət etdim. İstanbuldan Bakıya gəldi. Dostu Misir Mərdanovla, Mahir Alıyevlə birgə toyda iştirak etdi. Və musiqiçilərə
öz toyunda oynadığı bir havanı sifariş verib hamını rəqsə dəvət etdi: "Birinizin xatirinə hamınıza qurban mən olum".
Ədəbiyyat
qəzeti.- 2024.- 15 noyabr, ¹44.- S.6-7.