Azərbaycan filologiyası:
təşəkkülü və təkamülü
Ədəbi tənqid
Azərbaycan filologiyasının tarixi
Azərbaycan dilinin (türkcəsinin) ümumtürk
dilindən, Azərbaycan
ədəbiyyatının ümumtürk
ədəbiyyatından təbii
diferensiasiya yolu ilə ayrıldığı
ilk orta əsrlərdən
başlayır. Və
bu proses XII-XIII əsrlərə
qədər davam edir. Həmin dövrün ilk fundamental hadisəsi
"Dədə Qorqud"
eposudur ki, hər nə qədər ümumoğuz xüsusiyyətlərinə
malik olsa da, mətnin dilində, təsvir edilən hadisələrin
coğrafiyasında və
ideya-məzmununda azərbaycanlılıq
meyilləri özünü
aydın göstərir.
Güman olunur ki, epos
XI əsrdən etibarən
yazıya alınaraq, eyni zamanda Azərbaycan
yazılı ədəbiyyatının
təşəkkülünə təkan vermişdir. Son orta əsrlərin məlum "Kitabi-Dədə
Qorqud" mətnlərinin
məhz bu ilk əlyazmalardan köçürüldüyü
mülahizəsi geniş
yayılmışdır.
"Dədə Qorqud"dakı
türk-oğuz fundamentallığına
müsəlmanlığın təsiri həm ərəb, həm də fars təzahürlərində
kifayət qədər
ardıcıl, prinsipial
və miqyaslıdır.
Bu təsir bütün
orta əsrlər boyu davam edərək
Azərbaycan filologiyasında
türkologiya ilə yanaşı, ərəbşünaslıq
və iranşünaslığın
müəyyən yer tutmasına gətirib çıxarmışdır. Təsadüfi
deyil ki, XI-XII əsrlərdə
- Müsəlman İntibahı
dövründə Azərbaycandan
ərəbdilli ədəbiyyatşünas
alim Xətib Təbrizi,
farsdilli şairlər
- Qətran Təbrizi,
Əfzələddin Xaqani
Şirvani, Məhsəti
Gəncəvi, Nizami Gəncəvi çıxmışlar.
Onların şöhrəti
bütün dünyaya
yayılmışdır. Müsəlman
İntibahı ənənələrinə
uyğun olaraq ana dilində - Azərbaycan türkcəsində yazmasalar
da, ideyaları, mövzuları
ümumşərq, hətta
ümumbəşəri (Platondan,
Aristoteldən gələn)
xarakter daşısa
da, onların təhkiyəsi,
ifadə tərzi, bədii intonasiyası, haqlı olaraq, "Azərbaycan (türk) üslubu" adlanır. Azərbaycan Xalq Cümhuriyyətinin liderlərindən
Məhəmməd Əmin
Rəsulzadə "Azərbaycan
şairi Nizami" monoqrafiyasında (1951) çoxillik
tədqiqatlarının nəticəsi
olaraq yazır: "Hər halda türk anlamına sezişlərində, duyuşlarında,
düşünüş və
buluşlarında bu qədər yüksək yer verən bir Azərbaycan övladına, gözəl
ilə böyüyə
- türk, gözəllik
ilə böyüklüyə
- türklük, gözəl
və böyük ifadəyə - türkcə,
gözəllik və böyüklük diyarına
- Türküstan deyən
bir şairə sırf farsca yazmışdır deyə
türk deməmək
qabilmidir?.. Əsla!!!"
(1, 292).
Orta əsrlərdə farsca qələmə alınmış
hər bir bədii mətnin məhz İran ədəbiyyatı
hadisəsi olması barədə bu günə qədər ara-sıra rast gəlinən yanlış
fikri o da təkzib edir ki, Müsəlman İntibahı dövrü
Azərbaycan türk şairlərinin farsca mətnlərinin dilində
Azərbaycan - türk
mənşəli metaforalar,
frazeologiya və xalq deyimləri bütöv bir sistem təşkil edir. Və hətta
İran nizamişünasları belə dəfələrlə
etiraf eləmişlər
ki, ondan (Nizamidən) türk ətri gəlir.
Beləliklə, qorqudşünaslıqla nizamişünaslıq, faktiki
olaraq, müxtəlif dillərdəki mənbələrə
əsaslansa da, Azərbaycan
filologiyasının bünövrəsini
təşkil etməkdədir.
Birinci halda, filoloji vizion qədim (ümumi) türk köklərinə,
ikinci halda isə, Müsəlman Şərqi coğrafiyasına
yönəlir ki, burada
tarixlə coğrafiyanın
özünəməxsus "dialoq"u meydana çıxmış olur.
Bu isə bir xalqın dilinin, ədəbiyyatının, mənəviyyatının
genetipologiyasının təşəkkülü
üçün kifayət
qədər mükəmməl
ümumbəşəri zəmin
deməkdir.
XIII-XIV əsrlərdə Azərbaycan
filologiyasının tarixində
epos dövrü bitib,
əsasən, sufi-panteist
ideyalarla "silahlanmış"
lirika dövrü başlayır. İslam dini
kanonlarına müxalif
olan bu döyüşkən
lirika, ilk növbədə,
türkcənin oğuz-Azərbaycan
təzahürünün öz
fəaliyyət dairəsini
görünməmiş bir
sürətlə genişləndirməsi,
xalq kütlələrinin
daha böyük hissəsini əhatə etməsi ilə səciyyələnir. İzzəddin
Həsənoğlu, Yunus
Əmrə, Qazi Bürhanəddin,
İmadəddin Nəsimi
kimi sufi şair-mütəfəkkirlərin əsərləri istər
Azərbaycanda, istərsə
də onun hüdudlarından kənarda
türkcənin nüfuzunu
xeyli gücləndirir.
Və XIII-XIV əsrlərdən
sonrakı XV-XVI əsrlər
Azərbaycan dilinin, ədəbiyyatının zənginləşməsində,
bir tərəfdən,
əvvəlki əsrlərin
bilavasitə davamı,
ikinci tərəfdən
isə, XVII-XVIII əsrlərdə
özünü daha parlaq şəkildə göstərəcək Milli İntibahın
başlanğıcıdır.
XV-XVI əsrlər, hər şeydən əvvəl,
sufi-panteist poeziyanın
Nəsimi - Cahanşah
Həqiqi - Kişvəri
- Həbibi - Füzuli
xətti ilə inkişaf edib tədricən ideologiyadan estetikaya çevrildiyi dövrdür. İdeoloji mərhələnin aparıcı
şəxsiyyəti Nəsimi,
estetik mərhələnin
(və bütövlükdə
dövrün) ən böyük ədəbi- filoloji siması isə, heç şübhəsiz, Məhəmməd
Füzulidir. Nəsimi
Şamaxıda (Şirvanda)
dünyaya gəlmiş,
sufi-hürufi mürşid
şeyx Fəzlullah Nəiminin müridi olmuş, əvvəl Əmir Teymurun, sonra isə Teymurilərin təqibindən
qaçaraq Kiçik
Asiyada, Suriyada yaşamış, həm türk (Azərbaycan - oğuz), həm fars, həm də ərəb dillərində hər biri bir divan təşkil edəcək
qədər şeirlər
yazıb yaratmışdır.
Nəsimi öz əqidəsi (Həqq mənəm, həqq məndədir, həqq söylərəm!..) uğrunda camaatın gözü qarşısında edam olunmağın
Şərq simvoludur. Füzuli isə əslən Azərbaycan türkü olsa da İraqda, Bağdadda yaşamışdır. Sələfi
Nəsimi kimi o da türk, fars və ərəb dillərində yazsa da, türkcə (azərbaycanca
- oğuzca) əsərləri
ilə daha çox məşhurdur. Dahi Füzulinin "Leyli və Məcnun"
poeması istər dil-üslubuna, istərsə
də ideya-məzmununa
görə ali bədii zövqün məhsuludur. O deyirdi: Məndən, Füzuli, istəmə əşari-mədhü
zəm, Mən aşiqəm, həmişə
sözüm aşiqanədir...
Şair bir neçə əsr Azərbaycan poeziyasına istiqamət vermiş böyük bir ədəbi məktəbin
banisidir ki, görkəmli
füzulişünas professor Mir Cəlal bu barədə
yazır: "Füzuli
ədəbi məktəbi
özünün məna,
məzmun zənginliyi,
bədii yüksəkliyi
ilə insan hiss və fikirlərinin bədii ensiklopediyasını
təşkil edir"
(2, s. 21).
XVI əsrin ilk illərində
Şah İsmayıl Səfəvinin (Xətayinin)
başçılığı ilə yaranmış Azərbaycan Səfəvilər
dövləti formalaşmaqda
olan xalqın milli sosial-siyasi iradəsini ortaya qoymaqla yanaşı, onun dilinin, ədəbiyyatının,
incəsənətinin İntibahını
şərtləndirir. Hər
nə qədər dini-panteist (get-gedə şiə!) "duman"ına
bürünmüş, müəyyən
siyasi-ideoloji motivlərlə
zənginləşdirilmiş olsa da, Şah İsmayıl Xətayinin yaradıcılığı ilə
Azərbaycan İntibahı
ilk uğurlu addımlarını
atır.
XVI əsrin əvvəllərindən
ölkənin daha dərin (demokratik) ədəbi-mədəni həyatında
özünü göstərən
təkamül tendensiyası
isə Azərbaycan türk-oğuz eposundan bilavasitə Azərbaycan eposuna keçiddir ki, onun ən mükəmməl
hadisəsi "Koroğlu"
eposudur. Və "Koroğlu" Azərbaycan
xalq filologiyası
("söz"ə məhəbbət!)
kontekstində "Dədə
Qorqud"dan sonrakı
epoxadır... XVI, XVII və
XVIII əsrlərdə "Koroğlu" eposu ilə yanaşı, yeni dövr Azərbaycan epik təfəkkürünün
"Qurbani", "Əsli və Kərəm",
"Abbas və Gülgəz",
"Aşıq Qərib",
"Tahir və Zöhrə"
kimi onlarla yaradıcılıq nümunələri
(şifahi xalq məhəbbət romanları)
yaranır. Bu yaradıcılığın
"anonim" müəllifləri
türk-oğuz ozan sənətinin genetipoloji davamı olan Azərbaycan aşıq sənətidir ki, onun ən görkəmli nümayəndələri Dirili
Qurbani, Aşıq Abbas Tufarqanlı,
Sarı Aşıq, Xəstə Qasım, Aşıq Valehdir.
Milli Azərbaycan İntibahının
yazılı ədəbiyyatda
kütləvi təzahürləri
aşıq şeiri nümunələrinin və
dastanların yazıya
köçürülməsi ilə başlayır. İntibahın klassik hadisəsi isə, heç şübhəsiz,
Molla Pənah Vaqifin yaradıcılığıdır.
Bu yaradıcılıq Molla
Vəli Vidadi, Hüseyn xan Müştaq, Telimxan kimi şairlərin əhatəsində tarixi əhəmiyyət kəsb
edir.
Şah İsmayıl Xətayi ərəbcə də, farsca da bilsə də, şeirlərinin əksəriyyətini türkcə
(azərbaycanca) yazmaqla,
hətta bir dövlət başçısı
olaraq sarayda türkcənin (azərbaycancanın)
işlənmə ənənəsini
genişləndirməklə elə bir siyasi-ideoloji
mühit yaratdı ki,
onun "Qış getdi, yenə bahar gəldi, Gül bitdüvü laləzar gəldi. Quşlar qamusu fəğana düşdü, Eşq odu yenə bu
cana düşdü"
misraları bu mənəvi oyanmanı simvolizə edir, - deyə bilərik. Milli İntibah həm səfəvilərin hakimiyyətdə
olduğu XVI, XVII əsrlər,
XVIII əsrin əvvəllərində,
həm Nadir şah Əfşar, həm də XVIII əsrin ikinci yarısını əhatə edən xanlıqlar dövründə
həmin münbit mühitdə keçdi. Xalq yaradıcılığı
nümunələrinin kütləvi
şəkildə yazıya
alınması, xalq kitablarının geniş
yayılması, milli incəsənətin
(musiqinin, təsviri sənətin, xüsusilə,
onların ən unikal sahələrinin: musiqidə - Azərbaycan muğamının, aşıq
ifaçılığının; təsviri sənətdə
- milli xəttatlığın, miniatür rəssamlığının,
arxitektura sənətkarlığının
və s.) inqilabi yüksəlişi də
Milli İntibahın - bununla
birlikdə isə Azərbaycan millətinin təşəkkülünün əlamətləri idi.
Molla Pənah Vaqif dili, yaradıcılığının
poetexnologiyası, ideya-məzmunu
ilə ilk milli Azərbaycan
şairi, türk dilləri (və ədəbiyyatları) içərisində
azərbaycanlılığı mübahisəsiz olan ilk ədəbi (filoloji!) şəxsiyyətdir. Azərbaycan
ədəbiyyatı tarixşünaslığının
banisi Firudin bəy Köçərli
XX əsrin əvvəllərində
yazmışdı ki, "onun
şeir və qəzəliyyatı bizim Azərbaycan türklərinə
ziyadə xoş gəlir və hər nə onun qələmindən zühura gəlibsə... tamamilə ürəkdən
və həqiqi həyatdan nəşət
edən əsərlərdir.
Milli şairlərimizdən onun kimi sadə
və açıq lisanda və ana dilimizin şivəsində
şeir və qəzəl yazan az olub" (3, s. 7). Qarabağ xanının vəziri olan, XVIII əsrin ortalarından sonrakı Azərbaycanın
ictimai-siyasi həyatında
fəal iştirak edən Vaqif həm klassik üslubda, həm də folklor üslubunda yazıb-yaratmış,
bununla belə folklor (xalq) üslubunun perspektivlərini
nümayiş etdirməklə
Milli İntibahın davamı
olan yeni ədəbiyyatın
(və yeni ədəbi
dilin) əsasını
qoymuşdur.
Vaqifin
Milli İntibah ruhundan
irəli gələn ideya-estetik məramını
onun "Ala gözlü,
sərv boylu dilbərim, Həsrətin
çəkdiyim canan,
bəri bax" misraları obrazlı şəkildə ifadə
edir. Öz realizmi ilə sələfi Füzulinin
"göylər"dəki gözəlini "yerlər"ə
endirən şair
"Füzuli məktəbindən
sonra Azərbaycan poeziyasında "Vaqif məktəbi"nin üfüqlərini
müəyyənləşdirdi. Təzkirələrdə, xalq
kitablarında, "Qarabağnamə"lərdə,
özünəqədərki araşdırmalarda Vaqif haqqında verilən məlumatları sistemləşdirərək
gələcək vaqifşünaslığın
sərəncamına verən
Salman Mümtaz (XX əsrin
30-cu illərində Stalin repressiyasının
qurbanı) göstərir
ki, Qarabağ xanlığının
Cavanşirlər sarayı
Vaqifi nə qədər mənimsədisə,
Vaqif də həmin sarayı o qədər mənimsədi
(3, s. 10). Bu, Vaqifin daşıdığı
İntibah yaradıcılığı
missiyasının nəticəsi
idi.
Füzuli
ilə inkişafının
ən yüksək səviyyəsinə qalxan
Azərbaycan dili, ədəbiyyatı (və
filoloji təfəkkürü)
Xətayi-Vaqif xətti
ilə öz yeni dövrünə start verdi.
Salman Mümtazla eyni illərdə Vaqif şəxsiyyətinin milli dəyərini
dərindən dərk
edən şair-mütəfəkkir
Səməd Vurğun
onun haqqında məşhur "Vaqif"
dramını yazdı.
Eyni zamanda şeirlərindən birində
"Azərbaycan dili"
yerinə, "Vaqifin şirin dili" ifadəsini işlətməklə
XVIII əsr şairinin
XX əsrdəki müasirliyinin
miqyasını təsbit
etmiş oldu.
XVI əsrin əvvəllərindən
başlayıb, XVIII əsrin
sonlarına qədər
davam edən Azərbaycan Milli İntibahı
a) Azərbaycan dilinin
(türkcəsinin), b) Azərbaycan
ədəbiyyatının və
c) Azərbaycan incəsənətinin
milli əsaslar üzərində
yenidən təşkilini
stimullaşdırdı. Bir neçə əsr ərzində formalaşan
Azərbaycan milləti,
həmin dilin, ədəbiyyatın və
incəsənətin məhsulu
idi ki, öz etnoqrafik, ictimai və siyasi tənzimlənməsini Azərbaycan
Səfəvilər dövlətindən
almışdı.
XIX əsr həm Azərbaycan xalqının,
həm də Azərbaycan mədəniyyətinin
tarixinə ən azı iki əsaslı
yenilikdə qədəm
basdı. Birincisi - xanlıqlara (kiçik feodal dövlətlərə)
bölünmüş ölkənin
iki yerə ayrılaraq Rusiyanın və İranın ərazisinə qatılması
idi ki, nəticədə
Şimali və Cənubi olmaqla iki Azərbaycan meydana çıxdı. İkincisi isə, ölkədə tədricən
Şərq və Qərb mədəniyyəti
təmayüllərinin üz-üzə
gəlib xalqın (və onun mədəniyyətinin)
gələcək taleyini
müəyyənləşdirməsi idi. Əsrin birinci yarısında Vaqif məktəbi davam etməklə yanaşı, tədricən
bütün əsr üçün səciyyəvi
olan milli satirik təfəkkürün hərəkatı
baş qaldırır
ki, bunun ilk məhsulları
o qədər də ciddi ədəbi hadisə sayılmayan həcvlərdir. Qasım bəy Zakir - Seyid Əzim Şirvani xətti ilə inkişaf edən həmin yaradıcılıq
təmayülünün kifayət
qədər ciddi nəticələri özünü
maarifçilikdə göstərir.
Ümumiyyətlə isə,
XIX əsrin Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, Mirzə Kazım bəy kimi ziyalılarının
ən böyük xələfi Mirzə Fətəli Axundzadədir.
Akademik Tofiq Hacıyev göstərir ki, "o, dramaturgiyamızı
başladı, nəsrimizi
yeni məcraya saldı,
ilk dəfə ədəbi
dil nəzəriyyəsi
ilə məşğul
oldu, orfoqrafiya, orfoepiya, durğu işarələri, terminologiya
kimi dil quruculuğu işləri gördü, əlifba ilə bağlı ideyası və fəaliyyəti dil quruculuğu dairəsindən
çıxıb xalqın
bütöv maarif-pedaqogika
və mədəniyyət
sahələrini əhatə
etdi, tarix və coğrafiya birliyini göstərdi, istedadlı filosof kimi şöhrətləndi,
inqilabi fikrimizin ilk
"şahin quşu"
oldu, ilk professional tənqidçi
və ədəbiyyatşünasımız
kimi yetişdi, bütövlükdə, xalqımızı
müasir-qabaqcıl fikir
inkişafı yoluna yönəltdi" (4, s. 145). Mirzə
Fətəli Azərbaycanın
ikiyə parçalanmış
Şimalı ilə Cənubunu öz yaradıcı təfəkküründə
birləşdirməklə yanaşı, Şərq ilə Qərb arasındakı tərəddüdləri
aradan qaldırmağa
çalışır, ölkədə
Şərq və Qərb mədəni dəyərlərinin ümumbəşəri
prinsiplər əsasında
qovuşmasını təbliğ
edirdi.
Şimalda Rusiyanın, Cənubda
isə İranın müqavimətinə baxmayaraq
bütün XIX əsrdə
olduğu kimi, XX əsrin əvvəllərində
də Azərbaycanda dil, ədəbiyyat və incəsənət bütöv idi. Milli mətbuatın həm romantik, həm də realist qanadları - həm "Füyuzat",
həm də "Molla Nəsrəddin" eyni bir millətin
sözünü deyirdi.
Və romantizmlə realizm arasındakı ziddiyyətlər də inqilabi dəyişikliklər
ərəfəsində eyni
bir millətin daxilində baş qaldıracaq hallardan başqa bir şey deyildi. XX əsrin əvvəllərində
"xalqın arzu və istəklərinin, ictimai-siyasi mübarizələrin
aynası, tərcümanı
olan mətbuat ədəbiyyatla heç vaxt indiki qədər
sıx əlaqədə
olmamışdı. Əsrin
ilk rübündə elə
görkəmli Azərbaycan
yazıçısı yox
idi ki, mətbuatla bilavasitə bağlı olmasın" (5, s. 19). "Füyuzat"ın
ətrafında Əli
bəy Hüseynzadə,
Məhəmməd Hadi,
Hüseyn Cavid və b., "Molla Nəsrəddin"in ətrafında
isə Cəlil Məmmədquluzadə, Mirzə
Ələkbər Sabir, Ömər
Faiq Nemanzadə, Əli Nəzmi və b. toplaşmışdılar.
"Füyuzat" məktəbi
türklük - turançılıq
mövqeyində dayandığına
görə İstanbul ləhcəsində,
"Molla Nəsrəddin"
məktəbi isə
"yerli" mövqedən
çıxış etdiyinə
görə Azərbaycan
dilində (türkcəsində)
yazırdı.
Dövrün ən nəhəng
söz ustalarından biri Sabir idi ki, onun zəngin satirik yaradıcılığı
Azərbaycan cəmiyyətinin
mənəvi, sosial, siyasi problemlərini bütün miqyası ilə işıqlandırır,
ən müxtəlif təbəqələrdən olan
insan tiplərinin bədii portretini yaratmaqla onları xalqa daha yaxşı
tanıdırdı. Azərbaycan
ədəbiyyatşünaslığı
Sabiri "ağlar güləyən" adlandırır,
bu isə o deməkdir ki, dahi şair öz xalqının vəziyyətinə
ağlaya-ağlaya gülür,
gülə-gülə ağlayırdı.
Hər ikisində məqsəd xalqın düşdüyü vəziyyətdən
xilası idi. Sabir təqibdən qorunmaq üçün gizli imzalarla yazır, onları tez-tez dəyişirdi və onun otuzdan artıq
imzası məlumdur. Şair özü haqqında qürurla demişdi: "Bənzərəm
bir qocaman dağa ki, dəryada durar".
Poetexnologiya baxımından Sabir Füzulinin əksi idi, o ifadə tərzini ki, Füzuli lirik-romantik məqsədlə
işlətmişdi, Sabir onu
satiranın "dil materialı"na çevirdi.
Beləliklə, Füzuli
dühası Sabirin şəxsində satirik üslubun təşəkkülünə
də əhəmiyyətli
təsir göstərmiş
oldu. Lakin Sabir yaradıcılığının
üfüqləri, təbii
ki, daha geniş, ideya-məzmunu son dərəcə
müasirdir.
XX əsrin əvvəllərində
Azərbaycan ədəbiyyatının,
dilinin sıx bağlı olduğu bir sahə də,
heç şübhəsiz,
teatrdır. XIX əsrin
ortalarında Mirzə
Fətəlinin qələmi
ilə ölkəyə
ayaq açan dramaturgiya, sonrakı əsrin əvvəllərində
Cəlil Məmmədquluzadə,
Nəriman Nərimanov,
Əbdürrəhim bəy
Haqverdiyev, Hüseyn Cavid, Üzeyir Hacıbəyov kimi görkəmli dramaturqların
əsərləri hesabına
milli mədəniyyətin üzvi
tərkib hissəsinə
çevrildi. Və çox mühüm məsələlərdən biri
də o oldu ki, istedadlı rejissorlar, aktyorlar nəsli meydana çıxdı, teatr binaları tikilməyə başladı.
Filologiyanın məktəbə, təhsilə
tətbiq olunması ərəb, fars dillərinin yarımçıq
öyrədilməsi ilə
bitən köhnə Azərbaycan məktəbində
müəyyən canlanmanın
əsasını qoydu.
Rusiya imperiyasının
Qafqazda açdığı
Qori Müəllimlər
Seminariyasını bitirən
azərbaycanlı müəllimlər
ölkənin müxtəlif
yerlərində müasir
tipli məktəblər
yaratdılar, tədris
proqramları, dərsliklər
hazırlandı. Bunların
hamısı milli dilin,
milli ədəbiyyatın, milli mənəviyyatın, ümumən
milləti millət edən bütün dəyərlərin gənc
nəslə təbliği
idi.
Dövrün yazıçılarının, ziyalılarının əksəriyyəti
bu və ya digər dərəcədə
ana dili, ədəbiyyat
müəllimləri olmuşlar.
Onların arasında Firudin bəy Köçərlinin yeri müstəsnadır. Şuşada
(Qarabağda) doğulmuş
Firudin bəy Qori Müəllimlər Seminariyasını bitirib bir müddət İrəvan gimnaziyasında
müəllimlik etmiş,
sonra isə Qori seminariyasında çalışmışdır. Onun bir xidməti
müəllimliyi idisə,
digər mühüm xidməti də ilk dəfə Azərbaycan ədəbiyyatının fundamental tarixini qələmə almasıdır. Burada Azərbaycan, fars və ərəb dillərində yazıb-yaratmış
120-dən çox ədəbi
şəxsiyyət haqqında
məlumat verilir. Əsər elmi-nəzəri
müqəddimədən, tarixi
oçerklərdən, sənətkarların
həyat və yaradıcılığından bəhs edən məqalələrdən ibarətdir.
Klassik Azərbaycan ədəbiyyatı haqqında
müəllifin geniş
məlumatı, dərin
elmi-nəzəri biliyi,
incə zövqü, xüsusən, şeirin sirlərinə hərtərəfli
bələd olduğu
kitabın hər bir səhifəsində duyulmaqdadır. Füzuli, Vaqif, Zakir, M.F.Axundov,
S.Ə.Şirvani kimi sənətkarlardan bəhs
edən qiymətli oçerklər bu fikri deməyə tam əsas verir (5, s. 552- 553).
Əsər böyük
ədəbiyyatşünasın ölümündən sonra
"Azərbaycan ədəbiyyatı
tarixi materialları"
adı ilə nəşr edilmişdir
(6).
Azərbaycanın Şimalında Azərbaycan
Xalq Cümhuriyyətinin
qurulması ilə ölkənin həm ictimai-siyasi, həm də mədəni həyatında canlanma başlandı. Türk (Azərbaycan dili) dövlət dili elan edildi, Parlamentdə millətin problemləri
ana dilində müzakirə
olundu, çox keçmədi ki, gənc
nəslin təhsili üçün ciddi tədbirlər görüldü,
Bakı Dövlət Universiteti yaradıldı...
Ancaq o dövrün beynəlxalq münasibətləri,
imperializmin iddiaları
Azərbaycan kimi parçalanmış bir xalqın siyasi müstəqilliyinə imkan
verməzdi. Və odur ki, ölkənin Şimalı Sovet Rusiyasının tərkibinə
qatıldı, Cənubu
isə feodal İranın tərkibində
qaldı. Eyni bir xalqın iki əks siyasi-ideoloji
mühitdə yaşamağa
məcbur olması, tamamilə təbiidir ki, onun tarixi faciəsi
idi.
Sovet hakimiyyəti özünün
ağılasığmaz "kommunizm quruculuğu" layihələrinə, onları
həyata keçirmək
üçün Azərbaycan
cəmiyyətinə göstərdiyi
ciddi təzyiqlər, təcavüzlərlə yanaşı,
xüsusilə, 20-ci illərdə
kütləvi savadsızlığın
aradan qaldırılması,
milli mətbuatın fəaliyyətinin
genişləndirilməsi, yaradıcılıq
qurumlarının, müəssisələrinin
təsis olunması və s. sahələrdə
uğurlu işlərə
start verdi. "Köhnə
dövr"ün Hüseyn
Cavid, Cəlil Məmmədquluzadə, Əbdürrəhim
bəy Haqverdiyev,
Abdulla Şaiq, Nəcəf
bəy Vəzirov, Üzeyir Hacıbəyov, Yusif Vəzir Çəmənzəminli, Əhməd
Cavad, Cəfər Cabbarlı kimi nümayəndələri sovet
ədəbiyyatına qoşuldular.
"Yeni dövr"ün ədəbiyyatını
birbaşa təmsil edən gənc nəslə isə Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Mehdi Hüseyn, Əli Vəliyev, Süleyman Rəhimov, Mir Cəlal, Mikayıl Müşfiq və b. daxil idilər. "Əsas mövzulardan biri keçmişi tənqid, yenini təsdiq və təbliğ idi" (7, s. 29).
XX əsrin əvvəllərində
ədəbiyyatda özünəməxsus
stixiya ilə meydana çıxan bəzi ziddiyyətlər,
məsələn, azərbaycançılıq,
ərəb-farsçılıq, türkiyəçilik, rus-avropaçılıq
meyillərinin toqquşması
20-ci illərdə sürətlə
aradan qaldırıldı.
Onların hamısının
əvəzində isə
marksist-leninçi (sosialist)
ideologiyanın burjua ədəbiyyatı ilə
proletar ədəbiyyatının
qarşıdurmasına meydan
açıldı. Sovet
hakimiyyəti Sovetlər
Birliyinə daxil edilmiş bütün xalqların yazıçılarından
get-gedə daha sərt bir şəkildə
"formaca milli, məzmunca
sosialist" əsərlər
tələb edirdi ki, bu tələb 30-cu illərdə yaradıcı
şəxslərə qarşı
çox amansız repressiyalara gətirib çıxardı.
20-ci illərdə istər Azərbaycanın, istərsə
də ümumən Türk dünyasının
həyatında baş
verən ən mühüm elmi-filoloji hadisə Bakıda Birinci Ümumittifaq Türkoloji qurultayının
keçirilməsi olmuşdur.
1926-cı ilin fevral ayının 26-dan martın
5-ə qədər keçirilmiş
qurultayda 131 nümayəndə
türkologiyanın ən
müxtəlif (dil, ədəbiyyat, tarix, incəsənət və
s.) problemlərini geniş
müzakirə etmişlər
(bax: 7). O dövr üçün ciddi poetik əhəmiyyətə
malik əlifba, imla - orfoqrafiya, terminologiya, ədəbi - dil, dil əlaqələri, dil tədrisi kimi məsələlər
xüsusilə diqqət
mərkəzinə çəkilmişdir.
Qurultayın ən
real nəticəsi o oldu
ki, türk dillərinin
uzun əsrlər istifadə etdiyi (lakin bu dillərin
fonetik quruluşuna uyğun gəlmədiyi üçün ciddi çətinliklər yaradan,
xüsusilə, savadlanma
işinə mane olan) ərəb əlifbası
latın əlifbası
ilə əvəzləndi.
Maraqlıdır ki, bu
məsələ ilə
bağlı qəbul olunmuş qərarda Azərbaycanın 20-ci illərin
əvvəllərindən latın
əlifbasına keçid
təcrübəsi alqışlanmış,
onun bütün Sovetlər Birliyi miqyasında yayılması
tövsiyə olunmuşdu
(8, s.12). Ümumiyyətlə, Birinci Türkoloji Qurultay Azərbaycanın Türk dünyasındakı
elmi-mədəni mövqeyini
xeyli dərəcədə
yüksəltdi. Bakı
sürətlə türkoloji
araşdırmaların aparıldığı
görkəmli türkoloqların
çalışdığı mərkəzə çevrildi.
XX əsrin 20-ci, 30-cu illərində
Bakıda filoloji sahədə ən böyük uğurlara imza atmış alim, əslən Krım tatarı professor Bəkir Çobanzadə idi. O, Budapeşt Universitetində
yüksək türkoloji
təhsil almış,
Krımda çalışmış,
oradan da Bakı Dövlət Universitetinə
dəvət olunmuşdu.
Bakıda fəaliyyətə
"Türk-tatar lisaniyyatına
mədxəl" kitabının
(1924) nəşri ilə
başlayan alim bir-birinin
ardınca həm Azərbaycan, həm də ümumən türk filologiyasına həsr olunmuş çoxsaylı monoqrafiya,
dərslik və məqalələr yazmış
(bax: 9), Universitetdə
həmin sahələrin
yüksək səviyyədə
tədrisini təmin etmişdir. Yalnız onu yada salaq ki, 1937-ci ildə "xalq düşməni" kimi
güllələnmiş bu
böyük alim özündən
sonra Azərbaycan dilçilik elminin əsas sahələrini - dialektologiya, dil tarixi və müasir dil yaradıb inkişaf etdirən üç böyük mütəxəssis
- akademik Məmmədağa
Şirəliyev, müxbir
üzv Əbdüləzəl
Dəmirçizadə və
professor Muxtar Hüseynzadəni
yetişdirmişdir. Və
Azərbaycan dilçiliyinin
50-ci, 60-cı illərdəki uğurları həmin alimlərin, eləcə də onların bilavasitə tələbələrinin
adları ilə bağlıdır.
XX əsrin 30-cu illəri
"qırmızı terror"un
hər nə qədər aqressivləşməsi,
XX əsrin əvvəllərində
qərarlaşmış azərbaycançılıq
ideologiyasının üzvi
tərkib hissəsi olan a) türkçülük,
b) müsəlmanlıq və
c) müasirliyin, ümumbəşəriliyin
qadağan olunmasına
baxmayaraq, Azərbaycan
poeziyası, nəsri və dramaturgiyası mühüm yaradıcılıq
uğurları nümayiş
etdirmişdir. Məsələn,
dövrün ən böyük söz ustası Səməd Vurğunun poeziyasında Azərbaycan təəssübkeşliyi,
vətənpərvərliyi, milli duyğular daha güclü idi, bununla belə dahi şair "sovet beynəlmiləlçiliyi"
naminə "türk
kökləri"ndən də
imtina eləmişdi: Nədən şeirimizin baş qəhrəmanı
gah İrandan gəlir,
gah da Turandan? Bəs mənim ölkəmin varlığı, hanı?
Böyük bir şairin yazdığı
dastan gah İrandan gəlir,
gah da Turandan... Səməd
Vurğun "böyük
şair" deyəndə,
mövzularını "tarixin
dərinlikləri"ndən alan Hüseyn Cavidi nəzərdə tutur, onu müasir
mövzulardan, sosializm
quruculuğundan yazmağa
çağırırdı.
Dövrün filologiyasındakı türklük, müsəlmanlıq
və müasirlikdən
(ümumbəşərilikdən) məhrum azərbaycançılıq
tək bədii yaradıcılıqda yox,
həmin yaradıcılığa
verilən elmi-nəzəri
təhlillərdə (dilçilikdə,
ədəbiyyatşünaslıqda, sənətşünaslıqda və s.) də aparıcı metodoloji tendensiya idi. Yalnız 70-ci, 80-ci illərdən
başlayaraq bütövlükdə
Sovetlər Birliyində,
eləcə də Azərbaycanda rəsmi dövlət ideologiyasına
qarşı müəyyən
dissident meyillər baş
qaldırdı ki, onların
get-gedə normaya çevrilməsilə sovet
ideologiyası, ardınca
isə Sovetlər Birliyi tarix səhnəsini
tərk etməyə məcbur oldu.
XX əsrin ortalarından etibarən Azərbaycanın
Şimalında milli dilin,
ədəbiyyatın, elmi-filoloji
təfəkkürün inkişafında
müəyyən uğurlar
qazanılsa da, Cənubda
ədəbiyyatın, bununla
birlikdə isə ədəbi dilin tənəzzülü baş
verdi. Uzun fasilədən sonra ideya-estetik oyanma faktı kimi həm Cənubda, həm də Şimalda geniş maraq doğuran Məhəmmədhüseyn Şəhriyar
poeziyası, xüsusilə,
onun "Heydər Babaya salam" poeması, bir tərəfdən, ədəbiyyatın
etnik-etnoqrafik enerjisinin
gücünü, digər
tərəfdən isə,
dildə ədəbi normativliyin zəifləməsini
göstərdi. Bununla
belə, 80-ci illərdən
ədəbi həyatın
canlanması, azərbaycanca
kitab, dərgi-jurnal, qəzet
nəşrinin artması,
cənublu ziyalılardan
Dr. Cavad Heyətin rəhbərliyi ilə
"Varlıq" dərgisinin
müntəzəm çıxması
ciddi irəliləyiş
idi. Azərbaycan dilində nəinki ali, hətta orta təhsil müəssisələrinin olmaması,
fars dilindən başqa, digər dillərin, farslardan başqa, digər xalqların milli hüquqlarına
məhəl qoyulmaması
(bu barədə bax: 10) davam etməkdədir.
XX əsrin hələ 70-ci,
80-ci illərində Azərbaycan
Sovet Sosialist Respublikasına başçılıq
edən "milli təmayüllü"
kommunist (xatırladaq
ki, 20-ci illərin əvvəllərində
Azərbaycan Respublikasının
rəhbəri, məşhur
yazıçı Nəriman
Nərimanov da həmim
təmayülə mənsub
olmuşdur) Heydər Əliyev Moskvanın verdiyi imkanlar daxilində, eyni zamanda mümkün "diplomatik münasibətlər"ə
girərək, respublikada
Azərbaycan dilinin, ədəbiyyatının, incəsənətinin
hüquqlarının məhdudlaşdırılmasına
qarşı ardıcıl
mübarizə aparmışdır.
90-cı illərin əvvəllərində
Azərbaycan müstəqil
dövlət olduqdan sonra ümummilli lider Heydər Əliyevin həmin mübarizəsi daha geniş miqyas almaqla (bu barədə
bax: 11) xalqın intellektual, mədəni-mənəvi
inkişafında yeni dövrün
əsasını qoymuş
oldu.
Azərbaycan filologiyasının təkamülündə,
müəyyən mənada,
intibahında XXI əsr,
əsasən, onunla əlamətdardır ki, 1) milli ideya-estetik proses özünün
doğma azərbaycançılıq
ideologiyası məcrasına
qayıtmışdır. 2) Azərbaycan dili türk dilləri ilə əlaqələrini
bərpa etmək üzrədir, beynəlxalq
dillər, xüsusilə,
ingilis dili ilə bilavasitə kontaktdadır, Azərbaycan
Respublikasının dövlət
dili olaraq hüquqları qorunur. 3) Azərbaycan ədəbiyyatı
həm türk, həm də dünya ədəbiyyatının
tərkib hissəsi kimi kifayət qədər geniş yaradıcılıq imkanları
nümayiş etdirir.
4) Azərbaycanda elmi-filoloji
araşdırmalara "sovet
dövrü"ndə qoyulmuş
ideoloji məhdudiyyətlər
aradan qalxmışdır,
belə ki, a) dilin, ədəbiyyatın ümumtürk
kökləri və konteksti intensiv öyrənilir; b) müsəlmanlıqla
bağlı bədii-estetik
yaradıcılıq (məsələn,
sufizm, mərsiyyə ədəbiyyatı və
s.) tədqiqata cəlb
olunur; c) ədəbi
proses ən müxtəlif
cərəyanlar, məktəblər,
eləcə də fərdi üslub axtarışları üçün
açıq olduğu
kimi onların elmi-nəzəri təhlili,
dəyərləndirilməsi üçün də maneə yoxdur.
Nizami CƏFƏROV
Ədəbiyyat qəzeti.- 2024.- 22 noyabr, №45.- S.2-4.