Mənim
ayaqqabılarım
Hekayə
...Bir dəfə polis yaxınlaşmışdı. Ucaboy, cüssəli serjant idi. "Nəsə
bir kömək lazımdır, qardaş?" - deyib
gülümsündü. Vətəndaş yox, qardaş deməsindən
və cavab gözləyərkən gözlərimin içinə
baxmasından anladım ki, ya ağlım başımda olub
olmadığını özü üçün müəyyənləşdirmək
istəyir, ya da bəlkə içki, narkotik qəbul edib etmədiyimi.
Cavabım uzun olmadı. Dedim, yox, sağ olun, hər şey
qaydasındadır. Əslində görkəmim sərsəri
olduğumu düşünməyə əsas vermirdi. Əksinə,
həmişəki kimi centlmen təəssüratı
yaradırdı. Boz kətan yay kostyumu, uyğun köynək,
eyni rəngdə kəmər və ayaqqabıda olan əlli
yaşlı, ağlı-qaralı qısa kəsilmiş
saç-saqqalı olan eynəkli adam təsəvvür edin. Kənardan
baxanda xoş təəssürat yaradan görüntü yəni.
Sadəcə, hər dəfə məhz o hərəkətim ətrafdakılarda
sual doğurur, kimi gülümsünür, kimi təəccüblənir,
kimi də halıma acıyırdı. Öz-özünə
nəsə deyən də olurdu, susub keçən də.
Polis dedi,
əlbəttə. Çünki bu həm də onun işidir
axı. Düzənlə düz gəlməyən
davranış görəndə, soruşmaq, aydınlaşdırmaq,
kömək etmək, ya da tutub harasa aparmaq, təhvil vermək.
Çoxdur polisin işi. Ona görə polisin özü də
çoxdur və hər yerdədir. Az polis, o qədər
işin öhdəsindən necə gələr? Bu yandan da mən.
Soruşdu, aydınlaşdırdı, təbəssüm ərməğan
edib aralandı getdi. Ardınca təxminən otuz
beş-qırx yaşlı, ağ çitdən
qoluaçıq don geymiş qarayanız bir xanım
yaxınlaşdı. Gözündə eynək, qoltuğunda
balaca əl çantası vardı. Çantası mənim
ayaqqabım rəngdə idi, ayaqqabıları donu rəngdə.
Görünür kənarda dayanıb polisdən ayrılmağımı
gözləyirmiş. Dedi, psixoloqdur, mənimlə
danışmaq istəyir. Anladım, o da polis kimi hərəkətimdə
qeyri-adilik olduğunu düşünüb nələrisə
aydınlaşdırmaq istəyirdi. Tələsən yerim yox
idi. Psixoloqla heç vaxt söhbət etmədiyimi
xatırlayıb razılaşdım. Kənara çəkilib
səkinin qalın daş məhəccərinə oturduq. Əvvəl
özünü təqdim elədi, insan psixologiyası və
sosial mühitə dair elmi iş yazdığını dedi,
sonra gülümsünüb niyə zibil qutusu ilə söhbət
etdiyimi soruşdu. Dedim, əslində mən zibil qutusuna yox,
onun yanına qoyduğuma nələrsə deyirdim.
- Nə
qoymuşdunuz ki, zibil qutusunun yanına? - xanımı maraq
götürdü.
- Sizin
heç nə vaxtsa ayaqqabılarınızla vidalaşmaq
ağlınızdan keçdimi? Halallaşmaq yəni. -
soruşdum və xanımın təəccübdən
alnını necə
qırışdırdığını, mənə zillənmiş
gözlərini necə qıydığını
gördüm - Yox əlbəttə, keçmədi. -
özüm də cavab verdim - Amma mən dəfələrlə
etmişəm bunu. Bu gün gördüyünüzü yəni.
Bəzən hətta ildə iki-üç dəfə olub bu.
Payızda və yayda. Mövsüm dəyişəndə
dolabda isti ayaqqabıların yerinə sərinləri
düzürsən e, ya da sərinlərin yerinə istiləri,
bax onda. Hər dəfə bir az köhnəlmiş, rəngi
artıq mən istədiyim olmayan, ya harasa toxunub zədələnmiş,
yaxud hansısa başqa səbəbdən daha geyinməyəcəyim
ayaqqabıları gətirib küçədə zibil
qutusunun yanına qoyanda hallaşıram. Bilirəm ki,
ömrü tükənməyib hələ. Kiməsə gərək
olacaq. Kiminsə ayağını çöldən qoruyacaq hələ
bir müddət. Kimsə götürüb aparıb geyinəcək
yəni. Yaşayacaq demək. Əgər hələ
sağdırsa, niyə hallaşmayım ki? - xanım
oturduğu yerdə bir az irəli sürüşdürdü
özünü, bir az da mənə tərəf əyildi, məncə
dediyim sözlərin heç birini buraxmamaq üçün
belə edirdi, deyəsən söhbətim gözlədiyindən
də maraqlı olmuşdu, niyə, bunda nə var ki, bilmirdim,
amma danışırdım - Ayaqqabılarım çoxdur.
Amma yenə də mağazaların vitrinlərindən məni
çağıranı olanda içəri keçib
baxıram, könlüm tutursa, alıram, evə aparıb
dolabda o birilərin yanına qoyuram. Dəyişəkli geyirəm
deyə heç biri ta geyilməyəcək vəziyyətə
düşmüş olmur ayaqqabılarımın, mən
onlardan imtina edəndə. Gətirib qoyuram zibil qutusunun
yanına ki, ehtiyacı olan götürüb, aparıb
geyinsin. Onda ayaqqabılarla vidalaşıram. Bu çox vacibdir
ayindir mənimçün. Mən piyada çox yeriyirəm. Həddən
çox yəni. Bəzən saatlarla. Və bu işdə mənə
ən çox kömək edən ayaqqabılarımdır. Ürəyimdən
sonra ən çox yəni. Eləsi var ayağımın
ölçüsündədir, eləsi var bir az
böyükdür. Axı çox yeriyəndə adamın
ayaqları şişir. Bax onda, qarşıdakı bir-iki
günü böyük ölçülünü geyirəm.
Ayaqlar rahatlananda yenə öz ölçümüzə
qayıdırıq. Mən, ayaqqabılar və yollar... -
söhbətimiz pis getmirdi. Görünən o idi ki, xanım
ürəyimi boşaltmaq üçün əlimə
düşmüş fürsət idi, mənsə
onunçün bir tapıntı. Bəlkə də
yanılırdım, hər halda onun dinləməyi məni, mənim
danışmağım onu qane edirdi - Bilirsiniz, xanım, biz
insanlar əslində fərqində deyilik ki, ən
yaxşı geyimimizin belə, taleyi ayaqqabımızdan
asılıdır. Ayaqqabı yoxdursa, nə geyinməyimizin də
fərqi yoxdur. Çünki evdən çıxanda,
qapıda bizi daima gözləyən kimimiz və ya nəyimiz
yox, məhz ayaqqabılarımızdır. Həm də
bütün mövsümlərdə. Geyimlər
mövsümlə olmaya bilir. Papaq, palto, şərf yayda bizi
girəcəkdə gözləmir. Eləcə də
qışda yay paltarları qarderobda öndə olmur. Amma
ayaqqabılar... Mövsümə-filana baxmaz ayaqqabılar.
Daima girəcəkdədirlər. Qapıda yəni. Hətta xəstələnib
yatağa düşəndə də gözləyir
ayaqqabılarımız bizi qapıda. Bəlkə
sağalıb qalxar, geyinər, yenə gedərik harasa, deyə.
Kim bilir, bəlkə hələ sağalıb
qalxmağımız üçün dua da edir
ayaqqabılarımız... Mən bilirəm, edirlər... Mənimkilər
edirlər yəni... Ayaqqabı təkcə ən sadiq geyim
deyil, həm də ən əbədi yol yoldaşıdır
insana. Evdən kənar hər yerdə səninlədir.
Başqa evə qonaq girdiyində də, qapıda dayanıb
qayıdıncayadək gözləyirlər... Bir dəfə
dostlarımla məsçidə getmişdim, heç cür
rahat ola bilmədim içəridə, yarımçıq qayıdıb
çıxdım. Fikrim ayaqqabılarımda
qalmışdı çünki. Qorxurdum kimsə oğurlayar
ayaqqabılarımı. Nə vaxtsa eşitmişdim, kiminsə
ayaqqabılarını məsçidin girişindən
oğurlayıblar, o qalmışdı ağlımda. Deyirdim
birdən mənimkiləri də aparar kimsə. Nə biləcəkdim,
kim apardı, hara apardı. Özümü
qınayırdım, soyunub məsçidə girərkən
ayaqqabılarımla hallaşmadığıma görə... Əgər
ayaqqabılar bizə daima sadiqdirsə, niyə də onlardan
ayrılanda hallaşmayaq, göstərdiyi xidmətə
görə ehtiram sərgiləməyək. Bax, mən bunu
edirəm, ayaqqabılarımı gətirib bayırda zibil
qutusunun yanına qoyanda. İstəyirəm bilsinlər ki, mən
onların zəhmətini dəyərləndirirəm,
anlayıram mənə necə sədaqətlə xidmət
etdiklərini. İstəyirəm bilsinlər ki, mənə
bir az da çətindir onlardan ayrılmaq. Amma evdə saxlamağı
da düz saymıram. Axı onlar hələ uzun müddət
hər yanı gəzə bilərlər kiminsə
ayaqlarında. Bundan onları məhrum etmək olmaz axı. Ona
görə də ayrılıq anında mənə sadəcə öz borcumu yerinə
yetirmək qalır. Və mən onu edirəm.
Halallaşıram, vidalaşıram. Kənardan görənlər
də elə bilir, zibil qutusu ilə danışıram, məndən
ağılları bir şey kəsmir. Təbii ki, hər kəs
təəccüblənməkdə haqlıdır. Elə siz
də. Amma mən dəli deyiləm. Nə də içkili.
Heç siqaret də çəkmirəm. Sadəcə, hər
dəfə daha geyməyəcəyim ayaqqabıları gətirib
ora qoyanda, hallaşıram. Ayrılmazdan əvvəl
üç dəfə təzim edirəm ayaqqabılara.
Baş əyirəm yəni...
Yadımdadır,
xanım necə heyrətlənmişdi eşitdiklərindən.
Mən danışıb bitirəndə bir müddət dinmədi.
Söhbətin yarısında dəsmal
çıxartmışdı çantasından. Deyəsən
gözləri dolmuşdu. Dəsmalla üzünün tərini
sildi, qaytarıb çantasına qoydu. Qaxdı, əlimdən
öpmək istədi, geri çəkdim, üzümdən
öpüb getdi. Axşama doğru mən evə qayıdanda
ayaqqabılarım zibil qutusunun yanında yox idi. Sözsüz
ki, yeni sahiblə getmişdilər. "Kaş ki, o da çox
yeriyən olaydı mənim kimi, -
düşünmüşdüm onda. Yəqin sabahdan, ya o biri
gündən şəhərə çıxıblar harasa
getmək üçün, mənim sevimli ayaqqabılarım.
Bəlkə hələ nə vaxtsa yanımdan da keçiblər
hansısa küçədə, parkda-filanda sonradan. Lap elə
əvvəlkilər kimi. Axı mən birinci dəfə
deyildi zibil qutusunun yanına ayaqqabı qoyurdum. Bu, dəfələrlə
olmuşdu. Hamısında da baş əyib
vidalaşmışdım...
Bir dəfə
evdəkilər mənə deməmiş
ayaqqabılarımı aparıb zibil qutusunun yanına
qoymuşdular. Əslində, onlarda günah
olmamışdı. Ayırıb kənara qoyanda demişdim
daha geyinməyəcəyimi. Onlar da zibil atanda
ayaqqabıları aparıb bayıra qoymuşdular. Oradan da kimsə
götürüb getmişdi. Elə pis olmuşdum ki.
Xanımım məyus olduğumu anlamışdı, amma səbəbini
bilməmişdi. Soruşdu, demədim. Necə deyim ki,
hallaşmamışdım ayaqqabılarımla. Tez
düşüb gedib zibil qutusunun yan-yörəsinə
baxmışdım, görməmişdim. Ondan bir nisgil
qalmışdı ürəyimdə. Bir müddət
küçədə ətrafımdan keçənlərin
ayağına baxdım o mövsüm. Tərs kimi də
yağışlı-küləkli keçdi həmin
payız. Təsəvvür edirsiniz, yağış,
palçıq, soyuq, özgə ayaqları və halallıq
ala bilməmiş ayaqqabılar... Gözüm ayaqlarda idi
bütün yollar boyu. Bəlkə kimdəsə
gördüm, ümidi ilə. Heç bilmirdim görsəm nə
edəcəyəm. Bəlkə əl yelləyərdim xəlvətcə.
Bəlkə nələrsə pıçıldayardım
ürəyimdə. Bilmirdim. Amma çox istəyirdim görmək.
Amma yox, görmədim. Əvəzində gah kiminləsə
toqquşdum küçədə, gah kiminsə mənə
acığı tutdu, ayaqlarına diqqətlə
baxdığıma görə, gah da ağaca, dirəyə
çırpıldım səkidə. Küçəni
keçəndə maşın vurmuşdu məni bir dəfə.
Qarşıdan gələn ahıl kişinin
ayaqqabıları onlara çox oxşamışdı o an.
Qolum bir ay gipsdə qaldı. Amma pis olmadım. Əksinə,
yaxşı ki, ayaqlarıma bir şey olmadı, o qəzada,
yoxsa, ürəyim partlayardı - düşünüb
sevinirdim də hərdən...
Sonradan
daha o niyyətlə baxmadım ayaqlara. O vaxta qalmazdılar.
Çox köhnə deyildilər. Amma çox vaxt keçdi
aradan. Evdəkilər o vaxtdan daha zibil atanda mənim seçib
kənara qoyduğum ayaqqabılara toxunmadılar. Əlbəttə
bu tez-tez olmurdu. Hərdən, mövsüm dəyişəndə.
Əsasən də payızda və yayda, ya da yazda.
Mövsüm dəyişəndə dolabda isti
ayaqqabıların yerinə sərinləri düzürsən
e, ya da sərinlərin yerinə istiləri, bax onda. Amma bunlar
çoxdan olub. İllər əvvəl yəni. Üç
ildir ki, mən nə özümə ayaqqabı alıram, nə
də geyinməyəcəyimi aparıb zibil qutusunun yanına
qoya bilirəm. Cəmi bir cüt ayaqqabım var. Tək mənim
yox, burada olan hamının. Hamımızın eyni paltarı,
eyni də ayaqqabısı var. Bu müddət ərzində cəmi
bir dəfə dəyişib ayaqqabımız. Hər şənbə
olduğu kimi aşağı mərtəbəyə hamama
düşmüşdük. Çimib çıxanda
gördük köhnə pal-paltarımızı
götürüb yerinə təzəsini qoyublar. Hamı
sevinmişdi onda təzə geyimə görə. Mənsə
sevinə bilməmişdim. Gecə xəlvətcə
ağlamışdım da ayaqqabılarımla vidalaşa bilmədiyim
üçün. Əslində ayaqqabı deyil, yumşaq
başmaqdır hamımızda. İçəridə geyilən
yəni. Amma mən onlara ayaqqabı deyirəm. İkisinə də
işarə qoymuşam ki, özgəninkilərlə dəyişik
düşməsinlər. Əslində düşməzlər.
Çimməyə gedəndə torbaya qoyub özümlə
duşa götürürəm, qalan vaxt ayağımda olurlar,
yatanda da döşəyimin altına qoyuram. Hər gecə də
hallaşıram. Hər ehtimala qarşı. Nə bilmək
olur. Hər dəqiqənin bir hökmü var. Kimin
ağlına gələrdi ki, ayaqqabı sevdam məni evdən
birdəfəlik çıxardar, bir də geri qaytarmaz.
Artıq köhnədir ayaqqabılarım. Tibb bacısı
deyir ki, tezliklə üst- başımızı təzələyəcəklər.
Mən ondan xahiş etmişəm ki, gözdə-qulaqda olsun,
ayaqqabılarımız dəyişiləcəksə, bir
gün əvvəldən mənə xəbər eləsin.
Söz verib. Deyəcək...
Bakı
10.06.2024
İlqar
Rəsul
Ədəbiyyat
qəzeti.- 2024.- 22 noyabr, №45.- S.10.