İt
Hekayə
Görkəmli fransız nasiri, jurnalisti və müzik-holl aktrisasıdır. Romanlarının
əksər qismində
o, kübar cəmiyyətinin
"qaymağı" sayılan
varlıların və
xırda burjuaların
həyat tərzini kinayəli bir tərzdə təsvir edib.
İlk
həyat yoldaşı
- yazıçı və
jurnalist Anri Qotye-Villar sayəsində Kolett Parisin ədəbi və sənət cameəsi ilə yaxın təmaslar qurub. 1896-cı
ildən başlayaraq,
Kolettin qələmindən
çıxan avtobioqrafik
məzmunlu və
"Klodina" silsiləsinə
aid ilk romanları əri "Villi" təxəllüsü
ilə öz adından nəşr etdirib.
1904-cü
ildən sonra artıq öz imzasıyla çap olunan bu qadın
yazar öz nəsrində Balzakın,
Mopassanın və Qonkur qardaşlarının
realist ənənələrini uğurla davam etdirib. 1906-cı ildə ərindən boşanıb
və bir neçə müzik-hollda
səhnəyə çıxandan
sonra tamamilə sərbəst həyat tərzi sürüb.
1912-ci ildə ikinci dəfə nikaha girib və 11 il sonra bu ərindən
də boşanıb.
Bəstəkar M.Ravelın
"Uşaq və tilsim" (1925) opera-baletinə
libretto yazıb.
İkinci Dünya müharibəsindən
sonrakı illərdə
bir yazıçı
kimi xeyli məşhurlaşıb. 1945-ci ildə Qonkur Akademiyasının üzvü,
4 il sonra isə bu qurumun prezidenti
seçilib. Ömrü
boyu 50 kitabı işıq üzü görüb.
Onun
uğurlu romanları sırasına "Sentimental inziva",
"Başabəla sadəlövhlük",
"Sərgərdan qız",
"Şeri", "Sido",
"Mavi fənər"
və "Qarmaqarışıq
gündəlik" daxildir.
Yazarın 1948-55-ci illərdə nəşr olunan "Seçilmiş əsərləri"
15 cilddən ibarətdir.
Vəfat etdiyi zaman Fransa
Respublikası onun Per-Laşez məzarlığında
dəfnini rəsmi səviyyədə təşkil
edib.
Parisin mərkəzində, "Komedi-Fransez" teatrının
qarşısında yerləşən
meydana 1966-cı ildə
yazıçı Kolettin
adı verilib.
Romanları əsasında və
öz həyat yolu barədə bir neçə bədii və televiziya filmi çəkilib.
"Jiji" adlı romanı
əsasında çəkilən
musiqili film isə
1958-ci ildə 9 ayrı
nominasiya üzrə
"Oskar" mükafatına layiq görülüb.
İt
Parisə
qısa məzuniyyətə
gələn serjant öz sevgilisini evdə tapmadı. Ancaq buna rəğmən,
baş çəkdiyi
evdə onu görünməmiş şadyanalıqla
qarşıladılar, bağırlarına
basıb, öpdülər:
hətta burada qoyub-getdiyi Voras adlı çoban iti də bir
od parçasına dönərək,
bir an belə ondan aralanmır, təlaşdan ağaran diliylə serjantın üz-gözünü yalamaqdan
ötrü hər an fürsət gəzirdi. Yeri gəlmişkən, elə Voras qədər təşvişə
qapılan qulluqçu
qadın da heç dil-boğaza qoymurdu:
- Sən allah, tərsliyə bax da! Xanım da iki günlüyə Marlotta gedib ki, o evi tamamilə qapatsın: axı orada məskunlaşan kirayəçilər
evi tərk etməyə hazırlaşırlar.
Xanım hər şeyin yerli-yerində olmasını, mebellərin
vəziyyətini yoxlayasıydı...
Ancaq çox şükür, Marlott da dünyanın o biri başı sayılmaz. Bəlkə müsyö bir teleqram mətni
yazsın, mən də onu qaçıb,
poçtdan yola salım, hə? Əgər teleqramı təcili qaydada göndərsək, xanım
sabahkı səhər
yeməyinə qədər
özünü bura çatdırar. Siz isə, müsyö, gecəni burada keçirərsiniz. Əgər
yuyunmağı arzulayırsınızsa,
hamamı qızdıra
bilərəm.
- Yox, mən evdə
yuyunmuşam, Lüsi...
Məzuniyyətə çıxan
əsgər hərbi xidmətin bütün nişanələrindən dərhal
arınmağa çalışır
axı!
Bu ara aynada özünü
süzdü. Mavi mundiri və barıt tüstüsündən
ütülən dərisi
öz rəngləri baxımından Breton qranitini
xatırladırdı. Ona duyduğu
rəğbəti necə
ifadə edəcəyini
bilməyən Briar cinsli
çoban itinin bütün bədəni xəfifcə titrəyirdi.
Bu mavi çalarlı,
açıq bozumtul rəngli itin özünə hədsiz dərəcədə bənzədiyini
sezən serjantı gic bir gülmək
tutdu, çünki it
də elə özü qədər qaşqabaqlı idi.
- Voras!
Adını eşidən it özünün
sevgi dolu baxışlarını sahibinin
üzünə dikdiyi
üçün serjant
kövrəldi, özündən
ixtiyarsız sevgilisini,
son dərəcə cavan
və hədsiz şux Janninasını xatırladı: həqiqətən
də, sevgilisi son dərəcə cavan və hədsiz şux birisiydi...
İti ilə birlikdə nahar elədi. Əvvəllər birgə
nahar etdikləri zaman qazanılan vərdişlərini
unutmayan it serjantın
atdığı çörək
tikələrini elə
havadaca yaxalayır, aldığı komandalara
uyğun səslər
çıxarırdı - aylarla
sürən ayrılığın
acısı da deyəsən,
itin öz sahibinə duyduğu sonsuz sədaqət hesabına yavaş-yavaş
unudulurdu. Serjant qısıq səslə itə bu etirafda
bulundu:
- Səndən ötrü elə darıxırdım
ki! Hə, həm də səndən ötrü!..
Artıq
o, divanda yarı uzanmış halda siqaret tüstülədirdi.
İt isə - məzarlar
üzərində mərmərdən
qoyulan it heykəlləri
kimi - özünü
yuxulu göstərir, heç qulaqlarını
da tərpətmirdi. Hər
hənirti qarşılığında
tərpənən qaşlarına
əsasən də təyin edərdin ki, bu heyvan yatıb-eləməyib.
Yorğunluq serjantı lap əldən
salmışdı, evə
çökən sükut
onu tədricən yuxu aləminə sürükləyirdi. Siqaret
tutan əli yastığın kənarıyla
irəliyə doğru
uzanarkən ipək üzlüyə toxundu. Mürgüyə birtəhər
güc gələrək,
yerindən qalxdı, əlinə keçən
ilk kitabı açdı,
sonra onun böyründəki bütün
xırda-xuruş əşyaları
əlinə götürüb,
baxdı. Bunun ardınca
növbə qızın
indiyədək heç
görmədiyi fotosuna
sataşdı: Jannina bu şəkli mini ətəkdə, qısaqol
koftada, həm də kənd mənzərəsi fonunda çəkdirmişdi.
"Həvəskar fotodur bu... Sevgilim isə həmişəki kimi gözəldir..."
Çərçivəyə salınmamış
fotonun arxa tərəfindəki yazıya
göz atdı: "Beş iyun 1916-cı
il..."
"O vaxt mən... Həqiqətən, ey, həmin gün, yəni iyunun beşində mən harada idim?.. Hə də,
Arras yaxınlığındaydım... Beş iyun... Bu xətt isə mənə heç tanış gəlmir axı..."
Təkrar
keçib əyləşdi,
bütün fikirlərini
pərən-pərən salan
mürgü, hər şeyə rəğmən,
bütün varlığına
hakim kəsildi. Divar saatı onu vurdu. Saatın xəfif, amma dolğun cingiltisi qulağını oxşayarkən,
Janninanın bu saatla bağlı dediyi: "Bapbalaca saatdır, amma səsi böyük saatlarınkından heç
geri qalmır" sözlərini xatırlayaraq,
gülümsəməyə fürsət tapdı. Hə, saat onu
vurdu və it də cəld uzandığı yerdən
qalxdı. Serjant yarıyuxulu halda heyvana təpindi:
- Neynirsən?! Uzan yerinə!
Ancaq Voras onu dinləmədi,
silkinəndən sonra
pəncələrini aralı
qoyaraq, uzun-uzadı gərnəşdi: bu hərəkət isə qapıdan çıxmağa
hazırlaşan bir adamın şlyapasını
başına taxması
qədər adi bir şey sayılmalı
idi. Sonra sahibinə yanaşan itin baxışlarında bu sual dondu: "Nə var?"
Serjant təkrarladı:
- Nə var, hə? Sənə nə?!
Sahibi bunları dediyi vaxt üzüyola halda qulaqlarını sallayan heyvancığaz az sonra onları
təkrar şəklədi.
Serjant dərin bir ah çəkdi:
- Ohh, əcəb zəhlətökənsən ha! Nə var, nə istəyirsən məndən?
Su, yoxsa, gəzinti?
Qulaqları "gəzinti" sözünü
alan it tüklərini
pırpızlatdı, qısa
və qırıq-qırıq
şəkildə ləhləməyə
başladı, o ara gözoxşayan kəsici dişlərini və ətli dilini göstərməyi də
unutmadı.
- Yaxşı, gəl, gedək. Ancaq qısa müddətə
ha. Çünki yorğunam
və yatmaq istəyirəm!
Küçəyə çıxan kimi sevincindən dəliyə dönən Voras canavar kimi
bir ağız uladı, yerində adam boyu hoppandı,
burnuyla sahibinin boynuna toxundu, hansısa pişiyi qovarağa qatandan sonra fırfıra kimi fırlanıb, durdu. Serjant onu yüngülvarı məzəmmət eləsə
də, it öz sahibinə illah, yarınmaqdan ötrü yamanca əldən-ayaqdan gedir, heç cür sakitləşmək
istəmirdi. Ən nəhayət, o, bir hovur dinclik tapdı
və təmkinlə qabağa düşüb,
getməyə başladı.
İlıq axşam havasını ciyərlərinə
çəkən serjant
itin ardınca irəliləyərək, bu
iki-üç cümləni
mızıldanaraq oxuyurdu:
- Sabah səhər Janninanı görəcəyəm mən...
Pərqu bir yataqda uyuyacağam... Bir həftə beləcə dincələcəyəm...
O ara diqqət yetirdi ki, fənərin işığında irəliləyən
it öz səbirsiz baxışlarını sahibinə
zilləyib. Heyvanın
gözləri də, sağa-sola yellədiyi quyruğu da, gərgin vəziyyət alan bütün gövdəsi
də sanki soruşurdu: "Hə, noldu, niyə gəlmirsən bəs?!"
Serjant bərabərinə çatdığı
zaman Voras qəfil yan küçəyə buruldu. O an sahibi anladı ki, it onu haraya aparacağını
dəqiq bilir.
Düşündü: "Bəlkə
qulluqçu qadın...
ya da Jannina... buralara gəlib-gedir, hə?"
Bir anlığa karıxıb-durandan
sonra o, itin ardınca düşdü.
O ara mürgünün
də, yorğunluğun
da, bəxtəvərlik hissinin
də onu necə əlüstü tərk elədiyinin heç fərqinə də varmadı. Addımlarını yeyinlətdi.
İt isə sınanmış
bələdçi kimi
önünə düşüb,
getməyində idi. Serjant ara-sıra ona buyruqlar da verirdi:
- Get, durma görüm!
Küçənin adını oxuyandan
sonra təkrar yola düzəldi. Yolda bir kimsə
gözə dəymirdi.
Adda-budda rastına çıxan fənərlər
öz ətraflarına
ölgün-ölgün işıq
saçırdı. Burada
kiçik evlər və bağlar vardı. Sevincdən təlaşlanan it xəfifcə
sahibinin əlini dişlədi. Buna görə
içində oyanan hiddəti serjant çətinliklə boğdu
və heyvanı vurmaqdan özünü güclə saxladı.
Ən nəhayət, Voras dayanıb, durdu. Sanki:
"Gəlib çatdıq!"
demək istəyirdi. Qarşısında durduqları
bağın köhnə
barmaqlıqları qismən
əyilmişdi, çox
da hündür olmayan
daxmanın divarları
isə yabanı üzüm tənəkləri
və mayaotu ilə örtülmüşdü,
sanki bu kiçicik daxma qorxusundan o yaşıl örtüyün altına,
ardına sığınmışdı...
Həyət qapısını kəsdirən,
bir ayağını götürüb, digərini
qoyan it elə bil sahibinə deyirdi: "Gəl də, nə duruxmusan?! Açsana qapını!"
Serjant cəftəni qaldırmaq üçün əlini irəli uzatsa da, sonra onu yanına
saldı. İtə tərəf əyilib, qapalı pəncərə
qapaqlarının arasından
bayıra süzülən
işıq zolağını
barmağıyla nişan
verərək, qəsdən
soruşdu:
- Kim var axı orada?.. Janninamı?..
Zingildəyən it bir ağız
hürdü. Heyvana:
"Susss!" deyə
təpinən serjant əliylə onun nəmli, sərin ağzını qapadı...
Yenə
də tərəddüdlə
əlini cəftəyə
sarı uzatdığı
an it döşüylə
alaqapıya həmlə
eləmək istədi,
ancaq serjant xaltasından yapışmaqla,
onu küçənin
qarşı cinahına
çəkib, apardı.
Birisinin ona qarşı mümkün xəyanəti ilə bağlı fikir və ifadələr hələlik beynində
tam mənada şəkillənməmişdi,
ancaq daxilən özünü artıq yalqız və çarəsiz biri kimi hiss edirdi.
İtin
qulağına bu sözləri pıçıldadı:
- Məni sevirsən?
İt sahibinin üzünü yaladı.
- Onda gəl, buradan gedək!
Birlikdə yola düzəldilər.
Ancaq bu dəfə serjant qabağa düşdü.
Darısqal qonaq otağında olduqları
vaxt Voras serjantın öz ev geyimlərini və çəkələklərini
bel çantasına necə
tələm-tələsik dürtdüyünə
göz qoyurdu. Çarəsizliyə qapılan
və nə edəcəyini bilməyən
heyvan serjantın hər hərəkətini
diqqətlə izləyirdi.
Onun sarı gözlərində donan iri göz yaşları
da indi qızılı
rəngə çalırdı.
Heyvana təsəlli verməkdən ötrü
serjant onun böyrünü sığallayaraq
dedi:
- Səni də özümlə aparacağam...
Bir daha əsla ayrılmayacağıq. Gələn
səfər mənə
digər təfərrüatları
çatdırmanı isə
heç arzulamıram.
Bəlkə də yanılıram... Bəlkə
mən səni heç düz-əməlli
başa düşmədim...
Ancaq sən daha burada qala
bilməzsən. Sənin
o məsum qəlbində
sadəcə mənimlə
bağlı xatirələr
mürgüləməlidir...
Sahibinin
onu özüylə götürməyəcəyindən təlaşlanan itin bədəni əsib-titrəyirdi
deyə, serjant onun başını ovucları arasına aldı və qısıq səslə bu sözləri pıçıldadı:
- Sənin qəlbin... Sənin bir itə xas qəlbin...
Hə, sənin o gözəl qəlbin...
Qabriel-Sidoni Kolett
Dilimizə çevirdi: Azad Yaşar
Ədəbiyyat qəzeti.- 2024.- 22 noyabr, ¹45.- S.11.