“Nəsimi”
operasının təqdimatı olub
Noyabrın
20-də Heydər Əliyev Sarayında Mədəniyyət
Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrının təqdimatında ilk dəfə
"Nəsimi" operası nümayiş olunub.
Dahi Azərbaycan
şairi və mütəfəkkiri İmadəddin Nəsiminin
dərin fəlsəfəsini, azad ruhunu və humanist dəyərlərini
canlandıran bu opera tamaşaçılara onun mənəvi
dünyasına səyahət imkanı yaradıb.
Musiqisi
Xalq artisti, professor Siyavuş Kərimiyə, librettosu akademik
Rafael Hüseynova məxsus olan opera Azərbaycan mədəniyyətinə
yeni bir nəfəs gətirərək Nəsimi irsini gələcək
nəsillərə və dünyaya çatdırmaq məqsədi
daşıyır.
Operanın
təqdimatından əvvəl jurnalistlərə müsahibə
verən Xalq artisti, professor Siyavuş Kərimi deyib: “Bu gün
"Nəsimi" operasının ilk premyerasıdır,
çox həyəcanlıyam. Böyük əzmlə
çalışmışıq ki, opera
tamaşaçıların xoşuna gəlsin. Operada
böyük mütəfəkkir Nəsimi, onun həyatında
baş verən hadisələr əksini tapıb. Əlbəttə
ki, bənzərsiz söz xiridarının bütün həyatını
bu əsərdə əhatə etmək qeyri-mümkün idi.
Amma tamaşaçı üçün maraqlı ola biləcək
bir əsər hazırlamağa çalışdıq.
Operada çox istedadlı ifaçılar yer alıb.
İnanıram ki, tamaşaçıların xoşuna gələcək
və operanın ömrü uzun olacaq".
Əsərin
musiqisi üzərində altı aya qədər işlədiyini
söyləyən Xalq artisti bu işdə zəhməti olan hər
kəsə təşəkkür edib:
"Düşünürəm ki, üz ağardan bir əsər
olacaq və dünyaya Nəsimini təbliğ etmək
üçün bizə daha böyük imkanlar yaradacaq".
Operanın
libretto müəllifi, akademik Rafael Hüseynov deyib ki, dahi Azərbaycan
şairi və mütəfəkkiri İmadəddin Nəsiminin
doğuldu və qətlə yetirildiyi ildən çox zaman
keçib: “Ancaq bu cür şəxsiyyətlər gəlirlər
və əbədi qalırlar. Onları nə tarixdən silmək
olur, nə də mənsub olduqları millətin
yaddaşından. Zaman keçdikcə belə şəxsiyyətlər
rəssamların, rejissorların, bəstəkarların
yanaşmasında yenidən doğularaq, yaddaşlara hopurlar.
Görkəmli yazıçımız İsa Hüseynov
İmadəddin Nəsimi haqqında gözəl bir əsər
yazdı və bizim unudulmaz rejissorumuz Həsən Seyidbəyli
misilsiz bir film çəkdi və bununla Nəsimi sanki Azərbaycan
insanı üçün təzədən doğuldu, təzədən
qayıtdı doğma vətənə. Amma aradan böyük
zaman keçir, yeni nəsillər gəlir və Nəsiminin
bu xalqa daha da yaxınlaşmasına ehtiyac var. Elə bu məqsədlə
də Nəsimiyə olan sevgimizi bu opera vasitəsilə yenidən
insanlara çatdırmağa qərar verdik. Böyük
şövqlə çalışdıq ki, daha gözəl
bir əsər ortaya çıxaraq və Azərbaycan opera səhnəsini
bəzəyək. Operada Nəsiminin şəxsiyyətini,
yaradıcılığının dühasını
tamaşaçıya çatdırmağa
çalışmışıq. İnanıram ki, "Nəsimi"
operası yaşayacaq, hələ uzun illər Azərbaycan səhnəsində
olacaq. Çünki musiqisinin gözəlliyi və onun
içərisində Nəsimi ruhunun bütün
parlaqlığı ilə görünməsi Azərbaycan
xalqını cəzb edəcək və çox-çox illər
boyu cazibəsində saxlayacaq".
Premyera
tamaşasında İmadəddin Nəsimi obrazını
Əməkdar artist Ramil Qasımov canlandırıb. Həmçinin
Xalq artistləri Teyyub Aslanov (Fəzlullah Nəimi), Nurəddin
Mehdixanlı (salnaməçi), Əməkdar artistlər
İlkin Əhmədov (Əbdülqadir Marağayi), Anton
Ferştandt (Əmir Teymurun vəziri), Tural Ağasıyev
(Zahid), solistlər Fatimə Cəfərzadə (Sənəm),
Kamilə Nəbiyeva (Fatimə), Səma Həmzəyeva (Nəsiminin
anası), Mahir Tağızadə (Əmir Teymur), Taleh Yahyayev
(Məlikşüəra), Fəhmin Əhmədli (Əmir
Teymurun vəkili), Xəyal Hüseynov (Dərviş), Ruslan
Persan (Birinci keşikçi), Rza Xosrovzadə (İkinci
keşikçi), Fuad Əzizzadə (zindan
açarçısı), Elmir Rüstəmov (Qazi) və
başqaları çıxış ediblər.
Tamaşanın
musiqi rəhbəri və quruluşçu dirijoru Əməkdar
artist Əyyub Quliyev, quruluşçu rejissoru Əməkdar
artist İnarə Babayeva, quruluşçu xoreoqrafı Əməkdar
artist Yuriy Lobaçev, xormeysteri Əməkdar incəsənət
xadimi Sevil Hacıyeva, quruluşçu rəssam Əməkdar
artist Ramil Qasımov, işıq üzrə rəssam Rafael Həsənovdur.
Akademik
Opera və Balet Teatrının Simfonik Orkestri və Xoru, balet
truppası ilə yanaşı, tamaşada Xalq artisti Natiq
Şirinovun rəhbərliyi altında "Natiq” ritm qrupu, Xalq
artisti Elçin Həşimov (tar), Əməkdar artist Elnur
Əhmədov (kamança) və Əmrah Orucov (ud) birgə
çıxış ediblər.
Şübhəsiz
ki, "Nəsimi" operası Azərbaycan milli opera sənəti
tarixində parlaq hadisələrdən biri kimi özünəməxsus
yer tutacaqdır.
Ədəbiyyat
qəzeti.- 2024.- 22 noyabr, №45.- S.5.