Müqavimətin bənzərsizliyi
Auşvitz Həbs və Ölüm düşərgəsində alman zabit barmaqlarını yəhudi əsirin xirtdəyinə salıb boğur. Hər kəs susur. Bircə balaca Aleksandra sinəsini qabağa verir. Əsiri buraxması üçün diz çöküb yalvarır. Aleksandranın yalvarışları qəddar zabitin ürəyini yumşaldır. O gündən Aleksandraya "yəhudi xala" deyirlər. Müharibə necə də əxlaqsızdır.
"Müharibəsiz əxlaq olar? Sülh xaosdur, işləri sahmana salmaq üçün müharibə lazımdır. Sülh şəraitində bəşəriyyət gücsüzdür. İnsanlar və heyvanlar ehtiyatsız davranırlar. Hətta nə istəsələr, onu da yeyirlər. Heç kim qarşımıza çıxan bir şəhərdə nə qədər gəncin və atın olduğunu bilmir" (Bertold Brext: "Cəsarət ana və uşaqları").
Hər kəs bənzərsizdir, yaxud da heç bir varlıq digəri kimi deyil. Var olan hər şey bərabər və bənzərsizdir? Elm, fəlsəfə və sənət belə deyir. Ancaq münasibətlərimiz tam əksinədir. Conatan Qleyzerin "Maraq bölgəsi" filmi 1940-cı illərdə Auşvitz Həbs Düşərgəsinin yaxınlığında bir malikanədə yaşayan ailənin "xoşbəxt" anlarını kadra alır. Mayor Rudolf Höss çox sevdiyi arvadı Hedviq və 5 uşağı ilə olduqca xoşbəxtdir. Meşənin ürəyində və çayın sahilində yerləşən malikanədə gülüşlərlə dolu günlər keçir. Rudolf gah uşaqları ilə balıq tutur, gah qayıqla gəzintiyə çıxır, gah da arvadıyla öpüşür. Hər şey rənglidir, tərtəmizdir. Auşvitz düşərgəsindəki həbs və ölümləri də görmürük. Evin xanımı Hedviq öz rəfiqələrini, Rudolf isə zabit yoldaşlarını qəbul edir. Övladları Rudolfun ad gününü qeyd edirlər. Hər şey o qədər estetik və təmizdir ki, adam bu "gözəlliy"in bitəcəyindən qorxmağa başlayır.
Bütün bu "xoşbəxtliklər"in fonunda əzab dolu qışqırtılar, vahimələndirən küylər qulaq batırır. Rudolfun qəmsiz, kədərsiz ailəsinin görüntüləri fonunda Auşvitzdəki işgəncələr, yanğınlar və vəhşiliklərin səsi vizuallığı əhəmiyyətsizləşdirir. "Şindlerin siyahısı" və "Pianoçu" kimi filmlərdən fərqli olaraq, burada İkinci Dünya müharibəsinin dağıntılarını görmürük. Hər şey rəngli və canlıdır. Sanki indi - 2024-ci ildə baş verir hadisələr. Görüntü hədsiz dərəcədə solğun bir məna ifadə edir. Çünki gördüklərimizdən heç bir nəticə çıxarmamışıq. Yenə də savaşlar, müharibələr, qovğalar davam edir. Minlərlə insan həlak olur. Məsumluq silinir.
Rudolfun bəyaz kostyumu, köynəyi və ayaqqabısı təbiətlə harmoniya yaradır. Hətta gecələr belə qayğıkeş və intellektual atadır. Hər gecə qızına "Hansel və Qretel" nağılından hissələr oxuyur. Qızcığaz nağılsız yuxuya getmir. Orada bir cümlə diqqət çəkir: "Cadugəri quyuya atıb yandırdılar". Krematoriyalarda yandırılan meyitlərlə nağıl arasındakı sərhədlər götürülür. Rudolf telefon danışıqlarında krematoriyaların sayının artırılması ilə bağlı təkliflər verir.
Film Martin
Emisin eyniadlı romanı əsasında çəkilib. Emisin
romanında qoxubilmə aparıcıdır. Qleyzer səsə
üstünlük verib. Ancaq filmdəki səs effektləri sənətin
diliylə qışqırır; bütün savaşların
məğlubiyyət olduğunu yada salır. Filmin sonu və əvvəlində
əsəbləri tarıma çəkən səsin fonunda
qapqara səhnələr axır. Qara rəngin
dominantlığı həyatımızı da qarabəxt
edir.
"Maraq
bölgəsi" qlobal bir xaos olan müharibənin
nizamlı, harmonik tərəfini obrazlaşdırır.
Müharibənin təbiətinə dair məcazlar göstərilmir.
Əksinə, bir illüziya, saxta Cənnət
yaradılır. İnsanlar daima mübarizə və
müharibə içindədilər. Hər bir dövrdə
bəziləri kef çəkir, bəziləri isə zülm
və işgəncəyə məruz qalırlar. Müharibə
metaforları və obrazlarının əyri və ya düz məntiqi
yoxdur bu filmdə. Müharibənin kabusunu xaossuz, xoşbəxt
kadrlara yığır Conatan Qleyzer. Ölümlər və
dağıntılarla məhdudlaşmamaqla ironiyanın sərhədlərini
sonsuzlaşdırır.
Bertold
Brext "Cəsarət ana və uşaqları" pyesində
müharibənin qəsdən təşkil olunmasına ironiya
edir. Həyat və ölümün bədii sintezidir Brextin
pyesi. Qleyzer ənənəvi müharibə filmlərindən
imtina etməklə Brext estetikasına yaxınlaşır. Həyəcan
dolu müharibə səhnələri və duyğu
estetikasından isə uzaqlaşır. Döyüş səhnələrinin
yerini adamı psixi gərginlik və böhrana salan səslər
əvəz edir. Böyük planda verilən kadrlar müharibənin
hələ də bitmədiyini və genişləndiyini dilə
gətirir. Ortaplanlı görüntülər isə narsizmin
avtoportretini yaradır.
Rejissor
filmin finalında obyektivini Rudolfun Budapeştdəki 700 min
insanın qətlindəki fəal iştirakına
fokuslayır. Daha sonra Rudolf ani bir ürəkbulanma
yaşayır. Mayor qusa bilmir. Nə qədər gəyirsə,
qəribə səslər çıxarsa da, udduğu vəhşilikləri
və yediyi insan ömürlərini qaytara bilmir. İki
dünya müharibəsi və yenə də davam edən
savaşlardakı yeyilən insan həyatları geri
qayıtmır ki, qayıtmır. İsrar və inadkarlıqla
narsizmlə qidalanır enerji vampirləri. Narsizm isə
böyüyüb faşizmə çevrilir. Rudolfun ürəkbulanma
səhnəsi ilə paralel olaraq krematoriyaları təmizləyən
iki qadın təsvir edilir. Biri başını bulayaraq digərinə
deyir: "Bura hər gələndə əsəblərim
pozulur". O biri: "Nəysə, biz öz işimizə
baxaq". Bu sadə, qısa dialoqda semiotik mənalandırma
genişdir. Müharibə tacirləri insanları hər
cür şəraitdə yaşamağa və bütün
anormal vəziyyətləri normal qarşılamağa məcbur
və məhkum edir.
"Arvadım
Hedviq Auşvitzdə Cənnət yaradıb. Evimiz Cənnəti
yada salır". Mayorun bu sözləri krematoriyalardakı Cəhənnəmlə
paralellik təşkil edir. Bir milyon insanın ölümünə
səbəb olan Rudolf atından ayrılarkən və ya
küçədəki bir itin başını oxşayarkən
o qədər zərif və duyğusaldır ki. Hedviq də,
öz növbəsində, nəzakətli və kübar
xanımdır. Ancaq qulluqçu kimi işlətdiyi əsir
qadına hədə-qorxu gələrkən içindəki
vampir üzə çıxır: "Bilirsən, ərim sənin
küllərini Babiç tarlalarına sovurar". Bəs
Höss ailəsinin külləri sovruldumu? Bəli, sovruldu. Bu,
Rudolf Hössün real həyatda ölümə məhkum
edilməsiylə olmadı. Elə müharibə zamanı,
Auşvitz düşərgəsində baş verdi. Filmdə
Rudolfun nağıl oxuduğu gecələr düşərgənin
qadağan edilmiş ərazilərində bir qız
görürük. Həmin qız əsirlər
üçün alma dərir və ya ərzaq
yığır. Rudolf Höss kimi o qız da real obrazdır -
Aleksandra Bıstron Xolodzeyçik. Qız təkbaşına
haqsızlığa boyun əymir. Məhz o zaman faşizmin
külləri sovrulmağa başlayır.
"Maraq bölgəsi" onlarla mükafat almışdır. Oskarda da "Ən Yaxşı Xarici film" və "Ən Yaxşı Səs" mükafatları almışdır. Qleyzer Oskar nitqində filmi Aleksandraya ithaf etdiyini vurğulayır və: "İstifadə etdiyimiz velosiped və aktyorun geyindiyi paltar onun idi. Bu kiçik müqavimət - yeməkdən imtina kimi sadə, demək olar ki, müqəddəs bir hərəkət yeganə işıq nöqtəsi olduğu üçün çox dəyərlidir. Yalnız qaranlığı göstərmək mümkün deyildi, ona görə də hardasa işıq axtarırdım və onu orada tapdım. O, yaxşılıq üçün bir güc idi". Sənət qaranlığın içindəki iynə ucu boydakı ümid və işığı tapır. Aleksandra haqsızlığa qarşı müqavimətin bənzərsiz simasıdır.
17 noyabr 2024
Ülvi Babasoy
Ədəbiyyat qəzeti.- 2024.- 22 noyabr, №45.-
S.9.