Sirr karuseli
Mehman Qaraxanoğlunun "Kamal Abdulla: yaradıcılıq
stixiyası" kitabına
bir nəzər
Tənqidçi-esseist Mehman Qaraxanoğlunun ədəbi-ictimai
mühitdə böyük
rəğbət və
həssaslıqla qarşılanan
"Kamal Abdulla: yaradıcılıq stixiyası" kitabında
Xalq yazıçısı,
akademik Kamal Abdullanın
çoxcəhətli elmi-bədii
yaradıcılığı çağdaş dünya
ədəbi prosesinin elmi-nəzəri müstəvisində
və hissi-analitik tərzdə təqdimatı
xüsusi diqqət çəkir. Tədqiqatçı-alim
Kamal Abdullanın yaradıcı
dünyasına səyahət
edir və burada bir sirr
hərisçiliyinin hakim olduğunu
vurğulayır: "Sirr
içində sirrə
varmaq".
Tənqidçi-alim təhlilində belə
bir qənaətə gəlir ki, Kamal Abdulla yaradıcılığı
üçün zaman anlamı
yoxdur. Onun bədiiyyatı zamanın
fövqündədir. Burada
esse, şeir, roman, hekayə, hətta elmi-nəzəri yazılarının
sərhədlərini konkretləşdirmək
imkan xaricindədir. Tənqidçi təbirincə
desək, ideyalar əsərlərə dağılmış
haldadır. Bu o deməkdir
ki, Kamal Abdulla yaradıcılığına
tam bələd olmadan
tək-tük nümunələr
əsasında nəsə
fikir yürütmək
yanlışlığa gətirər.
"Yarımçıq əlyazma"nı
ədəbi cameədə
qəza effekti kimi dəyərləndirən
tənqidçi-esseist əminliklə
vurğulayır ki, bu
əsər həm də arxaik modelləri tarixə qovuşduran unikal bir ədəbi nümunədir. Tədqiqatçı
qeyd edir ki, bu əsərlə müəllif daşlaşmış
ədəbi qəlibləri
dağıtdı, ədəbi-bədii
fikir tariximizə yeni konseptlər, ideyalar gətirdi, ədəbi sferada qəbullanmış
tendensiyalara qarşı
modern bir konseptual platforma ortaya qoydu.
Kitaba qayıdaq: "Kamal Abdulla bizimlə,
"uydurduğu" antik
zamanda danışır.
Çünki bu zamanda nəfəs qırıqlığı yoxdur.
Bu onun öz zamanıdır", - deyən
təhlilçi yazıçının
həyatdakı və
mətndəki obrazını
qarşılaşdırır: "Birincisi ona görə
var ki, ikincisini yox etsin. "Biri varmış,
biri yoxmuş" kimi. O, varla yox arasında bağlanmış əbədi
bir sazişdir". Bəli, bu da yazıçı obrazının
özünəməxsus mükəmməl
təhlili...
"Sehrbazlar dərəsi"ndəki
Karvanbaşının atasının
ruhu ilə görüşünü dünya
ədəbiyyatında ən
təsirli səhnələrdən
biri kimi xarakterizə edən tənqidçi-alim bunu həm də dil nostalgiyası adlandırır.Və maraqlı bədii nəticəyə gəlir:
"Kamal Abdulla üçün Dilin zamanı yoxdur, çünki dilin özü zamandır..."
Kamal Abdullanın esse yaradıcılığından xüsusi heyranlıqla bəhs edən esseist haqlı olaraq bu mətnləri
dünya ədəbiyyatı
örnəklərilə bir
sırada görür.
Ədəbi mühitimizdə
olan adda-budda uğurlu nümunələri
də təkzib etmir. Ancaq bu
Mətnlərin bir sistem halında böyük Kamal Abdulla adı
ilə dünya ədəbi arenasında görünməsini ədəbi
qürurla, iftixarla qeyd edir.
Müəllif mətn-diskursun bir-birini
tamamlamasını və
mətn haqqında mətn anlamında bir mətnin güzgüsündən o biri
mətnin görünməsi
prosesini ustacasına bildirir. O, ədibin "Düma ilə Coys arasında" kitabı haqqında yazır:
"Dilimizin bu qədər
masştablı, diapozonlu
və çeşidli
olmasını onun yaradıcılığında təfərrüatı ilə
sezmək olur. O, Azərbaycan dilinin potensialında yazır.
Kamal Abdulla mətnləri bu
baxımdan dilimizin zənginliyi, səmimiliyi və işvəkarlığının
mübaliğəsiz təzahürü,
maddi sübutudur".
Ədəbi-tənqidi esselərini mediativ tonu ilə
möcüzə hesab
edən, Azərbaycan esseistikasının Kamal Abdulla qələmi
ilə dünyaya çıxdığını əminliklə təsdiqləyən
tənqidçi heç
bir mübaliğə
və şişirtməyə
yol vermədən sənətkarın yaradıcılığını
təbii, şirəli,
axıcı və səlis bir dillə sevə-sevə təlqin edir. Sanki oxucu məmnunluğunu öncədən duyur. Tədqiqatçı qeyd edir ki, Kamal Abdulla əbəs
yerə "Şərqin
Borxesi" adlandırılmır.
"Əvvəl-axır yazılanlar"
başlığı altında
verilən esseləri Azərbaycan esseistikasını
dünya çapında
təsdiqləyən örnəklər
kimi təqdim və təqdir edən tənqidçi-alim
"Kitabi-Dədə Qorqud"un
poetikasına giriş"
kitabını "sirlər
şəhəri" adlandırır
və fikrini belə izah edir: "Ricətləri -
ipucları yığıb
kəndir düzəltdim
və bununla mətnlərin təkinə
baş vurdum". Olduqca mükəmməl, həm də elmi-nəzəri yanaşmadır.
O burada ricət istilahına xüsusi diqqət yetirir. Elə əsl mahiyyət də burdadır, çünki ricətin bir anlamı da kənaraçıxmalardır.
Tənqidçi Kamal Abdulla yaradıcılığına
özünəxas hermenevtik
bir yanaşma sərgiləməklə yuxarıda
söylədiklərimizi həzin
dil və dialoji bir tərzlə
anladır. Sanki dürr,
daş-qaş dolu bir sirr düyünçəsinin
kələfini ehtiyatla
öz tərz və üslubu daxilində açır və yenidən bu üsulla digər birinə yaxınlaşır. Oxucu bu əsrarəngiz sirr müəmmalarının
peşindədir. Kitabın
müəllifi bunu əsər boyu davam etdirir. Usanmadan, ustalıqla... Oxucuya bu sehrli
kitabın - şəhərin
labirintlərini soraq verir.
Tənqidçi belə bir qənaətə gəlir
ki, ayrıca semiotik, şair, dilçi, mifolinqvist, alim, ədəbiyyatşünas
Kamal Abdulla yoxdur. Bunlar
bir-birinin içindədir.
Birdir. Və onu səciyyələndirən
bir söz var: Axtarış!
O, axtarışdadır. Elə
"Yarımçıq əlyazma"da
olduğu kimi... Bu yerdə tənqidçi-alim
Kamal Abdullanı Şlimana
bənzədir. O da öz
Troyasının axtarışına
çıxmışdı.
Təsirli və maraqlı
bir bənzəmə...
"Gizli Dədə Qorqud", "Yarımçıq
əlyazma", "Mifdən
yazıya" əsərləri
bütövləşməni təlqin etsə də, yenə nəsə yarımçıq
qalır və tənqidçi-alim müəllifin
hər yeni kitabını
köhnə savaşın
davamı adlandırır.
O, Homerdən, C.Vikodan
danışır. Paralellər
aparır, müqayisələr
edir. Kamal Abdullanı çevrilmələr səltənətində
görür. Bu da dillə
başa gəlir ... Və bildirir ki, Kamal
Abdulla yaradıcılığında susan sözlər daha çoxdu... Bu mənada, dəyərli tənqidçi Kamal Abdulla bədiyyatını
sirr karuseli adlandırır və yazıçını, "sirr
içində sirr"
konsepsiyasını mifolinqvistikadan
dünya ədəbi mühitinə istiqamətləndirən
bir mütəfəkkir
kimi dəyərləndirir.
Kitabda
Kamal Abdulla qranulaları haqqında
da söhbət açılır.
Və yenə parlaq, orijinal bir bənzəyiş: onlar tənqidçinin iti qələmində kosmosdan gəlib axan ulduzlara, qaya parçalarına - meteorlara bənzədilir. Və bu mükəmməl
bənzəyişlə cövhərində
işıq olan qranulaların əsl mahiyyəti açıqlanır:
Yeri işıqlandırmaq...
"Kim nə deyir-desin, Yol xüsusi isimdir!"qranulasının
mahiyyəti yazıçının
"Sehrbazlar dərəsi"
romanının ideyası
ilə səsləşir.
Tənqidçi məharətlə
oxuculara bir mesajı ötürür:
Bu qranulaların məğzini
tam bilmək üçün
gərək yazıçının
yaradıcı dünyasına
bələd olasan.
Tənqidçi-alim fikrini əsaslandırmaq
üçün bəzən
dünya çapında
məşhur ədəbi
qəhrəmanlardan sitat
gətirir. Və onların həqiqət -
Allah axtarışı konsepsiyasına
Kamal Abdulla yaradıcılığına
münasibətdə də
haqq qazandırır.
"Don Kixot haqlıdır.
Kamal Abdullanın da özünü
qınamağa haqqı
yoxdur. Çünki o
da böyük elm, sənət
adamları kimi Allahı axtarır".
"Həqiqət haradadırsa,
Allah da oradadır". ("Don Kixot")
Kamal
Abdulla mətnləri əsl
həqiqətin işartılarıdır.
Kitabda
Kamal Abdullanın çağdaş
ədəbi prosesə
gətirdiyi modern keyfiyyətlər
önə çəkilir.
Tənqidçi bildirir:
Kamal Abdulla yaradıcılığında
ədəbi janrlar, ideya və növlərin
sərhədləri şəffaflıqdan
itir. Oxucu burda da tənqidçi ilə həmfikirdir. Bu, həqiqətən, belədir...
Ədəbi cərəyanların yaranışından ətraflı
bəhs açan tənqidçi-esseist bu cərəyanların birinin
digərini doğurduğunu
elmi-nəzəri əsaslarla
isbat edir. Kazimir Maleviçin Suprematizmini və onun "Qara kvadrat"ını xatırladır. Qara anlayış-istilahın xüsusi
milli-etnik anlamda mətnlə əlaqəli
izahını da uğurla
təqdim edir. Məhz Kamal Abdulla yaradıcılığını
bu mənada, Azərbaycan ədəbiyyatının
Qara kvadratı adlandırır. Ümumiyyətlə,
o, Kamal Abdulla mətnləri haqqında yazarkən, qeyri-səlis məntiq nəzəriyyəsi üzərində
xüsusilə dayanır...
Və əsl mahiyyətin çözümündə
diqqəti bir də bu faktora
yönəldir.
Diqqət
edək:
"Dədə Qorqud" eposu, obrazlı desək, müəllif üçün "fironlar
vadisi"dir", o istənilən
vaxt orda yeni "qazıntı"lar aparmaq
üçün qayıda
bilər". Bəli,
bu göstərir ki, eposda heç bir bitkinlikdən, nöqtə, sonucdan söhbət gedə bilməz. Araşdırma
milli genoloji təxəyyülümüzün
sirli qatında məskən salan mətnlərə yeni rakursdan
dönüşünü zəruri
edir.
Tənqidçi-alim, Kamal Abdullanın "Mifdən yazıya və yaxud Gizli
Dədə Qorqud"
əsərini xüsusi
diqqət və həssaslıqla təqdim
edir. Oxucu üçün ən diqqətçəkən məqam
isə Basat və Təpəgöz obrazlarına müəllifin
milli və dünya ədəbi fikir müstəvisində yeni münasibətin
ifadəsidir. Belə
ki, təhlilçi yarı
həyəcan, yarı
təəssüflə sorğulayır:
"Basatı qəhrəman
kimi təqdim etmək nə qədər doğrudur? Və Kamal Abdulla ilə yumşaq polemikaya girib fikirlərini bu cür ifadə
edir: "Basat nə qədər qəhrəmandırsa, Təpəgöz
də bir o qədər insani günahlarımızın qəddar,
amansız mücəssəməsi,
bir qisasçı-qəhrəmandır".
Araşdırmanın özündə
elə "Sirri-zəmanə"
(Kamal Abdullanın məşhur
hekayəsi) ovqatı,
ruhu var. Bəlkə də, belə olmasaydı, nəsə yazmaq, ifadə etmək müşkül olardı. Baxın: xaotik bir mənzərə...
Ya da Xaotizm və bütün bunların içində əbədi və İlahi bir nizam hökm sürür... Müəllif mühakimələri
sadəcə oxucu üçün "Ariadna
ipi" deyil, həm də hadisələrə sosial-mənəvi,
ədəbi-fəlsəfi yanaşmalardır.
Oxucu bununla nüvəsində qeyri-səlis
məntiq dayanan Kamal Abdullanın elmi-bədii yaradıcılığında bir növ öz
yaşam tərzini,
tale modelini tapır. Nitsşe bildirir ki, məntiq hələ hər şeyi həll etmir.
Tənqidçi-alim də öz
növbəsində, məlum
ifadəni bu cür bədiiləşdirir:
"Kamal Abdulla nəsrində yalnız bir məntiq işləyir:
"qeyri-səlis məntiq,
vəssalam..."
"Sirri-zəmanə" hekayəsi
həm də bəyan edir ki, təmiz mətn anlayışı yoxdur. Mətnlər gizli-aşkar,
ayrı-ayrı mətnlərlə
semiotik-struktural prizmadan
assosiativlik yaradır.
Kitabda
Kamal Abdulla yaradıcılığı bütövlüyü və
müasirliyilə diqqətdədir.
Tənqidçi-alim Kamal Abdulla postmodernizmi haqda yazarkən qiymətli fikirlərlə
yadda qalır. O, müəllifin
"Səhvlərimizin qrammatikası"
hekayəsinin postmodern təfəkkür
dayaqları üzərində
dayandığını, eyni
zamanda postmodernizmin uğurlu və zərərli yönlərini
simvolizə etdiyini elmi-nəzəri arqumentlərlə
sübutlayır. O, müəllifin
hekayəsini postmodernizmin
həm manifesti, həm antimanifesti kimi səciyyələndirir.
Və fikrinə dahi Kafkanın işıqlı frazası
ilə aydınlıq
gətirir: "Əsl
sənət xalis güzgüdür, ancaq o hərdən saat kimi qabağa qaçır".
Tənqidçi Kamal Abdulla şeirlərini renessans dövrünün
görkəmli siması
olan L.Vinçinin
eskizləri ilə müqayisə edir. Bunlar yeni şedevrlərin
yaranmasında ilk təməl
rolunu oynayır. Əski konstruksiyalardan, standart forma-qəliblərdən,
pafosdan, ehtişamlı
qafiyələrdən xali,
arınmış, cilalanmış
bu poeziya örnəklərini haqlı
olaraq mahiyyət poeziyası adlandırır.
Yollar getdi üzü dağa,
Yoxuşlar enişlərdən çox.
Kimsə
yox xatırlamağa,
Unutmağa da kimsə yox...
Bu ovqat yazıçı nəsrində də paralel görünməkdədir.
Təsadüfi deyil ki, "Unutmağa
kimsə yox..." romanı eyni adı bölüşür.
Ancaq fəlsəfi lirizmi ilə seçilən bu poetik lövhələrin müstəqil forma-məzmun
özəlliyi oxucuları
hələ çox zamanlar öz sehri ilə məftun edəcək.
Tənqidçi-alim yazır ki, Kamal Abdulla poeziyamıza antik qüssə ilə yanaşı, Vird üslubunu gətirib. Bu, sonsuzluğu şərtləndirir,
qışqırtını, hay-küyü sevmir. Fransız rəssamı Edqar Deqanın məşhur aforizmini yerində xatırladır:
"İncəsənət gördüklərin deyil,
incəsənət odur
ki, səni başqa şeylər görməyə
məcbur etsin".
Kamal Abdulla yaradıcılığı bunun sübutudur... Və postmodernistlərin məşhur frazasını
yada salır: "Dünya
mətndir, mətn reallığın yeganə
mümkün modelidir".
Tənqidçi yenə yanaşmaları
ilə təəccübləndirir:
"Kamal
Abdullanın baxış
pəncərəsi sanki
dünyanın ən qədim, bulanıq, sirli səhra tozu ilə örtülüb,
məhz o toz onu əsrarəngiz edir. Bəs "Köhnə məhəllə"
oradan necə görünür, o tozu alandan sonra bəlkə
nəsə görünə,
bu da mümkünsüzdür...
Bütün əsərlərində
bu tozdan nəsə var. Bu rakursdan baxanda sərhədlər qarışır: reallıq
irreallığa, yuxu gerçəkliyə dönüşür,
ya da əksinə... Və ona görə
də təhkiyəçi
xəbərdarlıq edir:
xatirinizdəki sirli məqamları vaxtında
çözün ..."
Kitabda düzgün olaraq Kamal
Abdulla yaradıcılığı mənəvi sərvət
kimi dəyərləndirilərək
bəzı tutarlı
mesajlar ötürülüb:
"Maddi, mənəvi sərvətlərimiz
üzərinə amerikalı
Den Braun, türkiyəli Orxan
Pamuk kimi getmək olar".
Məncə, əlavə şərhə
ehtiyac yoxdur.
Tənqidçi-esseist yazır: "İntertekstuallıq böyük
mütəfəkkirin üslubunun
ruporudur. Hər mətn deformasiyaya uğramış yaddaşımıza
laylay deyir, hər mətn ideyalar vulkanıdır.
Kamal Abdulla tarixi roman yazmadı,
öz romanının
tarixini yazdı". Gəlişigözəl ifadə
deyil, bu qiymətli fikirlər yerində işlənərək
Kamal Abdullanın yaradıcı
dünyasını uğurla
səciyyələndirir. Tənqidçi
bildirir ki, Kamal Abdulla öz
kitabı ilə bizə əsl master-klass keçir. Bu fikri elə bu möhtəşəm
kitab haqda da söyləmək
olar.
"Kamal
Abdulla yaradıcılığı bütövlükdə bədii-fəlsəfi
paradiqma üzərində
qurulub, o öz zamanını yaradıb. Fərqi yoxdu, təkcənəlik vaxtıdır,
ya yox, o buradadır, onunla görüşmək üçün
bu zamana düşməlisən, - deyən
tənqidçi anındaca
kinorejissor Verner Hersoqun
populyar frazasını
işlədir:
"Manevr et, çaşdır,
amma həmişə demək istədiyini çatdır". Və
bu fikir tam mənası ilə Kamal
Abdulla yaradıcılığının
ədəbi konturlarını
daha inamla cızır.
Kitabda
"Sağlıq", "Bir sevginin hekayəsi",
"Kamera teatrı",
"Uçuş", "Konsert" hekayələrinin
təhlilləri epoxal
tarixi şəraitlə
əlaqələndirilir.
"Üçrəngli pişik
balası" hekayəsi
maraqlı və aktual ideya üzərində
qurulub. Niyə hamı bu qədər
uzaq və bu qədər yad, soyuq və mənasızdır?
Əsərin qəhrəmanı
Yasini ölümə
aparan da budur...
Tənqidçi əsəri Haqverdiyevin
məşhur "Çeşmək"
hekayəsi ilə boyaboy təhlil edir.
"Platon deyəsən, xəstələnib" hekayəsi
isə "nə olursunuzsa olun, içinizdəki məsum
uşağı qoruyun"
mesajını verir. Ümumiyyətlə, bu qiymətli araşdırmadan
da göründüyü kimi,
Kamal Abdulla mətnləri cidd-cəhdlə
QORUMAĞA, UNUTMAMAĞA səsləyir:
"İlahi, məni sevənlər hamı burdadır!"
Unutmağa kimsə yox!!!
Lənkəran, 2024
Səfail Qurbanlı
Ədəbiyyat qəzeti.- 2024.- 22 noyabr, №45.- S.16-17.