Gözəllik və vəcddən
yaranan poeziya
Yaradanın yaratdığı sirli-sehrli aləmin eşqlə və sözlə təqlidi
olan poeziya insanın gördüyü gözəllikdən vəcdə gəlməsi ilə,
gördüyü gözəlliklərdən aldığı
həzz və
axtarışdan yaranır. Azərbaycan ədəbiyyatının
tanınmış nümayəndələrindən
- qələmini müqəddəs
amala, sözə xidmətə kökləyən
yazıçı, jurnalist,
Azərbaycan Respublikasının
Əməkdar Mədəniyyət
işçisi, Azərbaycan
Mətbuat Şurasının
sədri, "525-ci qəzet"in
redaktoru, AYB sədr müavini, şair, jurnalist Rəşad Məcidin poeziyası təbiətə, gözəlliyə,
sevgiyə, vətənə
olan sevgisindən, Tanrının yaratdığı
gözəllik önündəki
vəcddən və kamil insan axtarışından
yaranan duygularının
əksi, "bir dolu ürəyin püskürmə çağı"dır,
"dikəlib asfaltı
deşən bənövşə"dir,
göylərin bağrından
qopub şaqqıldayan
göy gurultusu kimi, "sinədə boğmaq mümkün olmayan bir qəfil
hönkürtüdür" (İsa Həbibbəyli). Duadır,
epifaniyadır, etirafdır,
çılğınlıqdır, ekstazdır.
Şairin
dillər əzbərinə
çevrilən "Şuşa"
şeiri ruha qanad verən sirli, tilsimli, ovsunlu məkanın gözəlliyi önündəki
ekstazdan - vəcddən
yaranıb:
Min şəhər adı var
dillərdə əzbər,
Adların ən üstün
adıdır Şuşa.
Musiqi notudur cüt hecasıyla: Şu-Şa
Dilimin şəhdidir, dadıdır
Şuşa.
Qoynuna hər gələn yüz xəyal eylər,
Uzaqdan baxanlar qeylü-qal eylər.
Birini coşdurar, birin lal eylər,
Tilsimdir,
ovsundur, cadudur Şuşa.
Şairin
müqəddəs məkanımız
olan "Şuşa"
haqqında söylədiyi
"Tilsimdir, ovsundur, cadudur Şuşa", - sözlərini bütövlükdə
poeziyaya aid etmək olar. Vəcddən yaranan poeziya "ovsundur, cadudur, tilsimdir." Gördüyü
gözəllik önündə
vəcdə gələn
şairin duyğuları,
sözlə misralarda əks etdirdikləri də, öz növbəsində, oxucuları
ovsunlayır, vəcdə
gətirir. Belə mükəmməl bir poetik əsər ancaq, "dünyagörüşünün
miqyası etibarilə
mükəmməl, bütöv,
etibarlı bir Azərbaycan övladı"
olan Rəşad Məcidin qələmi ilə çəkilə bilər. Çünki
"Rəşad Məcid
yalnız şair deyil, "dünyagörüşünün
miqyası etibarilə
həm mükəmməl,
bütöv, etibarlı
bir Azərbaycan övladı, həm də dünyanın gəliş-gedişindən, ümumən
həyat (və insan) mənzərələrindən
yaxşı baş çıxaran həssas analitikdir, dünyanın tarixindən olduğu kimi, bu günündən
də dərs almağın, öyrənməyin,
ona uyğunlaşmağın
və ya onunla polemikaya girməyin metodlarını,
üsullarını yetərincə
mənimsəmiş çevik,
öz mövqeyi olan mütəfəkkirdir"
(Nizami Cəfərov).
"Öz mövqeyi olan mütəfəkkir"
şairin poetik dünyası çox zəngin və düşündürücüdür; oxucunu ovsunlayır; vəcdə gətirir. Dəfələrlə həyatda
üzləşdiyimiz olayları,
dilimizə gətirdiyimiz
duyğuları, vəfasızlıqları,
etibarsızlıqları şairin
qələmindən çıxan
misralarında ("Ləkə"
şeiri) oxuyanda insan heyrətə düşür:
Hara söykənmişəm,
Unutmuşam...
Plaşımın arxası ağappaq
toz...
Yer var, bilinmir toz, tərtəmizdi
sanki.
Adamlar
da elədi,
Bilmirsən, söykənirsən,
Zaman keçir, görürsən,
Ağappaq ləkəsi çıxıb
ürəyinə...
İfadə olunan fikir, vəfasızlıq, güvənsizlik
insanoğlunun xislətindədir.
Lap, "Güvəndiyim dağlar
vardı, o dağlara qar yağdı", - sözlərində olduğu
kimi... güvən insana güc verdiyi kimi, güvənsizlik
insana xəyal qırıqlığı yaşadır.
Dağ başı qarlı olar, bu qəbul olunan
həqiqətdir. Amma dağa
bənzətdiyin dostun
qar soyuqluğunu hiss etmək adamı məyus edir, üşüdür. Dostdan
və dostluqdan söz düşmüşkən,
Rəşad Məcid çalışdığım Ədəbiyyat İnstitutunun,
bütövlükdə ədəbiyyat,
söz adamlarının
dostu, güvən yeridir. Uca dağ başında hər zaman qar olur, olsun,
təki o qar dostları üşütməsin,
etibara, güvənə
kölgə salmasın.
Poeziyadakı hər bir söz müəllifin etirafı, onun avtobioqrafiyasının bir
hissəsidir (Mandelştam).
Rəşad Məcidin
poeziyası da müəllifin
avtobioqrafiyasının bir
hissəsidir. Poeziyanın
bütövlüyünü ancaq poetik əsərin
özüylə birbaşa
ünsiyyətdə dərk
etmək mümkündür.
Hər hansı bir əsəri analiz etmək üçün ritorik, stilistik, sosioloji, psixoloji və s. ədəbi metodlar lazımlı olsa da, bəzən onların heç biri poeziyanın həqiqi mahiyyətiylə bağlı
bizə heç nə demir.
Çəmən zirvənin çiynində
Bəzəkli şaldı eləcə.
Gül-çiçəklər yaraşıqdı,
Lalələr xaldı eləcə.
Könlüm, düş, bu alovda yan,
Gözüm, gözəllikdi hər
yan.
Bir daş altda heyran-heyran,
Quruyub qaldım eləcə.
Təbiətdəki gözəllikdən
vəcdə gələn,
təbiətlə danışmağı
bacaran mütəfəkkir
şairin poeziyasında
Ay işığı, Günəş,
ulduz, dağ, dərə, meşə, çəmən, yaylaq bütövlükdə kainat
- təbiət şeirdir:
Bu dağlarda ay işığı
-
Çəməni bürüyən şehdir,
Bu dağlar ay işığında
Üz-gözü südə bulaşmış
Körpə kimidir.
Bu misralar "Dağlarda ay işığını çəməni
bürüyən şehə,
üz-gözü südə
bənzəyən uşağ"a
bənzədən şairin
təbiətlə pıçıltısıdır,
"babalar yaşıdı
ağacla, əsrlər
görmüş, torpağın
yaşıdı dağla",
"dünya yaşıdı
Gün işığı"yla
həsbi-halıdır:
Babalar yaşıdı ağacım,
Çiçəyin, gülün yadıma gəlməz.
Sən
ki, əsrlər görmüsən,
Torpaq yaşıdı dağım.
Dünya
yaşıdı Gün
işığım,
Bir silkələyin yaddaşınızı,
Mən sizi tanıdım,
Siz məni tanımadınızmı?
Ürəyi ay işığında yol gedən şairin kainat, təbiət və insan haqqında lirik düşüncələrdən
yoğrulmuş yaradıcılığında
təbiət, doğan
günəş, yağan
yağış hər
zaman baş roldadır.
Şair "Qəfil yağış" şeirində
"günəşi dövrəyə
alan, bir anda səmada çaxnaşma salan buludların", "torpağa
naxış-naxış ələnən
nurun - yağan yağışın" möhtəşəm
mənzərəsini yaradır.
Oxucu yalnız özünü o yağışın
altında hiss etmir, eyni zamanda torpağa
ələnən nurun
həzin musiqiyə bənzəyən səsini
duyur, o yağışın
altında islanır,
"çiçəklər" kimi başını qaldırıb göylərə
boylanır. Bu, şairin
sözünün qüdrəti,
yağışın poetik
təqdimindəki uğurudur:
Günəşi dövrəyə aldı
buludlar,
Oyandı
göylərdə bir
qəfil yağış.
Səmada
çaxnaşma saldı
buludlar,
Ələndi torpağa nur naxış-naxış.
Çiçəklər başını
qaldırıb baxdı,
Bulud da,
Günəş də
göydə qoşaydı.
Şəfəqlər yağışa
qarışıb axdı,
Səma
çilçıraqdı, yer tamaşaydı.
Bu qəfil yağışın
istəyi nəymiş?!
Duruluq parladı havada, yerdə.
Bəlkə gözəllərin həsrətindəymiş:
Qızlar
çiçəklədi pəncərələrdə.
Təbiətin mövcud rənglərini
görə bilmək,
təbiətin sirlərinə
vaqif olmaq, hər məqamın ayrıca poetik mənzərəsini yaratmaq
və "bütöv
halda bir gözəllik çələngi
kimi təqdim etmək sənət hadisəsidir." Rəşad
Məcidin peyzaj nümunəsi olan şeirlərində poetik
cazibədarlıqla yanaşı,
həm də canlı, yaşayan ana təbiətin obrazı canlandırılır. Rəşad
Məcid qədim dünyanın köhnələrinə
böyük bir eşqlə yeni don geydirir,
yeni ruh verir, sirrini çözməyə
çalışır. Bu zaman daha çox hiss və duyğularına arxalanır, hansı mövzuda olursa-olsun. Şeirinin mərkəzində
Vətən, Vətənin
müqəddəsliyi və
bütövlüyü dayanan
şairin "vətənpərvərlik
mövzusunda yazdığı
şeirlər şair-vətəndaş
mövqeyinin poetik ifadəsidir."
...Dikələn qayası, ucalan dağı,
Əyilməz bürcüdür yanan
çırağı.
Yayılıb Kür boyu, Araz qırağı
Arazlaşan Vətən, Kürləşən
Vətən.
Qan yaddaşım od ələyib duyğularıma,
Əfsanələr cavab tapıb sorğularıma.
Bir igid də tez-tez
girir yuxularıma
At belində, döşündə
saz, əlində qılınc.
"Qan yaddaşı duyğularına od ələyən" şairin
yol qırağında
əlində çomağı
ilə yurda keşik çəkən
"tərpənən qanı
ilə qanımız,
qeyrətimiz, heyrətimiz,
mürgüsü dağılan
millətimiz" olaraq
gördüyü balaca
çoban haqqındakı
düşüncələri mükəmməldir:
Tərpənən qanımız, qeyrətimizdir,
Balaca boyuyla heyrətimizdir.
Mürgüsü dağılan millətimizdir,
Orda - keşik çəkir yol qırağında,
Yurda keşik çəkir yol qırağında.
Vətəndaş - şairin şeiri,
eyni zamanda bir çox şeirləri vətən
və vətəndaşlıq
müstəvisində yazılan
ən gözəl nümunələrdir. Bunlardan
biri də müstəqil Azərbaycanımızın
dövlət rəmzlərinə
ehtiramla yazılmış
"Bayrağım" şeiridir.
Üçrəngli bayrağımızı
tərənnüm edən
şair, başı bəlalar çəkmiş
vətənimizin tarixinə
ekskurs edir:
Səni
ən çətin
Günlərimdə qorudum.
Beynimə həkk edib,
Ürəyimə sarıdım.
Mahnımda,
Nəğməmdə gizlədim.
Aya baxıb xatırladım,
Ulduzunu sevdim.
Üç rənginə öyrəşdim,
Hər üzünü sevdim.
Hücumdan, həmlədən qorudum,
Küləkdən, tufandan keçirdim.
Bir gün qaldırdım başımın üstünə
Saxladım,
Əymədim.
Rəşad Məcid şeirinin
estetik idealı olan ağ atlı
oğlanı da müstəqillik
yollarında inamla irəliyə gedən, torpaqlarını azad edən Azərbaycanın dövlət bayrağının
keşiyindədir. "Sənə
təşnəyəm, acam,
əlim-qolum yorulsa, dişimlə saxlayacam",
- deyən şair göz-bəbəyi kimi qoruduğumuz bayrağımızın
bundan sonra da daim dalğalanmasını,
xalqımızın xoş
sabahlara çıxmasını
arzulayır, intizarında
olduğumuz Zəfərə
qovuşacağımıza inanır, duyğularını
dilə gətirir:
Qan yaddaşım od ələyib duyğularıma,
Əfsanələr cavab tapıb sorğularıma.
Bir igid də tez-tez
girir yuxularıma
At belində - döşündə
saz, əlində qılınc...
Şairin
tez-tez yuxularına girdiyi igidlər gerçək həyatda
44 gündə yeni tarix
yazdı, Böyük
Zəfərə canları
və qanları ilə imza atdı.
Zəfərimizdən sonra
vətəninə, bayrağına,
torpağına bağlı
olan şairin yaradıcılığında yeni bir dalğa, böyük bir coşqu yarandı.
2024-cü ildə yazdığı
"Şuşa dəftəri"
şeir silsiləsi də zəfər coşqusundan, zəfərimizin
təntənəsindən yaranan
poeziyasıdır. Şair
"Şuşa sevgisi"
şeirində yazır:
Azərbaycan əsgəri borc
ödəyib canıyla,
Köksündə cüt gəzdirib
bayrağı vicdanıyla!
İslanıb hər qarışı
şəhidlərin qanıyla,
Dönüb yalçın qayaya,
tunca Şuşa sevgisi!
Qalxır
hünərli şəhər,
olur qızıl dirəkli,
Daş deyil hörülən daş, məhəbbətdi,
ürəkdi!
Çağlayan sevgilərin ilham
mənbəyi təkdi
-
Ali Baş Komandanın uca Şuşa sevgisi!
Şeiri
oxuduqca gözümüzün
önündən kino lenti
kimi keçir Ali Baş Komandanın Şuşanın işğaldan
azad olunmasını yüksək duyğularla,
böyük sevgi, həyəcanla xalqa çatdırdığı anlar:
"Əziz Şuşam,
sən azadsan!"
"Əziz Şuşa,
biz qayıtmışıq!" "Əziz Şuşa, biz səni dirçəldəcəyik!"
Vətənə sevgi vətənin
yaşıdıdır. Vətən
mövzusu qədimdir,
uludur, vətənlə
qoşa yaranıb. Əlinə qələm alan şairlərin mütləq Vətən haqqında yazdığı
bir şeiri var. Amma vətənə sevginin ifadəsi hər şairin qələmində
fərqlidir. Rəşad
Məcidin yaradıcılığınan
hopan vətən sevgisinin ifadəsi özünəməxsusdur, səmimidir,
yenidir, təzədir,
orijinaldır. Lap "Bir çox
sirlərin cəmi"
(Pərvin) olan, Rəşad Məcidin özü və sözü kimi...
Lütviyyə Əsgərzadə
Ədəbiyyat qəzeti.- 2024.-
22 noyabr, №45.- S.19.