Qəmər Ağaoğluna dair yeni faktlar
Elmi
araşdırma
Vyana Universitetinin sənədi
1920-ci ildə Avropaya təhsil üçün
göndərilmiş Cümhuriyyət
tələbələrinin Berlində
Anadolu klubunda çəkilmiş
bir fotoşəkli
var. 1922-1923-cü illərə aid olan bu şəkildə
iyirmidən çox gəncin arasında sadəcə bir xanım yer alıb. O, Cümhuriyyət
tələbəsi olmasa
da, Cümhuriyyət mühitinin
yetişdirdiyi qadın
idi və həyat yoldaşı Məhəmməd Ağaoğlu
ilə birlikdə Avropaya yollanmışdılar.
Qarabağ xanlarının nəslindən
olan Talıbxan bəy Talıbxanbəyov ilə Xeyransa xanımın evliliyindən
üç qız dünyaya gəlib: Qəmər, Sürəyya,
Dilşad. Talıbxan bəy həm çar hakimiyyəti, həm Cümhuriyyət dövründə müxtəlif
qəzalarda polis pristavı
və qəza rəisi kimi çalışıb, 1920-ci ildə
Rusiyanın Azərbaycanı
işğalı zamanı
istila qurbanlarından biri olub. Xeyransa
xanımın qardaşı,
dövrün gənc ədiblərindən Hüseyn
bəy Mirzəcamalzadə
bacısı və iki qızını da götürərək Türkiyəyə
mühacirət edib. Hüseyn bəyin "Keçmiş günlər"
kitabı Bakıda
"Azərnəşr"də
1926-cı ildə işıq
üzü görüb.
Ehtimal ki, Türkiyəyə
mühacirət də
bu ərəfələrdə
baş tutub. Türkiyə mətbuatından
əldə etdiyimiz məlumata görə, Xeyransa xanım 1949-cu ilin yanvar ayının
18-də İstanbulda vəfat
edib, Feriköy məzarlığında dəfn
olunub.
Talıbxan bəyin qızları
qısa zamanda İstanbuldakı həyata
alışıblar. Onların yeniyetməliyi haqqında ən
maraqlı bilgi Məhəmməd Əmin Rəsulzadənin
baş mühərriri olduğu "Odlu yurd" jurnalında
çıxan bir xəbərdə verilib. Belə ki, 1929-cu ildə
İstanbulda 28 May bayramında Sürəyya və Dilşad
bacıları Rəsulzadəyə bayraq təqdim ediblər.
Bu mərasimdə Sürəyya xanım Rəsulzadənin
önündə çıxış edib, sonuncu bu hadisədən
təsirlənərək nitqində bildirib:
"İstiqlalımızla birgə
yaşadığımız məsud gündə "bir dəfə
yüksələn istiqlal bayrağı bir daha enməz!"
demişdim. İstiqlalımızın məruz
qaldığı müvəqqəti fasiləni əbədi
çöküş şəklində görən
düşmən bu şüarı xor görmüşdü.
Sürəyya xanımın istiqlalçı Azərbaycan gəncliyi
namına ruhları alovlandıran müqəddəs həyəcanla
gətirdiyi bu bayraq onlara verilmiş nə müşküt
cavabdır. Vətəndaşlar, ey Vətənin idealist gəncliyi,
bayrağımız enməmiş, o, imanlı azəri gəncliyinin
əlindədir. Çox keçməz ki o əl onu təkrar
Azərbaycan üfüqlərində dalğalandırar.
Yaşa şanlı bayrağınla, ey Azərbaycan gəncliyi!"
Sürəyya xanım İstanbul Universitetində
təhsil alıb, 1928-ci ildə "Karabağ ve İstanbul
şivelerinin savtiyat cihetinden mukayesesi" adlı elmi iş
müdafiə edib. Bu elmi işi "Azerbaycan Yurt Bilgisi"
jurnalında hissə-hissə dərc olunub. O, 1939-cu il il
martın 4-də İstanbul Universitetində Fuad
Köprülünün tədrisat həyatının 25-ci
ildönümü münasibətilə konfransda da
çıxış edib. Sürəyya xanım
çıxışında bunları bildirib: "Mən sizdən
ayrı olduğu halda sizə candan bağlı olan azərbaycanlıyam.
Böyük ustadı ilk dəfə olaraq orada gördüm.
Oraya gəldiyi vaxt evlərdə, cəmiyyətlərdə, məktəblərdə
hər kəs Köprülüdən bəhs edərək onu
dinləmək üçün can atırdı. Hələ
universitet tələbələrinin sevincini demirəm. Sinəmiz
iftixarla dolurdu. Əcnəbi dostlarımıza onun yüksək
məziyyətlərindən bəhs edirdik. Azəri
türklüyü o günləri heç zaman unutmadı və
unutmayacaqdır da".
Sürəyya xanımın bu
çıxışı da onu təsdiqləyir
ki, 1926-cı ildə Türkoloji Qurultay zamanı Hüseyn bəy
hələ ki Bakıda idi. Ailə 1926-cı ildən sonra
Türkiyəyə mühacirət edib. Türkiyə mətbuatından
Sürəyya xanımın vəfat tarixini də dəqiqləşdirmişik.
"Bir müəllim vəfat etdi" başlıqlı
nekroloqda yazılıb: "İstanbul Müəllimləri
Yardım Cəmiyyəti Rəisliyindən: Cəmiyyətimizin
üzvlərindən, Nişantaşı 2-ci qız orta məktəbinin
türk dili müəllimi Sürəyya Odoğlunu təəssüf
ki həmişəlik itirdik. Kədərli ailəsinə və
dostlarına başsağlığı veririk".
Beləliklə, Sürəyya xanım
1941-ci ildə vəfat edib. Nekroloqdan aydın olur ki, o,
Nişantaşındakı orta məktəbdə türk dili
müəllimi kimi fəaliyyət göstərib. Odoğlu
soyadına gəldikdə isə, Sürəyya xanım əvvəlcə
Cümhuriyyətin sonuncu daxili işlər naziri olmuş
Mustafa ağa Vəkilovla ailə qurub, daha sonra irəvanlı
Nağı bəyin oğlu Bəkir Odoğlu ilə evlənib.
Bu evlilikdən Can adlı övladları dünyaya gəlib.
Sürəyya xanımın vəfatından sonra Canı
Dilşad xanım böyüdüb.
Talıbxan bəyin ikinci qızı Dilşad xanım Türkiyədə
daha böyük nüfuz qazanıb. Dilşad Talıbxan Elbrus
1915-ci ildə Bakıda doğulub. 1931-ci ildə İstanbul
Qız Liseyini, 1934-cü ildə İstanbul Universiteti Fənn
fakültəsi Fizika-kimya bölümünü bitirib. Həmin
fakültənin Təcrübi Fizika İnstitutunda 27 dekabr
1934-cü ildə assistent kimi elmi fəaliyyətə
başlayıb. 5 iyun 1949-cu ildə dissertasiya müdafiə
edib, eyni bölümdə 1954-cü ilin noyabrında dosent
ünvanını qazanıb. 1957-ci ilin noyabrında İzmirdə
Ege Universiteti Tibb fakültəsi Fizika İnstitutuna təyin
edilib. O, 11 iyul 1961-ci ildə burada professor ünvanına sahib
olub. 14 oktyabr 1961-ci ildə yeni qurulan Ege Universiteti Fənn
fakültəsi Təcrübi fizika kafedrasına təyin
edilib. 15 aprel 1969-cu ildə eyni universitetin Mühəndislik
elmləri fakültəsinə keçib. 18 yanvar 1955-ci ildə
İstanbulda Sultan Əhməd meydanında yerləşən
Azərbaycan Kültürünü Tanıtma Dərnəyinin
binasında Dilşad xanımın fizika elmi üzrə dosent
olması münasibətilə tədbir keçirilib. Törənə
Türkiyədə elm aləmində tanınan başqa azərbaycanlı
məşhurlar da qatılıblar: Əhməd Cəfəroğlu,
Sürəyya Ağaoğlu, Tezer Taşkıran
(Ağaoğlu). Yüzə yaxın iştirakçı
arasında professor Rəşid Rəhməti Arat, Qarsın
sabiq millət vəkili Hüsaməddin Tuğaç və
başqaları da olub. Sağlamlığında
yaranmış narahatlıqla bağlı 1976-cı ildə erkən
yaşda təqaüdə çıxıb, İzmirdən
İstanbula köçüb, Bağdad prospektindəki evində
yaşayıb. Dilşad xanım 11 aprel 1979-cu ildə
İstanbulda vəfat edib.
Talıbxan
bəyin böyük qızı
Məqaləmizin
qəhrəmanı olan Talıbxan bəyin böyük
qızı Qəmər xanım 1902-cü ilin oktyabrında
Şuşada doğulub. Dayısı Hüseyn bəyin dostu,
irəvanlı Məhəmməd Ağaoğlu ilə evlənib.
Məhəmməd bəy Cümhuriyyət dövründə
Hüseyn bəylə birlikdə İstiqlal Muzeyini yaradıb.
Məhəmməd bəy və Qəmər xanım 1922-ci ildə
təhsil üçün Qərbi Avropaya yollanıblar. Vilayət
Quliyevin yazdığına görə, onlar Berlin, İen və
Vyana universitetlərində tanınmış mütəxəssislərin
yanında Şərq incəsənəti üzrə mükəmməl
kurs keçib, əcnəbi dillərə yiyələniblər.
Yeganə övladları - Gültəkin A.Ludden
də 1923-cü ildə Almaniyada doğulub.
"Yeni Kafkasya" jurnalında çıxan xəbərdən öyrənirik
ki, Məhəmməd bəy Vyanada doktorluq dissertasiyası
müdafiə edib: "Vyana Darülfünunu Birinci
Sanaatı-Nəfisə Tarixi İnstitutunu müvəffəqiyyətlə
ikmal edən azəri türk gənclərindən
Ağaoğlu Məhəmməd bəy İstanbula gəlmişdir.
Ağaoğlu Məhəmməd bəy doktora tezi olaraq
"Türk memarisində Memar Sinanın mövqeyi"
mövzusunda 400 səhifəyə qərib mühüm bir əsər
vücuda gətirmişdir. Əsər Vyana Darülfünunu
heyəti-elmiyyəsi tərəfindən təqdir olunaraq
sahibi məzkur darülfünunun ənənəvi
mükafatına layiq görüldüyü kimi əsərin
də institut tərəfindən təb və nəşrinə
qərar verilmişdir".
Avropadakı təhsillərini bitirdikdən
sonra ailə 1927-1929-cu illərdə
İstanbulda yaşayıb. Bu dövrdə Məhəmməd
bəy burada dövlət muzeyində "Çinili
köşk"də islam mədəniyyəti şöbəsinə
rəhbərlik edib. Eyni zamanda İstanbul Universitetinin İncəsənət
kafedrasının müdiri olub. Həmin il Türküstan və
Azərbaycanı Öyrənmə Dərnəyinin də
qurucu üzvü kimi fəaliyyət göstərib. 1928-ci ildə
isə Türk və İslam Əsərləri Muzeyinin
müdir müavini vəzifəsini icra edib.
1929-cu ildə Məhəmməd
bəy ABŞ-a gedərək Detroyt
İncəsənət İnstitutunun Yaxın Şərq
şöbəsini qurub. Bununla bağlı İstanbulda nəşr
edilən "Odlu Yurt" jurnalında aşağıdakı
məlumat verilib: "Gənc Azərbaycan alimlərindən
İstanbul Darülfünunu islam sanayi-i nəfisəsi müəllimi
və evqaf müzəsi müdiri, Vyana Darülfünunu
İslam sanayi-i tarixi şöbəsindən məzun
Ağaoğlu Məhəmməd bəyə Amerikada kain
Miçiqan Darülfünunu tərəfindən Şərq
sanayi-i nəfisəsi professorluğu təklif edilmişdir. Məhəmməd
bəy vüqu bulan bu təklifi qəbul eyləmiş və
haziranda maaailə Amerikaya əzimət edəcəkdir".
Beləliklə, Qəmər xanım
da onunla bərabər yola düşüb. Vilayət Quliyevin
yazdığına görə, 1927-ci ildə İstanbul
Universitetindən Şərq tarixi üzrə namizədlik dərəcəsi
alan Qəmər xanım da muzeyçilik sahəsində
çalışıb. Amma "Odlu yurd" jurnalının
1929-cu il iyul sayında Qəmər xanımın İstanbul
Universitetinin tarix şöbəsini tamamladığı xəbəri
verilib. Fikrimizcə, mətndə sadəcə "Qəmər
xanım" olaraq verilən bu şəxs məhz
Ağaoğlu Qəmərdir. 1930-cu ildə Amerikadan 28 May
günü münasibətilə "Odlu yurd" idarəxanasına
göndərilən teleqrafda yazılıb:
"Yaşasın, 28 May, yaşasın Azərbaycan, yox olsun Rusiya!. Dr. Ağaoğlu Məhəmməd və
Qəmər xanım".
Onun
Amerikadakı yüksəlişi haqqında V. Quliyev məqaləsində
bunları bildirib: "1937-1938-ci illərdə Miçiqan
Universitetində postgraduate student - çağdaş istilahla
desək, aspirant kimi kurs keçmiş və İstanbuldan
sonra burada da Şərq incəsənəti tarixi üzrə
namizədlik dərəcəsi almışdı. Ardınca isə
Antropologiya muzeyinin dəvətini qəbul edərək elmi-tədqiqat
işləri aparmaq məqsədilə burada assistent kimi fəaliyyətə
başlamışdı. İkinci Dünya müharibəsi illərində
qısa müddətə ABŞ ordusunun tədris proqramına
cəlb edilmişdi. Sənədlərdən də
göründüyü kimi, İkinci cəbhənin
açılması ərəfəsində amerikalı zabitlərlə
rus dili məşğələləri aparırdı.
Müharibə qurtarandan dərhal sonra - 1945-ci ildə
Antropologiya muzeyinin Şərq bölməsində (Asiya
kolleksiyası) mühafiz assistenti kimi elmi fəaliyyətini
davam etdirmişdi. 1951-ci ildə mühafiz
yardımçısı, 1956-1974-cü illərdə isə
mühafiz olmuşdu...
1949-1962-ci illərdə Miçiqan Universitetinin
Antropologiya fakültəsində müəllim, 1962-ci ildən
həmin fakültədə, 1964-cü ildən isə İncəsənət
tarixi bölümündə associate professor - dosent vəzifəsini
tutmuşdu. 1966-cı ildən təqaüdə
çıxdığı 1974-cü ilə qədər incəsənət
tarixi professoru olmuşdu".
O,
1984-cü ilin avqust
ayında vəfat edib.
Məhəmməd bəy və Qəmər xanım sonralar Amerikada
boşanıblar. Birinci Dorothy Pece adlı xanımla ailə həyatı
qurub.
Qəmər xanım haqqında
yeni bilgilər
Qəmər xanımın Azərbaycandakı
həyatı haqqında bilgilər, demək
olar ki, yoxdur. Lakin Türkiyə auksionlarından surətini əldə
edə bildiyimiz orijinal bir sənəddə, onun 1902-ci ilin
oktyabrında Şuşada doğulduğu qeyd olunub:
"Şəhadətnamə ¹ 6435 19/VI 21.
Bu şəhadətnamə Azərbaycan
Respublikası Xalq Maarif
Komissarlığı tərəfindən 1902-ci ilin oktyabr
ayında Şuşa şəhərində anadan olmuş Qəmər
Talıbxanbəyovaya verilir və təsdiq edir ki, o, 1921-ci ilin
may ayının sonunda 4-cü Sovet məktəbinin ikinci dərəcəli
(gimnaziya) kursunu bitirmişdir. Bu, imzalar və möhürlə
təsdiq edilir.
Azərbaycan Xalq Maarif Komissarı (Dadaş Bünyadzadə)
Məktəb Şöbəsinin Müdiri
(A. Əmirov)
İdarə rəisi (Məmmədov)"
Maraqlıdır ki, bu sənədin
aşağıdakı hissəsində əski əlifbada Azərbaycan
dilində yazılmış mətndə Azərbaycan
Cümhuriyyətinin İstanbul Konsulluğunun
möhürü var. "Təsdiqnamə"
başlığı ilə verilən həmin yazı rus
dilində olan yazını təsdiq üçündür.
Görünür, hələ ki fəaliyyət göstərən
Azərbaycan Cümhuriyyəti Dərsəadət Konsolosxanası
gənc tələbəyə köməklik edib.
Bu sənədin orijinalını
əldə edə bilməsək də, Qəmər
xanımın Vyana Universitetindəki qiymət
kitabçasının orijinalını auksiondan satın ala
bildik. Kitabçada Qəmər xanımın şəkli
verilib, Şuşada doğulduğu, 5 noyabr 1924-cü ildə
Vyana Universitetinin fəlsəfə fakültəsinə qəbul
edildiyi yazılıb. Kitabça təhsilin altıncı
semestrinə qədər - 1926-cı ilin iyuluna qədər
doldurulub.
Beləliklə, əldə etdiyimiz
bu iki sənəd Qəmər xanım
Ağaoğlunun təhsil həyatına dair bəzi məqamlara
işıq salmaqdadır.
Dilqəm ƏHMƏD
Ədəbiyyat qəzeti.- 2024.- 22 noyabr, ¹45.- S.24-25.