"Tənhalıq vüqarımı əyir..."

 

Böyük sənətkardan bir həzin xatirə

 

1924-cü il doğumlu böyük bəstəkar Şəfiqə Axundova anasından eşitdiyi xatirələr üzrə dünyaya gəldiyi soyuq yanvar gününü təkcə özü bildiyi nağıla çevirib, beləcə, ahəstəcə deyirdi: "Mən doğulandan sonra artıq azad olan anam gözlərini açır, bir az özünə gələr kimi olub, boş otağın künc-bucağına baxaraq: - bəs bir az əvvəl burada nə qədər qohum-qəbilə vardı, hanı onlar? - deyə təşvişlə soruşur. İndi evdə təkbaşına qalan mamaça qarı: - Ah, ah... qızım, Lenin ölüb, hamı ağlaşa-ağlaşa mitinqə - şəhər meydanına toplaşdı. Bircə mən qaldım, səni qoyub gedə bilmədim, heç ayaqlarım da dalımca getmir axı... - deyib hönkür-hönkür ağlayır. Anam da dönüb yan tərəfində qoyulan çağaya - mənə baxıb, can balam, sən nə yaman gündə doğuldun?!"

...Xalq artisti Şəfiqə xanım Axundova ilə çox görüşlərim, şirin söz-söhbətimiz oldusa da, ilk görüşdən başlamaq istəyirəm. Hələlik iç iztirabların üzə vurmadığı, qocalığın yan durduğu, gurhagur, bu 90-cı illərin yoxluğunda, boz havasında təntənəli günlərin yadigarı qara, cazibədar geyimdə gördüm onu. Bəstəkarlar İttifaqının binasında - keçmiş Muxtarov sarayında görüşməliydik. Binanın fasadını bəzəyən Fransa qotikasının daş əzəməti elə xaricdə qalır. İçəridə isə 70 ilin baxımsızlığı və sovet vandalizminin göz ağrıdan nəticələri...

Saysız-hesabsız idarələr, təşkilatlar yerləşən bu kaşanədə oturmağa bir yer tapmasaq da, Şəfiqə xanım özü süslü-bəzəkli, sim-siyah zərif geyimdə həmin uzaq illərdən gəlibmiş kimi görünür və bir anda narahatlığım yox olur. Sadəcə, gəzişməyə qərar veririk.

Bu qadına baxıram, onun cilvəli ədaları keçdiyi böyük ömrün hərarətini, əsrarəngiz həyatın dalğalarını xəfifcə üzümə vurar kimi olur. İstəyirəm ki, deyəm: "Allah heç nəyini Sizdən əsirgəmədi..." Bəlkə baxışlarımdan bu an hər şeyi anlayır, toxdaq-toxdaq; "Mənim sınıqlarım çoxdur, qızım. Bütün həyatım keşməkeşlər içində keçib, təkcə sənətim mənə etibarlı oldu. Musiqi olmasaydı, çoxdan ölmüşdüm. Amma mən də hər şeyimi sənətə verdim, Taleyimi (oğlunu deyir) tək qoydum. Sənətə bağlandım, özüm üçün heç yaşamadım. Bu yanvarda 75 yaşım oldu. Elə bilirəm, həyat yanımdan ötüb keçib, sanki heç yaşamamışam" - deyir.

Deməyinə belə deyir, amma biz gəzişərkən, bağda oturarkən ona salam verənləri, üzünə-gözünə zillənən gülümsər baxışları gördükdə cox məmnun qalır. "Tənhalıqdan, təklikdən qorxuram, qızım," deyir. Mən də qorxuram, əzizim Şəfiqə xanım. Amma ən çox yanımda adamlar ola-ola gördüyüm, duyduğum boşluqdan, heçlikdən qorxuram. Yaradıcı qadının tənhalığı çox zaman elə ailədən başlayır. Şəfiqə xanım nisgilli-nisgilli; "Taleyin atası ilə bambaşqa adamlar idik. Aramıza həm də sənət girdi". Şəfiqə xanım sənətdən insan, şəxsiyyət haqqında danışırmış kimi danışır: "Aqronom idi; mənim sənətimi qəbul etmədi. Gəlir... mən də mahnı yazıram. Salamsız-kəlamsız: şalvarımı niyə ütüləməmisən?.. Belə-belə işlər..."

Bizim həyat tərzimiz budur, böyük xanım. İllər uzunu belə düşünmüşük; qadın həm musiqi bəstələməli, ya da ki, elmi axtarışlar aparmalı, əsərlər yaratmalı, sonra da döşlüyünü taxıb hər hansı aşpazdan da yaxşı yeməklər bişirməlidir, handa bir paltaryuyandan da yaxşı kraxmallı döşəkağıları sərməlidir". Şəfiqə xanımın gileyləri acı nisgilə dönüb qəlbimə sancılır... Ürəyimi oxuyurmuş kimi: Ankarada oldum, axı, mənim zəhmətimin iki faizini çəkən sənətkarın öz xidmətçisi, öz maşını ola bilir. Şəfiqə xanım heç Avropa demir, yaxın Ankaradan danışır. Söz yerinə düşdü, qoy deyim - bir türk filminə baxdım, bu film başdan-başa Şəfiqə xanımın "Bu ayrılıq nədən oldu?" mahnısının üzərində qurulmuşdu. Belə mahnıların elə-belə yaranmadığını bildiyimdən bu şərqi ilə bağlı bir sual məni bayaqdan yerimdən edirdi. "Şəfiqə xanım, bu mahnı necə yaranıb?" deyə maraqlı bir şey eşitmək ümidi ilə cavab gözləyirəm. "1958-ci ildə Gəncə teatrında Bəxtiyar Vahabzadənin "Vicdan" tamaşası gedirdi. Mahnını həmin tamaşaya yazmışam". Görünür, mənim belə cavabla təskinləşməyəcəyimi duyub ağır-ağır: "cavanlıq idi... sevirdim, sevilirdim..." deyə əlavə edir. Aranı sükut sarır. Yenə özü dillənir: "Qızım, yaşa doldum, amma hey fikirləşirəm ki, özümə şəxsi həyat qura bilmədim. Axı, şəhərin yarısı heyranım idi. İsti nəfəsim çatmadı.

 

Doğrudur, insanlar mənə əl çalır,

Ancaq səadətim yarımçıq qalır.

 

Aygünə bəstələdiyim mahnıdandır (Səməd Vurğunun "Aygün" poemasını nəzərdə tutur) bu sözlər. "Tənhalıq" mahnısı da yazmışam Ənvər Çingizoğlunun sözlərinə:

 

Necə vurum başa mən

Bu sonsuz, qorxunc yolu?

Təkcə necə daşıyım,

Ürəyim dərdlə dolu".

 

Mən də onun ardınca çox sevdiyim və dilimdən heç düşməyən "Həsrətindən yandım oda" mahnısını zümzümə edirəm. 9-cu,10-cu siniflərdə oxuduğum illəri xatırladır mənə bu mahnı. Bu kənddən o kəndə oxumağa gedirdim, kəndimizdə orta məktəb yox idi. Sevdiyim nəğmələr dilimdə oxuya-oxuya gedir, oxuya-oxuya qayıdırdım. Odur ki, o illərin mahnılarını eşidən tək o uzun, getməklə qurtarmayan yollar düşür yadıma: yazda zəmiarası, qışda qapqara kollu-koslu çöllər...

Şəfiqə xanım xoşbəxt-xoşbəxt mənə baxır, məni özünə sıxır və üzümdən öpür. Ürəklənirəm, xahişimi dilə gətirirəm: "sevgidən... sevginizdən danışın..." deyirəm. "Həyatda bir dəfə sevdim. 62-65-ci illər xoşbəxt illərimdir; "qadın yaşı" yaşadım".

Açıq, səmimi söhbətiniz üçün çox sağ olun, Şəfiqə xanım. Amma bunları sonra deyirəm, evdə qeydlərimə baxarkən. Sadəcə, ürəyimdən gələn minnətdarlıq üçün nə deyəcəyimi bilmirəm. Bu qadının alicənablığını qeyd etməyim, bəlkə də yersizdir. Axı o ürəkdən ki, misra-misra şeir axır, musiqi daşlanıb tökülür, o ürək başqa cür vura bilərmi? Tez-tez xatirələrə dalır, yaxından tanıdığı, ünsiyyətdə olduğu böyük şəxsiyyətlərdən danışır. Böyük bacısı Zümrüdgildə - hörmətli elm adamı, ədəbiyyatşünas Məmməd Arif Dadaşzadənin evindəki pianoyla sirdaş olur, ən xoş əyləncəsi - evə vurhay gəlib-gedən qonaqlar onun ifasını bəyənəndə göyün yeddinci qatına qalxarmış bu göyçək qızcığaz. Üzeyir Hacıbəyovun adını çəkərkən isə əməlli-başlı kövrəlir, riqqətlə: "Üzeyir bəy mənə "dağlar qızı" deyərdi. Həftədə üç dəfə konservatoriyada özünün mənimlə dərsi olurdu, təkbətək. Yüksək təqaüd alırdım. Üzeyir bəy öz maaşından mənə 50 manat verdirirmiş, amma tapşırıbmış ki, mənə deməsinlər. Bir gün artıq mən beşinci kursda idim, mühasibimiz Leyla xanım bunu mənə açıb göz yaşları içində dedi. Yenə ona görə dedi ki, Üzeyir bəy xəstə idi, bundan halı pərişan olan Leyla xanım belə anda bunu deməyi özünə borc bilmişdi".

Bütün insanların, o cümlədən, böyük sənətkarların özlərinin də bacara bilmədiyi zəif cəhətləri olduğunu bilirdim. Bununla bağlı nəsə maraqlı bir şey eşitmək həvəsilə Şəfiqə xanımı söhbətə çəkirəm. Yenə tənhalıqdan, tənhalığından deyir. Birdən susur, daha pıçıltıya keçir və sanki birdən fikrin əsas məğzini tapıbmış kimi əlavə edir: "tənhalıq vüqarımı əyir..." Bu "göydəndüşmə" etirafın qabağında heç nə deyə bilmirəm. "Kaş sənətimi duyan, mənə arxa duran, həyat yollarını mənimlə birgə gedən həyat yoldaşım olaydı. Mənə "qorxma", "fikir eləmə" deyən qəlb sirdaşım... Bax, qızım, indicə məni burada söhbətə tutan, görüşdüyünə görə sevinən, gülən qadın bax, elə sevgiylə də çıxıb getdi, qalmadı ki? Amma yoldaş heç yerə getmir".

- Eh, Şəfiqə xanım, mənim həyatımda sizin "Gözlərimin işığı sənsən" mahnınızın xüsusi yeri var... Bəstəkarın munis baxışları məni o hər sözümü mahnı ilə dediyim illərə aparır. Məktəb illərində bu mahnını təkrar-təkrar oxuyar, "yoruldum" deməzdik. Qəlbən yaxın olduğum rəfiqəm (onunla səsimiz də tuturdu) məktəbi qurtarmaqla bizi gözləyən ayrılığa işarə ilə: nə zaman bu mahnı oxunsa, məni xatırla, yaxşımı? - demişdi. Bu mahnını onunla o qədər qoşa oxumuşduq ki... Mahnının dəbdən düşməsinə baxmayaraq, 4-5 il əvvəl yenidən dilimə düşdü, yenə həmin həvəslə təkrar-təkrar oxudum. Özüm də bu yeni həvəsə heyran qala-qala. Sonra isə bir məktəb yoldaşıma rast gələrkən rəfiqəmin qəfil ölümünü mənə dedi. O unudulmuş mahnını oxumağa qəfil baş qaldıran həvəsim və həmin uşaqlıq dostumun eyni vaxta düşən ölümü... Bəstəkar: "hə, bu mahnını Bayram Bayramovun "Onun gözləri" radio-tamaşasına yazmışdım", - deyə xatırlayır. Şahanə mahnılar bəstəçisi bu xanımın xatirələri işıldaböcəyin işıqları kimi sehrli və anidir: "Bir gün Bəxtiyar Vahabzadə zəng çaldı ki, "Etiraf" poemasını yazıb vermişəm radioya. Ona musiqi yazmalısan, Şəfiqə... O zaman o mənim şairim idi. 50-dən çox şeirinə mahnı bəstələmişdim. Musiqini yazdım. Bəxtiyar özünəməxsus emosiya ilə: - Ay Şəfiqə, bu nə gözəl mahnıdır, sən yazmısan? Ömrüm boyu həmişə düşünürdüm ki, poeziya musiqidən üstündür. - Sonra da heyran-heyran: - sən daha bundan gözəlini yaza bilməzsən, - dedi. Götürüb mənə bir kitabını bağışladı. Buradakı "Həyat, sən nə şirinsən?" şeiri məni tutdu. Şeir nəğmə üçün deyildi, amma mən onu nəğmələşdirdim. Bu mahnını Flora oxuyur. Mahnının onun qəlbinə çox yatdığını görüb dedim: - Bəs deyirdin, daha yaza bilmərəm? Şair gülərək: - yox mən təslim, allahlıq edirsən, balam, - dedi. Belə şeylər çox olur. Uğurlu illərim, günlərim çox olub, çox-çox". Nəfəsini dərirmiş kimi: "bəlkə mən xoşbəxt olsaydım, yazmazdım", - deyir.

Xoşbəxt olsaydım... Bəli, kimsədən mərhəmət ummadan, kimsənin mərhəmətinə sığınmadan yaşamaq, yaşamağı bacarmaq. Mümkünmü? Şəhərin mərkəzindəki illərcə yaşadığın, təbiri caizsə, şedevrlər yaratdığın mənzilini satıb ucuz evə köçdün ki, kimsədən pay ummayasan. "Allah sağ gözü sol gözə möhtac etməsin," deyirsən həmişə. Amma bəs biz? Sən bu şərqiləri - mahnıları kimin üçün yazırdın - sərt könülləri yumşaldır, dərdli ürəkləri ovundururdun? (P.S.: Sonralar sevimli sənətkarımız möhtəşəm "Üç Tac" binasında gözəl, rahat mənzillə mükafatlandırıldı da. Amma zədələnmiş ürəyin könül ahları nə susur, nə də iniltisini kəsmirdi...)

...Şəfiqə xanımdan "Fəhlə kimi işləyirsiniz, yoxsa, ilhamın yolunu gözləyirsiniz?" -deyə sorduqda: "Yox, yox, hər şey ürəkdən gəlməlidir. Bir hal var e ... bəli, Üzeyir bəy demişkən, "gələndə..." Bax, onda işləməyi xoşlayıram. Həmin andaca yadıma "Yollarında qaldı gözüm" kimi həsrətli nəğməsi düşür bəstəkarın. İlahi, bu həsrətin, intizarın tərənnümünə təkan vuran vulkanı, lava axınını xəyalıma gətirmək belə çətindir mənə.

...Bir gün Süleyman Rəhimov zəng etdi ki, radio üçün "Gəlin qayası" əsərinin ədəbi kompozisiyası gedəcək, ona musiqi yaza bilərsənmi? Mən də əsərlə tanış olub "Yenə də ayrılıq... yenə də hicran..." mahnısını bəstələdim. Bundan bir neçə il keçmişdi ki, o mənə "Gəlin qayası"nın üzərində işləməyi tövsiyə etdi. Mən: - Süleyman müəllim, opera mürəkkəb janrdır, mənim işim deyildir. Bu çox ciddi işdir. O mənə qulaq asdı, lakin "dur, mənimlə gedək Mədəniyyət Nazirliyinə" -dedi və əlavə etdi: "Onda inanarsan ki, mən bu işi ciddi ölçüb-biçmişəm". Nazirə (Rauf Hacıyev nəzərdə tutulur. - red.) müraciətlə: "Qoy bir azərbaycanlı qızı da opera yazsın" - dedi. Müqavilə işi də elə oradaca həll olundu. Mən də həvəslə opera yazmağa girişdim. Librettosunu İsgəndər Coşqun yazmışdı".

...Şəfiqə xanım xüsusi Prezident təqaüdü alır. Söhbətimiz boyu bu böyük inayəti dönə-dönə minnətdarlıqla yad edir. Amma bu bəstəçi xanıma rahat mənzil də lazımdır. Axı, ürək dillərinə dilləri bənzədilən pianonu mətbəxə necə sığışdırmaq olar? Könülləri - qəlbləri ovsunlayıb əsir edən o şahanə təranələri mətbəxə necə yaraşdırmaq olar? Axı, bu evdə iki gözəl musiqiçi yaşayır, yaradır. Sizi bilmirəm, əziz oxucum, mənim Taleyin barmaqlarının adi insan barmaqları olduğuna bəzən heç inana bilmirəm. Taleyin əllərində soyuq, şirmayı piano dilləri daha çox kövrək, həssas nəğməkar ürəyə çevrilir. "Tale mənim öz taleyimdir. O, mənim ilk tənqidçim, ilk dinləyicimdir. Çox zaman onun zövqü ilə hesablaşmalı oluram. Taleyin gözəl mahnıları var. "Bu sevda", "Belə qəmli dayanma"...

"İndi heç nə yazmıram", - deyir Şəfiqə Axundova. - "Həyatım indi yalnız darıxmaqdan ibarətdir. Evə gəlirəm, bir ora, bir bura zəng edirəm. Sənət uğurlarım oldu, həyat uğurlarım gecikdi. Arada "şıltaqlığı tutan" Taleyə: istəyirsən, ölüm? Oğlan balaca uşaq kimi kiriyir".

Qadınlara sözünüz, Şəfiqə xanım? - deyə neçə saatdan bəri müsahibim olmuş bu adilərdən adi, böyüklərdən böyük sənətkara son sualımı verirəm. Düşünmədən cavab verir: "Qadın sevgisiz yaşaya bilməz. Bu yaşımda o qoşa gəzənləri görəndə o qadına xoşbəxt deyirəm. Saçlarını oxşayan əl ki var... Qoy səadətlərinin, sevgilərinin qədrini bilsinlər. Mənim aləmimdə sevgi hər şeydən üstündür. Sənətdə də sevgim hər şeyi üstələdi: hər əsərimdə könül çırpıntıları, eşq, həsrət, hicran var".

İnsana lazım olan şey bu imiş... Lakin onun bu qədər gərəkli olduğunu biliriksə və yaxud o türk filmində oxunan o ömür boyu sürəcək:

 

Ayrı düşdüm sevgilimdən,

Ayrı düşdüm illərlə mən.

Yalnız səndən ayrı gəzən

Ürək deyil, bədən oldu

 

- fədakarlığı gözümüzü-könlümüzü sarmışsa və dilimizin dediklərinə qəlbimizi inandıra biliriksə...

 

Minaxanım Nuriyeva-TƏKLƏLİ

Azərbaycan Dövlət Pedaqoji Universiteti, professor

 

Ədəbiyyat qəzeti.- 2024.- 22 noyabr, №45.- S.25; 32.