Ədəbiyyat tarixini proses kimi anlamaq...
Ədəbiyyat tarixi şübhəsiz
ki, özfəaliyyət deyildir,
dərin zəkaların
düşünüb hazırladığı
real (-!) konsepsiyanın olmasını
tələb edir. Bu
"konsepsiya" sözü
ədəbiyyat tarixi müstəvisində o qədər
hallanır ki, onun təklikdə və digər sözlərlə
birlikdə işləndiyi
hallar hər şeyi boş-boşuna əhatə edir, bəzən də əlacsız şəkildə
əvəz edir. Müəyyən səviyyəyə
yetişdikdən sonra
hər bir ciddi filoloq şübhəsiz
ki, ədəbiyyat tarixi
yazmaq istər, təklikdə, yaxud komanda halında. İndilikdə komanda halında bu işin mükəmməlliyi,
bəlkə də şübhə altındadır,
birincisi, ona görə ki, komanda üzvləri ortadan aşağı səviyyədə
ola bilər, müasir
filoloji təfəkkürə
yad, yaxud ondan çox-çox uzaq məsafədə ola bilərlər.
Bəzən bu sönməz ehtiras, irəli cummalar, yazıb-yaratmaq eşqi, iz salmaq, yol
çəkmək cəfası
hər şeyi üstələyir və belədə bütün orta statistik filoloq tayfası düşür ortalığa.
Filoloqlar
arasında elələri
var ki, doğrudan da, mənbə
və məxəzləri
gözəl bilir,
faktura bazası aşıb-daşır,
o insanları tarix yazmağa cəlb eləməyin yeri yoxdur, onlar mənbəşünaslıq
sahəsində ixtisaslaşıblar,
elə də qalsalar, yaxşı olar. Yəni, əvvəlki dönəm
və epoxalarla müqayisə fikrimizcə,
yersizdir. Bir köklü
işin lazımi səviyyədə icra oluna bilməsi üçün indi "dar ixtisaslaşma" tələbi aktualdır.
Bir filoloqun həm mənbəşünas, həm
nəzəriyyəçi, həm ədəbiyyat tarixçisi olmaq şansı, bəlkə də müəyyən yaş həddində və şərtlər daxilində reallaşa bilər, ancaq bunun bir faydası
olmaz. Həddindən artıq çox yazan müəlliflərin
bütün xüsusiyyət
və keyfiyyət göstəriciləri üzdədir:
həm müasir ədəbiyyat, klassik dövr, folklor və ümumən Azərbaycan ədəbiyyatını
o başından-bu başınadək
"bilən" filoloq
ciddi ədəbiyyat tarixçiliyi müstəvisində
nəsə eləyə
bilərmi? Bir sözlə,
ixtisas sahələri arasında dəqiq keçidlər yaradılmalıdır,
cildlərlə "araşdırmalar"
yazmaqdansa, bu işin həyata keçirilmə yolları
tapılmalıdır. Sovet
dövründə yazıçı
Elçinin bir məqaləsində işlətdiyi
"difiramba" sözü
indi bilsəniz, nə qədər qol-budaq atıb. Ciddi işlər nadir hallarda yazılır, həm də epizodlar halında, difiramba sürəkliliyi adamın üstünə
gəlir. Filoloqu yetişdirməyin bir yolu da, bəlkə onu tərifdən qorumaqdı, onu tərifə, difirambalara həsrət qoymaqdı. Digər millətlərin
(lap elə fransızların)
müxtəlif dövrlərdə
qələmə aldıqları
ədəbiyyat tarixləri
arasında yerlə göy qədər fərqlər varkən, bizim ədəbiyyat tarixlərimizin niyə hamısı bir-birinə bənzəyir? Bunun əsas
səbəblərindən biri
filoloji yanaşmanın
bəsitliyində və
metodologiyanın olmamasındadır.
Yuxarıda işlətdiyimiz sözün
(dar ixtisas...) qəhətə çıxması,
bu xananın boş qalması çox böyük problemlərin yaranmasına
səbəb olur. Bir filoloqu təsəvvür edin: çox böyük istedad və zəka sahibidir, ancaq onun "azarı" (aparıcı ehtiras...) hər şeydən mükəmməl yazılar
ortaya qoymaqdır. Bütün ömrü boyu istedad və
zəkanı hara gəldi,
hansı filoloji məsələ oldu, xərcləyir, tanış
olmadığı, güzarı
düşmədiyi məsələlərdən
"arayışlar" əsasında
irihəcmli yazılar
qələmə alır.
Gün gəlir, bu minvalla bütün
yazıları, o yazılardakı
keyfiyyət göstəriciləri
baş-başa gəlib
bərabərləşir (qısaqapanmada
işıqlar söndüyü
kimi -!), adamın quru adı qalır,
cildləri oxunmur, oxumağa başladınmı,
səni itələyir.
Ancaq... bu insan dar bir
sahədə ixtisaslaşmanı
hədəf seçərsə,
mənzərə başqalaşar.
Məsələn, təkcə
Nəsimi, yaxud Füzulidən yazarsa, onların mətnlərinə
nüfuz edən, bu mətnlərin əhatə etdiyi məsələləri öyrənməyə
bir ömür çatarmı? Təbii
ki, çatmaz.
İndiki
halında bizim filoloji araşdırma mətnlərinin əksəriyyəti
seyrəkdir, toxunan kimi dağılmaq, uçmaq təhlükəsi
var, filankəs anadan oldu, dünyadan köçdü, filan əsərlər yazdı,
sən də inanaraq onun yazdıqlarını
ciddi şəkildə
təhlilə can atırsan,
ancaq o əsərlərin,
o yaradıcılıqların törətdiyi proses ortada
yoxdu, orta çöküb, o qədər
boşluq yaranıb ki,
bu sənin qələmə aldığın
yox, can qurtardığın
yazı olur...
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2024.- 22 noyabr, №45.- S.27.