Tahir Taisoğlu şeirlərində
fəlsəfi məqamlar
Azərbaycanda və xarici ölkələrdə nəşr olunmuş bir neçə şeirlər kitabının, habelə elmi-nəzəri, publisistik əsərlərin müəllifi Tahir Taisoğlu şeirləri ən çox fəlsəfi məqamlarının genişliyi ilə diqqət çəkir. Şeirlərində poeziyanın ictimai-siyasəti və fəlsəfəsi, fəlsəfənin isə poetik çalarları daha çox yer alır. Həyati mövzulara daha çox yer ayıran şair kiçik həcmdə yazdığı şeirlərində çox təsirli məqamları xatırladır. Üçbucaq şəklində keçən həyat sırası və bu üçbucağın bir bucağı ömür, bir bucağı ölüm, bir bucağı isə həyat həqiqətləridir. Şairin həyat fəlsəfəsi son dərəcə maraqlı və təsirlidir:
Üçbucaqşəkilli
uçur durnalar.
Həyat sırası kimi
keçir durnalar.
Bir bucağı ömürdü,
Bir bucağı ölümdü.
O birisi nədir bəs?
Əslində
şeirin sonuna doğru həyat həqiqətləri
aydınlıq tapır. Bu həqiqətlər müxtəlif
ola bilsə də, amma şairin daxili dünyasında hər
şey üçbucağın sonuncu bucağından
keçir. Bu üçbucağın üçüncü
bucağı həyat həqiqətlərindən keçir:
Üçüncüdədir
hər şey!
Yaxşılıq,
Pislik,
Ucalıq,
Alçaqlıq,
ələm, mey.
Görmək-götürmək,
ağlamaq,
gülmək.
Hər şey üçüncünün
başındadır.
Elə ona görə də üçüncülər
Qoca dünyanın yaşındadır.
"Üçüncülər"
"Həqiqətin
üzü" şeirində də həyat mövzusu
çox incə detallarla əks edilir. Həqiqətin
üzünü poetikləşdirən şair haça olan
varlıqları yada salır. Biri qaranquşun quyruğu biri isə
ilanın dilidir. Ayrı-ayrı missiyanı yerinə yetirən
bu haçaquyruq və haça dilin gördüyü işi
şair özünəməxsus tərzdə təqdim edir:
Haçadır
qaranquşun quyruğunun ucu,
Bəlkə ona görə də uçur!
Arada-bərədə fırlanır.
İlanın isə dili haçadır.
Dilinin haçalığıyla duyur
təhlükəni,
Eşidir
səsi,
hiss edir yad nəfəsi.
Bu haçalanmaq onların işidir.
Bu
haçalanmaq yalnız quşlara, heyvanlara aid edilmir.
Dünyanın haçalanmağı daha təhlükəlidir.
Əslində hədəfdə dünya deyil, insanların
haçalanmağıdır. İlk görünüşdə
quşun, ilanın haçalanan görüntüləri diqqətə
çatdırılsa da, sonradan dünya çərçivəsində
haçalanmaq daha ciddi və fəlsəfi məqamları
aşılayır. İlk növbədə, dünyanın
iki tərəfə haçalanmağı var, həyat və
ölüm. Bu həyatı, ölümü doğru
yaşayan insan nə qədər haçalanır:
Dünyanın
da haçalanmağı, bölümü var -
Həyatı, ölümü var!
İnsanların da ikiləşməyi,
haçalanmağı olur.
Yoxsa, yaşaya bilməzlər onlar.
Bu
dünyaya uyğunlaşmağa çalışan
"insanın alan və verən əlləri kimi əməlləri
də haçalanır". Bu fəlsəfi fikir oxucunu
düşündürdüyü kimi də təsirləndirir.
Əslində hər misrada çətin və
ağrılı məqamlara rast gəlirik. Nə yazıq ki,
bu ağrılı və acı həqiqətlər heç
bir qüvvə tərəfindən aradan qaldırıla
bilmir. İnsanın əməlləri ilə
haçalanmağı gah yaxşılığa, gah pisliyə
doğru yönəlməsi eyni zamanda onun özündən
asılı olmayan səbəblərdən də olması
daha ağır sınaqdır.Və bu sınaq dünya ilə
insan arasındakı keşməkeşli yolların
başlanğıcıdır:
Sevincin, kədərin
Qaranın, ağın,
Əyrinin, çağın
Arasındadır insan.
Yollarının ağında,
Qarasındadır insan!
Ömür
yolunu haçalaya-haçalaya gedən insanın bu yollardan
öyrəndiyi çox həqiqətlər var. Haçalanan
bu ömür yolu sonunda çox həqiqətləri üzə
çıxarır. Çox təəssüf ki, bu həqiqətlər
içərisində güvənsizlik duyğusu da iz
buraxır, şairi ən çox təsirləndirən məqamlardan
ən başlıcası da elə son misralardakı həyatdan,
dünyadan və əsas da insanlardan gələn güvənsizlik
duyğusudur:
Gedir,
Gedir!
Ömrünü hecalaya-hecalaya,
Yollarını bölə-bölə,
haçalaya-haçalaya.
Həyatdan
incik düşən, insanlardan ikiüzlülük görən
şair bu haçalanmış yollarda yorğun və bir az da
kədərlidir. Haçalanan dünya neçə yerə
ayrılıb. Amma möhkəm inanır ki, qarşıda
işıqlı sabah var, arxada dolu dünən. Ən əsası
da, bu uzun yolda şair güvənə biləcək nəyisə
tapa bilmir:
Dünya
da haçalanır -
Gecəsinə, səhərinə.
Həyat
da ikiüzlüdür -
Sevincinə, kədərinə.
Ona görə bilmirəm
İndi kimə güvənim?!
"Həqiqətin
üzü"
Şairin
şeirlərində içini göynədən. cavab
tapılmayan, ağrı dolu suallar çoxdur. Şair
bütün şeirlədində bu suallara cavab axtarır. Bəzi
məqamlarda suallar açılsa da, bəzən bu suallara
cavab tapılmır. Bəzi hallarda o qədər
düşündürücü suallar çıxır ki,
oxucunun qarşısına... hər zaman qulaqlarına gələn
addım səsləri və şairin "ayaq səslərindən
adamların kimliyini ayıra bilməməsi... və bəs bu
səsləri neyləyim? Hara yığım bu addım səslərini?"
Şairin özü ilə səssiz həmsöhbət
olması, özünə verdiyi suallar başdan-başa fəlsəfi,
qeyri-adi suallardır. "Heç biri ayağına olmayan yad
ayaqqabıdır". Şairin fəlsəfi dünyası o
qədər zəngindir ki, orada bu ideyalar çoxaldıqca
şeirin misraları rənglənir,
düşündürür və oxucusunu fəlsəfi fikrin
sularına qərq edir. Şeirdə güclü bənzətmələr
şeirin təsir gücünü artırır:
Bir ovuc
nar dənəsi kimidir -
Hərəsi bir yana diyirlənir.
Gəlir
addım səsləri,
gəlir, gəlir...
Yazı
makinasının xarab
etdiyi
Yarımçıq vərəqlər
kimidir -
Bir-bir səpələnir
sola-sağa.
"Pəncərənin
"əlləri"
Tahir Taisoğlunun
önəm verdiyi mövzulardan biri də insanın cəmiyyətdəki
rolu, özünəməxsus bir yer tuta bilməsi məsələsidir.
Xeyirə-şərə yarıya bilmək, insanların dərdinə-sərinə
yaramaq bir Azərbaycan vətəndaşı kimi onu
düşündürmüş, rahatsız etmişdir. O,
öz şeirlərində yararsız insanı içərisi
olmayan, daxili aləmi quruyub-qurtarmış qarpıza bənzədir.
Və bu bənzətmələrdə də fəlsəfi
çalarlar diqqət çəkir. Bu baxımdan, "Ola-ola
yox olan adam" adlandırması da fəlsəfi məqamlara
köklənir. Müəllif ola-ola olmayan adamı, lazımsız
adamı belə təqdim edir:
Öz
içini yeyə-yeyə yaşadı,
Öz qanını içə-içə
yaşadı,
Qarıdı...
Bir gün gördü
həyat
keçib qatar kimi.
Qarşıdakı "Dayan!" deyən barıdı...
Şair
yararsız o adamı çəpər dibində
öz-özünə bitən, heç kəsin xeyrinə,
işinə yarımayan, hətta bağbanın belə yerini
bilmədiyi, lazımsız bir qarpız kimi təsvir etməsi
çox məqamları poetikləşdirir, fəlsəfi
münasibət isə şeirin təsir gücünü bir
daha artırır. İnsan unudulunca dərilməmiş,
gözdən uzaq bir qarpız kimi öz tağından (cəmiyyətdən!)
ayrılır, pərən-pərən düşür, tənhalığından,
qüssəsindən qarpız kimi özü-özünü
yeyib bitirir. Lazımsız insan da yalnız üzdən,
görünüşdən insana bənzəsə də,
iç boş və lazımsız bir qeyri varlıq olur:
Handan-hana
tapdılar
O didərgin qarpızı.
Gördülər, çoxdan ayrılıb,
qırılıb öz tağından.
Gördülər, çoxdan yeyib
qurtarıb özünü -
tənhalığından, acığından!
Kəsdilər, böldülər -
cərrah
illər xəstəsini
yaran kimi.
Gördülər, bomboşdu.
Gördülər, çoxdan yeyib
qurtarıb özünü,
Təkcə saxlamışdı bir
sifətini, üzünü.
Tumları göyərib qalmışdı
içində!
Lazımsız,
yararsız bir insanı bundan təbii və səmimi heç
bir bənzətmə, təsvirlə ifadə etmək olmaz.
Müəllif üzərinə düşən vəzifəni
həm bir şair kimi, həm də dünyagörmüş
ağsaqqal kimi çox mükəmməl şəkildə əks
etdirə bilmişdir. İnsanın cəmiyyətdəki yeri
və rolu bu şeirdə bir örnək rolunu oynayır və
oxucusuna çox həqiqətləri bəyan edir. Bəs belə
insanın sonu, taleyi necə olacaq? - deyə şair cavabı
da özü şeirin sonunda açıqlayır:
Uzaqlarda tək-tənha
qarpız kimi
Yaşadı o adam,
Xəlvət çəpər dibində.
Bir gün gəlib tapdılar
Birotaqlı tənha mənzilində
Gördülər yoxdu.
Bircə
məktubu "diri"
qalmışdı cibində.
Yeyib qurtarmışdı özünü
Günlərin bir günündə...
"Ola-ola
yox olan adam"
Tahir
Taisoğlunun yaradıcılığı ilə tanış
olduqda aydın olur ki, o təkcə həyat hadisələrini
söyləməklə, müəyyən ideya ifadə etməklə
məhdudlaşmır, elə sözlər, elə ifadələr
yaradır ki, oxucuya estetik zövq verir.
Dağların
dibində üzülmüşdü qar,
Qıpqırmızı güllər qarı biçirdi.
Onun
misralarını oxuduqca insanda elə təəssürat
yaranır ki, sehrli bir aləmə düşmüsən, ətrafında
kəpənəklər kimi sözlər uçuşur, bu
sözlər bəzən al-əlvan kəpənəyə, bəzən
nazlana-nazlana yerə enən qar dənəciklərinə bənzəyir.
Şairin misraları gah insanı həyəcanlandırır,
cuşa gətirir, gah da buz kimi soyudur - üşüdür.
Müəllifin yaradıcılığını izlədikcə aydın
olur ki, o poetik istedadını sərbəst şeir
formasında ifadə etmişdir. Böyük şairimiz Rəsul
Rza ədəbi üslubu kimi tanınan bu üslub Tahir
Taisoğlu yaradıcılığında mühüm rol
oynamışdır. Müəllif ictimai-siyasi ruhlu şeirlərinin
böyük əksəriyyətini məhz sərbəst
şeir formasında yazmışdır. Ümumiyyətlə,
"Yol ağardıram" şeirlər kitabında yer alan
1968-2001-ci illərdə yazılmış şeirlərdə
siyasi, fəlsəfi lirika üstün mövqedədir.
Tahir Taisoğlu lirik yaradıcılığında, istər
keçmiş sovet cəmiyyətində, istərsə də
yeni cəmiyyətdə baş verən hadisələrə
cavab verməyə çalışır. İctimai-siyasi
proseslərdə baş verən dəyişikliklərin
insanlara təsirini poetik çalarlarla
işıqlandırıb. Bu baxımdan, onun 1972-ci ildə
yazdığı "Türkmən dostuma" şeiri diqqəti
cəlb edir. Sovet ideologiyasının qardaşı
qardaşdan ayırdığı bir dövrdə şair
türkmən dostunun Azərbaycan türkünə bənzədiyini
yazır. Sanki bununla hər kəsə xatırlatmaq istəyir
ki, türkmənlər bizim qan qardaşımızdır,
böyük Turanın bir parçasıdır. Şair bu
şeirdə zorla bir imperiyaya tabe etdirilmiş türklərin
qardaş olduğunu etiraf etməklə məhdudlaşmamış,
"Bataqlıqlar tənhalıq qoxuyur" ifadəsi ilə
imperiyanı bataqlığa bənzətmişdir.
Tahir Taisoğlu "Qızıl
Sarmaşıq" (1981) şeirində də
Qırmızı ordunu bitkiləri məhv edən alaq otuna -
sarmaşıq bitkisinə bənzədir. Diqqətli oxucu onun
misraları arasında Sovet imperiyasına olan nifrətini
asanlıqla duyur.
Şairin
qırmızı imperiyaya
nifrəti səbəbsiz deyildi. O hiss
edirdi ki, çox keçməyəcək, həmin
Qırmızı ordu 20 Yanvar faciəsini törədəcək,
vətənin yüzlərlə övladını şəhid
edəcək, anaları gözüyaşlı qoyacaqdır və
o "Şəhidlər Xiyabanı"nı yazacaqdır.
Kədər
alıb aparır bütün Azərbaycanı...
Bu gün əbədiyyətə
qovuşduqları zamanın
40-cı günüdür onların.
Mənfur
qonşumuzun Azərbaycan torpaqlarına göz dikməsi, minlərlə
soydaşımızı ev-eşiyindən didərgin
salması, qaçqın düşərgələri, vaqon
evlərdə yaşamağa məhkum edilən günahsız
insanların acı taleyi də Tahir Taisoğlunun poetik
düşüncəsindən kənarda qalmamışdır.
Bu mənada, onun "Vaqon evlər"də şeiri
maraqlıdır:
"Vaqon
evlər"də yaşayırlar
qaçqınlar
Yayın
istisində,
Qışın ortasında
"Vaqon evlər"də.
Müəllif
ikiüzlülüyə, tamahkarlığa, saxtakarlığa
sərt münasibət bəsləyir. "Yuxarıda
olanda" şeiri bu mənada, hədəfin konkretliyi ilə
seçilir. Bu şeirdə yüksək dövlət vəzifəsində
çalışdığı zaman sadə insanlara xor baxan,
xalqı saymayan, vəzifə kürsüsündə gözü
ayağının altını görməyən bir obraz təsvir
olunur.
Şairin
qəhrəmanı zamanında
yuxarı vəzifədə idi. O zaman bu
tip heç kimi saymırdı. Telefonlara katibəsi cavab
verirdi. Xidməti maşınlar, cangüdənləri ətrafını
sarmış, onu xalqdan uzaq tutmuşdu. Az keçmir ki,
şair onunla aşağıda - metroda ayaq üstə
görüşür. Kiçik bir poetik parçada şair,
maraqlı bir təzad yaradır. Yuxarı vəzifədə
olduqda insanları saymayan bu Tip indi aşağıda
metrodadır və ayaq üstündədir. Bir növ, o, əkdiyini
biçir:
Yuxarıda
olanda
Kiməsə yaxşılıq etmişdinmi,
Aşağıya düşəndə sənə
Oturmağa yer göstərsinlər?
Ümumiyyətlə,
Tahir Taisoğlunun poeziyasında insan və onun taleyi, sosial dəyərlərin
müdafiəsi mövzusu daha qabarıqdır.
Tahir Taisoğlunun məhəbbət
mövzulu şeirlərində işlənən
surətlərin əsas xüsusiyyəti təmizlik və
daxili-mənəvi saflıqdır. Onun yaratdığı bədii
obrazların ən böyük idealı təmiz sevgi və həqiqi
məhəbbətdir, bu poetik qəhrəmanlar mənəvi
keyfiyyətlərinə görə vəfalı, sədaqətli,
doğrucul, həqiqətpərəstdir.
Səni
gözlədiyim gecələr
Uzundurmu,
deyim?!
Həsrətinin ümmanlarında
Yosundurmu,
deyim?!
...Həmin gecələrin qara, meşin
yağışlıq kimi
Dəngil-düngül xışıltısında
Yuvalanır misralarım -
Uzaqlarda
qaralır gözlərim,
O gecələr həsrətini
hecalayır!
T.Taisoğlu
poeziyasının ən üstün cəhəti zəngin,
çoxəsrlik Azərbaycan poeziyasına dərin köklərlə
bağlı olmasındadır. Şairin məhəbbət
mövzusunda yazdığı şeirlər həm də ona
görə diqqəti cəlb edir ki, bu şeirlərdə zəngin
metaforik ifadələr vardır. Müəllif Azərbaycan
dilinin zənginliyindən məharətlə istifadə edərək,
"Sən onu sevmişdin" şeirinin hər misrasında
bir metafora yaratmışdır.
Gecələr
yatacaq qəlbin yarası,
Səhərlər təzədən oyanacaqdır.
Qara gecələrin bir cüt parası
Gözünün içində islanacaqdır.
Şair
birinci misrada qəlb yarasının gecələr
yatacağını - sakitləşəcəyini,
ağrı-acının azalacağını söyləməklə
orijinal metafora yaratmış, ikinci misrada isə
ağrı-acının oyanması metaforik deyim olmaqla
yanaşı, birinci misra ilə bədii təzad təşkil
etmişdir. Üçüncü misrada "qara gecələr"
ifadəsi bədii təyin kimi uğurlu tapıntıdır.
Oxucu gecənin qaranlıq olmasını bilir, lakin şairə
görə gecə həm də ona görə qaradır ki, o
öz sevdiyindən ayrı düşmüşdür. Burada
qaranlıq məcazlaşır, öz həqiqi anlamından
uzaqlaşmaqla şeirin təsir gücünü
artırır. Oxucunu ovsunlayır.
Üçüncü misrada "gecələrin parası"
mübtədası dördüncü misradakı
"gözünün içində islanacaqdır"
metoforası ilə tamamlanır.
Şairin
poeziyası təkcə
məzmun baxımından deyil, həm də
bədii sənətkarlıq baxımından doyumlu, duyumlu,
oxucu qəlbini fəth edə biləcək bir poeziyadır.
Onun poeziyası qəmli könülləri sevindirən,
insanı düşündürən, həyata
baxışlarını dəyişdirə bilən nikbin bir
poeziyadır.
Ümidvarıq ki, T.Taisoğlu poeziyası
susuz səhralara can verən, dupduru, göz yaşı kimi
şəffaf, sərin şəfalı bir bulaq kimi qaynayıb
daşacaq, gələcəkdə də poeziyasevərlərin,
şeir-sənət aşiqlərinin könlünü
oxşayacaqdır.
Mərziyyə
NƏCƏFOVA
Ədəbiyyat qəzeti.- 2024.-
22 noyabr, №45.- S.26-27.