Poeziyada fəlsəfə...
Fəlsəfədə poeziya...
Əkbər Qoşalının bir şeiri haqqında
Görəsən,
insanı necə göstərir
Korlar
bazarında satılan güzgü?
Gün gəlir,
baxırsan, sənə tələsir
Bir teli
daraqlı, gözləri süzgün...
Həkimdən
eşitdim, belə deyir ki,
Damar
daşıdığı qandan içməyir.
Dəniz
ortasında qalan gəmiçi
Qıyıdan
aldığı suyla keçinir...
Ancaq
ormanlara odun aparmır
Orda ocaq
çatıb, isinən yolçu.
Min bir
cilvəsiylə, həyat həyatdır,
Bir yerdə
odunçu, bir yerdə suçu...
Yəqin
dili-ağzı yağır olubdu
Sözünü
saxlayıb, deməyən kəsin.
Deyirlər,
andına inanmaq olmaz
Qoltuğunda
çörək gəzdirənlərin.
Onsuz da
insanlar günün sonunda
Görmək
istədiyi qədər görəcək.
Duymaq istədiyi
qədər duyanlar
Ən
yaxşı sözü də hədər biləcək...
Dəli
şeytan deyir,
dənizdən
içək,
Ormana bir
xeyli odun daşıyaq;
Korlar
bazarında sataq güzgünü,
Gəl,
gedib, karlara nəsə oxuyaq...
Qış
gəlib, payızın xəbəri yoxdu,
Yarpaqlar
can atmır xəzəl olmağa.
Masamın
üstündə bir dəstə gül var,
Niyə tələsiblər
gözəl olmağa?
Əkbər
QOŞALI
Şabran,
09.11.2024
Hərdən
elə şeir olur, oxuyub keçirsən; hərdən də
olur, ilk - bir neçə oxunuşda məzmun aydın olmur, təkrar-təkrar
oxuyub aramla dərk edirsən. Sosial şəbəkə üzərindən
qarşılaşdığım bu şeir ikinci tipdən
olanlara aiddir. Hər misrasını oxuduqca aydın oldu ki,
müəllif, əslində hər bənddə bir neçə
fəlsəfi problem qoyub. Bəlkə də, şair yazarkən,
heç bu qədər məzmun yüklü şeir
alınacağını düşünməmişdi...
Şeir
çoxqatlı fəlsəfi məzmunlarla zəngindir.
Şairin insan və həyat haqqında müşahidələrindən
doğan bu şeirdə o, yaşamın dərin
anlamını və insanın özünü dərketmə
yolunda qarşılaşdığı çətinlikləri,
təzadları, həmçinin cəmiyyətlə, təbiətlə
və özü ilə bağlı düşüncələrinin
bir-birinə qarşı durmasını, həqiqət
axtarışlarını təqdim edir. Yuxarıda
"çoxqatlı fəlsəfi məzmun" ifadəsini boşuna işlətmədik, indi həmin
rəngarəng qatları açmağa çalışaq:
Görəsən,
insanı necə göstərir,
Korlar
bazarında satılan güzgü?!
Gün gəlir,
baxırsan, sənə tələsir
Bir teli
daraqlı, gözləri süzgün...
"Korlar
bazarında güzgü" metaforası ilə ilk bənddən
dərin eniş-yoxuşlu həyat yolçuluğuna
çıxırıq. Kor hara, güzgü hara, "ərəb
hara, corab hara" - misalı... Bir insan niyə kor
bazarındakı güzgüdə olan əksini
düşünsün ki?.. Şair əslində kor və
güzgü timsalında insanların bəzən özlərini
necə (yanlışmı?) tanıdığını və
başqalarının onları necə gördüyünü
bədii şəkildə göstərməyə
çalışır. Bu güzgü həqiqəti əks
etdirmir, çünki görmə qabiliyyəti olmayan insanlar
üçün güzgünün mahiyyəti dəyişir.
Bu, insanın öz-özünə yaratdığı
"ideal" və ya reallıqdan uzaq imicinə işarə
kimi görünür. Həmçinin şair burada həqiqətin
mahiyyətini və insanın özünü tanıma
prosesini sual altına salır. Gerçəkdən də,
özünüdərk və həqiqətin
axtarışı insanın həyatında davamlı olaraq
qarşılaşdığı və yaşamının
sonunacan davam etdirdiyi böyük psixo-fəlsəfi problemdir.
Gün gəlir,
baxırsan, sənə tələsir
Bir teli
daraqlı, gözləri süzgün...
Bu misralar
insanın zamanla özünə yönələn və ya yenə
özünü dərk etməyə çağıran daxili
bir tələskənliyini, həyəcanını ifadə
edir. Bu çağırış, sanki insanın daxilindəki
dərinlikdən gələn, dərk edilməmiş bir
ehtiyacın, ya da "şəxsiyyətin özü ilə
görüşə tələsməsi"nin bədii təsviridir.
Bəlkə də, insan müəyyən bir yaşa, təcrübəyə
və ya daxili böhrana çatanda "öz
güzgüsünə baxmaq", yəni özünü daha
dərindən tanımaq istəyi ilə üzləşir.
Bu, həm də insanın müəyyən vaxtda öz
keçmişi, yaşantıları, xatirələri ilə
qarşılaşmaq məqamına işarə ola bilər.
Burada tələskənlik və süzgün baxış
bir-birini tamamlayaraq, insanın özünü təhlil edərkən
duyduğu bir nostalji, kədər və bəlkə də,
peşmanlıq hisslərini simvolizə edir. Həmçinin
gözlərdəki süzgünlük, insanın
keçmişinə, yaşadıqlarına, bəlkə də,
itirdiklərinə və həyata dair düşüncələrinə
gözucu bir baxışıdır. Bu ifadə, sanki həm də
insanın zamanla itirdiyi gənclik enerjisini xatırlayaraq onu
yenidən yaşamaq arzusunu vurğulayır. Bu misralar, əslində
zamanla insanın daxili dərkə doğru olan təbii tələskənliyini,
özünüaxtarış yolundakı mürəkkəb
duyğularını şeirə gətirir. Zənnimcə,
birinci bənd təpədən-dırnağa
özünüdərk probleminin bədii don geyinmiş şəklidir.
Şair bunu konsept olaraq qoymasa da, problem olaraq dərhal nəzərə
çarpır...
Həkimdən
eşitdim, belə deyir ki,
Damar
daşıdığı qandan içməyir.
Dəniz
ortasında qalan gəmiçi,
Qıyıdan
aldığı suyla keçinir...
"Damarın
daşıdığı qandan içməməsi", yaxud
"dənizin ortasında bir gəmiçinin suyu başqa
yerdən alması" arasında gözlə görülməz,
qəlblə duyulan bir ortaqlıq, oxşarlıq var. Şair
bunu poeziyaya gətirməklə bir ilkə imza atmış ola
bilər. Damarın daşıdığı qandan içməməsi
və gəmiçinin dəniz ortasında başqa mənbədən
su alması, insanın nədənsə
asılılığını və tənhalığını
göstərir. Əslində insan üçün ən vacib
nəsnə yenə də elə insan özüdür.
Aydın məsələdir ki, hər bir insan sosial varlıq
olaraq ətrafındakılara bağlıdır və bu
asılılıq onun təbiətindəndir. Burada gizlicə
Atilla İlhanın "Ben sana mecburum"
çırpıntısını da duymaq olar... Hər halda
göz önündəki deyil, görünməyən
yöndəki nəsnə arzu edilirsə, burada romantik
düşüncəyə yer var. Realist möhtaclıqdan
söz gedə bilməz.
Ancaq
ormanlara odun aparmır
Orda ocaq
çatıb isinən yolçu.
Min bir
cilvəsiylə həyat həyatdır,
Bir yerdə
odunçu, bir yerdə suçu...
Üçüncü
bənd başdan-başa real həyatdan doğmuş, şərait
uyğunluğundan ərsəyə gəlmiş insanın fərqli
rollarına və eyni zamanda bu fərqliliyin paralelində
yaşamın nisbiliyinə, onun da zəminində həyatın
faniliyinə işarədir. Yəni həyatın min bir cilvəsi
ilə bəzən odunçu, bəzən suçu qiyafəsində
yaşamaq mahiyyəti heç dəyişmir. Nəticədə,
yolçusan, yol gedirsən, bu yol isə həyat yoludur! Sən
odunçu, yaxud suçu; yolçu, yaxud yolgöstərən
olsan da, nəhayətində insansan...
Yəqin
dili-ağzı yağır olubdu
Sözünü
saxlayıb deməyən kəsin.
Deyirlər,
andına inanmaq olmaz
Qoltuğunda
çörək gəzdirənlərin.
Bu bənddə
isə şair yenə real həyat müşahidələrindən
doğaraq bədii don geyindirdiyi - qoltuğunda çörək
gəzdirən və susan insanlar vasitəsilə bəzən
öz mənfəətini qorumaq üçün sükut edənlərin
etibar olunmazlığını sakit üsyanla bildirir. Sanki
"andına inanılmayanlar"ın daxili niyyətlərini
gizlətməsi müəyyən səbəblərdən
reallıqla üzləşməkdən çəkindikləri
təəssüratı yaradır...
Onsuz da
insanlar günün sonunda
Görmək
istədiyi qədər görəcək.
Duymaq istədiyi
qədər duyanlar
Ən
yaxşı sözü də hədər biləcək...
"İnsanların
qavrama sərhədləri", yoxsa, "insan iradəsi və
həqiqətə uzaqlıq"dır bunun adı? Fikrimcə,
şair insanların yalnız görmək və eşitmək
istədikləri qədər həqiqətləri qəbul
etdiklərini təsvir etməklə sadəcə, qavrama sərhədini
göstərmir. Əgər belə baxsaq, bu, aysberqin
görünən tərəfidir. Məsələ ondadır
ki, şair, insanın öz iradəsi və istəyi ilə həqiqətdən
uzaqlaşıb, yalnız özünə uyğun gələn
gerçəkləri qəbul etdiyini vurğulayır. Fəlsəfədə
həqiqət və gerçəklik bir-birindən tamamilə
fərqlənən məfhumlardır. Gerçək olanlar
hadisə və nəsnələr "insanın" həqiqəti
olmaq məcburiyyətində deyil. İnsan təbiəti
gerçəkliyi yalnız öz baxışlarına
uyğun olduğu qədər qəbul edə bilir. Bu, həm
də iradənin yetdiyi nöqtəyə varıncayadək
insanın subyektiv təbiətinin obyektiv həqiqəti anlama
çətinliyini göstərir. Şairin bir neçə
misra ilə bu cür fəlsəfi problemi ortaya qoyması onun
peşəkarlığından qaynaqlanır.
Dəli
şeytan deyir, dənizdən içək,
Ormana bir
xeyli odun daşıyaq;
Korlar
bazarında sataq güzgünü,
Gəl,
gedib, karlara nəsə oxuyaq...
"Dəli
şeytan" çoxlarını azdırmaq istəyib,
çoxlarını toruna salmaq istəyib. Elə burada da cəsarət
və məntiqin qarşıdurması meydana
çıxıb. Yuxarıdakı bəndlərdə dənizçinin
dənizdən su içməməsini şeirə gətirən
yazar indi böyük cəsarətlə "dənizdən
içək" əmrini verir; yaxud gah ormançı, gah
suçu olan kəsə "Ormana bir xeyli odun
daşıyaq" - çağırışı edir.
Əslində bu, cəsarət hökmüdür, dəli
şeytan tərəfindən qulağına
pıçıldansa da... Yəni şair insanın içindəki
sərhədsiz azadlığı və sərhədə
qarşı çıxmaq istəklərini təsvir edir. Digər
tərəfdən də, "kor bazarında güzgü
satmaq", "karlara qəzəl oxumaq" kimi məntiqli
görünməyən addımlarla insanın içindəki
çılğınlıq və məntiqi gözardı edərək
yenə sərhədləri aşmaq istəyini, məntiqə
meydan oxumaq istəyini cəsarətlə
işıqlandırır. Bu misralarda, həmçinin
insanın idealları ilə reallıqlar arasındakı
uçurum da simvolizə edilir. İdeallar, bəzən
reallıqla ziddiyyət təşkil edən məfhumlar olsa
belə, insanın daxilində həmişə onları həyata
keçirmə istəyi var. Lakin bu zaman məntiq ön plana
keçir... Məntiqdən söz gedirsə, yenə burada fəlsəfə
dadımıza çatacaq. Qısası, bu dördcə misra
sayəsində yazar insanın iradəsinin xaricində məntiqi
məhdudiyyətləri aşmaq ehtiyacını da ifadə
etmiş olub.
Qış
gəlib, payızın xəbəri yoxdu,
Yarpaqlar
can atmır xəzəl olmağa.
Masamın
üstündə bir dəstə gül var,
Niyə tələsiblər
gözəl olmağa?..
Və nəhayət,
"qış gəlib"... Qış gəlib, niyə digər
fəsillər deyil, məhz qış? Bəlkə, ilin son fəsli
olaraq "zaman" anlayışının "son"
dayanacağını vurğulamaq istəyir şair?.. Ancaq
qış gəlib çatsa da, payız bundan bixəbərdir.
Yarpaqlar hələ payıza belə can atmazkən,
qışa necə təslim olsunlar?! Kim bu həyatda
payızı və qışı ömrünə arzu edər
ki?..
Zaman
sonlanmağa, inadla qışa yetməyə can atsa da, şair
qələmin gücü ilə zamana qarşı duraraq hələ
də yaz gözəlliyini, gül-çiçək təravətini
simvolik anlamda "masasında", bədii çalarda
şeirində, həqiqi mənada isə həyatında diri
tutmağa can atır! Möhtəşəm sonluqdur.
Bütünlüklə,
şeir haqqında demək olar ki, burada şair insan və onun
kainatda tutduğu mövqeyinə fəlsəfi cəhətdən
çox rəngarəng aspektlərdən toxunub:
özünüdərk, həqiqət və gerçəklik,
insanın insana sosial bağlılığı, iradə, cəsarət,
məntiq məsələləri, ideal və reallıq ziddiyyəti,
zaman və s. kimi çoxşaxəli problemlər...
Məleykə MİRZƏLİ
Ədəbiyyat
qəzeti.- 2024.- 22 noyabr, №45.- S.30.