Ulusal
düşüncədə insan-təbiət ilişgiləri
Ürəyinizdə
Günəş olsun!
İnsan Təbiətdir, Təbiət İnsandır. İnsan Təbiətsiz, Təbiət İnsansız
yaşaya bilməz. Təbiət başqa canlılarla
İnsana mahiyyətcə fərq qoymur; təbiətdəkilərin
İnsan kimi dünyanı dərk etmək imkanı yoxdur,
ancaq İnsan Təbiətin səhvini düzəldir, başqa
canlılardan fərqli olduğunu göstərir. Min illər
öncə dünya indiki deyildi. Təbiətin indiki
biçimə gəlməsi birdən-birə olmayıb.
Dünyadakı insanların ağlı da, şübhəsiz,
indiki kimi deyildi. Təbiət İnsana qoynunda səxavətlə
yer vermişdi. İnsan dünyaya heyran idi: Təbiətin nemətlərindən
faydalanırdı. Gördüyü nə varsa, anlamağa
çalışırdı, hər şey ona qəribə gəlirdi,
nədənini tapmağa çalışırdı.
Ağlının gözü açıldıqca günəşin
doğmasını, batmasını, yağışın
yağmasını, ildırımın çaxmasını,
qarın yağmasını, çayın axmasını mənalandırırdı,
möcüzə sayırdı. Əcdad insana Göy çox
uca, əlçatmaz gəlirdi, dağda isə nəsə qəribə
bir həyanlıq, vüqar duyurdu...
Ulusumuzun
qədimdən bəri Təbiətlə bağlı yaranan
duyumu bu gün də canlıdır, yaşarıdır. Bu
gün Təbiətin qorunması ilə bağlı
çağırışlar artdıqca insanın bu
acınacaqlı durumu düzəldəcəyi ümidləri
də artır. İnsanın İnsanla ilişgiləri pozulub
deyə, Təbiət bu gündədir. Əslində
İnsanın İnsanla ilişgiləri indiyə kimi ideal
biçimdə olmayıb. İnsanın İnsana yad,
amansız yanaşması səngiməyincə, azalmayınca,
yox olmayınca Təbiətdəki fəlakət də
qaçılmaz olacaq, daha da artacaq.
Deməli,
İnsanın içində Təbiətə öncəki
dönəmlərdəki kimi doğma, yaradıcı
yanaşma yaranmalıdır. Azərbaycan insanı əcdaddan
gələn Təbiətə yanaşmanı yaradıcı
inkişaf etdirməklə dünyaya örnək ola bilər.
Bu bizim mənəvi borcumuzdur. Həm də meşə
fondunun, içməli su imkanının az olduğu ölkəmizdə
Təbiətə ruhsal (mənəvi) yanaşmamız təbii
sayılmalıdır. Qloballaşan dünyada
çözümü çətin qayğılar isə artmaqdadır.
Nədəni İnsandır: İnsanlıq imkanlarına yetən
örnək insanlar yaranmalıdır.
***
İlkin
mifoloji düşüncədə Tanrıçılıq
görüşləri əcdadın Dünyaya, Həyata,
İnsana, Təbiətə yanaşmasını
formalaşdırdı. Tanrıçılıqda
dünyadakından yaranma ideyası var. Tanrı
dünyadadır, dünyadan qıraqda deyil. Əcdad Türk
dünyanın yaradılışında iştirak edir,
Tanrısı ilə birdir, Tanrısına ərklidir.
Tanrı da Əcdadla birdir. Qədim türk panteonu (allahlar
sistemi) Xeyirlə Şərin savaşı, Şərin gec-tez
məhv olacağına inam ideyası üzərində
qurulub. Göy Tanrı Əcdadla birdir, doğmadır.
Əcdadın
fitri duyumu Səhərin cəzbində, Çayların
axarında, Dağların vüqarında, Səmanın
ucalığında, Günəşin doğuluşunda -
şəfqətində, Qürubun qübarında (Günəşin
batmasında), Gecənin sehrində mənliyini görür.
Bu, insani yaradıcılığın elə bir
ölçüsüdür ki, əcdadın ulus olmaq,
dövlət qurmaq, bir sözlə, hər mənada var olmaq
imkanlarını yaradır, Əcdad aşkarladığı
sınırsız qüdrətiylə var olur.
"Dədə
Qorqud"da ("Basat Dəpəgözi öldürdügi
boy"da) Basatın doğuluşu - yaranışı əcdad
funksiyası ilə bağlıdır. Hər şeydən
öncə boyun quruluşu, məzmunu qədimliyini sübut
edir. Başqa yandan, buradakı inanclar - türkün ruhən
bağlı olduğu tapınış məqamlarını
işarələyir. Təpəgöz Basatdan kimliyini
soruşarkən Basatın ona cavabı: "...Anam adın
sorar olsan - Qaba Ağac! Atam adın deirsən - Qağan Aslan! Mənim
adım sorarsan, - Aruz oğlı Basatdır, - dedi".
Burada
Basatın soyunu Ağacla və Aslanla bağlaması əcdaddan
soraq verməsidir: Basatın yaradılışını
şərtləndirən əcdadın izləri aydın olur.
Mifologiyada, ümumən türk mifologiyasında ağac
geniş yayılmış, mürəkkəb semantikaya malik
obrazdır. Türk mifologiyasında ağacın
kultlaşdırılması dərin kökləri olan
inanclara bağlıdır. Ağacla bağlı bütün
bu mifik təsəvvür, inanc, obraz, funksiyalar Azərbaycan əfsanələrində
də izlərini saxlayıb. Bunların hamısı bu və
başqa biçimdə yaradılış mifinə
bağlanır.
"Dədə
Qorqud"da 16 il kafirlərin əsiri olan Bamsı Beyrəyin
geri dönməsini xəbər verən Banıçiçəyə
qayınatası Baybörə deyir: "...Sağ-salamat gəlib
çıxsa, qarşıdakı dağ yaylağın olsun!
Soyuq-soyuq sular bulağın olsun!"
Uruz:
"Qarşı yatan uca dağlar istəsə, el yaylar,
Aşqın-daşqın sellər-sular istəsə,
axar-çağlar. Qaracıq atlar sağlam olsa, qulun verər,
Qaytabanda qızıl dəvə sağlam olsa, doğar-törər,
Yaylaqdakı ağca qoyun sağlam olsa, quzulayar, İgid bəylər
sağlam olsa, oğlu doğular"...
Dastanlarımızda
İnsan-Təbiət birliyi yetkin biçimdə ifadəsini
tapır. Koroğlunun qılıncı ildırım
parçasındandır, atları dərya atlarından. Azərbaycan
muğamlarında, ayrıca olaraq Azərbaycan aşıq sənətində
İnsan-Təbiət birliyinin ifadəsi tamdır. İnam Ata
(Asif Ata) deyirdi: "Şübhəm yoxdur, "Qarabağ
şikəstəsi" bir dağdan o biri dağa haray kimi
deyilib".
Sazımızda
Tanrıçılıq ruhu, səsi aydın şəkildə
duyulur. Azərbaycan zurna-balaban sənəti başdan-başa Təbiətdən
soraq verir: haraylı, yenilməz, döyüşkən,
coşğun ruhlu Türk insanının həm də hədsiz
zərifliyini, həlimliyini çatdırır.
Novruz
bayramının ruhunda Türk insanının Təbiət ilə
birikməsi var: Novruzun ümum Şərqiliyi var, ancaq ən
yaxşı, yetkin ifadəçisi Azərbaycandır, Azərbaycan-Türk
ruhudur. Zərdüştlükdən gələn "Təmiz
fikir, təmiz söz, təmiz əməl" ideyası ilə
Novruzun ruhu mənalanıb, əcdadın fitri duyumunun təsdiqi
kimi ulusal özül üstə inkişaf edib. Azərbaycan
folklorunun, demək olar, hər bir janrında (əmək nəğmələrində,
mərasim nəğmələrində, mövsüm nəğmələrində,
əfsanələrdə, rəvayətlərdə, ata
sözlərində, məsəllərdə, laylalarda,
oxşamalarda, mahnılarda, bayatılarda, nağıllarda,
tapmacalarda, yanıltmaclarda və s.) İnsan-Təbiət
doğmalığından yaranan birliyin izlərini görmək
olur. Hər hansı bir mətndə özünəinamlı,
yaradıcı, fəhmli insan obrazı varsa, orada mütləq
doğanın etkisi var.
Adət-ənənə,
mərasim və rituallarda da İnsan-Təbiət birliyi
özünü göstərir. Bu da doğaldır: İnsan Təbiətdədir,
bütün olaylar Təbiətdə baş verir.
İnsanın halı, halsızlığı, Xeyirliyi, Şərliyi
Təbiətdə ifadəsini tapır. Təbiətlə
İnsanın qarşılıqlı birliyi var, bu birliyin
canlı etkiləri İnsanın Təbiətə
yadlığının, ya da doğmalığının
ölçüsünü göstərir.
Folklorun
bu və ya başqa çoxsaylı janrlarında
İnsanın Təbiətə doğmalığı, həyanlığı,
dərdkeşliyi ilə yanaşı,
amansızlığı, ruhsuzluğu, səbirsizliyi,
kobudluğu və s. var. Əcdad - İnsan Təbiətdə
özünü görür, ancaq bu, hamıya aid deyil. Folklor
düşüncəsi ulusallığın bəşəriliyi
təsdiq edən ölçüsünü yaradır, burada
qətiyyən güzəşt yoxdur. Əcdad - İnsan səhvini
anlayır, dərsini alır, sonrakı
peşmançılıq isə fayda vermir.
"Koroğlu"da Rövşənin tələskənliyi,
uyğun mif-əfsanə örnəkləri bu
sıradandır.
***
Təbiətlə
bir olmaq, onun acı-ağrısını hiss etmək, Təbiət
kimi duymaq əcdadın fitri keyfiyyətlərindən idi.
Əcdadın Təbiətə münasibəti doğma idi,
onun əzəli ritmi ilə yuxudan oyanır, yuxuya gedirdi. Təbiətin
hər gününü təkrarsız bir ömür kimi
yaşayırdı. Bu duyğular əcdadın ağlında,
ürəyində ölmür, itmir, ardıcıl inkişaf
edən hissiyyatında yeni çalarlar yaradır, hansısa əmək,
əkinçi, sayaçı, sağın, ovçu,
balıqçı, hana nəğmələrinə
çevrilirdi. Folklorda Təbiətdən qıraqda yaranan nəsə
yoxdur, hamısı İnsanın burada var olmağının,
Təbiətlə fərəhlənməyinin, kədərlənməyinin
ifadəsidir.
Təbiət
səxavətlidir, insan ağacdan (meşədən), sudan
(bulaqdan, göldən, dənizdən), torpaqdan, oddan və s. bəhrələnir,
Təbiətin balası olduğundan anasına qarşı
çıxmır. Bu, insanın artıq ibtidailikdən
çıxdığı, dil açdığı,
ağlının yetkinləşməyə
başladığı dövrdür. İnsan torpağın
təkcə məhsul vermədiyini anlayır, mənəvilik
(ruhsallıq) deyilən bir keyfiyyətin olduğunu
görür, sonucda torpağın Yurd, Vətən
kutsallığı yaranır; bu ilahi hal insanın
ağlında yaranıb gerçəkləşir.
Yaşadığı torpağın qoxusu onun
üçün dünyanın ən gözəl ətri
olur, çünki torpaq varlığını təsdiq edir.
Azərbaycan
folklorunda əcdad ruhu Təbiətin Günəşiylə, Səmasıyla,
Səhəriylə, Gecəsiylə, Çayıyla,
Bulağıyla (Su ilə), Ağacıyla birdir. Folklor
düşüncəmizin mayası Təbiətdən gəlir:
əcdad təsəvvüründə ilkinlik Təbiətdəndir:
hər şeydən öncə ona görə ki, insanın
jest və mimikalardan nitq imkanına kimi yol keçməsi, dil
yiyəsi olması, cəmiyyət qurması Təbiətdə
mümkün olub. Əsas məsələ Təbiətə
ilahi, insani yanaşmadadır. Şişirtmədən demək
olar, türk düşüncəsində bu yön uluslar
içərisində nadirliyi, bənzərsizliyi ilə
seçilir. Dağın, Göyün, Günəşin,
Ağacın və s. insanlaşmış obrazlarının
olması doğal olaraq folklorumuzdakı əcdad
düşüncəsinin yaşarılığından gəlir.
Ölməyən, yoxa çıxması mümkün olmayan
bu duyğu yüzildən-yüzilə, soydan-soya keçir, ənənə
beləcə qırılmadan yaşayır. Burada Dağ -
vüqar, ləyaqət rəmzidir, həmişə yenilməzdir,
çünki özündə ilahilik keyfiyyəti
daşıyır, Tanrılıq mahiyyətli İnsan
obrazındadır. Dağda insanı görmək
özünü anlayan, duyan, Təbiətin
böyüklüyünü anladığı dərəcədə
də özüylə onun arasında mənəvi birlik
görən əcdad düşüncəsindən gəlir.
***
Bu gün
dünyanın hər yerində sağalmaz xəstəliklərin
artması İnsanın Təbiətdən
ayrılmasının faciəvi sonucudur. Türkəçarələr
əcdadın Doğadan gələn qədim sağlıq
qaydasıdır. Şəxsən türkəçarələrdən
yararlanıram, İnsan-Doğa birliyini canlı
yaşayıram: bu, duyğularımın ardıcıl
köklənməsinə nədən olur...
Bu gün
də poeziyamızda İnsan-Təbiət ilişgiləri
öyülür. Qarşıda bu konuya ayrıca
araşdırma yazı həsr etmək olar. Aşıq sənətində
Ələsgərdə ("Ölsün Ələsgərtək
qulların, dağlar!"), ötən yüzildə
S.Vurğunda ("Üzü bəri baxan dağlar, Mənim
sizdə nəyim qaldı?") və b. uyğun örnəklər
var.
Xatirə.
Hələ məktəbə getmirdim. Yaz gəlmişdi. Dədəm
göydələn qoşa nararmudu ağaclarının
altında yer belləyirdi. Qəfil soruşdum: - Bu
ağacların neçə yaşı var? Dədəm dedi:
- Ağacın yaşını bilmək istəyirsənsə,
get qulağını daya, özü sənə deyəcək.
Gerçəkdən dədəmin bu sözünü həqiqi
saydım. İnandım ki, ağac danışır.
Qulağımı tutdum gövdəsinə. Mənə elə
gəldi ki, ağac nəsə dedi, ancaq başa düşmədim...
4-5
yaşım olardı, yazın gəlişiylə həyətimizdə
cücərən rəngbərəng otların sehrinə
düşmüşdüm. O rəngləri indi də nəinki
xatırlayıram, hətta görürəm! Budur,
şabranı armudla lətənc armudun qoşa
calağının evə baxan səmtindəyəm.
Buradakı dünya mənimdir, heç yanda bu gözəllik
yoxdur, ola bilməz! Olsa da, bu gözəlliyə çatmaz,
bu, bir başqa dünyadır. Bu sehrli dünyanı həm də
ağlımda, ruhumda yaradıram ardıcıl olaraq, ona
görə də illərdir yaz gəlir, o əlvan otlar
torpağın bağrından sıyrılıb
çıxdıqca yamyaşıl olur, sonra xırdaca güllər
açır, o güllərdən dəstə
bağlayıram, doyunca baxıram, baxıram... Bu gözəllik
məni bəxtiyar eləyir, düşüncəyə
dalmağı öyrədir. Kimsəyə nəsə deyə
bilmirəm. Sanki duyuram, desəm, gülərlər. Bəlkə
də məni anlayan tapılardı, bilmirəm...
İllər
ötmür, ötə bilmir, ona görə ki,
yaddaşımda zamanı tutub saxlamışam: kəndimizi gəzirəm,
tez-tez eşitdiym Azərbaycan kəlməsini elə Kalvaya aid
eləyirəm. Ona görə ki, Azərbaycanı həm bu
gözəlliyin ruhu olaraq anlayıram. Hələ
uşaqlıq çağındayam, o yaşdır ki,
başqa yerlərə getməmişəm, heç Kalvadan
başqa kəndlərin olduğu haqqında təsəvvürüm
belə yoxdur...
***
Kəndim
ömrümün əzəli, yəni başlanğıcıdır:
Təbiətdə doğulmaq, uzun illər Təbiətin qoynunda yaşamaq, onunla
iç-içə olmaq xoşbəxtlyini verdi mənə.
Uşaqlığımın keçdiyi, içimdə
ağac kimi bitdiyi kəndim! Duyğularımın boy
atdığı, böyüdüyü kəndim! O illərin
hamısı təzəydi, bənzərsiziydi. Ona görə
ki, ilk dəfə yaşayırdım. Hər
gördüyüm mənim üçün yeniydi,
maraqlıydı. Dünyaya heyran-heyran baxırdım,
sevinirdim, kövrəlirdim, inanırdım, şübhələnirdim.
Dərdimi deməyə kimsə tapmayanda özümə
qapılırdım. Özümlə dost olmağı o zaman
öyrəndim.
İndiyə
kimi Təbiətə saysız şeirlər yazılıb,
mahnılar qoşulub, ancaq yenə də yadlıq baş
alıb gedir. İndi yaşımın bəlli vaxtında o
gözəllikləri nisgilli xatırlamağım insanın
kökündən az qala qopub Təbiətə özgələşməsinin
qarşısını ala bilmir. Ümidsizləşməyə
isə haqqım yoxdur: kədərim Təbiətə
doğmalığımı artırır. Elə bil
Q.Rüstəmovun "Sona bülbüllər"inə qulaq
asıram.
Nədən
İnsan Təbiətə qənim kəsildi? Ona görə
ki, özümlüyündən ayrıldı.
Son illər
kəndə gedəndə meşələrin, yolların
qırağında, dərələrin yaxasında zibilin hər
cür çeşidini görürəm, nəfəsim
tıncıxır. Plastik qablar ağacların gövdəsinə
sarmaşıq kimi sarılıb, köklərinə ilişib
bağrını yarır. Kim eləyir bunu? Sənayeləşən,
Doğasızlaşan İnsan. Kənd şəhərə
oxşayacaqsa, şəhərləşəcəksə,
artıq insan yaşamının kənd janrı yoxa
çıxmaqdadır, demək. Kəndə gedənin
içində Ağaclarla, Yollarla, Dağlarla, Bulaqlarla,
Çaylarla, Göylə, Günəşin doğmasıyla,
batmasıyla (qürubuyla), Səhərin
heyranlığıyla, Gecənin sehriylə, sükutuyla
danışmaq ehtiyacı yoxdursa, deməli, içlərdə
o həsrət ölüb. Təbiət - öyrətmənimdir!
Bunu özümə deyirəm, deyirəm, ağlıma
yazıram. Sonra da hamıya deyirəm. Deyirəm ki, ilahiliyi
(insaniliyi) unutmayaq. İlahilik - Təbiətdə olduğu
kimi həm də İnsandadır. İnsan Təbiətdən
ayrılanda özündən ayrılır. İnsanın qəribliyi
nə zaman başlayır? Özüylə - Ruhuyla bir
olmayanda.
Özümləyəm,
Ruhumlayam, bu səbəbdən də bədbəxtliyim yoxdur.
İçimdə kəndimin Təbiətini yaşadıram.
Bu gün o Təbiət yoxdur əslində. Hər kəndə
gedəndə uşaqlığımdakı o Təbiəti
axtarıram. Getdiyim yerlər gözümdə adiləşir
də. Ancaq yaddaşımda, ruhumda həminkidir, adiləşməyə
qoymuram. Hətta istəsəm də, axıracan adiləşməz.
Ona görə ki, ruhumla qoruyuram. Aqibətlə zarafat etmək
olmur. İnsanlararası ilişgilər virtuallaşdıqca Təbiətə
yanaşmada da yadlıq artır. Təbiətin qoynunda
insanları indi daha çox yeyib-içmək
düşündürür, nəinki Təbiətin mənasına
dalmaq, onunla bir olmaq, ruhlanmaq. İnsanlıq imkanını
az-çox aşkarlamayanın, Təbiətdə İnsan
görməyənin ruhlanması baş tutmur. Çünki Təbiətlə
birlik doğmalıqdan yaranır.
İşıqlı
Atalı
Ədəbiyyat
qəzeti.- 2024.- 22 noyabr, №45.- S.28-29.