Qasım bəy Zakirdən üzü bu yana
...Nələr dəyişdi?
Dəyişən iqlimi
(poeziyada iqlim dəyişikliyi) hiss etmək,
tutmaq və qavramaq hər deyəndə, hər arzu edəndə alınmır. İctimai həyatdakı bütün
olar-olmazlar, eybəcərliklər,
maneə və çəmbəri sıxılıb
boğulan gərginliklər
bütün zamanlarda bəlli missiyanı boynuna götürən söz sərrafının
dünyaya gəlişi
ilə ifadə olunur. Tablo, kətan hazır, malbert sizi gözləyir,
onun üzərinə
ilk hansı boyanı çəkəcəyindən çox
şey asılıdır,
ya bu sırf
avanqard düşüncə
məhsulu, ya da həmin sıxıntı
və eybəcərlilklərin
tikanını elə
tikan kimi rəsm edən mənzərə olacaq. Şeir, poetik düşüncə ifadə
aktından qabaq, hər şeydan öncə, həmin ağ kətandır. Bu ağ kətanın üstündə Vaqifin və Zakirin "Durnalar"ını (bağrı
daşa dönmüş...)
təsəvvür edin.
Janrları bu müqayisə əsasında
anlamaq olarmı? Qasım bəy Zakirin leksikası ona qədərki və müəyyən mənada
ondan sonrakı poetizmlərdən dəfə-dəfə
fərqlənir. Bunun səbəbi
nədir? Çünki
Zakir bu işə ilk girişən, fırçanı
əlinə ilk alan insandır, fırçanı
boyaya elə batırmış kimi, o rənglər bu gün də canlıdır, silinməz
və parlaqdır.
Zakir satirası özündən
əvvəlki və sonrakı bütün gözəl bədii əsərlərin məhək
daşıdır, onların
daha düzgün oxunması üçün
meyar və dəyərdir. Bəzən
bir şair elə dilinin "kobudluğu" və leksikasının "anormallığı"
ilə milli ədəbiyyatın
meydana gəldiyi bütün əsrləri
qovuşdurur, hətta
olur ki, bircə misranın, bircə deyimin içində.
O parçanın üstündən
o qatı, sarmaşıq
boyanı silmək istədikdə, rəng rəngə qarışır,
yeni çalarlar yaranır,
dəyişən iqlimin
sözü, şeiri necə dəyişdiyini bəlləyir. Yaşadığı
dövrdə onlarla şair, onlarla söz adamının içində "ətraf
mühitə", dəyişən,
yaxud dəyişkən
iqlim çərçivəsinə
onun qədər həssas ikinci bir şair yoxdur.
Zakir elə bir hadisədir ki, onu oxuyanda, yəni onun zamanı dil açıb danışanda ən mükəmməl qəzəllər,
eşq nəğmələri
bir anlıq susur, bu mətnlər,
bəlkə həmin kontekstdə, o dövrün
iqlim şərtləri
içində çox
mənasız görünür,
Zakir yazdığı dildə
zaman içində sonralar
böyük nəsr əsərlərinin yaranmasının
müjdəçisidir. İndi satira, satirik poeziya, demək olar, yoxdur. Ümumən
bizdə satirik ədəbiyyata münasibət
birmənalı deyil. Bəzən satirik mətnlər ümumi ədəbi prosesdə
"yad cisim" kimi qavranılır...
Sosial mahiyyətli ədəbiyyat
müstəvisində hər
şey Zakiri və Sabiri anlamaqdan başlayır. Yalnız bundan sonra müasir ədəbiyyatın yönünü
müəyyənləşdirə və o mətnləri uyğun şəkildə
təhlil edə bilərik. Zakirin satirik şeirləri ilə Axundzadənin komediyaları bütün
hallarda Azərbaycan bədii nəsrinin köklü-köməcli yaranış
mühitini şərtləndirir.
O dühalar olmasaydı,
Yusif Vəzirin "Studentlər" və digər millətçiliklə
aşılanmış əsərləri
meydana gəlməzdi,
yaxud bu əsərlər də, öz növbəsində,
İsmayıl Şıxlı,
Yusif Səmədoğlu,
Anar, Elçin, Əkrəm, Mövlud,
Sabir Azəri və digər naşirlərin ciddi nəsr əsərlərinə heç
zaman kəsilməyən impulslar
verməzdi.
Alber Kamünün
bir deyimi var: "İnsan böyük addımlar atmağa qadirdir, indi bunu bilir, dərk
edirəm. Ancaq bununla yanaşı güclü hissiyyat sahibi deyilsənsə, bu artıq ciddi
nələrsə törətməyəcək,
buna əmin olun." Janrların meydana gəlməsində, hansı
şairin hansı janra üstünlük verməsi məsələsi
də məhz, bu iki nəsnənin
vəhdəti ilə müəyyən edilə
bilər. İndi nə
qədər hərcayi,
boşu-boşuna sevgi
şeirləri yaranır,
indi nə qədər epitet və metaforalarla aşıb-daşan (boğulan),
müqayisə üstündə
dayanıb duruş gətirən bədii parçalar yaranır. Onlar yarandıqları kimi izsiz yox
olub gedirlər. Bu parçalar,
qafiyələrin, epitet
və digər fiqurların sənin nəfəsini qabaqladığı
məqamların ifadəsidir,
başqa nəsə deyil. Buna görə ən gözəl şeirlər elə "qafiyəsiz", bu baxımdan "lal" mətnlərdir.
"Bu tip mətnlərin əsas özəlliyi nədir?" soruşulsa, ilk olaraq ictimai sferada baş alıb gedən hadisələrə həssaslığın vacibliyini vurğulamaq olar. İndi ard-arda sevgi, vətən eşqi və sair mövzularda yazılan şeirlərin böyük əksəriyyəti keçən əsrlərdə, Vaqifin, Zakirin dövründə (bəlkə onlardan da çox qabaq - !) zaman içində itib-batmış mətnlərin o toz dumanından sıyrılıb, yol alıb təkrar gəlişinə oxşayır. Yəni, dünyada bir dəfə meydana gələn təyinatsız şeirlər və amorf mətnlərin sırası zamanla təkrar-təkrar üfüqlərdə görsənə bilir, üzdən bu gün qələmə alınana oxşasalar da. Mükəmməl mətnlər təkrarsız olur, zəif şeirlər, zəif əsərlər həmişə təkrarlanır və köhnəlir. Ən yaxşı, sənət baxımından, zəmanənin suallarından suallar düzəldən əsərlər milli bədii yaddaşa zamanla yığılan enerjinin müəyyən həddə çatmasından törəyir. Zamanı ötüb keçir.
Cavanşir
YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2024.- 29 noyabr, ¹46.- S.3.