"Dədə Qorqud"un İstanbul səyahəti

 

Alman ədəbiyyatının Hötedən sonra ən önəmli şairlərindən sayılan Eduard Mörike "Qızıl noyabr" ayı üçün yazdığı şeirində yarpaqları qaynar axan qızıl suyuyla müqayisə edir:

 

Apaçıq mavi göy üzü,

Basdırılmış dünyada dolu bir payız

Qaynar qızıl rəngində axır.

 

Sözsüz ki, payız fəsli deyəndə, bizim şair Bakının "Xəzan qəzəli" insan qəlbinə başqa bir dad, kədər verməkdədir:

 

Hər yandan ayağına altun akup gəlür.

 

İstanbulun naməlum küçələrində ağaclı yollara düşüb, ayaqlarım qızılı yarpaqlarda itəndə həmişə bu misraları xatırlayıram. Bakının təbirincə desək, bahardan "iz" qalmaması istər-istəməz bizə zamanın sürətindən, həyatın keçiciliyindən xəbər verir. Elə bizim Dədə Qorqud da belə demirmi?

 

Gəlimli, gedimli dünya,

Son ucu ölümlü dünya!

 

İnsan oğlu gündəlik təlaşın, modern dünyanın getdikcə polada çevirdiyi yerlərdə artıq Koroğlunu, Dədə Qorqudu xatırlayır. Bunu bir neçə gün əvvəl Mərmərə Universitetində bir daha müşahidə etdim. Universitetin Göztəpə kampusunda gənc tələbələr təcrübəli müəllimlər Azərbaycandan gəlmiş bir müəllimin dilindən Dədə Qorqud hekayələrini dinləyərkən, bəlkə bildikləri məlumatları xatırlayır maraqlı baxışlarla, sanki Dədə Qorqud qılığına bürünmüş müəllimin sözlərinə daha çox diqqət yetirirdilər:

"Beyrək illər sonra Dəli Ozan olaraq obasına geri gəldiyində nişanlısı Banuçiçəyə bir sirr söyləmiş, o sirr nədir?

"Ox atıb güləşmədikmi?

Altun üzüyümü barmağına taxmadınmı?"

Əllərində heç cür imtina edəmədikləri mobil telefonları ilə Mərmərə Universitetinin tələbələri, sanki yüz illər əvvəl qopuzu ilə Oğuz tayfasından gəlmiş Dədə Qorqudla mifoloji aləmə qayıdır yenidən tanış olurdular:

"Uruz atası Qazan xandan soruşdu: "Bu gələnlər kim ola?"

"Kim olacaq, yağıdır!"

"Yağı kimdir?"

"Yağı malında, canında, namusunda gözü olandır, bizi hər gördüyündə öldürən, bizim hər gördüyümüzdə öldürdüyümüzdür".

Tələbələr gülümsəyir. Onlar yağının kim olduğunu öyrəndikləri üçün deyil, poetik dildə çatdırılan sözlərin qüdrətini gördükləri üçün sevinirdilər.

Təxminən, bir saat davam edən tarix ötəsi səyahət başa çatdıqda bu dəfə suallar başlamışdı. Daha çox Dədə Qorqud, daha çox mənəvi səyahət...

Zala, buradakı tələbələrə, müəllimlərə baxırdım verilən sualların arasında itirdim. İllərlə arzuladığımız ortaq dil, ortaq ədəbiyyat, ortaq tarixi şüur belə gerçəkləşməli idi. Üz-üzə, eyni sözlərdən həzz alaraq, eyni tarixi səyahətə çıxaraq, eyni ədəbi üslubun içində yeni yollar axtararaq. Kamal Abdulla hocanın təcrübəsi, müdrik rəftarı ilə, danışacağını bilən bir maarifpərvər müəllim kimi çox qısa zamanda tələbələrin diqqətini cəlb etməyə nail olmuşdu. Bundan əlavə, onun çıxışında seçdiyi sözlər tam olaraq arzuladığımız ortaq türk sözləri idi ağzından çıxan hər söz gənclərə güclü təsir edirdi.

Həmin gün Kamal Abdulla İstanbulda Mərmərə Universitetinin Ədəbiyyat fakültəsinin zalında bizə Dədə Qorqudu xatırlatmaqla, əslində Azərbaycanın Türkiyənin ortaq mədəniyyət kodlarını bir daha göz önünə gətirmişdi. Bu mühüm gün üçün əslən gəncəli olan  Milli Müdafiə Nazirinin müavini Şuay Alpay bəy Ankaradan gəlmişdi. Təqdimatdan sonra onun həyəcanlı çıxışı göstərdi ki, o da bizimlə eyni hissləri bölüşür.

Bununla ikinci dəfə gördüyüm Burak Ekenin həm professional hüquqşünas, həm çox yaxşı təşkilatçı olduğunu müşahidə etdim. Azərbaycandan olan hörmətli alimin meqa şəhərin labirintlərində itməsinə imkan vermir, mədəni həssaslığın yüksək olduğu mərkəzlərdə onu dəyərləndirərək, ortaq mədəniyyətimizin yenidən alovlanmasında rol oynayır. Təəssüf ki, bizdə belə insanlar çox azdır...

Universitetdəki akademiklər həyəcanımızı bölüşür, bizdən ayrılmırdılar. Kamal Abdullanın konfransının təqdimatçıları prof. Sebahat Dəniz xanım, prof. Harun Duman səmimiyyəti həssaslığı ilə bizim orada özümüzü rahat hiss etməyimiz üçün əllərindən gələni edirdilər. Universitetdə qonaq müəllim olan prof. Məsut Əfəndiyev dos. Mehdi Gəncəli qırx ilin dostları kimi hər dəqiqə bizimlə idi söhbətlərə Azərbaycanın rəngini, qoxusunu, yumorunu qatırdılar.

Hər konfransdan sonra tələsik qaçmalar, yarımçıq söhbətlər əvəzinə, bu dəfə ruhla elmin yenilənən yaşanması oldu. Bir saat sonra gözəl bir məkanda yenidən görüşdük. Bu toplantıda bəzilərini şəxsən, bəzilərini yazılarından, konfranslarından tanıdığımız Erkan Mumcu, Erhan Afyoncu, Fəthi Gedikli, Yasəmin Bayer, Coşqun Çokyiğit kimi şəxslər iştirak edirdi. Fəthi Gədikli hüquqşünas olsa da, qardaşı Yusuf Gədikli ilə birlikdə ömrünün böyük hissəsini Azərbaycan mədəniyyətinə həsr etmiş bir şəxsdir. Azərbaycandan birisi gələndə gözlərinin içi  gülür. Yasəmin Bayer bir müddət əri oğlu ilə yaşadığı Azərbaycanın təsiri altından çıxa bilmədiyindən danışdıqca danışırdı. O, tərcümələri ilə Azərbaycan mədəniyyətinə mühüm töhfələr verib. Coşqun Çokyiyit mənə həm yaxın, həm uzaq bir insandır. Orada jurnalistika təcrübəsindən danışanda mən bir anlıq xatirələrə daldım. Orta məktəb illərində oxuduğum mütaliələr, Əhməd Kabaklı kimi müəllimlərlə görüş həyəcanı, oxuduğumuz jurnal qəzetlər yadımdadır. Coşqun bəy həm yazıçı, həm film ssenari müəllifi prodüseri kimi, demək olar ki, o mərhələlərin hamısında iştirak edib.

Kamal Abdulla Dədə Qorqud kimi küncdə oturub gözlərini qıyaraq ətrafa baxırdı. Dədə Qorqudun ruhunu, nəfəsini, səsini İstanbula gətirməkdən məmnun qürurlu olduğu açıq-aydın görünürdü. Mehdi Gəncəli Türkiyəyə ilk gəlişində stəkanlarla dolu kartonları necə gətirdiyini şirin-şirin izah edirdi. Söhbət getdikcə uzanırdı.

Burada qopuz yoxdur, amma karvanın yola çıxdığı xəbəri zəif eşidilirdi. Bir anda kənardakı başqa məclisdən əcnəbi gülüşlər yüksələndə Coşqun Çokyiğit: "Gəlin biz "Çırpınırdı Qara dəniz" türküsünü oxuyaq", - dedi. Biz türkü oxumadıq, amma Dədə Qorqudu dinləyirdik:

 

Güvəndiyim dağlar yıxılmışdı,

Geri yüksəldi.

Axıntılı sularım çəkilmişdi,

Yenidən çağladı.

Qoca ağacımın dalı budağı qurumuşdu,

Filizlənib yaşardı indi.

Durma oğul, durma!

Hər kəsdən irəli var.

 

Orxan ARAS

 

Ədəbiyyat qəzeti.- 2024.- 29 noyabr, №46.- S.10.