Azərbaycan Xalq Cümhuriyyətinin
dil
siyasəti və parlamentin
nitq mədəniyyəti
Əvvəli 44-cü sayımızda
Azərbaycan Xalq Cümhuriyyəti
parlamentinin sənədlərinin
dili həmin dövrün nitq mədəniyyəti barədə
tam təsəvvür yaradır.
Qeyd etdiyimiz kimi, XX əsrin əvvəllərində dil
məsələsi Azərbaycan
ictimai-siyasi və mədəni həyatında
vacib bir göstərici idi, həm də siyasi səciyyə daşıyırdı. Müxtəlif
siyasi təmayüllü
və ya əqidəli ziyalılar Azərbaycan dilini osmanlılaşdırmağa, ruslaşdırmağa,
yaxud farslaşdırmağa
meyil göstərirdilər.
Azərbaycan xalqını
müstəqil bir xalq, dilini müstəqil
Azərbaycan dili hesab etməyənlər osmanlı türklərinin
dilində danışıb-yazmağı
təklif edirlər. İkinci qisim islam dinindən uzaqlaşmamaq üçün
ərəb və fars dillərinin təsirindən qopa bilmirdilər. Rus təhsilli
ziyalılar ədəbi
dili ruslaşdırmağa
çalışır, hətta
mətbuatı, ədəbiyyatı
yuxarı siniflərə
məxsus bir "nemət" hesab edirdilər. Demokratik qüvvələr vahid bir cəbhədə - xalq dilinə əsaslanan ədəbi dil uğrunda mübarizədə birləşirdilər.
Azərbaycan parlamentinin
dilində də bu üç cəhət özünü
aydın göstərir.
Lakin bir tərəfdən,
Azərbaycan ümumxalq
dili üzərində
yüksələn, o biri
tərəfdən, daha
çox osmanlı dilinə meyillənən dil daha aparıcı
olsa da, ədəbi dilimizin parlament üslubunda onun tam bu şəkildə qəliblənmiş formaları
əvəzinə, vəziyyətlə,
mövzu ilə, şəraitlə bağlı
daha çevik milli ifadə tərzləri vardı. Parlament üzvlərinin çıxışlarından
gətirilən aşağıdakı
nümunələrə diqqət
edək.
Maliyyə naziri Əliağa
Həsənov: "Dövlət
bankı barəsində
olmuş və olacaq bil-cümlə etirazlara cavab verməyə hazıram. Əvvəla, etiraz böylə olur ki, açılacaq bankın qıraq sözləri var.
Namə'ölum əhvalatları,
intriqaları var. Halbuki
bu xüsusda qaranlıq və qapalı bir şey yoxdur. Bank təşkili xüsusunda qəbul etdiyimiz nizamnamə sənədlərdən
biri böyük Rusiya daxilindəki, banklarda işlənən nizamnamələrdən alınmışdır.
Biz bunu qəbul edirik. Bank bir müəssisədir ki, onda
qaranlıq olmaz, doğrudur, ticarət işlərində bir çox təsadüfü
ziyanlar olur. Fəqət, bu məsələlər banklara
məxsus deyildir. Şimdiyə qədər
Rusiyada minlərcə
bank olduğu halda böylə bir şey olmamışdır.
Ya xüsusi bizim açmaq istədiyimiz bank hökumət
bankıdır ki, böylə
intriqalara qətiyyən
meydan verilməz. Bəli, xüsusi banklarda münafiqlər
ola bilər və yəni bizim açdığımız banka
şəxsi bir mənfəət üçün
deyil, ümum cəmaətə xeyir və mənfəəti üçün açılır.
Cəmaətimizin əksəriyyəti
demokratiya sinfinə mənsubdur" (yenə orada, s.41).
Məmməd Əmin Rəsulzadə:
"Burada mətbuat qanununun əleyhinə türkcə söylənilən
sözləri rusca, bəlkə daha məntiqə müvafiq bir tərzdə müdafiə etdilər. Hamı söylədilər
ki, hürriyyəti-mətbuat lazımdır, fəqət
buna bir əndazə, qanun təyin etmək də icab edər. İştə mətbuat qanununu müdafiə edənlər ilə əleyhdarları arasında
başlıca fərq
bundan ibarətdir. Burada bir adam
bulunmaz ki, hürriyyəti-mətbuata
zidd olsun. Dedilər ki, bir adam da bulunmaz ki, bir əndazə istəməsin. Burada Qarayevin müdafiə etdiyi hürriyyəti-mətbuat
deyil, anarşiye-mətbuatdır.
Mətbuata bir əndazə və nizam lazımdır. Bunu istəməyənlər hürriyyəti-mətbuatı
deyil, anarşiye-mətbuatı
müdafiə edirlər.
Hər kəs bu cür hürriyyəti-mətbuat
tərəfdarı isə,
onlar mətbuat mənsəbləri deyillər.
Burada danışanlar
hürriyyəti-mətbuata zidd maddələr tapdıqlarından qanunun əleyhinə səs verəcəklərini və
qanunu rədd edəcəklərini söylədilər.
Madam ki, anarşı mətbuat
tərəfdarı deyillər,
o vaxt məntiq icab edir ki, əsasən
qanunu qəbul edib, sonra maddə-maddə
müzakirə olunarkən
təshih eyləsin. Fəqət bunu da etmək istəmirlər. Görünür, burada məntiqsizlik vardır. Təbiidir, müzakirə
açılarkən təshih
üstündə hər
kəs kəndi nöqteyi-nəzərini söyləyəcəkdi"
(yenə orada, s.247).
Şəfi bəy Rüstəmbəyov:
"Məruzəçiyə bir söz qalmadı.
Bu ustavda heç elə bir şey
yoxdur ki, hürriyyəti-mətbuata
sədd çəksin.
Rusiya mətbəə
açanda böyük
zaloqlar alınardı.
Buna görə də
kasıblar mətbəə
aça bilməzdi. Bizdə ancaq izn alırlar. Bir də administrasiya ona bir politiçeski
blaqonadejnost barəsində
vəsiqə verər
idi. Görək bu da bizdə varmı? Və yoxmı? ...Əcəba, göstərilən şeylərin
hangisi mətbuatı boğur, oqraniçeniye edir. Burada deyilir,
bu məlumatlarda yeddi gün əvvəl gərək xəbər verilsin, görək naşir qramotnıdır, savadı
var, ya yoxdur. Bir maddədə deyilir ki, uşaq olmasın. Deməli, bu maddələrdə hürriyyəti-mətbuat
əleyhinə gedən
bir şey yoxdur. Sonra, ayrıca deyilir, hər qəzetə çıxaran
qəzetçilik qanunundan
xəbərdar olmalıdır.
Qəzetin bir texnikası mövcibincə
müdir borcludur, doğru vermədiyi məlumatı dərhal təkzib etsin, etməyənləri hətta
suda çəkirlər.
Bu maddələrin heç
birində bir oqraniçeniye yoxdur. Heç qanun yoxdur ki, onun qeydi olmasın. Siz də bu
qanunların redaksiyasına
öz tərəfinizdən
qeyd qoya bilərsiniz. Sonra 16-cı maddəyə
böyük məna verirlər. Onda da ətraf məsələsi
vardır. 6 maddəyə
isə bir fakt gətirə bilmədilər. Bunların
heç birisinin hürriyyəti-mətbuata bir
zərəri yoxdur. Axırıncı natiq nəzarətdən bəhs
elədi, bunda da bir böyük cəhət görmədik.
3-cü maliyyəyə etiraz
olundu ki, qanun ixtiyarı inspektora, yaxud qubernatora tapşırmaq lazım deyil. Səmədağa burada çastnı pravovoydan bəhs eylədi. Hər kəsin ixtiyarı var ki, şikayət eyləsin və o adamı suda çağırsın.
Hökumətin də
dediyi budur. Burada məmləkət interesi var. Bu gün elə qəzetlər var
ki, vətənimiz və
hökumətimiz əleyhinə
gedir" (yenə orada, s.258).
Səmədağa Ağamalıoğlu: "Mətləbdən kənara
çıxmıram. Qanun
gözləyər ki, yer
rəiyyətin əlindən
çıxmasın. Mülkədarlar
həmişə çalışırlar
ki, rəiyyətin yerini
əlinə keçirsin.
Bu sporlara xəzinə
yerinin üstündə
oturan rəiyyətlər
qarışmırdı. Əgər
suda getsələrdi otvod olunurdu. Xozeyinlər bu yerlərdən ixtiyarlarını
itirməyirdilər. Yerlər
rəiyyət əlindən
çıxmayırdı. Mülkədarlar
o yerlərdən ancaq
mənfəətə çatırdı.
Necə yerlərdə
ustavnaya qramota vardı. Haman bu rəiyyətlər şikayət
eylədi ki, yerlər
demstrovay olunmuş yerlərdir ki, nə Sultan
bəy aparıb. Metrovay köhnə qanun idi. Bu gərək
Sultan bəy bəhrə
verə idi. Amma çünki 1913-cü ildə
vıkup zakonı onu puç elədi. Ona görə krepostnoye pravo deyilirdi. O, pis qanun idi ki, götürüldü.
Belə daha heç kəsin bəhrə almağa ixtiyarı qalmadı. Bizim rəiyyətlər də azad oldular.
Azad olanda o nadel olacaq yerlər də gərək bu cəmaətə qala idi. Yəni
bəyliklər kənd
cəmaətinə qalaydı.
Əgər ustavnaya qramota bağlanmayıb, bundan o çıxır
ki, bunlar ixtiyarlarını
itiriblər. Bəs nəyin üstündə
bizim müavini-nazir öz qətnaməsini tikibdir və olunmuş qərarı dəyişibdir. Burada göstərir ki, Süleyman
bəy bir çox doqovor götürüb. O doqovorlardan
görünürdü ki, Süleyman
bəy bu yerləri verib, əkdirib, biçdiribdir,
bununla da onillik qanun davnost düzəldibdir
və bu yeri özü üçün mülkədar
yeri edibdir, tainki əli yerdən çıxmasın"
(yenə orada, s.327).
Əliheydər Qarayev: "Mən
hərçəndi sorğunu
imza etmişdim, amma sorğu verəndə gərək
biləsən ki, sorğunu
kimə verirsən və ondan nə
gözləməlisən. Mən
bilirəm ki, bu saat hər bir
adam öz mənfəətini gözləyir,
hər kəs istəyir [odu] öz tərəfinə çəksin. Bir adam görməzsiniz ki, beş
şahı mənfəətini
başqasına vermək
istəsin. Biz Hidayət
bəyə sorğu veririk ki, Süleyman bəyin işi necə olmuş, amma bunu bilməliyik.
Süleyman bəy onun qohumu olmasa
da, o onun gərək tərəfini saxlasın.
Çünki bəydir,
bəy bəyin mənfəətini, rəiyyət-rəiyyətin
mənfəətini həmişə
gözlər. Hidayət
bəy Sultanov bu saat köhnə
Nikolay qanunlarını öz
qabağına qoyubdur.
Yeni qanunları Zaqafqaziya
seymi vremenni pravitelstvo qanunlarını
nəzərə almaq
istəməyib. Yoldaşlarımıza
təəccüb edirəm,
böylə adamlar mejavoy sözləri danışırlar" (yenə
orada, s.331).
Sultan Məcid Qənizadə:
"Parlament nakazına
görə rusları
milli şura tərəfindən
dəvət etdirdik. Hala da milli şuraya istinad etdikdə, Parlament qeyri obşestvolardan çağırmaq
məcburiyyətində qaldı.
Nakazımız yoxdur
ki, hər bir uyezdən bir nəfər gəlsin. O uyezdən hər kəs gələcək gəlsin, hər kəs olacaqsa olsun, bir nəfəri
biz qəbul etməliyik.
Burada milliyyət gözləyibdə rus, müsəlman, ya erməni olması nahaqdır. Bir yerdə hər kəs seçilirsə, gələr.
Mənim xatirimə gəldi ki, Şamaxıda
ermənilər də
Naçarov nam mühəndisin Şamaxıdan
göndərilməsini istəyirdilər,
fəqət biz onları
otkaz eylədik. Zira qərar böylədir ki,
nə millət olursa-olsun, ancaq bir nəfər gəlsin" (yenə orada, s.338).
Əhməd Cövdət: "Bu üzvlərdən etimadnamələrinə
baxanda mərkəzi milli
şura zamanında qanuna riayət edirdik. Milli şura bir sənə əqdəm Parlament və hökumət təşkili üçün
bir qanunu qəbul etdi. Bu xəyalla ki, məclis müəssisan bir azdan sonra əmələ
gələr, məəttəssüf
tabehal yaman yaxşı işləyibki
də, məclis müəssisanımız əmələ
gəlməmişdir" (yenə
orada, s.341).
Mustafa Mahmudov: "Mən bir şey anlaya
bilmirəm, büdcə
komisyonunun vəzifəsi
nədir? Parlamentin vəzifəsi nədir? Büdcə komisyonunun vəzifəsi odur ki, hökumət tərəfindən
gəlmə layihələrə
baxır, düzəldir,
Parlamentə göndərir.
O da bir kiçik Parlamentdir ki, hər firqədən orada nümayəndə var. Əgər
bir şey lazım olsa idi, o kiçik Parlament təqyir və təbdil edər idi. Madam ki, o qəbul edib göndərib, bir böyük Parlamentdə aradan bir şey
çıxarmağınız, bu məbləğ yetər-yetməz bu bizim işimiz deyil (yenə orada, s.356).
Muxtar Əfəndizadə: "Möhtərəm
məbuslar! Biz yəqin
ki, əmir vaqiə qarşısındayıq. Bu saat
dokladdan məlum oldu ki, pullar kəsilib qurtarıb, biz ancaq təsdiq etməliyik. Gərək təsdiq edək. Qarayevin dediyi sözlərin bəzisi bir onun deyil,
bunlar cəmaətin fikridir. Bu sözlər yalan deyil. Pulumuzun
qiyməti düşmüş.
Buna çarə lazımdır.
Əhalinin halı təmin edilməlidir (yenə orada, s.377).
Mehdi bəy Hacınski: "Burada xalq məktəbləri
müəllimlərindən bəhs edilir. Və müəllimlər
ikiyə ayrılırlar.
Bu fəsildə senzavik,
yəni darülmüəllimin
və rüşdiyyə
məzunları qeyd edilmişlərdir. Aşağıda
bir maddə dəxi vardır ki, orada senzavik olmayan müəllimlərdən
bəhs olunur. ...Ona görə mən təklif edirəm 5 il müəllimlik etmiş xalq müəllimləri də 13-cüyə daxil edilsinlər. Çünki
doğrudur, onların
məzuniyyət şəhadətnaməsi
yoxdur; amma haman 5 il müəllimlik etməklə onlar öylə təcrübə
hasil edirlər ki, senzaviklər dərəcəsinə
gələ bilərlər".
Baş
nazir Fətəli Xan Xoyski:
"Möhtərəm Azərbaycan
parlamenti əzası!
Bugünkü gün Azərbaycan üçün
böyük, əziz,
mübarək gündür
ki, yuxumuzda görməzdik,
əqlimizə gəlməzdi.
Bu gün o gündür
ki, muxtariyyəti əlinizə
aldınız, hökumət
vəkaləti ilə
özümüzü də
sizinlə bərabər
təbrik edirəm (alqışlar). Hökumətin
borcudur, hüzurunuzda olsun, əski fəaliyyəti və hanki övza altında işlədiyini
sizə ərz etsin. Mən bu gün hər
nəzarət haqqında
sizə məlumat verə bilərəm. Mən bu gün
hökumətin tarixini
və nə kimi övza altında təşkil etdiyini sizə ərz edəcəyəm".
Aslan bəy Səfikürdski:
"Gözəl təklif
edildi. Şükürlər
olsun ki, şimdi biz burada yığılıb
danışa biliriz. O
qanlar ki, tökülməliydi,
bizi bu günə
çıxarmışdır və bayrağımızı
qaldırmışdır - onları unutmayalım. Hürriyyət və
inqilab şühədasının istirahət ruhları üçün təvəqqe
edirəm ayağa durasınız (hamı qalxır)" (A.Axundov.
Parlamentin dili / Azərbaycan Xalq Cümhuriyyəti (ədəbiyyat,
dil, mədəni quruculuq) - Azərbaycan Respublikasi Prezidentinin İşlər İdarəsi
Prezident Kitabxanası.
Bakı, "Qoliot Qkup" QSC, 2009, s.151-152).
Diqqət
etsək, çıxışçıların
nitqi ümumi bilik və mədəni,
dil və üslub səviyyələri,
eləcə də subyektiv amillərlə bağlıdır. Bəzilərinin
nitqi dilimizə yad görünən alınma
sözlər, izafət
tərkibləri ilə
zəngindir, bəzilərində
Azərbaycan dilinin morfoloji normaları türk dili normaları ilə əvəz edilir. "Sosialistlər"in, "Əhrar"
və "İttihad" fraksiyasından
olan parlament üzvlərinin nitqi
Abdulla Şaiq, Seyid Hüseyn, Cəfər Cabbarlı, Cəlil Məmmədquluzadə, Yusif
Vəzir Çəmənzəminlinin
dililə, eləcə
də sadəliyi və milliliyi ilə müasir dilimizlə səsləşir,
lakin qrammatik cəhətdən çox
vaxt onlar da osmanlı dili quruluşundan istifadə edirlər. Parlament iclaslarında müraciət
formaları, nitq etiketləri mənsub olduqları fraksiyaların
məramına uyğundur:
"Həzərat" (Q.Qarabəyov), "Möhtərəm
parlament əzası"
(A.Əfəndizadə), "Əfəndilər" (M.Ə.Rəsulzadə,
H.Sultanov, B.Kiçikxanov),
"Möhtərəm məbuslar",
"Möhtərəm əzalar",
"Möhtərəm məclis
əzaları", "Möhtərəm
Azərbaycan parlamenti əzası!" (Ə.Şeyxülislamov, F.Xoyski,
M.Əfəndizadə, Q.Qarabəyov),
"Möhtərəm parlament
üzvləri" (H.Ağayev)
və s.
(Davamı olacaq)
Nadir
MƏMMƏDLİ
Ədəbiyyat qəzeti.- 2024.- 29 noyabr, №46.- S.11.