"Toros
canavarı"nın vicdanı
"Toros canavarı"
Əziz Nesinin klassik dramaturgiyanın qanun-qaydalarına riayət edərək qələmə aldığı az sayda pyeslərindən biridir. Süjetin əsas qayəsi
özü-özlüyündə haqqı
çatdığı adicə dolanışığa nail
olmaq istəyən vicdanlı, zəhmətkeş insanlara
keşməkeşli həyat, qatillərə, dələduzlara,
oğrulara isə firavanlıq verən cəmiyyətin mənəviyyatsızlığına
sanki güzgü tutur. Gəncə Dövlət Milli Dram
Teatrının təqdimatında Əziz Nesinin heç bir
müəllifə bənzəməyən həm çox sərt,
həm də yumordan da xali olmayan sarkazmı əksəriyyəti
gənclərdən ibarət olan (tamaşa Mədəniyyət
Nazirliyinin "Bölgə teatrlarının Bakı
qastrolu" proqramı çərçivəsində
Dövlət Milli Gənc Tamaşaçılar Teatrında
oynanıldı - red.) tamaşaçıların əsərin
ruhuna uyğun reaksiyaları ilə müşayiət olundu.
Tamaşaya aid ilk parlaq, dolğun təəssüratı səhnənin
dekorasiyası yaratdı.
Haşiyə.
Ümumiyyətlə, bu təəssürat son vaxtlar
baxdığım tamaşaların hamısına aiddir -
dekorasiyalar aktyorlardan əvvəl "danışmağ"a
başlayır (və bu belə də olmalıdır,
quruluşçu rəssamlara "afərin"),
tamaşanın ərsəyə gəlməsində rejissorla
aktyor heyəti və aktyorların bir-biri arasında yekdilliyi
gözlənilibsə, tamaşaçıya təqdim edilən
hazır tamaşada dekorasiya-aktyor dueti səsləşir,
dekorasiya aktyor oyununu, rejissor yozumunu kölgədə qoymur, yox,
əgər bu zəruri yekdillik gözlənilməyibsə (bu
isə belə olmamalıdır), tamaşanın sonunadək
bizə əsərin ideyasının səhnə həllini,
müəllifin ismarıcını, süjetin qayəsini,
hadisələrin ruhunu ancaq dekorasiyanın "ifası"nda
seyr etmək qalır, aktyorların oyunu isə personajların
xarakterini açmaq əvəzinə, replikaları quru, ya da dəxlisiz
emosiyalar əlavə edib səsləndirməklə fon rolunda
çıxış edir. Bəxtimiz gətirsə, bir və
ya iki aktyorun vəziyyətin xilaskarı olduğunu görəcəyik,
amma təbii ki, tamaşanı bütünlüklə xilas etmək
bu halda mümkün deyil - sadəcə, həmin bir və ya
iki aktyor tərəf-müqabillərindən fərqli olaraq məşqlərin
artıq bitdiyinin, tamaşanın təhvil verildiyinin və
çoxsaylı tamaşaçı qarşısına
çıxdıqlarının fərqində olurlar.
Nuri
(Pakürəyin) Sayanerin Toros canavarına çevrilməsi
Çoxlu
sayda maskalarla ustalıqla davranan aktyor. Onun oyun tərzi məhz
bu təəssüratı bağışlayır. Cilddən-cildə
üzvi, harmonik şəkildə girməyi bacarmaq hər bir
aktyor üçün ən yüksək peşəkarlıq
pilləsidir. Və müxtəlif usta aktyorlarda bu keyfiyyət
özünü müxtəlif cür büruzə verir. Bu
sehrə vaqif olan aktyorların bir qismi sehrin gücünü
haldan-hala düşməsilə nümayiş etdirir, digər
qismi isə müxtəlif halların maskalarını bir-bir
canlandırır - əslində və prinsip etibarilə bu
sehrlərin hər iki təzahür şəkli eyni xassəlidir,
identik fabulaya malikdir, sadəcə, şəkli, fakturası,
forması fərqlidir.
Ola bilər
ki, tamaşa zəif olsun, amma İlham Hüseynovun bu müstəsna
aktyorluq istedadı və bacarığı sizə imkan verməyəcək
ki, tamaşanı yarımçıq qoyub zalı tərk edəsiniz
- o, qəhrəmanının ən müxtəlif vəziyyətlərinə
uyğun maskaları bir-bir sanki cibindən çıxarıb
hər birinə səhnə həyatı verir:
qayğıkeş ər, mehriban ata, məişət
qayğılarından üzülən doğmalarına səbirli
olmağı tövsiyə edən, Allahın onları
unutmadığına əmin olduğunu deyən təmkinli
ailə başçısı, başını marka,
ülgüc bükmələrinin kolleksiyasını düzəltməklə
qatan, ehtiyac yarandıqda, kolleksiyalarını satıb ailəsinin
ehtiyaclarını qismən ödəyən təqaüdçü,
on səkkiz ildən bəri kirayədə qaldıqları
evin azğınlaşmış sahibi ilə dil tapmağa
çalışan kirayənişin, "qanuni oğru"
statusuna "yüksəlmiş" alçaq bir canidə
rahat yaşamağın başqa yolu olmadığının
fərqinə varıb özü haqqında ondan da
bacarıqlı "qanuni oğru" təsəvvürü
yaratmağa cəhd edən bir Allah bəndəsi. "Toros
canavarı"nın hekayə versiyasında Əziz Nesinin qəhrəmanının
soyadı Pakürəkdir. Hekayəsini pyesə çevirəndə
personajının adını Nuri Sayaner qoyub. İlham
Hüseynovun Nuri Sayaneri əsərlərinin fikir, dil, üslub
səlisliyinə son dərəcə həssaslıqla
yanaşaraq asan oxunub, rahat başa düşülən ədiblər
sırasında özünün mötəbər yerini tutan
Əziz Nesinin az sözlə çeşidli mətləblərdən
bəhs etmək bacarığının canlanmış
obrazıdır.
Qara
yumor oyunu
İstanbulun
Maltəpə Bələdiyyə Teatrının baş
rejissoru Kubilay Erdelikaranın Gəncə Dövlət Milli
Dram Teatrının səhnəsində qoyduğu tamaşada həm
süjetin hekayə versiyasından gələn komiklik, həm
də pyesdə olan ironik dramatiklik gözlənilib. Tamaşada
keçən əsrin ortalarının İstanbul ab-havası
əlbisələrdə, dekorasiyada, musiqi tərtibatında və
ən əsası, tamaşanın ümumi ab-havasında
aydın duyulur. Lakin rejissor bu dəqiqliyi gözləməyə
də bilərdi, hətta gözləməsəydi, daha
effektiv olardı - qurduğu oyunu bütün zamanların və
bütün məkanların fərz edilib təsəvvür
oluna biləcək yolverilməz, amma gerçək halı
kimi təqdim edə bilərdi - yazılan və yazılmayan
insanlıq qanunlarının işləmədiyi, real canavar
xislətli məxluqlar əvəzinə, həbsə Nuri
Sayaner kimi dürüst insanların salındığı məmləkətlər
dünyanın hər yerində var. "Həbs" demişkən,
Əziz Nesin əsərində ən dəqiq, ən sərrast,
ən sərt ironiyasını elə bu məqamda ifadə
edir. Nuri Sayaner bir neçə il əvvəl Ankaraya gedərkən
qatarda kimliyini itirir, bu kimliyi həqiqi "Toros
canavarı" tapır və bir neçə il Nuri Sayaner
adı ilə yaşayır. Lakin bir gün həmin bu Nuri
Sayanerin "Toros canavarı" sanılıb həbsə
atıldığını qəzetlərdən öyrənir...və...
"vicdan" adlı məfhum "sükanı" öz əlinə
alır - "Toros canavarı" adlı qanuni oğrunun
vicdanı yol vermir ki, Nuri Sayaner adlı vicdanlı bir vətəndaş
onun əvəzinə həbsdə çürüsün və
hüquq-mühafizə orqanlarına təslim olur. Burada bir
mistika da axtarmaq və hətta tapmaq da olar: Nuri Sayanerin kimliyi
ilə bir neçə il yaşayan "Toros
canavarı"nın xislətinə kimlik sahibinin vicdanlı
olmaq keyfiyyəti hopub, sanki. Amma Əziz Nesin heç cürə
sakitləşə bilmir, dünyanın gərdişinə tənqidi
nəzərlərini heç bir vəchlə dəyişmir
ki, dəyişmir: çox da ki "Toros
canavarı"nın vicdanı situasiyanı öz əlinə
aldı, əvəzində, Nuri Sayanerin ailəsi "Toros
canavarı"nın ailə üzvləri olmaları ilə
qürur duyub bunun bütün maddi və mənafe
üstünlüklərindən yararlanmağı ailə
başçısının günahsız həbsə
atılmağının təəssübünü çəkib
onun azadlığa çıxmasına nail olmaqdan
üstün tutur...və... bu məqam Nuri Sayaneri canavara
çevirir. Qara yumor oyunu belə başa çatır. "Təəssüf
ki..." yazmayacam. Pakürəkli gözəl insanların
canavara çevrilməsinin mümkün qədər az baş
verməsinə hər birimizin öz töhfəmizi verməyin
məsuliyyətini anlamağı yazıram. Tamaşanın
zala ötürdüyü ismarıc da elə bu idi,
çünki.
Samirə
Behbudqızı
Ədəbiyyat qəzeti.- 2024.- 29 noyabr, №46.- S.13.