Səlim Babullaoğlunun "İyul"u
Səlim
Babullaoğlunun "İyul"
şeiri onun 13 şeirlik "İlk hərfi
itmiş cümlə"
kitabında xüsusi imtiyazlı, 7-ci yer tutur; bu anlamda
simmetrikdir. Elə indi bir neçə
vacib qeyd də eləmək lazımdır: əvvəla,
kitab həm də
"poetik təqvim"dir,
ikinci başlıqları
miladi kalendardakı ayların adını daşıyan 12 şeirdən
başqa hicri təqvimin xüsusi ayının - "11 ayın
sultanı" Ramazanın
adıyla da bir şeir var ki, həmin şeirin əsas adı, başılığı
belədir: "Əvvəlinci
ayın şeiri".
Nəzərə alsaq
ki, hicri təqvimdəki
hər bir ay bizim işlək, cari miladi kalendarda
hər il 10 gün yer dəyişdirir, onda bu dediklərimiz,
yalnız bir şeirindən bəhs edəcəyimiz kitabın
orijinal strukturu ilə bağlı ilk və bəlkə də ən vacib qeyd olacaq.
Şeirin
süjeti ilk oxuda çox adi görünür, sadədir:
şair kafedə əyləşib və dostuna məktub yazır, bir az özündən, bir az onu
və bizi əhatə edən məişətdən yazır,
dostunun işləriylə,
sağlamlığı, qayğılarıyla
maraqlanır, hansısa
tövsiyələr verir,
nəsihət edir.
Amma 190 misralıq bu uzun şeirin son sətirləri qəfil üzə çıxarır
ki, şair güzgü
qarşısında əyləşib
özünə məktub
yazırmış:
Mənsə həmin kafedə,
Qarşıda kirli güzgü,
Sənə yazırdım, dostum...
Beləliklə, biz dərin refleksiv
mətnlə (qədim
latınca "reflexio"
- "geriyə, keçmişə
ismarış"dir) üz-üzə
qalırıq ki, buradakı
refleksiya yalnız şüurun öz-özünə
müraciəti, qayıdışı
deyil, həm də şeirin oxucunu təkrar, ikinci, bu dəfə
isə final puantı
- tapmacanın mabədini
ağlında tutaraq oxuya sövq etməsi(ndə)dir.
Yaxşı şeir ("İyul"
isə məhz belədir) həm də həmişə ötürülən informasiyanın
vacibliyini nişan verən təkrarlar sistemi kimi təşkil
olunan şeirdir. Struktur səviyyəsində
ritmik payların təkrarı - ölçü,
fonemin təkrarı -
alliterasiya, misranın
sonunda səsləşmənin
təkrarı - qafiyə,
qafiyə sxeminin təkrarı - bənd,
"yad sözlər" - intertekstuallıq yaradır.
Hər şeyi bir qədər sadələşdirsək, belə
demək olar ki, yaxşı mətn təkrar oxumaq istədiyin mətndir.
"İyul" yeddiliklə
yazılıb, Azərbaycan
şeirinin ən nəğməli, xəlqi,
"uşaq" ölçüsüylə.
"Ölçüylə hüdudlanmış, ram edilmiş
kədər barışqanlıq
və təvazönün,
hətta bəlkə də bütün şeir sənətinin cari təyini, adı deməkdir".
Oden haqqında Brodskinin
bu sözlərini Səlim Babullaoğluya, xüsusən də, "İyul" şeirinə
aid eləmək olar.
***
Yeri gəlmişkən, "İyul"un
strukturu, bəlkə bir az da arxitektonikası
ilə bağlı daha bir neçə
qeydi də yazının elə bu yerindəcə qeyd eləmək yerinə düşər.
Artıq deyildiyi kimi, bu uzun
şeir "ənənəvi
yeddilik"lə yazılıb;
amma məsələ budur ki, Babullaoğlu həm də ənənəni pozub, adətən çarpaz və ya paralel
qafiyə sxemi ilə yazılan yeddilik və 4 misralıq bəndlərə
5-ci misranı əlavə
edib. Yox, bunun Azərbaycan şeirində, ədəbiyyat
tarixində rast gəlinən "beşlik"lə
əlaqəsi yoxdur.
Bu sonuncu, beşinci misra ilə 4 misranın (vərdiş edilmiş bəndin) arasında birsətirlik ara, interval var. Məhz o
"təklənmiş" beşinci mirsa çox vaxt (demək olar, həmişə) əvvəlki
dörd misralıq bəndin əsas əqli nəticəsini ya ifadə edir,
ya da əgər etmirsə, demək, bir sətir əvvəl söylənmiş
bəzən sual, bəzən qətiyyətli
nida kimi əvvəlki mətləbləri
mütləq hədsiz
gücləndirir; yaxud
ona xəfif ironiya dolu kədər
gətirməklə hissi
mənada bitkinləşdirir.
Hərçənd maraqlıdır
ki, "İyul" həmin
o tək misralar da olmadan oxuna bilir,
amma oxunarsa, şeirin ovqatı, hissi çaları mütləq dəyişmiş
olur. Sanki müəllif
özü o tək misradadır, bütün şeirin canına hopmuş tənhalıq o tək misrada həm də vizual olaraq görünür.
Elə bil, dünya o dörd misra, təklənmiş, tənha adam - müəllif isə o tək misradır, dünyadan bir sətirlik ara ilə uzaqda dayanıb.
Məqamıdır, deyim: Səlim Babullaoğlu əvvəlki
poetik təcrübələrində
bəzən 21-lik, 25-lik, 27-lik və daha artıq
hecalarla qafiyəli şeirlər və verlibrlər yazıb (4 versiyada qələmə alınmış uzun
"IX hissə"də olduğu
kimi) ki, bu da Azərbaycan şeirində
ona qədər rastlanmayan hadisədir. Elə həmin "IX hissə"də Səlim
Babullaoğlu ənənəvi
yeddilikdə yazılmış
formalarla, konkret desək, onların ən bilinən növlərindən olan bayatıyla eksperiment edib, uzun misraların
xeyli "yorucu" oxusundan sonra oxucu üçün balaca, fərqli nəfəslik açıb:
Dağlarda duman var,
Bir özgə güman var.
Yun kimi didilər,
Hələki aman var.
Sanki bayatıdır, amma 7-lik yox, 6-lıqdır.
Deyilənləri belə ümumiləşdirmək
olar: Babullaoğlunun poetik kredosu həm də milli şeir vərdişlərini,
klişe halını
almış ölçü
və sxemlərini inkarla yox, onlara
əlavələr etməklə
pərvəriş tapır
ki, "İyul" da bütünlüklə
belədir.
***
Və
biz "İyul"u ikinci,
bu dəfə isə ismarıc kimi yox, özünəismarıc,
özünün özünə
məktubu kimi oxuyuruq. "Polkovnikə heç kim yazmır"da (təkcə
Markesin povesti yox, Səlim Babullaoğlunun şeir toplularından biri və o topludakı bir şeir də
belə adlanır) o özü-özünə yazır.
Özün üçün
gələcəyə məktub
- psixoterapevtik metodlardan
biridir. Amma şairçün
gələcək - bu
daim(i)dir,
"çünki şeir
heç vaxt köhnəlməyən xəbərdir"
(deyəsən, Ezra Paunddandır).
Xəbərlə bağlı
bu sitatın "İyul"un ilk bəndində
bəraəti də
var:
Bu adi sətirləri
Sənə həmin kafedən
Qəzet
üstdə yazıram...
Bu sətrlər həm də eyham edir
ki, qarşımızdakı palimpsestdir - qədimdə
daha əvvəl bir dəfə eyni məqsədlə istifadə edilmiş perqamentdəki yazı, əlyazma məhz belə adlanırdı.
Postmodern çağda isə
palimpsest ümumiyyətlə mədəniyyətin sinoniminə
çevrilib. "İyul"un
birinci və sonuncu bəndləri, sətirləri məna qafiyələri təşkil
edir: daha əvvəl ağ, təmiz kağız olmuş qəzet səhifəsi "kirli güzgü" ilə qafiyələnir.
Özünəisamrıc janrı avtoepitafiya (=özünə
ağı) ilə qohumdur. "Avtoepitafiya daha çox səyyaha, yolçuya, yoldan ötənə müraciətdir ki, yaxınlıqdan
ötənlərə xitablarla
bəzənən məzar
daşları hələ
antik dövrdə dəbdəydi..." .
"İyul" da belədir, həm müəllifin öz-özünə, həm
də kitabı tən ortadan açan təsadüfi oxucuya müraciətdir.
Refleksiflik/reflektivlik , keçmişə ismarıc, güzgülülük
"İyul"un bütün
quruluşuna sirayət
edib.
İkinci
bənddə oxuyuruq:
Beş milyonluq bir şəhər:
Yəni
çoxalmışıq biz.
Sayımızla sərasər
Artıbdı təkliyimiz.
"Güzgülər və cinsi əlaqə iyrəncdir, çünki
adamları çoxaldır"
deyə Borxes yazırdı.
Oxuya davam edirik:
Efirdə
nə ikona,
Nə
Quran yazısı var.
Reklam olunur kola,
Mavilər, narıncılar,
Okey, mersi mikonəm...
Televiziya,
televizor peyda olandan sonra güzgünün
daha bir görünən metaforası
aşkarlandı. Fars dilindəki
"mikonəm", Quranın
və kolanın xatırlanması, on-on beş
ilə əvvəl yayılmış bir
"memi" yada salır:
İranda bir konspiraloji nəzəriyyə,
fikir meydana atılmışdı ki, guya
"geriyə, yəni
güzgüvari oxunan
"Coca cola" yazısı, "Məhəmməd yoxdur, Məkkə yoxdur" sözlərini əmələ
gətirir.
Bir bənd sonra oxuyuruq:
Otuz gümüşə satdı,
Eh, Məsihi İuda.
Bu sətirlər "İyul"un
"güzgülüyü" anlamında "Varnava İncili"ni xatırladır.
Bu apokrifə görə
İsa çarmıxa çəkilməmiş,
onun yerinə həbs zamanı özünün də xəbəri olmadan İsanın görkəmini
almış, hətta
onun səsiylə danışan İuda (İskariotlu Yahuda) edam edilmişdi; İsanın özünü isə dörd mələk diri, sapsağlam üçüncü göyə
(göyün üçüncü
qatına) götürmüş,
qaldırmışdılar (215 fəsil).
İki bənd sonra oxuyuruq:
Dost dostun güzgüsüdür.
Dərin
inanca sahib şairin şəxsiyyəti, kimliyi
bu sətirləri sufiyanə yozuma yol açır: Allah və ona iman
edən - bir-birini əks edən güzgülərdir. Üstəgəl,
Rumi və Şəmsin
də dostluğu yada düşür. Bu allyuziya
bir neçə bənd sonra rast gəlinən "aşıq" və
"məşuq" sözləri
ilə təsdiq olunur.
Növbəti bənd xüsusən
diqqət çəkir:
Yazma, qonşu otaqda
Həmkarların... hər nəysə...
Təki
onlar yarısın:
Hətta
yanlış xəbərlər
Ünvanına düz çatsın...
Semiotik nöqteyi-nəzərdən əlaqə
kanalından keçərkən,
"səs-küy basqısı"na
məruz qalmaqla təhrif olunan istənilən informasiyanı
"göndərən" və "qəbul edən" vardır. Göndərilən sözlə
qəbul edilən söz prinsipial olaraq bərabər deyillər. Amma yalan, yanlış informasiyaya tuşlanmış əyri
güzgü metaforası
paradoksal şəkildə
bu yalanı həqiqətə çevirir.
Növbəti bənddə şair
yazır:
Yaz ki, qadının susur,
Deməli,
sevir hələ.
İkiməchullu düstur
Pozulmayıb məhlədə,
yaz ki, sən də sevirsən.
Qadın
və kişi fiqurundan ibarət tənlik: x=y. Yenə də bərabərlik işarəsinin yaratdığı
güzgü effekti. Başqa tərəfdən,
gənc, yeniyetmə sevgililərin öz adlarının baş hərflərini yazdıqları,
bərabərlik işarəsindən
sonra ürək şəkli cızılan
divar yazılarına az rast gəlməmişik...
Allah və insan arasındakı
sevginin güzgü əksi ər-arvad arasındakı sevgidir həm də.
Bir bənd sonra oxuyuruq:
Söylə, yenə xəritədə
Öz ölkəni görürsən.
Coğrafi xəritə - müəllifin
çox sevdiyi vətəninin kiçildilmiş
miqyasda əks olunan daha bir
güzgüsüdür.
Çoxşəkilli güzgü simvolikası "İyul"da
özünü bütünlüklə
faş edir. Bu simvolu, bu rəmzi
həm müsbət, həm də mənfi tərəfdən
yozmaq olar. Məhz bu çoxşəkillilik,
hətta bəzən təzadlılıq yaxşı
şeiri yalnız biryozumlu olan pis şeirdən fərqləndirən cəhətdi
və öz növbəsində, şeiri
poeziya məkanından
alıb birgünlük
qəzet yazısı
(informasiyası) olmaqdan
qoruyur da.
Bəzən güzgü "İyul"da
bəd, öz sonunu tanımayan məchul sonsuzluq kimi də çıxış
edir. Ancaq Babullaoğlu inanclı adamdır, Başlanğıca
və Sona inanır.
Bu bəd sondan və sonsuzluqdan qaçışın yerüstü
imkanlarından biri də imtinadır:
Eləcə gözünü yum...
Ya da:
Suyu bağla və yetər...
Sona doğru güzgülülük
yeni yarımçalarlar qazanır.
Bir ailənin üç
nəsli - şairin atası, anası, özü və xanımı, oğlu və qızı birini əks edirlər.
Güzgü arxasında saflıq
boylanan açıq qapılara dönür:
Yaz ki, hələ qapılar
Açılır və örtülür.
Qapıların dalında
Totuq körpələr gülür,
Yatır
yumaq qarılar...
Bu uzun şeirin bütününə sakit
bir alicənablıq, vasitəli nitqlə ifadə olunan ritorika xasdır: şair özü haqqında "mən"siz
danışır, sayıqlıqla
məsafə saxlayır,
xoşagəlməzliklərdən "yazma ki" deyərək bəhs edir.
"İyul"da sualla bitən bir neçə poetik fraza var ki, onlardan ən vacibi budur:
Bəlkə, qaçaq günahdan?
Bu sual daha əvvəl
rast gəlinən, yerüstü, məişət
zəminində - borcların
yazıldığı dəftəri
nəzərdə tutaraq
xatırlanan "qara dəftər"lə möhkəmlənir.
Amma şairin böyüklüyü
ondadır ki, o adi, yerüstü detallar və ifadələrlə
daha böyük ideyalara, şəraitə
işarə edir. Və belədə, "qara dəftər" mələklərin sol çiyinlər
üzərində qeydə
aldığı günah
siyahısında allyuziya
kimi görünür.
Beləliklə, əsas sual səslənib, verilib. Amma
ona cavab da verilib. Dostluq, Allaha, yaxınlara, vətənə və sözə sevgi şairin qəlbini kamillik dərəcəsində
işıldadır, dünyanı
eybsiz göstərən,
görən ilahi güzgüyə çevirir.
Bunun sonuncu əlaməti isə haqqında geniş bəhs etdiyim "İyul" şeirinin şairin 38 yaşında 38 (4+1 misralıq)
bənddə yazmasıdır.
Yəni, sonuncu güzgü: ya ömrün mətndə inikası; ya da mətnin ömürdə
əksi.
Nicat MƏMMƏDOV
Ədəbiyyat qəzeti.- 2024.- 29 noyabr, №46.- S.14-15.