İyul
Adətən
şeirləri
yazırlar ağ səhifədə.
Bu adi sətirləri
sənə həmin kafedən
qəzet
üstdə yazıram.
Beş
milyonluq bir şəhər:
yəni
çoxalmışıq biz.
Sayımızla sərasər
artıbdı təkliyimiz -
xüsusən
də gecələr,
adamlar
köç edəndə
yerin həndəvərindən
vəhşi yuxularına,
anlayırsan dərindən
onların
xorultusu sözütək mənasızdır.
Yalquzaqtək
bir ağız
ulamaq keçir onda
könlündən, amma kağız
yazıqdır və dilsizdir.
Və beləcə
batırıb səsini öz içində -
o
böyük, qərib Çində
söz edirsən söyüşü.
Bilirsən ki, çoxunun
öz-özüylə döyüşü
bitibdi
başlamadan, indi isə bax, budur
efirdə
nə ikona,
nə
Quran yazısı var.
Reklam olunur kola,
mavilər, narıncılar,
okey, mersi
mikonəm.
Məddahlar
bağ evində,
Nəsimi
Hələbdədir.
Həyatda və "fm"də
yalnız
səs-küy dəbdədir,
ucuz rep və
meyxana.
Otuz
gümüşə satdı,
eh, Məsihi İuda.
Maliyyə böhranıdı
ölkədə və dünyada
-
şərhə
varmı ehtiyac?
Düzü,
kefim və halım,
Əslində belədir, bax.
Şükür ki, sağdır hamı,
Qalanı
hamam və tas,
şəhər...
tünlük... basabas...
Odur ki
yazma sən də
dünyadan və ölkədən.
Kefim bir az düzələr
belə
olsa, bəlkə də:
dost dostun
güzgüsüdür.
Söhbətə
başqa söhbət
dostum, qatıb da yazma.
Yaz: uşaqlar necədir,
keçib getdimi astma?
Dərmanların
bitdimi?
Yaz ən adi şeylərdən,
qızılgül gərdisindən.
Nəbadə yazmayasan
fələyin gərdişindən,
bunu nənəm
də bilir.
Yaz ki,
saçın uzanıb,
tüklənib arıq üzün.
Tükənibsə də pulun,
qara dəftər ki durur,
hər
gün bərbər günüdür.
Yazma,
açıq krandan
gecə
su damcılayır;
tappatuplar,
qorxular
içini qamçılayır -
suyu
bağla və yetər.
Bəlli
ki, hər saz çalan
Ələsgər, Cünun deyil.
Yediyimiz
çörəkdə
hər şey su və
un deyil,
od, zəhmət,
Yaradan var.
Sanma, səni bir kimsə
nə anlayır, nə duyur.
Hər bir bilməyin altda
bir az günah uyuyur;
bəlkə,
qaçaq günahdan?!
Onsuz da
döyənəklər
iş nədir - yaxşı
bilir.
Ürək - döyünməkdirsə,
yalnız
saatdır, demək -
olmasaydı
ağrılar.
Yaz ki,
uşaq paltarı,
bax, hələki ipdədir,
guya qara sancaqlar
paltarları dişlədi
və sən
də ufuldadın.
Yazma,
qonşu otaqda
həmkarların... hər nəysə...
Təki
onlar yarısın:
hətta
yalan xəbərlər
ünvanına
düz çatsın.
Sorma insan
haqları,
terror, rejim və sair.
Nolar, yaz Müşfiq kimi
bir az aşiqə dair,
bir az məşuqa
dair.
Yaz ki,
qadının susur,
Deməli,
sevir hələ.
İkiməchullu düstur
pozulmayıb məhlədə,
yaz ki, sən
də sevirsən.
Yazma ki,
qan axıtdıq,
demə
buymuş istiqlal.
Yaz ki, göydə hilal var,
var yerdə isti qumsal.
dərin
bir ayaq izi yazma ki, yoxdu, dostum.
Söylə, yenə xəritədə
öz ölkəni görürsən.
Sən də Sərhəd kişitək
bundan
qürrələnirsən.
Bundan
yaxşı nə var ki...
Yazma, qonşu hasardan
görünən kənd evləri
kasıb,
nimdaş, uçuqdur,
dərdlidir sakinləri.
Yaz ki,
xoşbəxtdir onlar.
Yazma, mavi
Mərmərə
dönüb qan çanağına.
Ay, qumsallıq, mənzərə
insan qanacağına
hələ
çox umudludur.
Yaz ki,
günəbaxanlar
sarıdır, qürurludur.
Yaşıl boranı tağda
dünya
kimi yumrudur,
həm də
sülh içindədi.
Yaz,
dostlar qocalmayıb,
qamətləri dimdikdir.
Yerişləri yorğadır,
burunları dimdikdir,
şığıyırlar
qırğıtək.
Yazma, isti
bezdirib,
göz deşir yenə xəzri -
unutma, yaydır, dostum,
eləcə gözünü yum,
düşün
ki, əsməlidir.
Yaz ki,
qayınatanın
çayında yarpız da var,
bostanında qarpızlar.
Üstündəki zolaqlar
görüşür
saplağında.
Nolar,
danadişilər
qoy gəmirsin ləkləri.
Axı çağdır damağı
arıyla
böcəklərin,
oxuyurlar
sevgiylə.
Yazma,
artıb qayğılar,
demə:
dünya fanidir.
Mənası başqalaşar,
sözləri tək-tək dindir:
dünya...fani...qayğı...çox...!
Yaz ki,
aslan oğluna
öyrətmisən üzməyi.
Yaz, öyrədib anası
qıza
naz eləməyi
köynəyi
tikə tikə.
İş
görür uslu-uslu,
yaz ki, ayüzlü anan.
Yaz, zəhmkar duruşlu
atan gizləmir artıq
yuxa qəlbini
səndən.
Yaz ki, hələ
qapılar
açılır və örtülür.
Qapıların dalında
totuq körpələr gülür,
yatır
yumaq qarılar.
Nə qədər bir kimsə var
yaz ki,
yada salmağa
tənha
deyil adamlar,
heç
kim unudulmayır:
sən də,
mən də, onlar da.
Yaz,
samovar istidir,
dikdir şamtək ağ tüstü.
Meynəlik divar dibi
bu sərin axşamüstü
gözləyir
qonşuları.
Dolu
yaşandı iyul,
yaz: yazı tək sətriylə.
Qönçələr də duyulur
çəməndə gül ətriylə,
hətta gendən,
uzaqdan.
Adətən
ağ səhifədən
yazırlar... eh, nə fərqi...
Mənsə həmin kafedə,
qarşıda kirli güzgü,
sənə yazırdım, dostum.
Səlim Babullaoğlu
Ədəbiyyat qəzeti.- 2024.- 29 noyabr, №46.- S.15.