Mühacirət tarixi məktublarda
Ramiz Abutalıbovdan Abbas Zamanova
Dövlət Ədəbiyyat və
İncəsənət Arxivində
mühafizə edilən
Abbas Zamanov fondunda mərhum diplomat, tarixçi
Ramiz Abutalıbovla görkəmli
ədəbiyyatşünas alimin bir sıra
məktublaşmaları mövcuddur.
Hər iki şəxsin hələ sovet dövründə Azərbaycan mühacirləri
ilə maraqlanmaları,
diplomat olduğu üçün
Ramiz bəyin onlarla gizli və ya
açıq şəkildə
görüşməsi faktının
mövcudluğu bu gün bu məktubların
mətnini daha da maraqlı etməkdədir.
1976-1977-ci
il tarixli qovluqda qorunan məktubun birində R.Abutalıbov
Əli bəy Hüseynzadənin oğlu
Səlim Turanla görüşü barədə
Abbas bəyə məlumat
verib:
"...Bu
yaxınlarda Səlim Hüseynzadə ilə görüşdüm. Onun
sizə bir xahişi var. Vaxtı ilə o, sizə bir məcmuə verib. Həmin məcmuədə onun atası Əli bəy haqqında bir məqalə var. Məqalənin müəllifi
türk alimi Hilmi Ziya Ülkendir.
Çox xahiş edir, həmin məqalənin surətini
çıxarıb ona
göndərəsiniz... Bu ilin
yanvar ayında Səlim və Şaikə xanım bizim konsulxanada olmuş, Bakıya gəlmək üçün
lazımi anketləri doldurub yanvarın 31-də
sifarişli məktub ilə Şəmsəddin
müəllimə göndərmiş.
Əgər yeni bir xəbər varsa, qoy Şəmsəddin müəllim Səlimə
məktub yazsın".
H.Z.Ülken Əli bəy haqqında iki məqalə yazıb. "Professor Əli
Turanın 1926-da Bakıda
toplanan I Türkoloji Qurultayda tutduğu qeydlərdən" adlı
məqaləsi 1964-cü ildə
Ankarada Türk Tarix Qurumunda, "Türkçülüyün və
türk sosializminin atası Əli Turan" adlı məqaləsi isə
1970-ci ilin yanvar ayında "Yeni insan"
jurnalında işıq
üzü görüb.
Eləcə də onun məşhur "Türkiyədə çağdaş
düşüncə tarixi"
kitabında da Əli bəy haqqında məqalə vardır.
Abbas Zamanov 7 may 1977-ci il tarixli məktubunda Ramiz bəyə
cavab göndərib:
"Bakıda olmadığım
üçün sənin
məktubunu ancaq mayın 5-də oxuya bildim... Səlimin istədiyi məqalənin
surətini sənin adresinə göndərə
bilərəmmi? Çünki
onun məndə olan adresinə qabaqlar məktub yazardım, cavab gələrdi. Sonra cavab gəlmədi. Əgər
adresini dəyişdirmişdirsə,
təzə adresini mənə bildirin. Səlim narahat olmasın. Mənə verdiyi tabloları da, atası haqqındakı məqalələri də
əmanət kimi saxlayıram. Səndən
məktub alan kimi məqalələrin foto surətini dərhal göndərəcəyəm.
Şəmsi Hüseynzadə
Səlimin və Şaiqə xanımın
Bakıya səfəri
haqqında materialları
almış, müvafiq
sənədləri düzəltməklə
məşğuldur. Hazır
olan kimi göndərəcəkdir. Səlimə
məndən salam söylə, de ki, mən onu Bakıda yaxın bir dost kimi qarşılamağa hazıram. De ki, bizim gözəl Azərbaycan onun üçün çox maraqlı olar. Onun Azərbaycanla
tanış olması
üçün biz hər
şeyi edərik..."
Ramiz müəllim 20 may 1977-ci ildə
Parisdən Abbas müəllimə
yolladığı məktubunda
Səlim Turanın istədiyi materialları Bakıya gəlib qayıdacaq həyat yoldaşı Tamilla xanımla göndərməsini
xahiş edib və bildirib: "Səlim və Şaiqə xanım sentyabr ayında Bakıya getməyə hazırlaşırlar. Yaxşı
olardı ki, onlar Bakıda olduğu zaman Azərbaycan Xarici Ölkələr ilə Dostluq Cəmiyyətində
Səlimin balaca bir sərgisini təşkil etmək. Əgər bu iş çətindirsə,
onda lazım deyil".
Məktubunun davamında Ramiz bəy
Topçubaşı ailəsi
haqqında da məlumat
verib: "Fevral ayının 9-da Ələkbər
Topçubaşı rəhmətə
getdi. Ancaq təəssüf ki, onun arxivini Bakıya göndərmək məsələsini
həll edə bilmədim. Axır vaxtları buna meyli var idi, ancaq qəflətən
vəfat etdi. Qardaşı və bacısı isə Ələkbərin bütün
kitabxanasını Şərq
xalqları muzeyinə
hədiyyə verdilər...".
20 iyul 1977-ci il tarixli məktubunda Ramiz müəllim
Abbas Zamanova yazıb:
"...Bir neçə gün
bundan əvvəl Səlim və Şaiqə xanımı gördüm. Bakıdan onlara məktub gəlib. Ancaq evdə olmadıqlarına
görə poçtalyon
qaytarıb məktubu poçtaya. Ertəsi günü Şaiqə xanım gedib poçtaya, ancaq məktubu tapa bilməyib. Deməliyəm ki, fransız
poçtu çox pis işləyir və görünür, məktubu itiriblər. Zəhmət olmasa, Şəmsəddin müəllimdən
soruşun, əgər
məktubun içində
dəvətnamə idisə,
onda qoy dublikatını göndərsin..."
Ramiz müəllimin 22 oktyabr
1978-ci ildə göndərdiyi
məktubunda Səlim Turanın Bakıya səfəri ilə bağlı yeni bilgilər
verilib: "...Səlimin
Bakıya gəlməsi
yenə təxirə salındı. Bu ilin iyun ayında Səlim bir böyük heykəl yaratmağa sifariş alıb. Bununla indiyə qədər başı qarışıqdır.
Deyir ki, gələn
il turist kimi Bakıya gedəcəyik. Mənə elə gəlir ki, maddi vəziyyəti və səhhəti də getməyə mane olur. Tez-tez xəstə
olur, mənə aylar ilə telefon eləmir. Mənim də işim çox olur, onlara getməyə
vaxtım olmur..."
16 mart
1979-cu ildə Ramiz bəy
Parisdən göndərdiyi
açıqcada Abbas Zamanovu
Novruz Bayramı münasibətilə təbrik
edib, Səlim bəyin gəlişi məsələsinə toxunub:
"Səlimi gördüm,
bizim konsulluqdan lazımi anketləri alıb ona verdim.
Söz verdi doldursun və Bakıya Şəmsəddin
müəllimə göndərsin".
Təəssüf ki, bütün bu
cəhdlərə rəğmən
Səlim bəyin Azərbaycana gəlişi
mümkün olmayıb.
İstanbul
Paris arasında bir həyat
Əli bəy Hüseynzadənin oğlu Səlim Turan 1915-ci il mayın 27-də
İstanbul şəhərində doğulub. Orta təhsilini Bəyazid Nümuneyi-Zükur məktəbində,
ardınca Qalatasaray liseyində alıb.
İstanbul Gözəl Sənətlər
Akademiyasını (1935-1938) bitirib. Bu akademiyada əvvəlcə Feyhaman Duranın, sonra Leopold -Levynin tələbəsi olub. 1939-dan etibarən rəsm müəllimi olaraq məktəblərdə
çalışıb. 1941-də Xalq evlərinin təşəbbüsü ilə
rəssamlar müxtəlif
vilayətlərə gedərək
seçdikləri mənzərələri
tablolara köçürərək
geri dönüblər.
Yaradılan əsərləri
jüri dəyərləndirib,
Səlim Turanın Muğlada çəkdiyi mənzərə birinciliyi
qazanıb. Bu əsər
Çankayadakı Prezident
köşkünə ərməğan
edilib. 1941-ci ildən Yenilər Qrupunun ilk sərgisinə, xarici gəzintilərə, dövlət
rəsm və heykəl sərgilərinə
qatılıb. 1947-ci ildə
Fransa hökumətinin
tələbə təqaüdünü
qazanaraq Parisə gedib. 1947-ci il aprelin 1-də
Parisdə Ekol-De-Boze Ali Rəssamlıq Məktəbində rəngkarlıq
və heykəltaraşlıq
ixtisasları üzrə
təhsil alıb. Səlim bəy rəngkarlıq, heykəltaraşlıqla
yanaşı, miniatür,
təzhib, əbru kimi ənənəvi sənətlərlə də
məşğul olub.
Rəisül-Xəttat Hacı
Kamil Əfəndidən (Kamil Aktik) xətt, İsmayıl Altunbəzərdən
təzhib, Nəcməddin
Oxyaydan əbru və cild dərslərini
alıb. Fatih divanına miniatürlər
çəkib. Turan Parisə gəldikdən sonra o dönəmdə türk aydınların qaldığı Schola Cantorumda
yaşayıb. Parisdəki
rəsm mühiti onu heyrətləndirib və bu barədə
açıq şəkildə
yazıb: "Biz burada
(İstanbulda) rəsm
öyrəndiyimizi zənn
edirdik. Və orada (Parisdə) yenidən başlamaq məcburiyyəti hasil oldu. Türkiyədəki müəllimlərimiz yaxşı,
akademik baxımından
qənaətbəxş idi.
Fəqət buna baxmayaraq
rəsm görmək çətin idi. Muzey deyə bir şey yoxdu.
Bəzi rəssamları
reprodüksiyalarla tanıyırdıq".
Səlim
bəy Parisdə ikən gənc sənətçilər olan
Georges Mathieu, Camille Bryen kimi
rəssamlarla münasibət
qurub, onlardan təsirlənib. 1948-ci ilin
oktyabrında Galerie des Deux İlesdə
açılan La Rose des Vents qrup sərgisində Səlim bəyin də əsərləri
ilk dəfə olaraq sərgilənib. Səlim bəy Parisdə ilk sərgisini 1950-ci ildə
Galerie Breteauda açıb.
Bu illərdə Parisdə
müəllimliklə də
məşğul olan Səlim Turanın
1956-cı ildə Galerie Cravendə
ikinci sərgisi baş tutub. Səlim bəy ardınca 1956-cı ildə
Londonda Obelisk Gallerydə,
1957-ci ildə Brüsseldə
Galerie Europedə, 1958-də yenidən Parisdə Galerie
Cravendə sərgi açıb. Səlim Turan 1963-cü ildə Türkiyə vətəndaşlığından
çıxarılıb. 1979-cu ildə uzun davam edən mücadilədən sonra yenidən vətəndaşlıq
qazanıb. Özünün
də yazdığı
kimi yenidən vətəndaşlıq qazandıqdan
sonra Səlim bəyin həyatı Paris
və İstanbul arasında
keçib. S.Turan
Şaiqə xanımla
ailə həyatı qurub. O, 13 oktyabr 1994-də
Parisdə vəfat edib, cənazəsi ayın 26-sında Türkiyəyə
gətirilib, 27-si günü
İstanbulun Atatürk Kültür
Mərkəzində törən
keçirilib, Təşviqiyyə
Camesində qılınan
günorta namazından
sonra Qaracaəhməd
Çiçəkçi məzarlığında
atasının məzarında
dəfn edilib.
Ramiz bəy diplomat kimi Parisdə işləyərkən
Səlim bəylə tanış olub. 9 oktyabr 2018-ci ildə Ramiz bəy Səlim Turanın ona hədiyyə etdiyi kiçik ölçülü
Əli bəy Hüseynzadənin fotoşəklini
böyük lütfkarlıq
göstərərək mənə
bağışladı. Abbas Zamanovun arxivindəki Ələkbər Topçubaşıya
aid fotoşəkli də,
ehtimal ki, ona Ramiz bəy göndərib. Hər iki şəkli
dərc edirik.
Baninlə bağlı məktublar
Ramiz Abutalıbov Parisdə olarkən yazıçı
Baninlə də sıx münasibət qurub, ömrünün axırlarında onun Azərbaycanla bağlı
məqalələrinin hazırlanmasında
iştirak edib. 24 fevral 1988-ci ildə Abbas Zamanova yazdığı məktubunda bildirib:
"...Ümbülbəni xanım
haqqında çox yazırlar, bu, yaxşı əlamətdir...
Mayda gəlmək istəyir Axundovun yubileyinə, Anar ilə məktublaşır,
indi dəvətnamə
gözləyir. Bakıya
gəlsə, əsərlərinin
Azərbaycan dilində
nəşri barədə
danışmaq olar.
"Azərbaycan" jurnalının
12-ci nömrəsində (1987) mənim qızımın
Ümbülbəni xanım
haqqında məqaləsi
çap olunub. Yəqin ki, oxumusunuz..."
Bu məktubun göndərildiyi
dövrdə Cənubi
Qafqazda vəziyyət
qarışmaqda idi.
Abbas Zamanovun 10 mart 1988-ci ildə
göndərdiyi cavab məktubunda bu məsələ açıq
şəkildə bildirilib:
"24.II.1988-ci il tarixli məktubunu
aldım. Çox sağ ol. Anara göndərdiyin məktublar
da çatmışdır. Lakin son əhvalatlarla əlaqədar
olaraq onun başını qaşımağa
belə vaxtı yoxdur. Buna görə məndən xahiş elədi ki, ikimizin əvəzində sənə
bir məktub yazım. Respublikada başlar qarışıq
olduğu üçün
hələ Mirzə Fətəlinin yubileyinin nə vaxt keçiriləcəyi
tarix müəyyən
edilməmişdir. Yaxınlarda
müəyyən ediləcək
və sizə xəbər veriləcəkdir..."
Ramiz bəyin göndərdiyi
27 mart 1988-ci il tarixli məktubunda
Cənubi Qafqazdakı
hadisələrin Avropada
əleyhimizə əks
etdirildiyini bildirib:
"...Əhvalatları xarici
mətbuat düzgün
işıqlandırmır. Bütün günahı qoyur bizim üstümüzə.
Bizi qatil, vəhşi adlandırırlar..."
Göründüyü kimi, Qərb cəbhəsində
o zaman da yenilik olmayıb.
1989-cu ilin yanvar ayında
Ramiz bəy göndərdiyi
açıqcada Abbas Zamanovu
Türkiyədə fəxri
doktor adı alması münasibətilə
təbrik edib.
Ramiz Abutalıbov kimdir?
Vəfatından qısa bir müddət öncə
Ramiz müəllim e-mail yolu
ilə öz bioqrafiyasını və bir fotoşəklini göndərərək "bir
gün lazım olar" demişdi. Ara-sıra onu mühacirət
mövzuları ilə
yoraraq e-mail vasitəsilə
məktublaşırdıq. Görünür, səhhətindəki
narahatlıqlar onu özündən sonrakı
həyatı barədə
də düşündürürmüş.
Sonradan öyrəndim
ki, bir neçə həmkarına da bu səpkidə materiallar göndərib. Ona görə
də Ramiz müəllimin
şəxsimizə göndərdiyi
bioqrafiyasını sonda
təqdim edirik:
"Ramiz
Abutalıbov 1937-ci il oktyabr
ayının 27-də ziyalı
ailəsində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini
(1960) bitirdikdən sonra
təhsilini Moskvada Ümumittifaq xarici ticarət (1971) və İctimai Elmlər Akademiyalarında (1984) davam
etdirmişdir. 1980-1984-cü illərdə o, Azərbaycan
kommunist partiyası Mərkəzi Komitəsində
xarici əlaqələr
şöbəsinin müdiri,
Azərbaycan SSR Ali Sovetinin
xarici işlər üzrə komissiyasının
sədri vəzifələrində
çalışmışdır. R. Abutalıbov 1971-1979, eləcə
də 1985-1992-ci illərdə
Parisdə Birləşmiş
Millətlər Təşkilatının
təhsil, elm və mədəniyyət üzrə
katibliyinin - YUNESKO-nun əməkdaşı
olmuşdur.
1993-2004-cü
illərdə o, Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyinin
xüsusi tapşırıqlar
üzrə səfiri və YUNESKO üzrə Azərbaycan milli komissiyasının
baş katibi vəzifələrində işləmişdir.
Ramiz Abutalıbov Azərbaycan Cümhuriyyətinin 1920-ci ildə
süqutundan sonra mühacirətdə yaşamış
Azərbaycan ictimai-siyasi
xadimlərinin həyat
və fəaliyyətlərinin
araşdırılmasında, xaricdə arxiv sənədlərinin tapılmasında
xüsusi rol oynamışdır. Bu əvəzsiz
tarixi sənədlərin
toplanmasında və Azərbaycana gətirilməsində
R. Abutalıbovun böyük
zəhməti vardır.
Bu sənədlərlə bağlı
on iki kitabın müəllifidir. Onların
səkkizi Moskvada, üçü Bakıda,
biri isə İstanbulda çap olunmuşdur. Dağlıq
Qarabağ münaqişəsinə
dair 1989-1992-ci illərdə
Fransada çap olunmuş dörd kitabın tərtibçisi
və naşiridir.
Parisdə 1989-cu ildə "Azərbaycan
evi" assosiasiyasının
yaradıcılarından biridir.
O, Əlimərdan bəy
Topçubaşıya xatirə
lövhəsinin, Fransanın
azadlığı uğrunda
həlak olmuş azərbaycanlılara Rodez şəhərində abidənin
qoyulması, Fransada bir neçə mühacir həmvətənimizin
qəbrinin bərpasının,
"İçərişəhər"
(2000-ci il) və "Muğam"
(2003-cu il) sənətinin Ümumdünya
irsi siyahısına daxil edilməsinin əsas təşkilatçılarından
biri olmuşdur.
Bakı
Media Mərkəzi 2016-ci ildə
R. Abutalıbovun iştirakı
ilə 1919-cu ildə Parisə getmiş Azərbaycan diplomatları
haqqında "Əbədi
ezamiyyət" sənədli
filmi çəkilmiş və
"Qərib məzarlar"
kitab-albomu nəşr
edilmişdir.
Ramiz Abutalıbov 2016-ci ilin oktyabr ayından Azərbaycan Respublikası
Prezidenti təqaüdçüsüdür.
Təltiflər:
1. H.Z.Tağıyev adına Milli mükafat laureatı (Bakı, 1994)
2. "Fəxri Legion" ordeni
(Paris, 1998).
3. "Azərbaycan Diplomatiyasının
90 illiyi" medalı
(Bakı, 2009).
4. "Puşkin" medalı
(Moskva, 2010).
5. Cümhuriyyət tarixinin sənədli kinoda işiqlandırılması işində
xidmətlərinə görə
Azərbaycan Kinomatoqrafçılar
İttifaqının mükafatı
(Bakı, 2018).
6.
"AXC-nin 100 illiyi"
medalı (Bakı,
2019).
7. Parlament Jurnalistləri Birliyinin (PJB) "Şirməmməd
Hu?seynov mu?kafatı" (2020)
Filmoqrafiya:
1. "Parisli azərbaycanlı
Ramiz Abutalıbov" (film, 2009).
2. "Üfüqü ötənlər"
(film, 2011).
3. "Əbədi ezamiyyət"
(film, 2016)".
İstanbul,
28.11.2024
Dilqəm ƏHMƏD
Ədəbiyyat qəzeti.- 2024.- 29 noyabr, №46.-
S.16-17.