Postmodern təhkiyədə dərviş:
İlqar Fəhminin "Çənlibel tülküsü"
trilogiyası
Mədəni fenomen olan postmodernizmin mif, folklor və irfanla müxtəlif kontekstlərdə kəsişməsi, qarşılıqlı təsiri müasir dünya, eləcə də Azərbaycan ədəbi prosesinin danılmaz faktıdır. Mədəni formaların
transformasiyasını, mətnlərarası
əlaqəni və hibridliyi vurğulayan
postmodern ədəbiyyat mətndaxili
eyhamlar, parodiyalar, dekonstruksiyalar, simvollar, sitatlar yaratmaq üçün folklordan,
mifdən, irfandan intensiv şəkildə istifadə edir. Postmodern mətn yaratmağı qarşısına məqsəd
qoyan yazıçı
şəxsiyyət, tarix
və mədəniyyət
mövzularını dekanonizasiya,
dekonstruksiya etmək üçün məhz bu materiallar üzərində yeni mətn
yaradır. Folklor, mif və irfana
postmodern yanaşma onun
klassikləşmiş motivlərinin
yeni kontekstdə, yeni formada
təzahürünə və
ədəbi mətnlərin,
kontekstlərin hibridliyinin
vurğulanmasına səbəb
olur.
İlqar
Fəhminin postmodern siqləti
ilə seçilən
"Çənlibel tülküsü"
ədəbi layihəsinin
"Koroğlu" dastanın
dekonstruksiya olunmuş
variantı olduğunu
dekonstruksiyaya həsr edilmiş məqalələr
silsiləmizdə qeyd
etmişdik. Bu əsəri
həm də müəllifin bəlli eposa yazdığı
professional "fanat mətni"
- "fan-fiction" kimi də
qiymətləndirmək olar.
İlqar Fəhmi bu trilogiyasında postmodern
təhkiyəni mif-folkor-irfan
üçbucağından məharətlə keçirərək
müasir nəsrimizə
tam yeni bir əsər
qazandırmışdır. İlqar Fəhmi romanın konstruksiyasına
qədim mifik-folklor elementi olan su
ilə yanaşı, nisbətən daha "gənc" real-mistik obrazı - dərviş obrazını gətirir və bu obrazı
trilogiya boyu inkişaf etdirir, pillə-pillə açır.
Azərbaycan ədəbiyyatında
dərvişlər iki
cür - müsbət
və mənfi kontekstdə göstərilir.
Mənfi səciyyəli
dərvişlər sehr
və tilsimlə insanı daşa, quşa, heyvana çevirir, şər qüvvələrlə əlaqəyə
girir, əvvəlcə
övladı olmayanlara
övlad verir, sonra onu oğurlayıb
məhv etmək istəyirlər. "Üç
bacı", "Qaraqaş"
nağıllarında bu
cür dərviş obrazları ilə qarşılaşırıq. Müsbət
keyfiyyətlərə malik dərvişlər isə
yolunu azanlara yol göstərir, qəhrəmanın yuxusuna
girərək onun taleyini xəbər verir, insanlara tilsimləri sındırmaqda,
sehrləri açmaqda
kömək edir, sonsuzlara övlad verir. "Barxudarın bəxti" nağılında,
Əssar Təbrizinin
"Mehr və Müştəri" əsərində
bu tip müsbət dərviş obrazı təsvir edilmişdir.
İsa Hüseynovun "Məhşər"
romanında da iki tip dərvişlərdən bəhs
olunur: hürufi-sufi dərvişlər və Əmir Teymurun qara dərvişləri. Birincilər ilahi eşqin, haqq yolunun dərvişləridir,
ikincilər isə
casus və zülmkardırlar.
N.Əbdülrəhmanlının
"Yolsuz" romanında
rast gəldiyimiz dərviş isə həyat burulğanında
yolunu itirən insana əsl yolu və yolsuzluğun
mahiyyətini anladan bir simvol kimi
çıxış edir.
Bədii mətnlərdə
dərvişlər ara
həkimi, ovsunçu,
sehrbaz, cadugər, rəmmal kimi də təsvir edilir. Kamal Abdullanın
"Sehrbazlar dərəsi"
əsərində də
dərvişlər məhz
sehrbaz funksiyasını
yerinə yetirirlər.
Əsərdəki sehrbaz
dərvişlər "Sehrbazlar
dərəsi" adlı
bir məkanı özlərinə sığınacaq
seçir, təkcənəlik
vaxtına keçərək
özəl bir aura,
zaman, məkan kontekstində
mövcudluqlarını sürdürür,
lazım gəldikdə,
real həyata müdaxilə
edirlər. "Sehrbazlar
dərəsi"ndəki dərvişlər
həm də gələcəyi görən
rəmmallar kimi də təqdim edilir. Rəmmallığın
kökləri insan cəmiyyətinin ən qədim çağlarına
dayanır. Daima gələcəyi bilmək,
olacaqları öyrənib
onlara təsir göstərmək arzusu ilə yaşayan bəşər övladı
gələcəklə təmasa
keçmək, nələri
isə dəyişmək,
nələrdənsə xəbərdar
olmaq üçün
falabaxmanın bir sıra üsullarını
kəşf etmişdir:
1. Piromantiya [odla];
2.Morfoskopiya və ya fizioqnomoika [insan bədəninin quruluşuna
görə]; 3.Arifmo-mantiya [rəqəmlərlə]; 4.Geomantiya [yerin titrəməsinə görə]; 5.Ofiomantiya [ilanlarla];
6.Kritomantiya [böcəklərlə];
7.Ornitoman-tiya [quşlarla]; 8. Katanstromantiya [güzgü
ilə]; 9. Oneyroskopiya
[röyalara əsasən];
10. Presmologiya [vəhylə];
11. Nekromantiya [ruhların
verdiyi xəbərlərə
əsasən]; 12. Kokinomantiya
[ələklə].
Azərbaycan ədəbiyyatında təsvir edilən dərviş obrazları bu üsullardan bir neçəsini tətbiq edirlər. Azərbaycan nağıllarında
və dastanlarında sehrbaz dərvişlər əsasən, piromantiyadan istifadə edir, içində köz olan manqalla fala
baxırlar. "Kitabi-Dədə
Qorqud"da və başqa dastanlarımızda
oneyroskopiyanın izlərinə
rast gəlirik. Məsələn, Qazan xanın "qara qayğılı" röyasında
olduğu kimi. Dədə Qorqudun öngörmələri isə
presmologiyaya misal ola bilər. M.Seyidov onun ön görmələrini
odla əlaqələndirir
və qeyd edir ki, ümumiyyətlə
od, günəş gələcəyi
görməyə bir vasitədir. K.Abdullanın
"Sehrbazlar dərəsi"
əsərində isə
Səyyah Sehrbaz nekromantiyadan istifadə edir.
İlqar
Fəhminin romanında
isə dərvişlər
sadəcə, tərki-dünya
insanlar, sehrdən xəbərdar, irfana varmış şəxslər
deyil, həm də fiziki cəhətdən güclü
hazırlıqlı əsgərlərdir.
"Mustafa bəy müridlərdən
ikisini yanına səslədi. Onlar yavıq gələnəcən
Keçəl Həmzə
dedi: - Bəy, bəlkə bizim dəlilərdən də
bir-ikisini qoşaq onlara, başlarına qəza gəlməsin.
Mustafa bəy gülümsündü:
- Sən bunların xırdalığına baxma.
Gərək olsa, hər biri sizin
beş dəlini qatlayar. Bunlar Xəlifət-əl-Xülafanın ən etibarlı müridləridir." Yaxud
əsərin başqa
bir yerində Mustafa bəy Qara Mahmud haqqında bildiklərini söyləyərkən məlum
olur ki, dərvişlər
həm istintaq prosesində, həm də əks-kəşfiyyatçı
kimi də istifadə olunur. Deməli, dərvişlər
həm də Səfəvi dövlətinin
gizli polis qüvvəsi
kimi fəaliyyət göstərirlər. "Axırda
belə tədbir tökdük ki, bir üsulla onun dəstəsinə öz adamımızı yeridək.
Müridlərimizdən birini
əsir etdiyimiz iki quldurla bir
zindana saldıq. Sonra işi elə qurduq ki, guya bizim mürid zindandan qaçmaqda quldurlara kömək elədi. Onlar qaçanda istədik izliyək, fikirləşdik
ki, duyuq düşüb
bizim müridə xətər yetirərlər."
Sufi simvollarından biri
olan yüsuç təsbeh də dövlət işlərində
gizli kodlaşdırılmış
məlumat daşıyıcısı
kimi istifadə edilir. "Xülasə, bir xeyli gözləsək
də, bizim müriddən səs-soraq
çıxmadı. Əvvəl
elə xəyal elədik ki, binəvanı
quldurlar öldürüb.
Bu zaman onun göndərdiyi
bir namə yetişdi. Yazırdı
ki, mənə çox
etibar eləmirlər,
möhkəm göz qoyurlar, heç vəchlə şübhələrini
dağıda bilmirəm.
Onunçün də
namə yazmaq mümkün olmur. Namənin də sonunda yazmışdı
ki, basqın olan yerdə təsbeh axtarın. Təsbeh sözünü eşidən
kimi, Həmzə biixtiyar bir az
yerindən qalxdı:
- Nə təsbeh?
Mustafa bəy bir qədər
tərəddüd keçirəndən
sonra, nəhayət, dilləndi:
- ...Sufi müridləri gizli xəbər göndərəndə
yüsuç təsbehin
üzərində hərflər
cızırlar ki, işdi,
qasid ələ keçsə, heç kəs onun nəsə
vacib xəbər apardığını bilməsin."
Romandakı təsbeh simvolu bununla yekunlaşmır. Qara
Mahmud tutulandan sonra Çənlibel məscidinin
mollası Molla Mahmud romanda Koroğlunun məsləhətçisi kimi
göstərilən və
Qara Mahmudun ifşa olunmasında mühüm rol oynayan Keçəl Həmzəyə iri dənəli mərcan təsbehini hədiyyə edir. Əgər dərvişlərin təsbehi
gizli, kodlaşdırılmış
məlumatın daşıyıcısıdırsa,
Molla Həbibin Keçəl Həmzəyə
bağışladığı təsbeh daha çox mifik-mistik səciyyəlidir. "Həmzə,
bu təsbehi Kəbeyi-ülyada mənə
Məkkənin şeyxi
bəxş eləyib.
Mən də sənə ənam verirəm. Öp, qoy gözünün üstünə. Bu təsbehə
toxunan əllər
haram tikəyə yaxın
durmaz, şeytan əməlindən yapışmaz.
Haçan ki, bu təsbehin mərcan dənələrindən biri
partlayıb sınsa, bil və agah
ol ki, yaxın vaxtda sənin başına böyük-böyük
fəlakətlər gələsidi.
Qabaqcadan işini bil və hər
cür qada-bəlaya müntəzir ol ki, fələk səni naqafil haqlamasın".
Azərbaycan postmodernizmində mif-folklor-irfan
üçbucağı mühüm
ədəbi mənbə
və əsas poetik element statusundadır.
Postmodern ədəbiyyatımızda, özəlliklə Kamal Abdullanın,
İlqar Fəhminin, Orxan Fikrətoğlunun əsərlərində bu
motivlər, obrazlar müasir üslubla, modern texnikalarla sintez edilərək ənənəvi
və müasir ədəbi irsi birləşdirən yeni əsərlərin
yaradılmasında istifadə
olunur. Azərbaycan ədəbiyyatının postmodern nümunələri sübut
edir ki, postmodernizmlə
mif-folklor-irfan üçlüyünün
müxtəlif ədəbi-mədəni
kontekstlərdə qarşılıqlı
əlaqəsi və kəsişmə nöqtələri
ədəbiyyatımıza yeni, mürəkkəb, çoxqatlı
əsərlər qazandırır.
Elnarə QARAGÖZOVA
Ədəbiyyat qəzeti.- 2024.- 29 noyabr, №46.- S.19.