Molla Cumanın ismi-pünhanı kimdir
Elmi araşdırma
Dad, qazılar, Yusif kimi zindanda əgləşmişəm,
Bülbül misal bağ içində əfqanda əgləşmişəm.
Yəqin
bilin, mən olmuşam Məcnun kimi didərgin,
Kərəm kimi yanıb-yanıb
dumanda əgləşmişəm.
Aşıq poeziyası yarandığı
vaxtdan etibarən yeknəsək və ya monoton olmamış,
daim dinamik inkişaf prosesi keçirərək çeşidli
şeir şəkillərində
və biçimlərdə
meydana çıxmaqla,
daha da zənginləşmiş
və yeni-yeni janr keyfiyyətləri qazanmışdır.
Bütün bunlar isə yaradıcı-ustad
aşıqlarımızın bu istiqamətdəki peşəkar fəaliyyətlərinin,
istedad və bacarıqlarının, ekspromt
və improvizələrinin
nəticəsində baş
vermişdir. Azərbaycan
aşıq poeziyasının
inkişaf və zənginləşməsində xüsusi xidmətlər göstərmiş yaradıcı-ustad
sənətkarlarımızdan biri də Molla
Cuma (Cuma Salah oğlu Orucov (təxminən, 1858/1859-1920) olmuşdur.
Molla Cumanın poetik irsi geniş mövzu və janr əhatəsinə
malik olub, aşıq şeirinin çeşidli
şəkillərini çevrələyir.
Forma və məzmun baxımından olduqca maraqlı və rəngarəng olan bu örnəklər Molla Cumanın bir ömür boyunca rastlaşdığı
məqamların, həyati
müşahidələrinin, başına gələn hadisə-əhvalatların, ruhi-psixoloji
yaşantılarının, insan və dünya,
yaşam və ölüm... müstəvisində
düşüncələrinin... bədii inikası kimi ortaya çıxmışdır
ki, bunların da böyük
bir hissəsi aşığın həyatında
dərin və əbədi iz qoyan nakam sevgi
hekayətilə bağlı
olub məhəbbət
və ayrılıqdan
doğan hissləri ifadə edir:
İsmi-Pünhan, həsrətindən ağlaram,
Fələk də yaşıma
qan qatar indi.
Dərdimi cəm edib dəftər bağlaram,
Onun hesabına kim çatar indi?!
Molla Cumanın sevdiyi, lakin qovuşa bilmədiyi, el içində faş etməmək üçün
həqiqi adını
gizli saxlayıb rəmzi-simvolik olaraq "İsmi-Pünhan" adlandırdığı
sevgilisi və aşığın nakam sevgi hekayətilə bağlı nümunələr
silsilə şəklində
şeir və rəvayətlərdən ibarətdir.
Aşığın həyatının
unudulmaz bir hissəsinə çevrilən
İsmi-Pünhan onun yaradıcılığında da aparıcı mövzu olmuşdur.
Cuma hələ çox gənc yaşlarında ikən hörmətli və dindar ailədən olan bir qıza aşiq
olur. Lakin atası qızını zorla başqa birisinə ərə verir. Qarlı-çovğunlu bir
gündə gəlin köçən sevgilisinə
gizli-gizli baxıb için-için ayrılıq
atəşində qovrulan
aşıq "Geri dön"
şeirində məhz
bu hadisədən bəhs edir.
Yeri gəlmişkən, qeyd edək ki, İsmi-Pünhanın
atası Cumanın təhsil aldığı
mədrəsənin sahibi
olmuş və çox güman ki, ona Quran elmlərindən dərs demişdir.
Könül həmdəmindən ayrı düşmək onu unuda bilməyən
Cumanın yaradıcılığına
da təsir edir, vüsal həsrətli şeirlərinə, təbii
olaraq, ayrılıq, hicran və kədər motivləri gətirir:
İsmi-Pünhan, bir dağ çəkdin sinəmə,
Dünya
üçün əmanətə
saxlaram.
Zənn
eyləmə nagah ölsə, unudar,
Xak altında yata-yata saxlaram.
Cuma sevdiyinin adını hamıdan gizlətsə də, sevgisini gizlədə bilmir, bu sevgiyə çoxlu şeirlər həsr edir, lakin heç birində onun adını söyləmir.
"Bu aşkar sirrimi
pünhan eylədim,
// Dedilər: danışsan,
dedim: demərəm";
"Bir məhbub gözəlin
ismin çaşırdım"
(çaşdırdım mənasındadır
- A.X.); "Xalq içində
adın ana bilmirəm";
"Dedim ki, ismini pünhan eylədim";
"Cümlətan sirrimi
nihan eylədim";
"Adını demərəm,
İsmi-Pünhandı", - deyərək elə şeirlərində də
onu rəmzi-simvolik şəkildə "İsmi-Pünhan"
adlandırır.
Aralarında olan əhd-peymanı
gizli saxlamaq, kimliyini aşkar etməmək Cuma ilə yanaşı, İsmi-Pünhan üçün
də keçərlidir.
Aşıq şeirlərində
ona bunu dönə-dönə xatırladır:
Ey cavan, mən sana aşiq olmağı
Bir mən bilim, bir də sən
bil, bir Allah.
Sən məhbub da mənə aşiq olmağı
Bir mən bilim, bir də sən
bil, bir Allah.
Yaxud:
Cuma deyər, hər yetənə sirr vermə,
Dost mehriban, ya bir
olar, ya iki.
İsmi-Pünhan gənc yaşlarında
dünyadan köçmüşdür.
Onun ölümü Molla Cumaya daha
ağır zərbə
olmuşdur. İsmi-Pünhanın
ölüm xəbərini
eşidən aşıq
öz hisslərini
"Hayıf oldu"
qoşmasında ifadə
etmişdir:
İsmi-Pünhan köçdü fani
dünyadan,
Qarışdı torpağa, göz
hayıf oldu.
Xudanın tədbiri beləymiş
bizə,
Soldu yanaqları, üz hayıf oldu...
Bu yazıq Cumanın dönübdü baxtı,
Əsdi
əcəl yeli, sərvimi yıxdı.
Dedim ki,
şad ollam bu bahar vaxtı,
Töküldü burnumdan, yaz hayıf oldu.
Cuma dözə bilməyib İsmi-Pünhanın evinə
gedir və həyətə daxil olarkən sevgilisinin kəfənlənib cənazə
namazına gətirildiyini
görür. Aşığın
"Sevdiyin üstündə
ağlar bəzənir"
qoşması da bu hadisə ilə bağlı yaranır:
Gedibən zimistan, bahar yetişdi,
Abi-leysan yağıb, dağlar bəzənir.
Bülbülün canına qəhər
ilişdi,
Açılıb qönçələr, bağlar bəzənir.
Əcəl piyalədən dolanda
camlar,
Qırılsa məhəbbət, yavaşar
xamlar.
Odlanıb qəndillər, yananda
şamlar,
Alışır pərvanə, yağlar
bəzənir.
Bilmirəm neylədim qadir
Xudama,
Salıbdır hicrana, böylə
sitama.
Ah çəkibən ağla,
ay Molla Cuma,
Sevdiyin üstündə ağlar
bəzənir.
Molla Cuma İsmi-Pünhanın
dəfnində də iştirak edir. Dəfndən sonra qəbiristanlıqda tək
qalan Cuma sevgilisinin məzarı üstündə göz yaşları içində
bir neçə şeir, o cümlədən,
"Sənsiz" qoşmasını
deyir:
İsmi-Pünhan, ərəsətin günündə,
Ol hesab-kitaba düşmərəm
sənsiz.
Yolunu gözlərəm Sirat üstündə,
Bir qədəm irəli keçmərəm sənsiz...
Molla Cuma -
Ey fələk, indən belə
Yar bu məzarda qalacaqmı?
Pərişan tökülübən
Zülfü üzərdə qalacaqmı?
- şeirini də İsmi-Pünhanın məzarı
başında söyləmişdir.
Maddi dünyada sevdiyinə
qovuşa bilməyən
aşıq "Ey fələk, eşitmədin
// Bizim çəkən
ahımızı. // Tapışdır
xak altında // Nigaranlı ruhumuzu", - deyə dua edir.
İsmi-Pünhanın ölümündən
sonra Cumanın kədəri daha da artır, sevdiyindən ayrı düşdüyü
üçün onsuz
da taleyindən küskün
olan aşıq bu hadisədən sonra daha da sarsılır.
Cuma çəkdiyi acıların baiskarı kimi aşığa qarşı rəhmsiz və insafsız olan dünyanı günahlandırır, "Puç
imiş axırın,
yalansan, yalan", - deyib dünya ilə cəngə girərək onu sorğu-suala tutur:
Ey dünya, Cumaya çox etdin sitəm,
Nə tay-tuş qalmadı, nə anam-atam.
Könül əyləncəsi, istəkli
butam,
Ol İsmi-Pünhanı neylədin,
dünya?
Yaxud:
Ey dünya, namərdsən, mərd olmaz səndən,
Yazığam, amandır, əl
götür məndən.
Cuma İsmi-Pünhanın ölümündən
sonra dünyanın faniliyini sanki bir daha dərk
edir. Yaşı bilinməyən, Əzraillə
əlbir olub heç kimi özündə baqi qoymayan bu vəfasız,
məkrli və fitnəkar dünyanın ədalətsizliyini qəbul
edə bilməyən
aşıq dünyaya
bir gün onun özünü də Qiyamət əzabı gözlədiyini
xatırladır.
Cuma şeirlərində İsmi-Pünhanı
sevdiyi və onun vəfat etdiyi ili də
hicri-qəməri təqvimlə
maddeyi-tarix olaraq göstərmişdir:
Molla Cuma çəkər dost intizarı,
Olubdur dünyada Qeys barabarı.
Min iki yüz doxsanda
sevmişdim yarı,
Min üç yüz onda da əlimdən getdi.
Molla Cumanın yaradıcılığının
aparıcı xətti
olan İsmi-Pünhan mövzusu aşığın
tərcümeyi-halının bir hissəsi kimi xüsusi diqqət tələb edir. Qeyd edək
ki, həm rəvayətlərdə,
həm də Cuma ilə bağlı
ayrı-ayrı yazılarda
İsmi-Pünhanın kimliyi
haqqında müxtəlif
fikirlər mövcuddur.
Məsələn, İsmi-Pünhanın
Şəkinin Layisqi, Göynük, Şabalıdlı,
yaxud Qaxın Marsan kəndindən olduğu söylənilir.
Molla Cumanın poetik irsini diqqətlə izlədikdə görürük
ki, İsmi-Pünhan Şəkinin
Göynük kəndindən
olmuşdur:
Fələk məni döndəribdi
Məcnuna,
İnsan
da dözərmi belə
zuluma?
Göynüyün ətrafın bu
Molla Cuma
Hər gündə dörd yolla ziyarət eylər.
Şeirlərinin birində "Cuma
ölüb tapılmasa
meyidi, // İsmi-Pünhan
obasını axtarın"
söyləyən aşıq
sevgilisini uzaqdan da olsa, bircə dəfə görmək ümidilə tez-tez Layisqidən Göynüyə
getmişdir. Yuxarıdakı
nümunədə də
bu kontekstdə aşığın aşkar
etirafını görürük.
Molla Cuma da digər aşıqlar kimi gördüyü, tanıdığı
gözəlləri tərif
edən şeirlər
düzüb-qoşmuşdur. Bu şeirlərdə həmin
gözəllərin adları
iki şəkildə
- aşkar və gizli, mücərrəd-işarəvi
olaraq verilmişdir. Ərəb-fars hərflərindən
istifadə ilə yaradılan ikinci üsulda söz onun əsas sütununu təşkil edən hərflərlə
işarəvi şəkildə
təqdim olunur. Məsələn, "İsmini
söylərəm, "fe",
"te", "mim"inən";
"İsmini söylərəm
"qaf"i "ze"yinən,
// "Ye"yinən, "te"yinən, bir də "re"yinən";
"Unutmam adını,
yazıram, axtar, // İki "mim",
"re" ilə "ye" üstə, dilbər";
"İsmini aşikar
söyləməz dillər,
// "Sin", "lam", "mim"inən
"te"yə bağlıdır"
və s. Ümumiyyətlə,
bu üsul aşıq poeziyası üçün səciyyəvi
olub, hansısa sözü müəyyən
qədər gizli saxlayaraq onu tam bəlli etməmək, şeirin maraqlılığını
artırmaq və başqa bu kimi
məqsədlərlə istifadə
olunmuşdur. Ərəb-fars
dillərini yaxşı
bilməyindəndir ki, Molla
Cumanın şeirlərində
bu üsulla yaradılmış söz
və adlara daha çox rast gəlirik. Bəs, bu gizli-işarəvi
şəkildə verilən
adlar arasında aşığın sevgilisinin
adı varmı? Cuma eldən gizlətdiyi və rəmzi-simvolik olaraq "İsmi-Pünhan" kimi bəhs etdiyi sevgilisinin əsl adı ilə bağlı öz yaradıcılığında doğrudanmı heç bir nişanə qoymamışdır?
Molla Cumanın bu qədər sevdiyi insanın kimliyi, xüsusilə də, adı ilə bağlı şeirlərində
heç bir işarə verməməsi
mümkünsüzdür! Aşığın
əlimizdə olan poetik irsi üzərində
bu istiqamətdə apardığımız maraqlı
və bir o qədər də çətin araşdırma
nəticəsində diqqəti
çəkən bəzi
məqamlara rast gəldik. Bunlardan biri aşığın bir neçə şeirində işlətdiyi
"dörd hərf"
və "dörd hərfli" sözləridir:
"Molla Cuma eşqdə sərgərdan
qalmış, // Dörd
hərf ismini əzbərə almış";
"Dərdimin dərmanı
dörd hərf oldu"; "Öldürən
Cumanı dörd hərf oldu"; "Ey dörd hərfli,
salamımı qəbul
et"; "Ey dörd
hərfli, qıl təvəkkül bu işi" və s. Aşığın, hətta
"Dörd hərf oldu" rədifli ayrıca qoşması da
var. Buradan belə nəticəyə gəlinir
ki, İsmi-Pünhanın əsl
adı dörd hərfdən ibarət olmuş, yaxud dörd hərflə şifrələnmişdir. Bəs, bu hərflər
hansılardır? Sualın cavabını yenə də Molla
Cumanın öz şeirlərində axtarmaq lazımdır.
Öncə "Dörd hərf oldu" qoşmasına nəzər
yetirək:
Əvvəlinci,
getdim ustad yanına,
Oxudum surəni, dörd hərf oldu.
Bir gözəlin eşqi düşdü sərimə,
Soruşdum ismini, dörd hərf oldu.
Burada ismi
dörd hərfdən ibarət olan bir gözəli sevdiyini
söyləyən Cuma sonrakı dörd bənddə həmin
hərflərin "sin", "re", "te" və
"mim" olduğunu diqqətə çatdırır. Hər
bir bəndin sonunda isə dörd hərf faktorunu təkrarən
vurğulayır. Başqa bir qoşmasında isə aşıq
bu sıralamanı "sin", "te", "mim",
"re" kimi təqdim edir:
Cumayam, mətləbim
"sin"inən "te"di,
İkinci
bir "mim"di, üçüncü "re"di.
Digər
bir şeirində isə Molla Cuma sözügedən hərfləri
"te", "sin", "re", "mim" şəklində
sıralayır və rədifləri də elə bu hərflər
üzərində qurur:
Ol xudadan
aşna olam
"te", "sin",
"re", "mim"inən,
Qəvvas
təki bəhrə dolam
"te", "sin",
"re", "mim"inən...
Nola bircə mətləb alam
"te", "sin",
"re", "mim"inən...
Mən istərəm baqi qalam
"te", "sin",
"re", "mim"inən.
Yaxud:
"Te",
"sin", "re", "mim" üstündə
Sübhi-şam ismin oxurdum.
Diqqətlə
izlədikdə görürük ki, Molla Cuma ayrı-ayrı
şeirlərində bu dörd hərfin adını çəkir,
lakin dəyişik formalarda: "Sin", "re",
"te", "mim"; "Sin", "te",
"mim", "re"; "Te", "sin",
"re", "mim" və s. Deməli, burada bir müəmma,
gizli manera var və bu müəmmanın, gizlinlərin
izahını tapmaq üçün yenə də məhz
Cumanın öz yaradıcılığına müraciət
etmək lazımdır. Aşıq şeirlərindən
birində -
Bir
"mim" hərfi dilə düşüb
"Te"ni, "re"ni
"sin" oxuyub
-
misralarında maraqlı manera ilə həm sözügedən
hərflərin adlarını hallandırır, həm də
bu hərflərin yerini tərs söylədiyini
vurğulayır. "Qafiyə və Təcnis" (Burada adlar
şərtidir. Qafiyə Cumaya, Təcnis isə
İsmi-Pünhana işarədir.) deyişməsində isə
aşıq bunu daha aydın şəkildə diqqətə
çatdırır. Deyişmənin sonunda -
"Te",
"sin", "re", "mim" həsrətini çəkməkdən,
Cuma dönüb bir mismara deyərsən
- söyləyən aşıq
əvvəldə dediyi -
Eşqin
kitabından almışam
dərsi,
Söylə sən avandı,
söyləmə tərsi
- misralarında dolayısı ilə bu hərflərin
tərsinə yazıldığına və onun bu şəkildə
deyil, çevirərək düzgün şəkildə
söylənilməsi gərəkdiyinə işarə edir.
Deyişmədə "Ey dörd hərfli, qan
sözümü müxtəsər, // Şüurun varsa, bəsdir
sənə bu əsər" misraları da məhz bu məqamlara
işarə ilə deyilmişdir. Buradan belə aydın olur
ki, aşıq İsmi-Pünhanın əsl adının
sütun-özül hərflərini nişan vermiş, lakin
adın tam aşkar olunmaması üçün onları
çaşdırıcı və mücərrəd
maneralarla təqdim etmişdir. Molla Cuma bizə məlum olan
yalnız bircə şeirində sevgilisinin adını bəlləndirən
hərfləri düzgün sıralama ilə söyləmişdir.
Lakin fikirləri dolaşdırmaq üçün bu dəfə
də İsmi-Pünhanla sual-cavab priyomundan istifadə
etmişdir:
İsmi-Pünhan
sordu: sevdiyin kimdi?
Dedim ki,
"mim", "re", "sin" ilə
"te"di.
Dedi: ol filankəs məndən gözəldi?
Dedim: təəssüf etmə,
bekarə şeydi.
Beləliklə, xüsusi həssaslıq
tələb edən bu kontekstdəki araşdırmamız onu göstərir ki, Molla Cumanın poeziyasında sözügedən üsulla
yaradılmış bir
neçə qadın
adı mövcud olsa da, İsmi-Pünhanın
indiyə qədər
müəmmalı qalan
əsl adı məhz "Sin", "re", "te", "mim";
"Sin", "mim", "re",
"te"; "Te",
"sin", "re", "mim"... şəkillərində şifrələnən,
sütun-özül hərflərinin
doğru sıralanması
isə "Mim",
"re", "sin", "te" şəklində olan Mürəstə olmuşdur.
Gördüyümüz kimi,
Molla Cuma şeirlərində isminin
hərfi könlünün
əzbəri olan sevgilisinin əsl adını da gizli, mücərrəd-işarəvi üsulla əbədiləşdirmişdir.
İsmi-Pünhanı butası kimi qəbul edən Molla Cuma ömrü boyu nakam sevgi
taleyinin acısını,
ayrılığın məşəqqətini
yaşamışdır. Bu səbəbdəndir ki, aşıq
oğlu Həsənə
nəsihətində "Alışıb
nəgah-nəgah, // Eşq
atəşə yanma,
oğul... // Nə sevmə Leyli yarı, // Nə Məcnuna dönmə, oğul. // Tutginən nəsihətim, // Salma özün
nara, Həsən",
- deyə onu aşiqliyin əzabından
uzaq durmağa çağırmışdır.
Özünü aşiqliyin simvollarına
çevrilmiş Məcnun,
Kərəm, Fərhad...
kimi eşq əhlinə bənzədən
Molla Cuma İsmi-Pünhan eşqinin
atəşində pərvanə
kimi yanmışdır.
"Əzəlki eşqimiz
heç eşq deyilmiş, // Təzədən
ciyərim od tutar indi", yaxud "Dedim ki, qocalsam, sevda köhnəli, // Eşq sevdası lap əbədi olarmış" deyən
Molla Cuma ömrünün sonuna kimi İsmi-Pünhanı unuda bilməmişdir:
Bəxti
qara, taleyi kor, cigəri dağ Cumayam,
"İsmi-Pünhan" deyə-deyə
cahanda əgləşmişəm.
Gördüyümüz
kimi, İsmi-Pünhan mövzusu Molla Cumanın
yaradıcılığında da xüsusi yer tutmuş və
burada daha çox vüsal həsrəti, nakam sevgi,
ayrılıq, hicran, ağrı və kədər motivləri
üstünlük təşkil etmişdir. Böyük
saz-söz ustadı Molla Cuma İsmi-Pünhan mövzusunu
poeziyasına gətirməklə bütövlükdə Azərbaycan
ədəbiyyatında bənzərsiz və təkrarı
olmayan bir obraz - İsmi-Pünhan obrazı da
yaratmışdır!
Aynur XƏLİLOVA
Ədəbiyyat qəzeti.- 2024.- 29 noyabr,
№46.- S.28-29.