Doğum evinin
yanındakı "morq"
Hekayə
Hər dəfə sovet-alman müharibəsindən gedən filmlərə baxanda babam yadıma düşür.
Uşaqlıqda həyətdə o qədər dava-dava oynamışıq ki... heç kəs "nemes" olmaq istəmirdi. Sonradan bildim nemeslə almanın eyni məna verdiyini, amma almanla faşistin fərqli olduğunu.
Babam İkinci Dünya müharibəsində sovetin tərəfində vuruşmuşdu. Nənəm uzun illər: "baban müharibədə qəhrəman kimi döyüşüb" deyirdi. Nənəm bəy qızı idi, o vaxt şura hökuməti qurulanda bütün nəsli-kökü Arazın o tayına, ordan da yarısı Fransaya, bir parası da, nədənsə Tunisə qaçmışdı. Tunisə ey, başınıza dönüm... Nəsə, Tunisə qaçanlardan səs-soraq çıxmamışdı sonra, amma Fransaya qaçanlar gizli-xəlvət yollarla sağ-salamat olduqlarını xəbər eləmişdilər nənəmə.
Bax, mənə qalsa, dağılmış bir ölkənin uğursuz rejissoru olmağımın günahkarı nənəmdir. Əgər o vaxt mədrəsə yoldaşı Şərəfnisəyə qoşulub onun Astarxanbazarda ərdə olan bacısına baş çəkməyə getməsəydi, qaxılıb öz evində ölsəydi (nənəm özü belə deyirdi ha... mənsə sonradan bildim Cəlilabadın əvvəlki adı Astarxanbazar olub), nəsli-kökü Arazın o tayına, ordan da Fransaya, ya da Tunisə qaçanların yanında olsaydı, mən də indi ya Fransada, ya da Tunisdə doğulardım. Ya Parisdə model (uzunboy, yaraşıqlı oğlanam da, yəqin ki, məşhur model idim indi), ya da Tunisdə (Məşədi İbad demişkən) pambıq bəyi olardım. Yaşa da, özünçün...
Nəsə... nemesdən danışacaqdım, yenə söhbətin başını aparıb çıxartdım Fransayla Tunisə... Hə, babam İkinci Dünya müharibəsində sovetin tərəfində vuruşub, özü də evə gələn qara kağıza görə Kerçdə qəhrəmancasına həlak olub. Nənəm o qara kağızı göz bəbəyi kimi qorudu uzun illər, amma bir gün hər şey bitdi...
1985-ci ildə, mənim 17 yaşım, Böyük Vətən müharibəsinin isə 40 illiyi təntənə ilə qeyd ediləndə o vaxt göstərən yeganə televiziya kanalında müharibə xronikası verirdilər. Nənəm babamın müharibədən göndərdiyi şəkli böyüdüb evdəki xalçanın üstündən asmışdı axı, ona görə də qəhrəmanlıqla həlak olan kişinin simasını əzbər bilirdim. Birdən ekranda qəhrəmancasına həlak olan babamın iri planda simasını gördüm. Eləmə tənbəllik, oturduğum yerdən dik atıldım... Dilim dolaşdı... Ən azı on saniyə sadəcə, "Aaaaaa!" deyə bildim. Sonra "Babam!" deyib çığırdım. Bəli, Kerçdə qəhrəmanlıqla həlak olan babamı televizorda göstərirdilər. Özü də Varşavanı azad edən sovet əsgərlərinin arasında... həm də... polyak qızlarının əhatəsində.
Nənəmin
babama olan sevgisi, etibarı, sədaqəti bununla da bitdi... Mənə
görə Fransada olan bütün model qohum əqrəbasını
söydü, yenə mənə görə Tunisdə olan
bütün pambıq bəyi yaxınlarının yeddi arxa
dönənini topa tutdu. Tərslikdən həmin xronikanı
ertəsi gün səhər saatlarında bir də təkrar
verdilər. Bilmirəm, qəsdənmi, ürəyinəmi
dammışdı ona görə... nənəm səhərdən
televizorun qabağını kəsdirib oturmuşdu və
xronikanı ikinci dəfə verəndə az qala, ekrandan
hoppanıb televizorun içinə keçəcəkdi:
- Odur da,
muzdur köpəkoğlu! Özüdür! Gör necə
gülür?! Külümü qoyum sənin o gülən
arsız sifətivə...
Sonra qəfildən
susub, hönkür-hönkür ağladı nənəm.
Nemesə dədə-nənə saxlamadan ağladı. Dedi ki,
görüm Hitlerin goru çatdasın, əgər müharibə
salmasaydı, Xurşudun (yəni babamın) nə
ölümü var idi o xarabalarda?!
Nənəm
təkliyinin, köməksizliyinin günahını ancaq nemesdə
görür, nemesi qınayırdı. Arvad nemesi
qınaya-qınaya şəkərli diabet xəstəsi oldu. Hər
dəfə xəstəxanadan diabet xəstələrinə
verilən pulsuz dərmanları alanda növbə,
qara-qışqırıq, haqsızlıq, oğurluq,
oğraşlıq səhnələri ilə
qarşılaşan nənəm "hökumətin verdiyi dərmanı
oğurlayıb altdan satanları da" bir vaxtlar Hitlerə elədiyi
kimi dədə-nənə saxlamadan söyür, "nemes
köpəkuşağı" qarğıyırdı.
Arvadı zorla sakitləşdirirdim. Amma bir gün yenə hər
şey dəyişdi. Xəstəxanadan özləri zəng
vurub xəbər verdilər ki, sabah gəlin, dərmanlarınızı
aparın. Nənəm:
- Boy,
gün hayandan çıxıb? - heyrətlə dedi. -
Ayın başına hələ var, bu nə dərmandır?
Bəli,
səhər açıldı, nənəmi maşına
mindirib apardım xəstəxanaya. Deyim ki, növbə yox idi,
yalan olar. Növbə var idi, amma beş-altı nəfər,
diabet xəstələri sıra ilə dərmanlarını
qoltuqlarına vurub, üzləri gülə-gülə xəstəxanadan
çıxırdılar. Yenə ibnə məndən
keçdi. Maraqlandım, "görəsən, nə olub? Nə
əcəb belə sakitliklə dərman paylayırlar,
özü də vaxtından on yeddi gün əvvəl?!"
Cavabı eşidən kimi qaranəfəs qaçdım
özündən əvvəldəki iki nəfərdən
sonra növbə gözləyən nənəmin yanına və
sevincək:
- Deyirəm
də, - güldüm, - dünya dağılsa, bizimkilər
belə sakitliklə, belə qanun-qaydayla pulsuz dərman
paylamazlar. Odey, alman nümayəndə oturub orda, alman hökumətinin
humanitar yardım kimi göndərdiyi dərmanların
qanun-qayda ilə paylanmağına bir-bir nəzarət eləyir...
yəni onların da bizimkilərə etibar...
Nənəm
sözümün ardını gətirməyimə imkan vermədi.
- Dedin
hansı hökumətdi pulsuz dərman paylayan? - soruşdu.
- Alman
hökuməti, - cavab verdim.
- Yəni,
nemeslər?
"Zibilə
düşdük, - ürəyimdə dedim, indi mərəkə
qopacaq".
- Əgər
o dərmanı nemeslər pulsuz-parasız paylayırlarsa,
özləri gəlib qanun-qayda ilə sahibinə
çatmağa göz qoyurlarsa, onlara nemes deyənin
ağzı əyilər. Əəə, nemes bunlardır ey,
bunlar! (Ayağa qalxıb əlini uzun dəhliz boyu oynada-oynada
bütün həkimləri, tibb işçilərini
nişan alandan sonra şəhadət barmağı baş həkimin
qapısına tuşlanıb qaldı.) Öz hökumətimizin
öz adamına verdiyi dərmanı oğurlayıb
satanlardı nemes!
Və
s... və ilaxır...
O gündən
nənəm nə babama, nə nemesə, nə də polyak
qızlarına qarğımadı. Çünki deyəsən,
alman hökumətinin göndərdiyi humanitar yardıma
görə çox sevinmişdi. Elə hey, dərmanları
qabağına qoyub geninə-boluna qəbul elədi, amma təəssüf,
bu sevinci cəmi on bir gün çəkdi, düz on bir
gündən sonra nənəmin ürəyi bu sevincə
dözmədi.
***
"Kar
köpəyin qızı! Qarnı getmir ey, sancılanır! Sancı!
Doğuş sancısı!"
"Altmış
doqquz yaşı var... ürəyidir deyəsən... ürəyi..."
"Altmış
doqquz yaşında doğuş sancısı
keçirir?"
"Ay
qız eşitmirsən, ürəyi ağrıyan
başqasıdır... Mənimsə qızım doğur,
qızım..."
"Ay
yoldaş, bir-bir danışın... heç nə başa
düşmürəm..."
Elə
bil şəhərin bütün rabitə xətlərini bir
yerə qoşmuşdular, bütün şəhər eyni
vaxtda təcili yardıma zəng vurmuşdu. Bu
qarışıq danışıqların içində mənə
tanış gələn səslər də var idi. Az qala, nənəmin
xəstəliyini unudub "kimin doğuş sancısı tutub?"
soruşacaqdım, amma nədənsə cürətim
çatmadı.
Telefonu
qulağımdan ayırıb bir müddət üzündən
nur yağan nənəmə baxdım. Həmişəki kimi
çarpayıda uzanıb, gözlərini sakitcə tavana zilləmişdi,
amma deyəsən, daha bu dünya ilə bütün əlaqələrini
üzmüşdü. Mənə elə gəlirdi ki, indi onun
da beynində o biri dünyadakı adamların səsləri
bir-birinə qarışıb.
Başa
düşdüm ki, təcili yardımdan bir şey
çıxmayacaq. O vaxta qədər anam da paltarını
geyinmişdi. Nəfəsi darala-darala otağa girib:
- Daha
gözləməyin yeri yoxdur! Dur arvadı al qucağına,
qoyaq maşına, aparaq xəstəxanaya.
Onu xəstəxanaya
çatdırsalar da, xeyri olmadı. Məncə, sevincdən
ölən adamlar xoşbəxt gedirlər o dünyaya. Deyəsən,
nənəm uzun illər nemes məsələsində
yanıldığını dərk etdiyi üçün həm
sevinmiş, həm də bir az pərt olmuşdu.
Cəmi
yeddi saat xəstəxanada qalandan sonra arvad keçindi... Son nəfəsində
bir-iki saniyəlik gözlərini açıb
xırıltılı səslə anama demişdi ki:
- Ay Sona,
mən gedirəm, muzdur köpəyoğlu Xurşud məni
çağırır!
***
Səftər
elektrik idi, maşın elektriki, "Zaprojest"
maşınlarının elektrik işini bu şəhərdə
ondan yaxşı bilən yox idi. Bu gün Rza müəllim
axır ki, dörd aydan qalan borcunun qalanını da gətirib
Səftərə vermişdi. İyirmi manatın (söhbət
sovet rublundan gedir, ha) bərəkəti olmamışdı Səftər
üçün. Dörd aya ayda beş rubl nə pul idi ki...
Amma Səftərin Rza müəllimə böyük hörməti
var idi, hər dəfə beş rublu alanda demişdi ki,
"müəllim, vallah, ehtiyacım olmasaydı
almazdım". Rza müəllim də hər dəfə
"beşliy"i Səftərin kirli, yağlı, nimdaş
köynəyinin döş cibinə basanda:
-
Götür, qudurma, xərcələyərsən, az puldu bəyəm?
- deyib, gülə-gülə öz Nuh əyyamından qalan
"zapısı"na oturub getmişdi.
"Yox
ey, bu gün bayram eləmək olar", - Səftər ürəyində
fikirləşmişdi. Sonra emalatxananın operator otağından
keçmiş məktəb yoldaşı Rüstəmə zəng
vurub:
- Qulaq as,
günortadan sonra boşam, - demişdi. - Sən Elməddini də
tap, oturaq, başımızı açaq. Həmişəki
kimi, kimin cibindən nə çıxsa, Allah bərəkət
versin. Yenə "nemesi çağırarıq", ha-ha-ha!
Dostlar vədələşdikləri
kimi, saat ikidə "Vaqif" kinoteatrının
qarşısında görüşmüşdülər.
Sonra da "nemesi çağırıb" hər kəs
cibindən çıxanı qoymuşdu ortalığa.
Yarım litr "Russkaya vodka" (Bakı Şampan şərabları
zavodunun istehsal etdiyi beş manat iyirmi qəpiklik bal kimi araq),
bir qarpız (səksən qəpik), bir limonad (on altı qəpik),
iki zavod çörəyi (altmış qəpik) və
yetmiş qəpiklik pendir, bir rubl iyirmi qəpiklik
"Doktorskaya kolbasa" alandan sonra bir-birinin üzünə
baxmışdılar. Çünki ciblərində bundan
başqa nə "manat", nə də "qəpik"
qalmışdı.
-
Yaxşı, bəs harda oturaq? - Rüstəm narahatlıqla
soruşmuşdu.
Səftər
gözlərini döyə-döyə dostlarına baxıb:
-
Doğrudan ey, harda oturaq, bəs? Parkda otursaq, milis imkan verməyəcək.
Gəlib-gedənlər də bir yandan alkaş gözü ilə
baxacaqlar bizə. Hələ tanış-biliş də
görə bilər...
-
Dayanın ey, - beyni kreativ fikirlərlə dolu olan Elməddin
dostları çıxarmışdı vəziyyətdən.
- Gedək doğum evinin həyətinə.
- Dəlisən?
- Səftər gah Rüstəmə, gah da Elməddinə
baxıb gözlərini döymüşdü.
- Eliş
düz deyir, Səftər! Doğum evinin həyətində
bizə ilişən olmaz. Payızda Elişin qızı
olanda sən şəhərdə deyildin. Onda da doğum evinin
həyətində oturub vurmuşduq. Əla yerdir. Getdik.
Rüstəm
irəli keçib üzü yaxınlıqdakı doğum
evinə tərəf addımlamağa
başlamışdı. Elməddin Səftərə göz
vurub Rüstəmin ardınca getmişdi. Səftər isə
bir müddət key-key dostların ardınca baxandan sonra
Rüstəmin geri baxmadan əl edib:
- Gəl
də, kimi gözləyirsən? - deməyindən sonra iti
addımlarla gedib özünü onlara çatdırmışdı.
Yolüstü su avtomatından bir dənə daş stəkan
da oğurlayıb getmişdilər doğum evinin həyətinə.
***
Arvadı
morqdan çıxarmaq üçün gedəndə səhvən
maşını doğum evinin qabağında saxladım.
Əslində, doğum evi ilə morqun arasında cəmi otuz
metr ara var idi, amma mən o həyətə nənəmin
meyitini almağa görə getmişdim, məncə, doğum
evi ilə morqun yerini səhv salmamalıydım.
Maşından
düşüb ətrafa baxdım. Doğum evinin
qabağındakı çardağın altında
üç nəfər oturmuşdu. Qarşılarında
doğranmış qarpız, pomidor-xiyar, pendir, limonad və
bir də araq var idi. Ətrafda başqa adam görmədiyim
üçün onlara yaxınlaşdım:
- Salam,
nuş olsun! - dedim.
- Vallah,
bir azdan durub gedirik! - onlardan biri həyəcanla dilləndi.
- Yox ey,
işinizdə olun! - adamları sakitləşdirməyə
çalışdım.
- Kim
satdı bizi? - o biri soruşdu.
- Nə?
- çaşıb qalmışdım.
Üçüncüsü
heç nə demədən stəkandakı arağı
başına çəkib üstündən bir dilim pendir
atdı ağzına. Sonra başını dik tutub:
-
Öldürəcəysiz bizi? Gücümüz buna
çatır da! Nemes-filan qələt eləyir bizim
yanımızda. Bizdə kimin gücü nəyə
çatsa, Allah bərəkət versin! - birnəfəsə
dedi.
Sonra
üçü də susub məyus-məyus süfrəyə
baxdılar.
Heç
nə başa düşmürdüm.
- Qadan
alım, yəqin narahat elədim, morq hansı tərəfdədir,
morq?..
Sən
demə, mən gələndə, onlar hələ cəmi
birinci badəni vurmağa hazırlaşırmışlar.
Rüstəmin məni görəndən sonra başına
çəkib içdiyi, üstündən bir dilim pendir
yediyi də məclisin lap əvvəlində olmuşdu.
İndi mən də hər şeyi unudub onlara
qoşulmuşdum. Fikirləşirdim
ki, bu "nemes" məsələsində mənim də
payım olmalıdır. Ona görə də cibimdən
üstündə Lenin babanın kəlləsi olan bir onluq
çıxarıb ortaya qoydum ki, buna da araqdan-zaddan alaq, məclis
davam eləsin.
Amma bu
vaxt doğum evinin qapısı taybatay açıldı. Bir
orta yaşlı, saçları vurduğu xınadan
qıpqırmızı olan, yanaqları sallaq, kök tibb
bacısı qaçaraq bizim üstümüzə
şığıdı:
-
Muştuluğumu ver, oğlun oldu!
Matı-qutu
qurumuş halda dördümüz də bir-birimizə
baxdıq. Muştuluq xəbəri kimə gəlmişdi,
heç birimiz bilmirdik. Amma görürdüm, məndən
başqa o biri üç nəfər masaya qoyduğum
qırmızı onluğa baxırdı.
Gülə-gülə
həmin onluğu götürüb muştuluğa gələn
tibb bacısına uzatdım:
- Şad
xəbər olasan, ay xala! Belə tez olacağını
bilmirdim.
Qadın
onluğun süfrədən ayrılmağını gözləmədi,
pulu göydəcə qamarlayıb üzümə
güldü.
- Allah
saxlasın! Atalı-analı böyüsün! Yoldaşın
da yaxşıdır. Nəsə sözün varsa de,
çatdırım, - tibb bacısı dedi.
Çaşıb
qalmışdım. İlk dəfə idi belə "zibilə"
düşürdüm.
- Deyərsiz
ki, çox sevindim!
Qadın
yekə bədəni ilə necə
şığıya-şığıya gəlmişdisə,
elə şığıya-şığıya da gedib
doğum evinin qapısı arxasında itdi.
-
Halaldı sənə! - bunu Səftər dedi. - Pul verməsəydin,
şübhələnib hay-küy salacaqdı.
-
Əşşi nə haladı ey, - Elməddin
narazılıqla dodaqlarını büzdü. - Gül kimi oturmuşduq
da, hələ bir də araq, kolbasa-zad ala bilərdik. Mərdiməzarı
axtarmaqla deyil ki...
- Nəsə,
keçdi daha, vuraq! - bunu da Rüstəm deyib, stəkana araq
süzdü.
Yox, əlbəttə,
belə gözəl uşaqların belə gözəl məclisini
korlamaq olmazdı. Dünyaya gələn körpə hər
kimin övladıdırsa, dəxli yoxdur, buna sevinməyə dəyər.
Kimsə bu gün ata olmuşdu. Kiminsə evində bu gün
bayram idi. Bəlkə o körpə gələcəkdə
dünyanı xilas eləyəcək bir iş görəcəkdi.
Bəlkə həkim olub, yüzlərlə can qurtaracaqdı.
Bəlkə müəllim olub yüzlərlə şagirdə
savad, elm öyrədəcəkdi. Bəlkə bizim ən
böyük generalımız olacaqdı bu gün doğulan o
uşaq. Yox, ey, yox, əlbəttə, bu günü qeyd eləməyə
dəyərdi. Bu süfrədə mənim də
"nemes" payım olmalıydı.
- Narahat
olmayın, uşaqlar! - bayaqdan bəri davam edən üzücü
sükutu mən pozdum. - Elə bilək, doğrudan da, mən
ata olmuşam. Taledir də, əslində mən də ata ola
bilərdim. O uşağın doğulmağını bu
gün elə burda qeyd eləyəcəyik. Mən indi gəlirəm.
Maşına
oturub getdim. Bazarlıq edib qayıdanda süfrədəki araq
olduğu kimi qalmışdı. Burada tanış olduğum
üç dost məni görəndə heyrətlə
bir-birinə baxdılar. Torbadakı ərzağı
boşaldıb süfrəyə qoyanda Səftər qolumdan
tutub, məni saxladı.
- Bir dəyqə
dayan ey, tələsmə!
- Düz
deyir, gözlə bir az, - bunu isə Rüstəm dedi. -
Əvvəlcə o arvadnan görüş, sənə
sözü var.
Rüstəmin
göstərdiyi səmtə baxanda gözlərimə
inanmadım. Keçmiş qayınanam idi. Düz dörd ay əvvəl
indi mənə baxıb gülən o adamın üzündən
həyat yoldaşımla mübahisə eləyib, ondan
ayrılmasaydım (özü də qız hamilə ola-ola),
iki ay sonra bir az əvvəl verdiyim muştuluğu məndən
haqlı olaraq ala bilərdilər. Biz isə indi bir-birini sevən
iki ayrı adam kimi uşağın dünyaya gəlməyindən
sonra boşanmaq üçün məhkəməyə ərizə
yazacağımız günü gözləyirdik.
- Hə,
eşidirəm! - kobud başladım girişi. Çünki
xoşum gəlmirdi bu qadından. Oturub-durub nənəmə
söz atırdı. Deyirdi ki, cavanlara (guya bizə) mane olma.
Get, oğlunnan yaşa. Qoy öz gəlinin qulluq eləsin sənə.
Mənim qızım (yəni mənim həyat yoldaşım)
Sonanın (yəni anamın) gəlinidir. Görürsən, Sona
da kiçik oğluyla qalır. Sən də get öz
oğlunnan yaşa. Amma nənəmin mənimlə
qalmağını özüm istəmişdim. Anamdan da,
atamdan da çox ona bağlıydım mən. Məni o
böyütmüşdü. Xəstələnəndə o
yuxusuz gecələr keçirmişdi mənim
üçün. Mənə o nağıl
danışmışdı. Diplomumu alıb evə gələndə
bənövşəyi rəngli iyirmi beş manatı
muştuluq kimi birinci dəfə o qoymuşdu arasına. Evlənməzdən
əvvəl gələcək həyat yoldaşıma
bunların hamısını demişdim.
Razılaşmışdıq əvvəlcədən nənəmin
bizimlə qalacağını. Hətta demişdim ki, bax, mən
səni çox sevirəm, amma nənəmi səndən əvvəl
sevmişəm. Birdən arada narazılıq olsa, səni sevsəm
də, qadınım olsan da, nənəmin tərəfini
tutacağam. Bu üzdən ayrılsaq, sənin
üçün darıxsam da, ölsəm də, nənəmi
buraxan deyiləm. Dörd ay əvvələ qədər hər
şey əla gedirdi. Birdən qayınanam aləmi vurdu
bir-birinə. Nənəmi evdən qovmaq istədiyini
eşitdim. Mən də əlbəttə ki, qayınanamı
qovdum evdən. Dedim, bir də bizə gəlmə. Qızı
da (həyat yoldaşım) ağlaya-ağlaya şələ-küləsini
yığışdırıb anasıyla getdi. Hər gün
qayıdacağını gözlədim, qayıtmadı. Nənəm
üç dəfə getdi qızın atasıgilə, hər
dəfə qapıdan qovdular arvadı. Bəlkə də
şəkəri ona görə artdı yazığın.
Sonradan anamın da qayınanamla, yoldaşımla
görüşüb onları yola gətirməyə
çalışdığını öyrəndim. - Bura niyə
gəlmisiz?
- Deyirəm,
ay Mahir, dünyanın işinə bax da! - qayınanam adəti
üzrə zəhləm gedən qılıqlı səsini
işə salıb, ciddiləşdi. - Düz deyirlər ey,
sevincnən kədər qoşadır. Allah rəhmət eləsin!
- Rəhmət?
Kimə?
- Solmaz
arvadı deyirəm də. Axır qəmin olsun, oğlum! Həm
də gözlərin aydın olsun! Təbrik eləyirəm.
Körpə oğlun iki ay dözmədi, yeddi aylıq
doğuldu. Allah saxlasın! Atalı-analı
böyüsün!
Hələ
də arvadın nə dediyini, nə demək istədiyini
başa düşmürdüm.
- Kim
ölüb? Kim doğulub? Nə olub axı?..
- Boy,
başıma xeyir. Necə yəni kim doğulub? Sevinci gətirmişik
də xəstəxanaya. Sənin oğlun olub...
Sevincin
ağlaya-ağlaya getdiyi günü xatırladım. Sona mənə
keçmiş sinif yoldaşımız qızla məktub
yazıb göndərmişdi. Yazmışdı ki,
darıxır, məni istəyir, amma mən necə ailəmi
tuturamsa, o da öz ailəsini tutmağa borcludur. Lap axırda
da yazmışdı ki, doğulacaq körpəmizə
yazığı gəlir. Uşaq atasız böyüyəcək...
- Sonaya zəng
vurdum ki, xəbər eləyim, sevindi. Dedi, sən ordasan, ay Pəri,
mənim başım yasa qarışıb. Uşaq gedib arvadı
morqdan çıxartmağa. Hamı morqun həyətindədir,
səni gözləyirlər.
Qayınanamın
sonra nə dediyini xatırlamıram. Əvvəlcə
üzü morqa tərəf beş-on addım qaçdım,
sonra geri qayıtdım, süfrə açıb hələ
də məni gözləyən dostlara yaxınlaşıb
başımı buladım.
- Məni
bağışlayın, - dedim, - həm oğlum olub, həm də
yasımız düşüb, nənəm rəhmətə
gedib. Morqdan götürməliyəm. Siz nuş eləyin, -
sözümü qurtaran kimi qaçmaq istədim, amma Səftər
qolumdan tutub qoymadı.
- Dayan
görək! Səni təbrik eləyirik. Bunu içirəm,
sənin oğlunun sağlığına!
Səftər
yarıya qədər araqla dolu stəkanı başına
çəkdi. Çaşıb qalmışdım.
Ardınca o biri uşaqlar da
növbə ilə stəkanları doldurub bir-bir vurdular. Lap
axırda Elməddin stəkanı doldurub mənə
uzatdı:
-
Eşitdin, arvad nə dedi? Xeyirlə şər qoşadır.
İç, sən də oğlunun sağlığına
iç. Sonra da bir yerdə gedək, yasımızı yola verək.
Mən də
içdim.
Morqda mənim
vasvası, xanım-xatın, bəy qızı nənəmi
soyuq daş üstə uzadıb, üstünə alakirli bir mələfə
örtmüşdülər. Mələfəni
qaldırıb arvadın üzünə son dəfə baxmaq
istədim. Gözləri açıq idi, üzü
gülümsəyirdi. Mən mələfəni götürəndən
sonra gözləri yumuldu, sifəti də ciddiləşdi. Elə
bil rəhmətlik babamla görüşə
hazırlaşırdı. Yəqin o dünyada kişini
görən kimi, yenə Hitleri də, nemesi də, polyak
qızlarını da söyüb-qarğıyacaqdı.
Sonra
doğrudan da, yası bir yerdə yola verdik. Sevinc xəstəxanadan
birbaşa öz evimizə gəldi. Nənəmin
otağına bir müddət toxunmadıq. Oğlumun iki
yaşı olanda qayınanam ehtiyatla mənə dedi ki, ay bala,
arvadın otağını abıra sal, uşaq otağı
elə. Qoy onun da ruhu şad olsun.
Bu dəfə
çıxmadım qayınanamın sözündən.
Otağı uşaq üçün hazırlayandan sonra uzun
illər əvvəl Moskvadan gətirdiyim başı yaylı
Hitler oyuncağını da qoydum həmin otağa. Nənəm
hər dəfə həmin oyuncağı görəndə, mən
hər dəfə Hitlerin başına qapaz vuranda, baş hər
dəfə yayın üstündə yırğalananda ikimiz
də uğunub gedərdik.
***
"Nemes
qələt eləyir, bizdə hər şey dədə-baba
qaydasıynandı, özün bilirsən. Kimin cibindən nə
çıxsa, "Allah bərəkət versin..."
"Gözləyin,
gəlirəm..."
Düz
iki ildir hər dəfə oğlum dünyaya gələn
gün tanış olduğum o üç nəfərdən
hansısa zəng vurub məni "qonaqlığa"
çağıranda üzüm gülür.
Sonradan
öyrəndim: sən demə, həmin gün biz orada olanda mənim
oğlumdan başqa uşaq doğulmayıb.
16-27
noyabr 2024
Sumqayıt
Əyyub
Qiyas
Ədəbiyyat
qəzeti.- 2024.- 29 noyabr, №46.- S.26-27.