O divarın
dibində, mimozanın
altında...
Hekayə
Merse RODOREDA (1908-1983) - tanınmış
Kataloniya nasiridir. Ədəbi yaradıcılığına
görə bir sıra ədəbi ödüllərə layiq
görülübdür. Məcburi
mühacirət üzündən
sığındığı Fransada təxminən, iyirmi ilə qədər yaşayıb
və həmin dövrdə yaradıcı
fəaliyyətində qeyri-ixtiyari
bir fasilə yaranıb.
Hekayə kitabları: "İyirmi
iki hekayə"
(1958), "Mənim Kristinam
və digər əhvalatlar" (1967), "Bütün
əhvalatlar" (1979), "Səyahətlər və
çiçəklər" (1980)
Romanları: "Mən ləyaqətli
qadınammı?" (1933), "Kişinin həyatından
bircə gün"
(1934), "Aloma" (1937), "Cinayət" (1936), "Diamant meydanı" (1962), "Kameliyalı
küçə" (1966), "Dəniz kənarındakı
bağ" (1967), "Qırılmış
ayna" (1974).
O divarın dibində,
mimozanın altında...
Mikel məni atıb gedəndə bütün
rəfiqələrim bundan
kam alırmışcasına
sevinirdilər: adaxlım
qəfildən gedib dünyanı gəzib-görmək
həvəsinə düşmüş
və geri dönəcəyini vəd
eləmişdi. Rəfiqələrim
isə hələ də oturub-durub, mənə təsəlli verirlər ki, əgər adaxlın belə deyibsə, onda mütləq qayıdacaq, halbuki öz-özlüklərində
nişanlımın üzünü
bir daha görməyəcəyimdən arxayındırlar. Elə
özüm də bu fikirdəyəm, çünki Mikel ilk görüşdəcə
mənimlə yatağa
girmişdi və bu variant mənim yatsam, heç yuxuma da girməzdi, çünki bir ömür boyu evdə qalıb, qarımaq istəmirdim. Ancaq ürək də daşdan deyil ha, əgər bir adam öz
həyatını sənsiz
heç cür düşünə bilmədiyini
dilinə gətirib,
and-aman edirsə, ona "yox" cavabı vermək bir az müşkülə
dönür və mən də bunu... o vaxt bacarmadım.
Bəlkə də o, nə vaxtsa həqiqətən, geri dönəcəkdi, ancaq o zaman Mikel daha mənə əsla lazım olmayacaqdı. Həm də canımdakı soyuqdəymənin
hələ də keçib-getməməsi rəfiqələrimi
heyrətləndirir. Eyb
etməz, qoy onlar maraqlarından çatlasınlar. Öskürəkdən
boğulanda və ya burnumun suyu
durmadan axanda niyə mahnı oxuduğumu onlar yüz il qala, anlaya bilməzlər. Axı mən indiyədək heç kimə sirr gəlməmişdim ki, əsgərlərə
heyranam, onları görcək, ürəyimin
yağı əriyir.
Hərbi formada, çəkmələrini tappıldadaraq,
küçəmizdən keçdikləri
vaxt bəzən içimə qüssə
hissi dolur... Günəşin altında,
o cür geyimdə və sırayla yeriyərkən, çox yəqin onların havası çatışmır.
Bununla yanaşı, aralarından bəziləri
öz tağalağını
şəstlə yan qoymağından da qalmır...
Üç-üç gəzişən
əsgərlər canları
sıxıldığından yoldan ötən hər qızla bir bəhanəylə söhbətə girişməyə
çalışanda nədənsə
mənə kökündən
qoparılan ağacları
xatırladırlar. Əyalətdən
gələn bu cavanlar şəhərdə
dəhşət darıxırlar!
Analarından ötrü,
evlərindən ötrü,
ev xörəklərindən
ötrü burunlarının
ucu göynəyir. Quyu başına yığışan qızlardan
ötrü, öz aləmlərində doğma
sayılacaq hər şeyə həsrət duyurlar. Bütün bunlar azmış kimi, hələ hərbi forma geyinməyə
də məcburdurlar və ondan qurtulmaları
imkansızdır.
Bir dəfə onlar yenə üçlükdə
gəzişirdilər. O gün
əynimdə açıq
çəhrayı rəngdə
kofta, boynumda isə eyni rəngdə yaylıq vardı. Həmin koftanı tikəndə parçadan
artıq qalmışdı.
Arxada yığdığım
saçlarıma həmin
gün üzərində
gözqamaşdırıcı və qızılı rəngli bant olan çəhrayı sancaq taxmışdım. Mənim
bərabərimə çatanda
əsgərlər ayaq
saxlamaqla, yolumu kəsdilər. Onlardan dəyirmi sifətli olanı soruşdu: "Sizdə artıq tramvay bileti tapılmaz ki?" Mən də dedim ki, biletim-zadım yoxdur. Onda ikinci əsgər
söhbətə qoşuldu:
"Hətta işlənmiş
bilet də işimizə yarayar".
Bu ikisi elə hey bir-biriylə baxışaraq,
hırıldayırdı, üçüncü
əsgər isə lal-dinməz bir kənarda dayanmışdı.
Onun yanağında və boynunda iri xalı vardı,
qulağının böyründəki
xal isə nisbətən kiçik və tünd qəhvəyi rəngdə
idi.
Bilet bəhanəsiylə mənimlə
söhbətə girişənlər
sonra adımla maraqlandılar, mən də bunu gizlətməyə
elə bir hacət duymadan o dəqiqə adımı söylədim... "Xrizantema"
cavabını eşidincə,
onlar bildirdilər ki, xrizantema - payızda açan bir çiçəkdir, mən
isə hədsiz təzə-tər olduğum
üçün o payız
çiçəyinə zərrəcə
bənzəmirəm. Bizdən
aralıda duran və bayaqdan bəri ağzına su alan əsgər
dedi: "Yaxşı.
Gəlin, gedək".
Yoldaşları isə
ona belə cavab verdilər: "Dözsənə bir az, indicə Xrizantema bizə adi günlərdə hansı məşğuliyyətlərlə
baş qatdığından
söz açacaq".
Bu yerdə, yəni söhbətimizin bəlli
bir axara düşdüyü məqamda,
əsgərlər gülüşərək,
məndən aralandılar.
Ancaq aradan üç-beş dəqiqə
ötüncə, bayaq
daim susan və indi yoldaşlarından
ayrılan o əsgər
gəlib məni haqladı və ara-sıra görüşmək
istəyini dilə gətirdi. Əlbət, razılıq verməmi umurdu, çünki mən onların kəndindəki Jasinta adlı hansısa qıza bənzəyirmişəm...
Nə vaxt görüşə biləcəyimizi xəbər
alanda isə dedim: "Cümə günü, axşamüstü".
Həmin
gün bizim ağalar nəvələrini
görməkdən ötrü
Tarraqonaya yola düşdülər. Ev-eşikdən
muğayat olmağı,
Valensiyadan buraya tərəf yola çıxan senyora Karlotanın gəlişini
gözləməyi mənə
əlbəəl tapşırdılar.
Qulluqçusu olduğum
həmin evin ünvanını yazmağı
əsgərə təklif
eləsəm də,
o, əla yaddaşına
güvəndiyi üçün
buna gərək duymadı.
Cümə günü axşamı
o, küçədə dayanıb,
mənim yolumu gözləyirdi. Səbəbini
bilməsəm də,
özümü nəsə
belə narahat hiss edirdim, sanki bütün bədənimə
bir qarışqa sürüsü daraşmışdı,
damarlarım gizildəyirdi,
içimdə nələrin
olub-bitdiyini bilməsəm
də, bircə şeydən tamamilə arxayın idim: bu cavan oğlan
möhkəm darıxır,
buna görə də
mənimlə görüşə
belə can atır.
Aralarına qızardılmış ət tikələri qoyduğum bir cüt kökəni də özümlə götürmüşdüm. Bir qədər sonra: "Birdən ac olarsan, ha" deyib, çıxartdığım
buterbrodlardan birini ona uzatdım.
Rahatca yeyək deyə, hansısa bağın hasarına söykəndik.
Həmin bağda bitən ağacların və qızılgül kollarının budaqları
küçəyə tərəf
uzanmaqda idi. Mən kökədən iri tikələr qoparıb yeyirdim, o isə ağır-ağır,
səliqəli tərpənirdi:
əvvəlcə kökədən,
sonra isə ətdən bir tikə qoparır, ardınca bunları birlikdə ağzına atırdı. Bəzən
kənd adamlarında gördüyün bəzi
davranışlara valeh
olmaya bilmirsən. Məhz bu səbəbdən
iştaham kəsildi və mən yeyib-bitirə bilmədiyim
kökəni də oğlana uzatdım. Əsgər onu da əlüstü gözünə
təpdi.
Adı Anjel imiş - bu ad həmişə könlümə yatmışdı
mənim. Həmin gün çox az söhbətləşsək
də, bir-birimiz barədə xeyli şey öyrənməyə
fürsət tapdıq.
Geri döndüyümüzdə bir
dəstə uşaq dalımızca düşdü,
məzəli jestlər
göstərərək çığırışdı:
"Bəy və gəlin! Bəy və gəlin!" Aralarından ən balacası isə ardımızca bir ovuc qum atdı,
ancaq Anjelin ona tərəf getdiyini görüncə,
dabanına tüpürdü.
Çevik tərpənən
əsgər onu yaxalayıb, qulaqburması
verdi - ancaq bunu yüngülvarı, sırf dərs olsun deyə elədi, həm də uşağa söz verdi ki, gələn səfər əvvəlcə onu zirzəmiyə salacaq, sonra isə əsgərliyə göndərəcək
ki, iki il sərasər
kartof soymağın nə demək olduğunu, bəlkə o sayədə anlaya. Həmin görüşümüzdə
başqa bir şey yaşanmadı.
Səhəri gün biz təkrar
həmin küçədə
görüşdük, yenə
də söhbətləşmək
üçün o suvağı
tökülmüş hasarın
yanında dayandıq.
Küçənin qarşı
cinahındakı hasarın
o biri üzündə,
giriş qapısının
sağında və solunda yerləşən, pəncərələrinə barmaqlıq
vurulmuş kiçik evlər gözə dəyirdi. Onların bayır qapıları həmişə bağlı
olurdu: görünür,
ev sahiblərinin bütün həyatı evlərin arxa tərəfindəki terrasda
və ya bağçada keçirdi.
Bir dəfə biz orada dayananda küçə fənərləri həmişəkindən
erkən yandı: hava hələ tam qaralmamışdı, səma
gömgöy idi və məhz o an diqqət yetirdim
ki, başımız üstdə
ucalan ağac mimozadır. Həmin vaxt o, təzəcə çiçəkləməyə başlamışdı və
başdan-ayağa çiçəklərə
büründüyü üçün
necə gözəl görünürdüsə, adamın
ağlını başından
alırdı: yaşılımtıl
yarpaqları təkəm-seyrək
idi, yaşılı xovların isə sayı-hesabı bilinmədiyindən
hər budaq qızılı rəngli
buludu xatırladırdı.
Orada sivriuclu yarpaqları çiçəklərindən
daha çox olan, budaqları isə umuzun başqa ağaclar da vardı. Fənərin işığında adama
elə gəlirdi ki, mimozanın budaqları birbaşa göydən üzüaşağı sallanır...
Adətən biz fənərlər yandırılana qədər
yeməyimizi bitirirdik.
Hər dəfə özümlə qızardılmış
ət və kökələr gətirirdim.
Anjel tikələri səssizcə və bir-bir qoparıb, ağzına qoyduqca, mən onun boynundakı
o xalı tərifləyib-öyməkdən
özümü güclə
saxlayırdım.
Həmin
axşamlardan birində
mən möhkəmcə
soyuqladım: daha şux görünməkdən
ötrü o gün bozumtul rəngli ipək koftamı geyinmişdim deyə, evə döndüyüm
zaman həm gözlərim
sulandı, həm də başım ağrıdan çatladı.
Səhəri gün aptekə
yollanmağa məcbur
qaldım: oradakı senyora hökmlə bildirdi ki, təcili dərman içməliyəm,
çünki bu, adi soyuqdəymə deyil, hər halda mən qripə yoluxmuşam. Aptekdəki satıcının
açıq boz rəngli, hətta az qala rəngsiz
sayılacaq gözləri
vardı. Heç vaxt ilan gözü
görməsəm də,
tamamilə əmin idim ki, o xanımın gözləri məhz ilanınkına bənzəyir.
O bildirdi ki, bu - adi yaz soyuqdəyməsidir,
mən isə ona ipək koftam
və mimoza ağacı barədə söz açdım. O an əczaçı kişi
də söhbətə
qoşuldu: "Hə,
sənin xəstələnmənə
elə o mimozanın tozcuqları səbəb olub. Bir də heç vaxt mimozanın altında dayanma".
Bir dəfə yenə həmişəki kimi Anjel ilə hasarın dibində oturduğumuz vaxt bizdən bir qədər aralıda, tində bir baş göründü. Yox, elə bilməyin
ki, o ara gözümə
kabus-filan görünübmüş
və baş da kəsik imiş. Sadəcə olaraq, tində duran cavan bir oğlan
nədənsə gizlicə
bizə göz qoyurdu. Baxışlarımın
düz ona dikildiyini anlasın deyə, mən də düz ona tərəf baxdım. Həmin gecə bizi güdən o adamı xəyalımda canlandırmağa
çalışınca, onun
siması mənə tanış gəlməyə
başladı. Hətta
mən and içərdim
ki, o, Anjel ilə ilk rastlaşdığımız gün
məndən tramvay bileti istəyən o əsgərlərdən biridir.
Ona bu barədə bildirəndə Anjel dedi ki, belə bir şeyin mümkünü yoxdur, çünki həmin əsgərlər artıq
xidmətlərini başa
vurub, evlərinə yollanıblar.
Məhz
o gün onu son kərə gördüm və biz bir daha heç görüşmədik.
Sonralar mən köhnə görüş yerimizdəki
hasarın yanına çox getdim. Durub, onun yolunu
gözlədim, sonra usanıb, bu işdən əl çəkdim. Buna baxmayaraq,
ürəyim hələ
də qəfil-qəfil
hövllənməyindən qalmır: "Birdən o,
həmin yerə gəlib, məni gözləyər, ha..."
Anjel bir kərə də olsun məni
öpməmişdi, mimoza
ağacı altında
dayandığımız saatlarda
eləcə əlimi ovcuna alıb, saxlayırdı.
Bir dəfə yeməyi bitirəndən sonra o, zənnlə və uzun-uzadı məni süzdü. Bunun səbəbini
soruşanda isə çiyinlərini çəkdi,
yəni "Heç özüm də bilmirəm" mənasında.
Kökəmin yarısını
ona uzatdığım
an baxışlarında hələ
də o qəribə ifadənin donduğuna şahid oldum.
Soyuqdəyməm isə keçmək,
sağalmaq bilmədi,
hətta mənə ömürlük yoldaş
oldu da deyə bilərəm, çünki
bir azca yaxşılaşan kimi xəstəlik dərhal geri dönüb, burnumu necə qıcıqlandırırsa, sürəkli
asqırmağım gəlir,
gecələr kəsmək
bilməyən öskürək
isə rahatlığıma
əməlli-başlı haram qatırdı. Ancaq daha heç nə vecimə deyildi.
Sonralar fərqli şeylər, məsələn, bor turşusu-filan almaqdan ötrü yolumu aptekdən salanda satıcı daima mənə xəbərdarlıq
etməyindən qalmadı:
"Mimozadan uzaq durun, ha!"
İndinin özündə o soyuqdəymə
özünü təkrar
büruzə verəndə
mənə yenə elə gəlir ki, ona həmin o hasarın dibində yoluxmuşam, sanki köhnə görüş
yerimizə getməkdən
hələ də əl üzməmişəm.
Mikel ilə vaxt keçirmək
daha xoş idi, bütün ismətli qızlar gec-tez kiməsə ərə gedəcəyi üçün mən də onunla ailə qurmağa həvəsli idim. Ancaq bəzən Mikellə baş-başa qalanda da elə sanırdım ki, ovcumda məhz Anjelin əlini tutmuşam: əvvəlcə ovcumu yumur, sonra isə
barmaqlarımı açırdım
ki, istədiyi vaxt əlini geri çəkə bilsin... anlasın ki, heç kəs onu zorla
tutub, saxlamır. Rəfiqələrim başını
götürüb, haralarasa
üz tutan Mikel barədə qara-qara düşündüyümü zənn eləsələr
də, əslində bir tüstü dalğası kimi uçub-əriyən Anjel
idi ağlımdan heç cür çıxmayan. Həm də ki belədə mən əsla qüssələnmirəm. Barəsində
düşündüyüm müddətcə o, yenə
mənimlədir.
Bircə
şey könlümü
açmır... Aptekdə
indi yeni satıcı işə başlayıb.
O, məni tanımır
və məsələn,
bir qutu aspirin istəyəndə eləcə:
"Qiyməti iki
peseta yarımdır" deyir
və kassa makinasını şaqqıldadır.
Əgər minaçiçəyi
istəyirəmsə, heç
üzümə də
baxmadan mızıldanır:
"İki real". Təkrar
kassa makinası işə düşür.
Belə olunca, mən yuxulu birisi kimi çıxışa
tərəf üz tutur, ancaq kandara
çatanda səbəbini
özüm də bilmədən bir anlığa ayaq saxlayıram. Deyəsən,
mən vacib nəyisə salıb itirmişəm axı.
Merse RODOREDA
Dilimizə çevirdi: Azad Yaşar
Ədəbiyyat qəzeti.- 2024.- 29 noyabr,
№46.- S.30-31.