Səfər
Bəxtdən gələn bir yazıyla
çıxdım ömür səfərinə:
Qarşıdaydı Şuşa taxtım, -
yolları gözümə taxdım.
Qartal kimi dağlar qalxdım,
çaylar kimi dərə axdım.
Endim, qalxdım,
qalxdım, endim...
Allah!
Allah!
Yer üzünə göydən
baxdım.
Qarabağın yollarını
qoluna dolayıb getdim.
Deyən
elə uça-uça
gözlərimi yuma-aça
zirvələrə uçuş etdim,
bu dağların, bu düzlərin
oba-oba, mənzil-mənzil
yarasına öpüş etdim.
Gəldim
sənə, bacım Şuşa
taxtım
Şuşa, tacım Şuşa.
Yaddaşım
Yaddaşım məni aldadır,
Daş deyib yadlara atır.
Gah heç nədən ara qatır,
Gah yaddan çıxır yaddaşım.
Bilmir nədir uzaq-yaxın,
Ta andı-fəndi - bu yaxam.
Mən belə yaddaşla yoxam,
Canımı sıxır yaddaşım.
Nəyi
hara qoydum, bilmir,
Hənək bilmir, oyun bilmir.
Elin yasın, toyun bilmir,
Dəyəmi yıxır yaddaşım.
Taqət
deyil ayağıma,
Çiyin vermir dayağıma.
Görmədiyim oyağıma,
Gördüyüm yuxu yaddaşım.
Deyirdi
Yəni
doğrudanmı vardı
o günlər, -
Hər anı, saatı şeir deyirdi?!
Eh çalıb-çağıran tardı o günlər,
Elə gələcəkdən deyir...
Deyirdi.
Şerə vurğundu, elmə
vurğun,
Nə zəif düşərdi,
nə də ki yorğun.
Əlləri cavabdı, fikri
sorğu,
Şərə rəml atsaydı,
xeyir deyirdi.
Canında naz yoxdu, dilində zəhər,
Ölüb-dirilirdi içində qəhər.
Yuxusuz gecədən çıxıb
birtəhər,
"Səhər qıpımızı
döyür", deyirdi.
Yəni
doğrudanmı olub o
günlər? -
Min arzu, min ümid dolu o günlər.
Eh, ağıl, dərrakə
yolu o günlər,
"Durma, yaz, gözünü
doyur" deyirdi.
Mirvari -
hər sözü, inci - hər sözü -
Deyən,
daşdan çıxır
indi hər sözü.
Könlünün bucağı, küncü
hər sözü
"Vaxt məndə özünü öyür,"
deyirdi.
Yalan yaşımsan
Gözümdən işığı, dilimdən sözü,
Ömrümdən illəri alan yaşımsan.
Neynim
ki, canımı, heyimi
üzüb,
Fikrimdə, zikrimdə talan
yaşımsan.
Səndə nələr gördüm,
özün bilirsən,
Çəkdiyim nə varsa, dözüm bilirsən.
Dünyanın hər sirrin, sözün bilirsən,
Deyən,
anam yaşım, balam yaşımsan.
Qaldım
saya-saya daş ümidləri,
Sərsəm ümidləri, çaş
ümidləri.
Əvvəldən biləydim, kaş,
ümidlərin
Elə sonucuna qalan yaşımsan.
Ölüb-dirilsək də biz bu yolboyu,
Neçə il yaşadıq sənlə
qolboyun.
Çox
da qürurlanma - Tanrı
bol qoyub,
Sən də dünya kimi yalan yaşımsan.
Ürəyim
Ürəyim pis-pis döyünür,
İçində min hiss döyünür.
Gah kədər, gah hirs döyünür,
Elə diltəng edir məni.
Aça
bilmirəm sirrini,
Unudub, tapmır yerini.
Hərdən sarsağın birini,
Yada salıb didir məni.
Bir də gördün, saxta vurur, -
Solda durub, sağda vurur.
Deyirsən bəs, taxta vurur...
Sökür sətir-sətir məni.
Bitəmmir gözləməyi də,
Tükənmir "döz" deməyi
də.
Bir ömürlük əməyi
də
Deyir, haqqa yetir məni.
Sənək deyil, suda sına,
Mən sınamsa, o da sına.
Günə həsrət odasına
Niyə
edib çətir məni?!
Nə günü, nə güzarı var,
İçində qəm bazarı
var.
Bilmirəm, nə azarı
var,
Deyir, öldür, itir məni.
Gətir
Ailəsindən uzaq
düşənlərə
İnadın dağa dirənib,
Gözündən həsrət ələnir.
Aşır yolundan bərəni,
Sənsizə özünü yetir.
Qayıt
gəl ev-eşiyinə,
Qayıt
körpə beşiyinə.
Sənsiz
qəlbi üşüyənə,
Bir isti sözünü gətir.
Vardı
yoxun, vardı varın,
Üz
tut qismətinə sarı.
Bu yolun, bu da - qatarın,
Gəlişin tezini yetir.
***
Yenə
günün qarasını
Sürtüb təmizləyəmmirəm.
Buza qoyum, duza qoyum,
Pörtüb təmizləyəmmirəm.
Tanrı
aça haqq qapısın,
Bir uğurlu vaxt qapısın.
Mən bu qara baxt
qapısın,
Örtüb təmizləyəmmirəm.
Elə şəri xeyir eləyir,
Dərd
əridib şeir eləyir.
Gendə
durub seyr eləyir,
Yetib təmizləyəmmirəm.
İlahi
Neynirdin,
neynirdin pis adamları,
Xəbis
adamları, hirs adamları?
Qırıb çatırdınsa biz adamları,
Niyə
yaradırdın, niyə,
İlahi?!
Bilirik, şeytana uyanların var,
Haqqın
günahını yuyanların
var.
Əlinin
üstə əl qoyanların var,
Durmusan onlara yiyə, İlahi.
Sənin
bu halına nə ad qoyaq,
nə?
Çaşbaşıq, bilmirik, baş nə, ayaq nə.
Bu ömür deyilsə, bəs nə sayaq, nə?
Nəyə inam olaq, nəyə, İlahi?!
Bizi görürmüsən? Biləmmirik
ta,
Bəxt
üçün əl
açıb dilənirik
ta.
"Yer" adda möhvərdən
iyrənirik ta,
Çək apar bizləri göyə,
İlahi.
Yalvarıb-yaxarmaq xislətim də
yox,
Malından-mülkündən qismətimdə
yox.
Sırtıqlıq abrımda, ismətimdə
yox,
Qalmışam başıma döyə,
İlahi.
***
Bəli,
küy deyiləm, kələk deyiləm,
Ərkim
özümdədir, fələk
deyiləm.
Lap kin-küdurətəm, mələk
deyiləm,
Kimsədən söz çəkmir,
söz gəzdirmirəm.
Axarım-baxarım hələ ki, kordu,
Ta yol gözləmək də gözümü yordu.
Xan ol, ya sultan ol...
Axırı gordu,
Odur ki, sirlərə göz gəzdirmirəm.
Şöhrət dilənmirəm, şan
dilənmirəm,
Can verib, yerimə can dilənmirəm.
Halalca haqqımdı, mən dilənmirəm,
Yük deyil... Çiynimdə naz gəzdirmirəm.
Firuzə Məmmədl
Ədəbiyyat qəzeti.- 2024.- 28 sentyabr, №37.- S.5.