Ay it...
Hekayə
Hərdən yüngül bazarlıq üçün çoxçeşidli marketə gedirdim. Sifarişi xanımım versə də, alacaqla özüm məşğul olurdum. Nazik haqq-hesablı bazarlıq uşaqların anasının narazı sifətini bir az da turşudurdu. Neyləyim, dilim qülbümdən, əlim cibimdən utanırdı.
Yolboyu çox evlərin və bir də eyvanı küçəyə baxan kürsülü evin yanından keçirdim. Bu evdə yaşayan, bir-birindən gözəl iki varlıq - gözəl it və bu itin sərvboylu gözəl sahibi diqqətimi çəkirdi. Sərvboylu qadın həm də zövq ilə seçilmiş geyimləri ilə yadımda qalırdı. O, rəng seçimində ustalıq nümayiş etdirirdi. Bir rəssam olaraq bu seçim məni maraqlandırırdı. Fikirləşirdim: "uyarlı rəng seçiminin aliliyi zövqə, yoxsa, elmə söykənir?" Bunu Sərvboylu xanımdan soruşmağa ürək eləmirdim.
Günün müəyyən vaxtlarında Sərvboylu xanım olduqca kiçik, tükü qar kimi ağ iti ilə gəzintiyə çıxırdı. Küçük tez-tez ora-bura dartınsa da, qadın onun yaraşıqlı boğazlığını - xaltasının ipini əldən buraxmırdı.
Hərdən onlar eyvanda qərar tuturdular. Hiss edirdim ki, bu yaraşıqlı qadın,
bu yaraşıqlı
itdən, onun əyləncəli hərəkətlərindən,
icazəli və ya icazəsiz ona-buna hürməsindən
zövq alırdı.
İtin şıltaqlığı
artanda sahibi onu intizama səsləyirdi:
"Alış, sakit
ol".
Balaca it
zərif səsi ilə kimə, hansı qaraltıya, nə qədər hürürdü, - bunu deyə bilmərəm. Ancaq o, zərif səsini o qədər də istismar etmirdi. Böyüklüyündən,
kiçikliyindən asılı
olmayaraq, itin yaddaşı güclü
olur. Məni yadında möhkəm saxlamışdı. Nə
vaxt rastlaşırdıqsa,
dərhal sahibini incidir, mənə tərəf dartınıb
hürürdü. Bəzən
bu hürüş həddini aşıb kəskinləşirdi. Səbəbini
bilmirdim. Bəlkə,
başqalarından fərqli
geyimim onu qıcıqlandırırdı? Axı rəssamların geyimləri fərqlənir.
Ola bilsin, mahud pencəyim, orijinal dolaqlı boğaz şərfim, dəyirmi beretim və ya saqqalım ona nəsə bir mənfi emosiya aşılayırdı.
Sahibi - Sərvboylu xanım da sevimli itinin mənə olan münasibətinə mat qalmışdı.
Bir gün acıqlı
halda dedi:
- Alış, mən səni cəzalandırıb
küncə qoyaram. Kimə, hara hürməyinə
mən göstəriş
verirəm. Həmişə
icazəli hürürsən,
sonra da mükafatını
alırsan. Bu nə özbaşınalıqdır?!
Əslində sahibi hər şeyi yaxşıca bilirdi. Özünü bilməzliyə vurmaq da bir ustalıqdır.
İtin
xidməti hürüşündədir.
Hürməsə, ona
kim çörək verəcək? Bunu hamı bilir. Görünür, sahibindən
başqa, itin öz umacağı da var.
Səbəbi açmaq
lazım idi. Dedim:
- Xanım, mən sənətçiyəm, rəssamam.
Sənətçilər hamının
dilini bilir. İcazə versəniz, mən onun icazəsiz
hürüşünün səbəbini və məqsədini öyrənərəm.
Cazibəsinə korluq verməyən
Sərvboylu xanım açar sayılacaq sözündə bədxərclik
etmədi:
- Nə deyirəm.
Mən çömbəlib Alışla
üz-üzə durdum
və hürüşünün
səbəbini öyrənməyə
girişdim:
- Ay it, mən sənin bu aramsız hürüşünə layiq
deyiləm. De görüm,
hansı günahın
sahibiyəm ki, məni
görəndə acıqla
hürməyə başlayırsan.
Qüsur axtarırsan?
Vallah, mən halal maaşımla dolanıram.
İndiyədək heç
kimi aldatmamışam,
heç kimdən rüşvət almamışam.
Heç kimin paxıllığını çəkməmişəm.
Mənə belə aramsız hürməyin nədəndir?
Səbəbsiz heç bir şey baş vermir. İt olanda nə olar... Alış bunu yaxşı bilirdi. O öz it dili - ünsiyyətilə bunu mənə anlada bilərdi. Lakin cavab vermədi, başını
çevirib yiyəsinin
- çörək verəninin,
qayğısını çəkəninin,
nazı ilə oynayanın üzünə
baxdı. Sərvboylu gözəl icazə üçün tələsmədi.
O, əyilib sevimlisini yerdən götürdü
və sinəsinə sıxdı. Əllərilə
ağ tüklü, bapbalaca iti tumarlamağa,
oxşamağa başladı.
Mən də dikəlməli oldum.
İtdən ətir qoxusu gəlirdi. Başa düşdüm ki, yiyəsi
ona gigiyenik qaydalarla qulluq edir. Yəqin ayrıca duş vannası var. Çimdirərkən
müxtəlif şampunlardan
istifadə edir. Hətta tibbi tələbləri də unutmur. Belə sahibin iti olmaq
xoşbəxtlik deyilmi?
Bu suala dərhal cavab vermək çətindir.
Alış ərköyün olduğundan
dəyişkən vəziyyətlərə
can atırdı. Birdən
o, narahatlığını bildirdi. Onu başa
düşən sahibi
Alışı yerə
buraxdı və müəyyən məsafədə
kəndirini boşaltdı.
İt əvvəlcə yaxındakı
ağaca sarı can atdı və dal ayağının birini qaldırıb ağacın
dibini "suladı".
Sonra ətrafa boylandı.
Yaxınlığından iri
gövdəli sahibsiz bir qancıq keçirdi. Dərhal dişi cinsin qoxusu Alışı qıcıqlandırdı. Məhrəm
ünsiyyət qurmaq üçün ona sarı dartındı. Sərvboylu xanım nə baş verəcəyini bildiyindən
itinin arzusuna qarşı durub ipini çəkdi. Və hətta onu uyarsız hərəkətinə görə
məzəmmətlədi:
- Sən bunun seçiminə, qanacağına
bax... Anası yerdə bir qancıqla eşqbazlıq
yapmaq istəyir. Özünü gülünc
günə qoyma. Kənardan baxan sənə nə deyər? Ara, axtar - tayını tap.
Ürəyimdə mən də Sərvboylu xanımı məzəmmətlədim: "Ay gözəl, axtar görək bundan balaca sevgili tapıb öz Alış bəyini xoşbəxt edə bilərsənmi? Özünü
əziyyətə salmırsan.
Yaxşı bilirsən
ki, həyatda bundan balaca it yoxdur".
İçimlə danışdığım bəs oldu. Keçdim itinə cavabdeh olan Sərvboylu
xanımla açıq
söhbətə:
- Xanım, ataların sözü belədir:
"lalın dilini yiyəsi bilər". Bu baxımdan itin də dilini siz bilməlisiniz. Mənimlə tutaşan bu heyvandan dönə-dönə
soruşmuşam: "Ay it, niyə mənə hürürsən?" Cavab
vermədən əməlini
davam etdirir. Elə bu gün
də mənə hürməyindən vaz keçmədi. Siz itinizin dilini bilməmiş, onun istəyini duymamış olmazsınız.
Sərvboylu gözəl yenidən
qucağına aldığı
sevimli itinin başını sığalladı:
- Bəli, mən onun dilini, kimdən
nə umduğunu gözəl bilirəm. Siz onun varlığına
diqqət yetirin.
İndi durum onun "hav-hav"ını
sizinçün tərcümə
edim? Siz sənət adamısınız.
Siz onun hürüşünü tərcüməsiz
duymalısınız. O, hərəyə
bir umacaqla hürür, o sıradan sizə də. İstəyinə lazımi
cavab verməyincə hürəcək. O, çox
mürəkkəb bir
varlıqdır.
- Mal yiyəsinin gözündə
böyük olar. O it mənim nəzərimcə
sadə cümləni
xatırladır. Kiçik
vücudu, ayaqları,
başı, qulaqları
və quyruğu ilə. Təkcə burnunun ucu bu
sadə cümləni
tamamlayan qara nöqtəyə bənzəyir.
İt yiyəsi maraq doğuran mübahisədən
çəkinmədi. Sən
demə, o da iti kimi inadkarımış. Belə görünürdü
ki, onlar məqsədlərinə
çatmayınca əl
çəkməyəcəklər. Dedim, daha doğrusu,
əvvəl dediyimi yenidən təkrar etdim:
- Yaxşı, deyin görüm o məndən
nə istəyir?
Sərvboylu xanım yaxın
yolu uzatmadı:
- Mənim Alışım hamıdan özünə
qarşı diqqət
gözləyir. Buna biganə
olanlara acıqla hürür, qəzəbini
gizlətmir. Bir rəssam
kimi sizdən də umacağı var.
- Başa düşdüm. Heç onun şəklini çəkən
olubmu?
- Olub. Fotoqraflar vaxtaşırı bu işə girişib. Hətta bir neçə dəfə tanımadığımız rəssamlar
da fırçalarını işə salıblar.
Maraq məni getdikcə bürüyürdü:
- Bəs nəticəsi? Sizin Alışınız
ona həsr olunmuş foto və ya təsviri
əsərlərin hansını
bəyənib?
Sərvboylu xanım soyuqqanlıqla:
- Heç birini, - dedi, - nəinki bəyənib, hətta nəzərindən keçirdikdən
sonra hirslənib, caynaqları ilə onları cırıb zay eləyib.
- Niyə? Nədən belə qaba hərəkətə yol verib?
İt yiyəsi itini bir daha tumarladı.
Alış bu ağ əllərin tumarından sonsuz həzz alırdı. Bunu onun baxışından
asanlıqla duymaq olurdu.
- Onun qarşısındakından
umacağı nədir?
Bunu siz bilirsiniz?
- Bəli.
- Xahiş edirəm, deyin. Bəlkə, mən də fırçamı işə
saldım. Bu işdə
mənə kömək
etmiş olardınız.
O, xahişimi tutmadı, qınayıcı və sınayıcı bir baxışla dedi:
- Əsl sənətkarsınızsa,
bu istəyi siz özünüz kəşf etməlisiniz.
- Yaxşı. Baxarıq, özümü sınayaram.
Əslində mən Alışın istəyini
duymuşam. Sadəcə,
sizin köməkliyinizlə
bunu dəqiqləşdirmək
istəyirdim. Siz isə imtina etdiniz. Olsun.
Günlər keçdi. Mən
Alışın yağlı
boya ilə portretinə xeyli vaxt sərf etdim. Nəhayət, iş başa çatdı. Mən Sərvboylu xanıma telefonla (nömrəsini almışdım) xəbər
verdim. O, bu xəbərdən sevindi və məni əsərlə birlikdə
evinə dəvət etdi.
Küçəyə baxan eyvanda sadə tərtibatlı bir süfrə açılmışdı:
mürəbbəli çay
və iki qədəhi də yanına alan "Şampan" şərab
ilə. Yəni ki, sənətkar hansına meyilli olsa, ona
əl uzatsın. Əlbəttə, bu sadə süfrə Alışın portretinin
şərəfinə düzənlənmişdi.
Dəbdəbəli qiymətləndirmə
mərasimi yəqin
ki, sonraya saxlanılmışdı.
Əgər əsər
bəyənilərsə...
Nə vaxtsa soydaşına "Çubuş" deyilən
Alış da həyəcanlanır,
açılış anını
səbirsizliklə gözləyirdi.
Mən çərçivəyə
alınmış portretin
örtüyünü ehtiyatla
açdım.
- Baxın, bu da "Alışın portreti".
İlk baxış, ilk təəssürat!
Sərvboylu xanım heyrətlə içini çəkdi. Alış
da ondan geri qalmadı, bir "hav"la havaya atəşfəşanlıq nidası
buraxdı. Ev sahibəsi həyəcanını
gizlədə bilmirdi.
Ağ Alışı
ağ sinəsinə basıb keçirdiyi hisslərini sözə çevirdi:
- Ay Allah!.. Siz, doğrudan
da, yaradıcı rəssamsınız!
Arzunu necə də ustalıqla gerçəyə çevirmisiniz.
Nəhayət, Alışın
kimliyini qabarıq şəkildə ortaya qoyan bir sənətkar
tapıldı! Əhsən!
Nəmərinizdən razı
qalacaqsınız, - o, diqqətini
qucağındakı itinə
yönəltdi, bu dəfə ağ əlin sığalı sevimlisinin başından tutmuş, quyruğuna kimi davam etdi.
- Alış, səni
təbrik edirəm! İstəyini təsəvvür
etdiyim kimi duyan, canlandıran sənətkar qarşındadır.
Rəssam qardaş, əməyiniz lazımınca
qiymətləndiriləcək!
"Şampan"ın ağzı
köpükləndi, qədəhlərə
içki süzüldü.
Alışın və
rəssamın - mənim
şərəfimə sağlıqlar
deyildi, sonra da qədəhlər qəhrəmanın
qara burnu ilə toqquşdu. Onlar gözlədiklərindən
artığının şahidi
olmuşdular. Onlar portreti seyr etməkdən
doymurdular. Və şübhə etmirdilər
ki, çox çəkmədən
bu portret yaxın-uzaq ölkələrin
sərgi salonlarında
uğurla nümayiş
etdiriləcək.
Uğurum
nəylə bağlıydı?
- Deyim: mən dünyanın ən kiçik məxluqunun ürəyindən keçənləri
duymuşdum. Alış
kimliyini göründüyü
kimi deyil, arzu etdiyi kimi
görmək istəyirdi.
Mən bu istəyi duydum. Sonra fırçanı əlimə
aldım. Budur, tablodan sizə dünyanın ən zırpı bir köpəyi acıqla baxır. O, görkəminə,
buraxdığı təsirə
görə şirdən,
aslandan, ayıdan, canavardan da ötədir. Caynaqlı pəncəsi, iri bədəni yenilməzdir. Enli sinəsi, iti baxışları, hər
səsə həssas
antenna qulaqları, qıcırdılmış
dişlərilə həmcinslərini
ona, yalnız ona itaət etməyə dəvət edir. Yoxsa...
Təltiflənmək dəmi çatmışdı. Sərvboylu
xanım geri çevrilib arxa otağa keçdi. Çox çəkmədən
eyvana qayıtdı.
Bu dəfə əlində
bəzəkli bir sallaca vardı. Ora boylanmadan da içini görmək olurdu. Səbrimi basdım. Yəqin mükafatımın
çeşidlərini Sərvboylu
xanım deyəcəkdi.
Gözlədiyim kimi də oldu. Xanım
sallacanı mənə
doğru uzadıb dedi:
- Bilirəm ki, sənətçilər
içkiyə meyilli olurlar. Burada aztapılan bir iri butulka rus
arağı var, şirinlik
kimi də bir qutu şokolad,
eni və uzunu kağız aşırmalı bir dəst yüzlük
ABŞ dolları var. Buyurun.
Bu - mənim itimin - Alışımın baratıdır!
Xeyir işlərə
xərcləyəsiniz.
Düzünü deyim ki, sevindim.
Bu mükafat hələ
itlə bağlı idi. Gör, özünü çəksəm,
nələr olardı?!. Hədiyyəni qəbul etdim. Razılıq əlaməti
olaraq, beretimi başımdan çıxardım,
onun və itinin qarşısında təzim etdim və gözəlin ağ pəmbə əlini əlimə alaraq hərarətlə öpdüm:
- Sağ olun! Əməyimə böyük
dəyər verdiniz!
Sərvboylu gözəl tövrünü
pozmadan dilləndi:
- Siz buna layiqsiniz.
Məndə şairlik qabiliyyəti
də var. Hərdən
coşanda bir-iki misra guppuldadıram. Bu dəfə də şairliyim başıma vurdu, özümü saxlaya bilməyib bədahətən dedim:
Yerişinə qurban, ay it,
Hürüşünə qurban, ay it!
Düşünürdüm: "Görəsən,
Alış da məndən
tam razı qalıbmı,
istədiyini, arzuladığını
ona verə bilmişəmmi?" Hərəkətindən
məlum oldu ki, hə. Alış Sərvboylu xanımın isti qucağından çıxdı, kiçik
addımlarla mənə
sarı yeridi, üzünü ayaqqabılarıma
sürtdü, yumşaq
"hav"ını - hürüşünü
səsləndirdi, quyruğunu
buladı. Məlumunuz
olsun ki, it həmişə
ağzı ilə dediyini quyruğu ilə təsdiq edir.
Heyvanlar
arzularını yuxularında
reallaşdırırlar. Alış
da belə yuxulardan çox görürdü.
Yəqin bundan sonra Alış bir daha məni
görəndə acıqlı-acıqlı
hürməyəcək və
mən də ona deməyəcəyəm:
"Ay it, məndən nə
istəyirsən?"
Təqdimetmə, təltiflənmə mərasimi başa çatdı. Qarşılıqlı
təşəkkürlərlə ayrıldıq. Bəs bundan sonra necə
olacaq? Bilirəm ki, uca dağ başına
yağan "qar" əriyəcək, qalın
pulum xərclənəcək.
Yenə nazik haqq-hesablı bazarlığın
ümidinə qalacağam.
Yenə xanımımın
narazı sifəti turşuyacaq. Çıxış
yolu axtaracağam.
Bilirəm ki, yenə darıxacağam
və düşünəcəyəm
ki, görəsən, xülyasını
reallığından üstün
tutan "Alış"
adlı acıqlı bu it bir də
nə vaxt mənə hürəcək?..
10.09.2023
Qərib Mehdi
Ədəbiyyat qəzeti.- 2024.- 5 oktyabr, №38.- S.30.