Şərqşünaslığımızın Aida İmanquliyeva fenomeni
Aida
xanım İmanquliyeva Azərbaycan şərqşünaslıq
elminin beynəlxalq aləmdə tanınmasında, onun
şöhrətinin geniş miqyasda yayılmasında misilsiz
xidmətləri ilə fərqlənən görkəmli
şərqşünas alimdir. Onun adı şərqşünaslıq,
eləcə də qərbşünaslıq problemlərini
Şərq-Qərb münasibətləri kontekstində tədqiqata
cəlb edən, şərqşünaslığımızda
yeni elmi təhlil istiqaməti müəyyənləşdirən,
bu sahədə ilk dəfə müqayisəli metodun tətbiqi
ilə tədqiqatların səmərə və effektivliyini
artıran və ümumilikdə yeni məktəbin əsasını
qoyan cəfakeş alim kimi elm tariximizə qızıl hərflərlə
yazılmışdır. Aida xanım İmanquliyeva ilk azərbaycanlı
şərqşünas qadın, elmlər doktoru, professor kimi
Azərbaycan şərqşünaslıq elminin
inkişafında, bu sahədə ixtisaslı kadrların
hazırlanmasında xüsusi xidmətlər göstərmiş,
yeni elmi sistem yaratmışdır. Prof. Aida
İmanquliyevanın gərgin əmək, zəngin bilik,
istedad və təcrübə hesabına yazmış
olduğu "Korifei novoarabskoy literaturı" (k probleme
vzaimosvəzi literatur Vostoka i Zapada naçala XX veka) (Baku, Glm,
1991), "İstoki arabsko-russkix kulğturnıx i
literaturnıx svəzey" (V sb.: Voprosı vostoçnoy
filoloqii - Baku, 1986), "Russkaə literaturno-kritiçeskaə
mıslğ i tvorçestvo M.Nuayme" (V sb.: Voprosı
vostoçnoy filoloqii - Baku, 1986), "Priroda v tvorçestve
Amina ar-Reyxani" (V sb.: Voprosı vostoçnoy filoloqii - Baku, 1987),
"Romantizm ar-Reyxani v povesti "Vne sten qarema" i v malıx
prozaiçeskix janrax" (V sb.: Problemı zarubejnoqo Vostoka:
istoriə i sovremennostğ. - Baku, 1988), "Qələmlər
cəmiyyəti üzvlərinin
yaradıcılığındakı yeni təmayüllər
haqqında" (A.İmanquliyeva, Məqalələr və tərcümələr
- Bakı, 2010), "Qələmlər birliyi" və Mixail
Nüaymə", "Cübran Xəlil Cübran",
"İspaniyada ərəb ədəbiyyatının
yaranması və inkişaf tarixinə dair" və s.
çoxsaylı kitab və məqalələri Azərbaycan ərəbşünaslıq
elminin inkişafında mühüm rol oynamışdır. O,
ərəb-məhcər ədəbiyyatı ilə
yanaşı, Azərbaycan-ərəb, rus-ərəb və qərb-ərəb
ədəbi əlaqələri problemləri istiqamətində
sanballı elmi əsərlər yazmış, nüfuzlu beynəlxalq
konfranslarda elmi ictimaiyyətin diqqətini cəlb edən məruzələr
oxumuş, xarici ölkələrdə Azərbaycan şərqşünaslıq
elmini ləyaqətlə təmsil etmiş, Ümumittifaq Şərqşünaslıq
Cəmiyyəti Rəyasət Heyətinin, Şərq ədəbiyyatının
tədqiqi üzrə Ümumittifaq Koordinasiya
Şurasının üzvü olmuşdur
Aida
xanım İmanquliyevanın ərəb ədəbiyyatı
nümunələrinin Azərbaycan dilinə tərcüməsi
sahəsindəki xidmətləri də xüsusi əhəmiyyətə
malikdir. Mixail Nüaymə, Süheyl İdris, Sahib Camal, Məhəmməd
Dib, Macid Zeyyib Ğənəma və digər sənətkarlardan
etdiyi tərcümələr Aida İmanquliyevanın Azərbaycan
və ərəb dillərinin incəliklərinə bələdçiliyindən,
yüksək bədii zövqə sahib olmasından və
peşəkar tərcüməçi qabiliyyətindən xəbər
verir. Lakin Aida xanım İmanquliyeva geniş ictimai-siyasi, elmi-ədəbi
fəaliyyət dairəsində xidmətlər göstərsə
də, o, ilk növbədə, şərqşünaslıq elmimizin
korifeyi kimi diqqəti cəlb edir. Tərcüməçilik
xidmətləri istisna edilərsə, onun şərqşünaslıq
fəaliyyəti əsasən, ərəb milli, ərəb-rus,
ərəb-qərb ədəbiyyatlarının tədqiqi
aspektində üç istiqaməti əhatə edir.
Göründüyü kimi, Aida xanımın şərqşünaslıq
fəaliyyətinin hər üç istiqamətində ərəb
ədəbiyyatının öyrənilməsi əsas yer
tutur.
Aida
xanım İmanquliyevanın şərqşünaslıq fəaliyyətinin
mərkəzində ilk növbədə, problemə
müqayisəli, elmi-fəlsəfi və tarixi-tipoloji
baxış dayanır. Bu cür baxış və
yanaşmanın nəticəsində Azərbaycan şərqşünaslıq
elmi məhdud sərhədləri aşaraq beynəlxalq arenaya
cıxış etmiş və bir sıra vacib problemlərin həllinə
nail olmuşdur.
Qeyd etməliyik
ki, professor Aida İmanquliyevanın xidmətləri sayəsində
şərqşünaslığımızda formalaşan müqayisəli
metodun tətbiqi nəticəsində şərqşünaslığımız
ədəbiyyat tarixçiliyi sərhədlərini aşaraq,
daha qlobal, daha vacib və əhəmiyyətli problemlərin
araşdırılmasına istiqamətlənə
bilmişdir. Aida xanım İmanquliyevanın bu təşəbbüsü
bir tərəfdən, birbaşa olaraq Azərbaycan şərqşünaslıq
elmində ilk dəfə nəzəri-estetik baxımdan ərəb-rus,
ərəb-qərb tədqiqat istiqamətlərini meydana gətirmiş,
digər tərəfdən isə, aparılan tədqiqatlar ərəb-rus,
ərəb-qərb ədəbiyyatlarının, geniş mənada
mədəniyyətlərinin müqayisəli, həm də
fundamental öyrənilməsini təmin etmişdir. Aida
İmanquliyeva "qərb üçün şərqşünas,
şərq üçün qərbşünas alim"
(Ş.Xəlilov) statusunda ərəbşünaslığın
ədəbi-bədii dəyərlərini şərq-qərb
estetik-fəlsəfi kriteriya və baxışları müstəvisində
araşdırmaqla şərqşünaslığımız
üçün yeni bir nəzəri təhlil və tədqiqat
sistemi yaratmış oldu. Məlum olduğu kimi, bu dövrə
qədərki tədqiqatlarda ərəbşünaslıq,
ümumən şərqşünaslıq
araşdırmalarında Qərbin Şərqə təsiri məsələlərinə
daha çox önəm verilirdi. Lakin Aida İmanquliyeva ilk dəfə
olaraq Şərq-Qərb problemləri kontekstində məsələlərə
aydınlıq gətirərkən, Qərb dəyərlərini
obyektiv qiymətləndirir, ədəbi-bədii, mədəni-mənəvi
təsir məsələlərindən danışarkən,
birtərəfli təsirə yox, qarşılıqlı təsir
amilinə xüsusi önəm verirdi. Bu cəhət təbii
olaraq Aida xanım İmanquliyevanı bir tərəfdən, ərəbşünaslıqda
fundamental araşdırmalar və nəzəri mülahizələr
müəllifi kimi səciyyələndirir, digər tərəfdən
isə, Azərbaycan şərqşünaslıq, geniş mənada
Azərbaycan elm tarixində onun milli ruha hesablanan vətəndaş-alim
mövqeyini nümayiş etdirirdi.
Çünki
professor Aida İmanquliyeva Avropa dəyərlərini nə qədər
yüksək qiymətləndirsə də, ənənə
prinsipləri daxilində insan və cəmiyyətlə
bağlı bir çox məsələlərin təməlində
Şərq mahiyyətinin dayandığını yaxşı
dərk edir, təbii olaraq bu məsələnin üstündən
sükutla keçməyi qeyri-mümkün sayırdı.
Bildiyimiz kimi, tarixin sonrakı inkişaf dövrlərində
formalaşmış Qərb mədəniyyət qütbü
bir sistem kimi təsdiqini tapsa da, özünün mahiyyətindəki
Şərq ilkinliyini, Şərq ruhunu, bütövdən
(Şərqdən) ayrılma əlamətlərini gizlədə
bilməmişdir. Balzak, Gete, Volter, Bayron, Russo, Monteskyö,
Tolstoy, Puşkin, Yesenin və s. Qərb mədəniyyət və
mənəviyyat nəhənglərinin
yaradıcılığında (geniş mənada, Qərb mədəniyyətində)
gizlənən Şərq sevgi elementləri əslində
gözlə görünə bilməyən, lakin hiss olunan,
ruhla duyulan Şərq ilkinliyinin (həm də Şərq mənəvi
ehtiyacının) təsiri və hansı formadasa
özünütəsdiqidir. Bu mənada, prof. Aida
İmanquliyeva yeni ərəb ədəbiyyatının
tanınmış simalarından olan Əmin ər-Reyhani,
C.X.Cübran, M.Nüaymə, İlya Əbu Mada kimi, o cümlədən,
İspaniyada ərəb ədəbiyyatını
formalaşdıran bir çox sənətkarın
yaradıcılıqlarından danışarkən, problemi Qərb-Şərq
dəyərləri baxımından təhlilə cəlb etsə
də, "tarixin başlanğıcına təkan verən
Şərq" (Hegel) ənənəviliyinin yeni dövr
dünya mədəniyyətindəki yerini, rolunu və əhəmiyyətini
xüsusi qiymətləndirirdi. Görkəmli şərqşünas
alim bütün bunlarla yanaşı, XIX əsrdən
başlayaraq Qərb həyat tərzi və mədəniyyətinin
Şərqə təsiri və nüfuzunu tarixi-konkret şəraitə
uyğun izah edirdi. Prof. Aida İmanquliyeva bu məsələdə,
ilk növbədə, diqqəti Amerika və Avropa ədəbiyyatı
nümunələrinin ərəb dilinə tərcümə
olunmasına və mütərəqqi ərəb
yazarlarının həmin regionlara mühacirət etməsinə
yönəldirdi. Bildiyimiz kimi, XIX əsrdən başlayaraq
iqtisadi, siyasi və sosial problemlər səbəbindən ərəb
ölkələrindən Qərbə böyük mühacir
qrupları axın etməyə başlamışdır. Prof.
Aida İmanquliyeva ərəb mühacir ədəbiyyatı
problemlərinə dair tədqiqlərində haqlı olaraq qərb
mühacirətinin kökündə siyasi amillərlə
yanaşı, mədəni amillərin təsirini xüsusi
vurğulayırdı: "Avropa ədəbiyyatının ərəb
dilinə tərcüməsi Qərb həyat tərzinin təbliğini
və Qərbə mühacirət ideyasının cazibəsini
qüvvətləndirirdi". Gətirilən sitatda ərəb
mühacirətinin kökündə sosial-mədəni səbəbin
olması faktı olduqca maraqlı səslənir. Aida
İmanquliyeva ərəb-məhcər ədəbiyyatını
tədqiq edərkən, istər ümumi ədəbiyyat, istərsə
fərdi sənətkar nümunəsi tipində ənənə
və novatorluq problemlərinə daha çox əhəmiyyət
verirdi. Bu, bir tərəfdən, ciddi ədəbiyyatşünaslıq
yanaşması tələblərini ödəyirdisə, digər
tərəfdən yeni formalaşan modern ərəb ədəbiyyatı
nümayəndələrinin yaradıcılığında təzahür
olunan yeni ədəbi keyfiyyət hadisəsinin təqdimini təmin
edirdi.
O,
Cübran Xəlil, ər-Reyhani, Mixail Nüaymə və s. sənətkarların
yaradıcılığında tarixi-ədəbi, fəlsəfi
və ictimai xarakterli mövzuların üstünlük təşkil
etməsini ədəbiyyatın yeni tarixi dövrə
keçidi kimi xarakterizə edərkən, təhlillərini
ilk növbədə, müasir Avropa (geniş mənada, Qərb)
mədəniyyəti və ədəbiyyatının
standartları çərçivəsində aparırdı.
Lakin bu halda da şərqşünas alimin yeri gəldikcə ərəb
modernist ədəbiyyatında milli-ənənəvi
xüsusiyyətləri diqqətdən kənarda saxlamaması
bu ədəbiyyatın Şərq ruhunun sonrakı yazılı
ədəbi prosesdə mühafizə olunduğunu təsdiqləyir,
onun yeri və rolu barədə fikir
formalaşdırılmasına xidmət edir.
O, Qərbə
mühacirət etmiş "Qələmlər birliyi"ndə
cəmləşən modernist ərəb
yazıçılarının klassikaya və müasirliyə
olan münasibətini düzgün qiymətləndirir,
onların sənəti üçün səciyyəvi olan
yeni çalarları üzə çıxarır, Hegel fəlsəfəsinə
uyğun olaraq bədii yaradıcılığa estetik predmet
kimi baxırdı: "Əlbəttə, "Qələmlər
birliyi"nin üzvləri klassik ədəbiyyatı öyrənir,
əhəmiyyətini dərk edir, onun ayrı-ayrı nümayəndələrinin
yaradıcılığına böyük qiymət verirdilər.
Etiraf edirdilər ki, onların əsərləri bir
çoxları üçün daim ilham mənbəyi olaraq
qalacaqdır. Bununla yanaşı, mühacir
yazıçılar ədəbiyyatda yeni orijinal yollar
axtarırdılar. Vətəndə, adətən müraciət
etdikləri böyük həcmli formalar burada tez-tez dəyişən,
şəraitə cavab verə bilən, aktuallığı ilə
fərqlənən və qəzetlər üçün daha
çox əlverişli olan kiçik novellalarla, məqalələrlə,
şeir mətnləri ilə əvəz olunurdu". Prof. Aida
İmanquliyeva mühacir ərəb yazıçıları
sırasında Cübran Xəlil, Mixail Nüaymə, ər-Reyhani
və digər qələm sahiblərinin irsindən
danışarkən, onların
yaradıcılığında yer alan qərb mövzuları
ilə yanaşı, ənənəvi şərq
mövzularının da olduğunu qeyd edir. O, bu məntiqinin
davamı olaraq Mixail Nüaymənin novellalarında ənənəvi
Şərq nağıl motivinin, Əmin ər-Reyhani və
Cübran Xəlil şeirlərində Şərq aforizmlərinin
yer almasını yeni modernist ərəb ədəbiyyatında
özünü mühafizə edə bilmiş Şərq ənənəsinin
elementləri kimi təqdim edir: "Mövzuları çox rəngarəng
olan bu əsərlərin əsas ideyası ədalətin, məhəbbətin
və gözəlliyin kəşfidir. Məsələn,
Cübran hansı mövzuya toxunursa-toxunsun, onun ədalətsizliyə
qarşı üsyankar ruhu, xeyirxahlığa və gözəlliyə
rəğbəti hər bir əsərdə
açıq-aydın hiss olunmaqdadır". Sitat cəmiyyət
problemləri, ədalətsizliyə qarşı üsyan,
xeyirxahlıq, gözəllik və s. məsələlər
fonunda müasir Qərb, ənənəvi Şərq ədəbiyyatı
mövzuları tipində "Qələmlər birliyi"
üzvlərinin yaradıcılığını xarakterizə
etmək baxımından əhəmiyyətlidir. Bu yanaşmanın
dərinliyində və mahiyyətində Aida İmanquliyevaya
məxsus fəlsəfi görüşlərin yer
aldığı aşkar şəkildə müşahidə
olunur. Belə ki, onun problemə yanaşarkən
varlığı deyil, bədii yaradıcılıq və
düşüncəni estetik problem kimi götürməsini
Hegel fəlsəfi baxışlarının davamı kimi səciyyələndirmək
mümkündür.
Aida
İmanquliyeva ərəb-məhcər ədəbiyyatı
nümayəndələrinin yaradıcılıqlarını
təhlil edərkən, sənət ölçüləri
baxımından vacib olan bir sıra məqamlara xüsusi diqqət
yetirirdi. Qeyd etməliyik ki, hər şeydən əvvəl,
Aida xanım düzgün olaraq ərəb-məhcər ədəbiyyatı
nümayəndələrini iki mədəni ənənənin
- Şərq-Qərb mədəni əlaqələrinin
daşıyıcısı kimi təqdim edir. Daha sonra
onları sənətkarlıq baxımından təhlilə cəlb
edir. Məsələn, o, Mixayil Nüaymə
yaradıcılığını mövzu, ideya, struktur,
dil-ifadə, janr və s. cəhətdən təhlilə
yönəldir, onun sənət uğurunu bu komponentlərin
üzvi vəhdətində görür: "Nüaymənin
novellaları aydın və səlis struktura malikdir. Nüaymə
öz qəhrəmanlarının daxili aləmini açmaq
üçün daha dəqiq, konkret ifadələr seçir.
Onun novellalarının dili geniş oxucu kütləsinə
aydın və anlaşıqlıdır. Yazıçı ən
mürəkkəb şeylər barədə də hamıya
müyəssər olan dildə (lakin bəsit şəkildə
deyil) danışır. Həm də bu zaman dialektizmlərə
nadir hallarda müraciət etməsinə baxmayaraq, Nüaymənin
novellaları bütün qaydalarına əməl etdiyi ədəbi
dil normaları kənd adamlarının dilində belə
çox təbii səslənir".
Prof. Aida
İmanquliyevanın yeni dövr ərəb ədəbiyyatının
janr və metod problemləri ilə bağlı
araşdırmaları onun ərəbşünaslığa verdiyi
böyük töhfələrdən biridir. Görkəmli
şərqşünas fakt və nəzəri mülahizələr
əsasında "Qələmlər birliyi"nin "ilk dəfə
olaraq ərəb ədəbiyyatına yeni bədii metod-tənqidi
realizm metodu gətirdikləri"ni bildirir və bundan
sonrakı yeni mərhələdə ərəb ədəbiyyatının
keçdiyi yolu elmi-nəzəri təhlil edir. "Qələmlər
birliyi" üzvlərinin ən böyük xidmətlərindən
biri budur ki, məhz onlar ilk dəfə olaraq ərəb ədəbiyyatına
yeni bədii metod - tənqidi realizm metodu gətirdilər."
Bu məqamda, Aida xanım rus və qərb ədəbiyyatlarının
görkəmli nümayəndələrindən olan Puşkin,
Turgenev, Dostoyevski, Çexov, Tolstoy, Korolenko, Uilyam Bleyk, Ralf
Emerson, Uolt Uitmen və s. şəxsiyyətlərin
simasında ərəb ədəbiyyatına təsirin forma və
məzmun xüsusiyyətlərindən geniş bəhs
açır. Biz burada təsirin ümumi mənzərəsi
ilə yox, Şərq və Qərb ədəbiyyatları
fonunda ədəbiyyatdaxili proseslərin elmi mahiyyəti ilə
tanış oluruq. Prof. Səlahəddin Xəlilov haqlı
olaraq qeyd edir ki, "Aida xanım İmanquliyevanın ədəbi
proseslər haqqında tədqiqatı emprik səviyyə ilə
məhdudlaşmayaraq nəzəri-konseptual dərinliklərə
endiyindən, burada ədəbi-bədii məsələlər
fəlsəfi məzmun kəsb edirdi..." Təbii olaraq prof.
Aida İmanquliyevanın yeni metod daxilində ərəb ədəbiyyatında
formalaşan yeni janrlara münasibəti də kifayət qədər
konseptualdır. Şərqşünas alimin yeni ərəb ədəbiyyatında
Əmin ər-Reyhani, Mixail Nüaymə, Cübran Xəlil və
digər sənətkarların sayəsində vətəndaşlıq
hüququ qazanan mənsur şeir, novella, hekayə, tarixi roman və
s. kimi ədəbi janrların poetik xüsusiyyətləri, bu
janrların yeni ərəb ədəbiyyatının rəngarəng
çalarlar qazanmasına təsiri və s. barədə fikirləri
yeni ərəb ədəbiyyatının daxili inkişaf mənzərəsi
ilə yanaşı, onun Qərb-Şərq
bağlılığı məsələlərinə xeyli
aydınlıq gətirir. Məsələn, Aida xanım
İmanquliyevanın mənsur şeirlə bağlı
mülahizələri kifayət qədər tarixi-nəzəri
və konseptual səciyyə daşıyır. Onun ərəb
ədəbiyyatının janr çərçivəsi
daxilində araşdırmaları bu ədəbiyyatın dini
və milli xüsusiyyətləri, klassik və yeni mərhələdə
inkişaf tarixi, Qərb əlaqələri və təsiri
kontekstində formalaşması və s. problemlərin öyrənilməsinə
xidmət göstərir." ...Forma barəsində son dərəcə
mühafizəkar olan ərəb poeziyası
ölçüsüz, vəznsiz şeirləri uzun müddət
qəbul etmirdi. Ərəb ədəbiyyatında yalnız
Quranın bəzi fəsilləri bu ədəbi formaya
yaxın idi. Bu sahədə ilk addımlar atan ər-Reyhani də,
Cübran da görkəmli mənsur şeir ustası, Amerika
yazıçısı Uolt Uitmeni özlərinin müəllimi
hesab edirdilər". Göründüyü kimi, Aida xanım
İmanquliyeva elmi-nəzəri, həm də tarixi müstəvidə
ərəb ədəbiyyatı problemlərinə toxunmuş,
ənənəviçilik və müasirlik daxilində ərəb
şeirinin keçdiyi yolun mənzərəsini göstərə
bilmişdir.
Görkəmli
şərqşünas alim "mənsur şeir mühacir ədiblərin
ən çox sevdikləri janrlardan biri idi. XIX-XX əsrlərin
qovuşduğu dövrdə ərəb ədəbiyyatında
tarixi roman janrı necə tipik, sonralar hekayə-novella Misir
modernistləri üçün necə xarakterik idisə, mənsur
şeir də mühacir ərəb ədibləri
üçün eləcə səciyyəvi idi", - deməklə
bir tərəfdən, vahid mədəniyyət hadisəsi
tipində Qərb-Şərq ədəbi təsir və əlaqələrini
ortaya çıxarır, digər tərəfdən, akademik
Kraçkovski məktəbinin nəzəri mülahizələrini
genişləndirir.
Professor
Aida xanım İmanquliyevanın elmi irsi Qərb-Şərq ədəbi
düşüncə və əlaqələrinin öyrənilməsində,
ərəb-məhcər ədəbiyyatına dair konseptual məsələlərə
aydınlıq gətirilməsində, ümumilikdə şərqşünaslıq
problemlərinin araşdırılmasında fundamental mənbə
olacaq, bütün zamanlar üçün
aktuallığını itirməyəcəkdir.
Elman
Quliyev
Ədəbiyyat
qəzeti.- 2024.- 5 oktyabr, №38.- S.4-5.