Ölməz istiqlal şairi - Əli Tudə
Elmi araşdırma
Azərbaycan poeziyasının ölməz sənət xadimləri tərəfindən təkmilləşdirilməsi günün reallığıdır. Bu missiya mühacirət həyatı yaşamış tanınmış Azərbaycan şairi Əli Tudə imzası üçün də müstəsnadır.
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri sırasında tanınmış şair, yazıçı, siyasi mühacir, Azərbaycan Yazıçılar Birliyinin üzvü, SSRİ Yazıçılar Birliyinin üzvü, Azərbaycan Demokrat Firqəsinin üzvü, Azərbaycan Milli Hökuməti dövründə Maarif Nazirliyində tədris şöbəsinin müdiri işləmiş, Təbrizdə Milli filarmoniyanın yaradıcısı, ilk və son müdiri olmuş Əli Tudənin də adı öncül yerlərdə durur. Fəaliyyəti dövründə poeziyamıza bir-birindən layiqli töhfələr bəxş etmiş Əli Tudə bu gün də ədəbiyyatımızın azman sənətkarlarından biri kimi yaddaşımızda yer alır.
Bildiyimiz kimi, Əli Tudə milli ruhlu şeirləri ilə xalqı həmişə istiqlala çağırıb. Onun Təbrizdə yaranan Azərbaycan Demokrat Firqəsinin sıralarına qoşulması içindəki ruhun gücündən xəbər verir. Məhz xalqın yaddaşında istiqlal çağırışları yaratdığı üçün Əli Tudənin yaradıcılığına qarşı təhdidlər çox olmuş, odlu istiqlal cəhdlərinə görə onun çap ərəfəsində olan şeirlər kitabı mətbəədə yandırılıb, şeirlərinin çapına qadağa qoyulub. Hətta elə bir məqam yaranıb ki, şah Əli Tudənin tutulduğu anda məhkəməsiz öldürülməsi haqqında fərman da verib. Bütün bunlar göstərir ki, İrandakı kəskin rejim istiqlal havası ilə nəfəs alan şeirləri xalqın oyanışı üçün əsas hesab etdiyindən, mübarizə ruhlu ədəbiyyatın təbliğinə daim qarşı durub. Əli Tudə də bu üzdən Təbrizi tərk etməyə məcbur olub, ölkəmizə pənah gətirib. Onun sərhədi keçərkən yazdığı "Mən nə gətirdim" şeiri o dəhşətli anlara canlı sübutdur...
Xatırladaq ki, Əli Tudənin bu şeiri o dövr mühacir ədəbiyyatının ilk nümunəsidir, bu şeir, sonradan öz doğma torpaqlarını tərk etməyə məcbur olan minlərlə mühacirin manifestinə dönüb və dillər əzbərinə çevrilib.
Əli Tudənin Bakıda "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi kimi fəaliyyəti də milli düşüncələr üzərində cərəyan edib. Maraqlıdır ki, o, bütün ömrü boyu siyasi mühacir olaraq qalıb, milli ruhu ona şöhrət gətirə biləcək bütün nailiyyətlərdən üstün tutub.
O dövrdə yaradıcılığına görə nail ola biləcək bütün təltiflərdən məhrum qalan istiqlal şairi qətiyyən narahat olmayıb, əksinə, daim mübarizə ruhu ilə yaşayıb, doğma xalqına xidmət edib. Təəssüflər olsun ki, Əli Tudə yaradıcılığının çiçəklənən vaxtında vəfat edib. Sanki onun tabutu ətrafında qələmə aldığı istiqlal ruhlu şeirləri də haray qoparıb, ağı deyib...
Bu gün şairi ziyarət edən, məzarı üstünə gül dəstələri qoyan insanlar da yaddaşlarında bir Əli Tudə fenomeni yaşadırlar...
Əli Tudənin "Cənub nəğmələri", "Bakının işıqları", "Vətən sevgisi", "Məhbusların son sözü (poema)", "Şimal həsrəti", "Arazın o tayında (poema)", "Şairin düşüncələri", "Qartal", "Qəzəb", "Buludlar", "Yanıqlı tütək" və s. kitabları nəşr olunub, bu kitabların əksərində istiqlal hissi, milli oyanış ruhu, yüksək vətənpərvərlik oxucuda dərin ovqat yaradıb, milli mübarizə hissi aşılayıb.
Kiril əlifbasındakı əsərlərin latın qrafikası ilə nəşr olunması səbəbindən Əli Tudənin də 20 cildliyi çap edilib, bu kitablarda şairin bütün yaradıcılığı yeni əlifba ilə oxuculara təqdim edilib.
Əlbəttə, nə qədər ədəbiyyat sevgisi var, Əli Tudə yaradıcılığı da geniş təqdir olunacaq, imzası həmişə milli ruh, istiqlal hissi kimi diqqət çəkəcək.
Allah mübarizə ruhunda təcəlla edən şeiriyyəti, sanki Əli Tudəyə ruzi kimi əta etmişdi. O, mövcud olduğu dövrün, çalışdığı sahənin ən lütfkar, ən layiqli aparıcılarından bir idi...
Allah, bəzən insana öz lütfündən nəsə bəxş edir, onu yüksəklərə qaldırır. İnsan da Allahın ona əta etdiyini yüksək əzmlə, ya qurucu işə, ya ədəbiyyata - poeziyaya, ya da hansısa uyğun bir məqsədə sərf edir. Artıq bütün Azərbaycanın tanıdığı Əli Tudə də Allahdan əta olunan fitriliyi elə Allah yolunda, xalq-dövlət yolunda sərf etmək, xeyirli əməl sahibi olmaq iqtidarında oldu. O, dünən, srağagün bir nəslin tanıdığı insan idisə, bu gün onu dünya tanıyır və təqdir edir. Bəs o, bu ucalığa necə qalxa bilib? Əlbəttə, Allahın lütfü, mübarizə hissi, istiqlal çağırışları ilə...
Əli Tudə bütün yaradıcılığı boyu həyata, insanlara, bütün həqiqətlərə güzgü tutdu, özünün ictimai-milli xarakterini müəyyən etdi, həmçinin fəaliyyətində, ədəbi yaradıcılığında dövlət ənənələrinə, dövlətçilik proseslərinə geniş yer verdi, ictimai prosesləri qabarıq ehtiva etdi.
Əli Tudə azadlıq şairi kimi yaddaşlara köçüb. Onun istiqlal çağırışlı poeziya nümunələri o taylı-bu taylı xalqımız üçün son dərəcə mühüm və əhəmiyyətlidir. Heç bir şübhə yoxdur ki, azadlıq hissimizin güclənməsində, zəfərə gedən yolda bizi saran inam hissimizdə Əli Tudə şeirinin də gücü əhəmiyyətli rol oynayıb. Bu səbəbdən, nə vaxt duyğularımızda intibah hissi yaransa, o zaman əmin olacağıq ki, Əli Tudənin şair ruhu başımızın üzərində bərq vurur...
Biz - Əli Tudə müasirləri ölməz şairimizin istiqlal mübarizəsi qarşısında baş əyir, onun yazdıqlarından örnək götürürük.
Sona Abbasəliqızı
Ədəbiyyat
qəzeti.- 2024.- 5 oktyabr, №38.- S.29.