Ana dualarının şeiriyyəti
Elçin Mirzəbəylinin
"Qanun"
nəşrlər evində
çap olunan kitabı barədə düşüncələr
Şair-politoloq, Əməkdar jurnalist
Elçin Mirzəbəyli
son poeziya toplusuna
"Anamın duası"
adını qoyub. Məncə, bu adqoymada müəllif bir klassik ənənəni
qoruyub, yad edib, elə həqiqətən,
bütün bədii sözlə nəfəs alanların ilk duaları xeyirxah anaların gizlin-aşkar ünvanımıza
söylədikləri pıçıltılardır.
İstər qoşduqları
mərasim nəğmələri
olsun, istər laylalar, bayatılar, oxşamalar, istərsə
də dini ayinlərin icrası zamanı əl hərəkətləri olsun
- bunlar dualardır,Tanrı
ilə aramızda ünsiyyət vasitələridir,
silinməz körpülərdir,
ulu Yaradana yalvarışlardır,
tapşırılmalardır.
İctimai-siyasi publisistikasının rəngarəngliyi bir yana (çünki ayrıca mövzudur), mən Elçin Mirzəbəylinin silsilə
şeirlərini mətbuatda
adda-budda oxumuşdum və ilk təəssüratımdan
bu gəncin (əlbəttə, illər
sözünü deyib,
indi yaşı əllini çoxdan aşıb) sözə vurğunluğunu bəyənmiş,
axtarışlarını sezmiş,
poetik nəfəsinin fərqliliyinin, həmçinin
fərdililiyinin qənaətinə
varmışdım. Ancaq
yaxşı şairi tanımaq üçün
bircə poeziya nümunəsi bəs etdiyi halda da, tam, bitkin rəy, müxtəsər fikir bildirmək ehtimalı, sözsüz, hələ sıfıra bərabərdir.
Bəzən ilkin rəy elə təəssürat səviyyəsində
yaddaşına hopur, ondan uzağa getmir.
Müəllifin "Anamın duası"
kitabı öncə şairin potensialını
ortaya qoyur. Əlbəttə, Dostoyevskinin
təbirincə desək,
"sən yazıçılığınla
nəyə qadirsən?"
Bəzən lap ümidverici
bir talantlı şairin azca dərinə varır, kitabını açır,
dərhal peşmançılıq
çəkirsən. İlk mənzərə göstərir
ki, necə deyərlər,
müəllif başlamamış
tükənib. Söz
qıtlığı, misraların
sağa-sola səhifə
"süfrələrində" kasıbyana düzülüşü
bu adamın meydanda çətinlik çəkməsini təsdiq
edir, gələcəkdə
"at oynatması"na şübhə
oyadır. Şükürlər
ki, Elçin Mirzəbəylinin
nəfəsi gur, təravətli və genişdir. Ədəbi klassik incilərimizdən doğan sadəlik və dərinlik onun bütövlükdə
yaradıcılığında çağdaş intellektual
fikirlə təmasda birləşib, harmoniya yaradıb. Tərəzinin
pərsəngi pozulmayıb,
gözü qətiyyən
əyilməyib.
Dəqiq
nümunə üçün
şairin "Ağdam
qatarı" (Kabus qatar) lirik-tarixi ovqatlı süjetli əsərinə nəzər
salmaq olar. Bu şeir (əslində kiçikhəcmli poema)
2011-ci ildə yazılsa
da, məzmun etibarı
ilə qələmə
alınan hadisə bütün anların, zamanların, illərin fövqündə dayanır.
Axı, o zaman ruhlar şəhəri Ağdam istila altında idi. Ağdam hara, qatar hara? Erməni qatilləri sanki bütün hirs-hikkələrini
Qarabağın bu özünəxas məkanından
çıxmışdılar. Şəhər viran edilmişdi, daş üstündə daş qalmamışdı. Şair
kiçik təqdimatında
şeiri yazıçı-publisist
dostu Rəşad Məcidin məhz sifarişiylə yazdığını,
heç də pis alınmadığını
etiraf edir. Gəncədə Rəşadın
sifətinin tutulduğunu,
yorulduğunu görüb
soruşdum, nə olub? Dedi, sonuncu
dəfə 15 il öncə
qatarla Ağdama getmişdim. İndi qatarla
getmək məni o illərə apardı, bura çatana qədər əzab çəkdim, 25 ildir Ağdama gedə bilmirəm. Hər dəfə qatar görəndə bu hala düşürəm.
Sonra yarızarafat, yarıciddi
dedi ki, istəyirəm,
sən bu barədə şeir yazasan. Qəribə də olsa, Rəşad
Məcidin qatarda keçirdiyi hissləri bəlkə elə onun kimi yenidən
yaşadım və
"Ağdam qatarı"
adlı şeir yazdım. Həsrətin, nisgilin, həqiqətin acı etirafıdır Elçin Mirzəbəylinin
"Ağdam qatarı"
şeiri.
"Bələdçi, bələdçi!
Niyə
donmusan?
Danış!
Din!
Cavab ver!
Açılsın səsin!
De, "qatar Ağdama gedir..."
De, qardaş...
De, "yanlış yazılıb
"Gəncə" lövhəsi".
Vaxtın
qatarı isə qisas məqamını, xilas gününü gözləməkdə davam
edirdi. Çünki o
ağır çağlarda
heç kəs Ağdamı unutmamışdı,
xəyallarımızın bütün xatirə yolları bu şəhərdən keçirdi.
İlahi, necə də oxşar qatarlardı, elə bil bir andaca
Bakı vağzalından
Gəncəyə deyil,
Ağdama şütüyəcək,
vaqon-vaqon didərgin ruhlar rahat kupelərdən
perrona tökülüşəcək,
köhnə məhəllələrinə
doğru səmt götürəcək. Bunu
yuxumu adlandırım,
Tanrım!
Ancaq mürgülərin çin
olduğu Zəfər
tarixi axır yetişdi. Qalib Azərbaycan ordusu düşmənə sarsıdıcı
zərbə endirdi, 44
günlük müharibə
xalqımızın yenilməzliyini
göstərdi. Əsgər
şücaəti, zabit
qəhrəmanlığı birləşdi, üçrəngli
bayrağımız Qarabağın,
ətraf rayonların kənd və qəsəbələrində olduğu
kimi, Ağdam şəhərində də
dalğalandı. Şükür,
Tanrının qüdrətinə
ki, Ağdam böyük
sərmayələr hesabına
daha müasir şəkildə inşa olunur, əski görkəminə qayıdır.
Əsərin ikinci hissəsini şair nikbin notlarla tamamlayır:
Sən bizi ümidsiz qoymadın, Allah,
Bilirdik...
Ayrılıq bitəcək bir
gün.
Didərgin ruhların keşik
çəkdiyi
Ağdama
qatar da gedəcək bir gün...
Düzdür, indi Qarabağın,vaxtilə
işğal altında
inləyən digər
yerlərimizin kəndbəkənd,
qəsəbə-qəsəbə, şəhər-şəhər xəritəsini cızsaq və onlar barədə
yazılan əsərləri
saf-çürük eləmədən
toplasaq, bəlkə də neçə-neçə
"bədii Qarabağnamə"
yaranar. Bu müxtəlif
müəllif yazılarının
səviyyəsi, ədəbi
siqləti isə təbii ki, eyni deyil, rəngarəngdir. Əlbəttə, hər qələm adamına hörmətlə yanaşsaq
da, zövqləri nəzərə
alsaq da, böyük poeziyanın tələbləri,
meyarları var. Görürsən,
kimininki, ortababdır,
kimininki zəif, alaçiy.Yaxşı ədəbiyyatı, heç
şübhəsiz, çoxluq
yarada bilməz, bu"qara fəhlə işi" istedadlı azların alnına Tanrı yazıb. Və nə yaxşı, Elçin Mirzəbəyli həmin az qismin sıra
nəfəridir. "Nə
gözəl dalğalanır
Azərbaycan bayrağı",
"Dərd kimi gözəlsən,Vətən",
"Əsgər məktubu"
kimi dolu, bütöv şeirlər
nəhayətsizliyə yol
başlayan "Ağdam
qatarı"nın davamıdır,
uğurlu mabədi və sonudur.
Yaşadığımız dünyanın qlobal problemləri və dərdləri çoxdur. Soyuqluq, biganəlik, başqasının
ağrılarına laqeydlik
isə bütün insani hiss və duyğulardan məhrum olmaq deməkdir. Elçin Mirzəbəyli
mövzudan mövzu çıxaran şairdir,
sözü içində
tam bişirməmiş, hazırlamamış
onu ortaya qoymağa səy etmir. Bu mənada, "Mühacir", "Özgə
Adam", "Doğula bilməyən
ağrı", "İçində
ölən adam",
"Qulu Ağsəsə"
kimi bədii mətnlərin də fikirlərinə dürüst,
dolğun hikmət donu biçir, seçdiyi mövzunu min dəfə fələyin ələyindən keçirir,
fəryad və çağırışlarına oxucunu inandırmağı
bacarır. "İçindəki
Vətəni qaçırasan
ölkədən", "Mühacir" şeirindən
sərrast misradan sonra məlum olur ki, şair Azərbaycanın cənub-şimal
faciəsini poetikləşdirib.
Daxilimizdəki susqunluğa,
tarixi parçalanmaya etirazını ifadə edir, ədalətsiz zamanın ittihamçısına
çevrilir.
"Özgə adam" vətən-övlad münasibətlərinin
simvolik naxışıdır.
"Bilirsən, necə
ağırdı öz
vətənimdə yad olmaq?"
sualı təkcə minlərin, milyonların ünvanına deyil, həm də şairin öz ünvanınadır. Bu məqamda,
dahi Füzulinin şahanə misralarından
bir beyt yada düşür.
Ləbin
sualına verməz cavab üşşaqın,
Sual olursa bu səndən,
nədir cavab sənə?
Yəni
səni sevən aşiqlər qönçə
dodaqlarının sualına
cavab verə bilməz, onlar buna qadir deyil, axı
bu sual ancaq
sənə əyandır,
çünki cavabını
sən bilirsən, sirr sənə bəllidir, əgər işdi-şayətdi bu, səndən soruşulsa, sənin buna cavabın nə olacaq? Əlbəttə, şair
Elçinin də öz sualına maraqlı cavabı var və şeir boyu səmimi etiraf diqqətdən yayınmır.
Bilirsən, necə ağırdı
Kölgə olmaq?
Kölgə-adam...
Öz yurdunda qərib olmaq,
Özgə olmaq...
Özgə-adam...
Haçansa, hansısa bir səhv addım qəti hökmünü verdi: biz böyük mənada parçalandıq,
Arazın sağsahil-solsahil
torpaqlarında bitən
ağaclar üşüdü,
adamların heysiyyəti
balacalaşdı, büzüşdü,
dağlar ürək-göbəyini
yedi. Hələ bu harasıdı? Heç iç dünyamızın bütövlüyünü
saxlaya bilmədik. Dağıldıq, pərən-pərən
olduq. Evimizdə əsir-yesir olub yaşamaqda davam etdik. Daha sonra
hadisələrdən dərs
götürmədik, başımıza
oyun açdıq. Bölünmüş, parçalanmış,
yaralanmış yurdumuzu ayrı-ayrı şəhərlərə,
zonalara, bölgələrə,
qəsəbələrə çevirdik. Beləliklə,
tamamilə kiçilməyə
doğru üz çevirdik...
Bilirsən, necə ağırdı?
Yandırıb-yaxır adamı...
Bəs mən kimin adamıyam?
Dərənin, dağın adamı,
Böyük torpağın adamı?
Kiçik torpağın adamı?
***
...Bu mənəm ey, mənəm, Vətən,
Haqqına tamarzı adam.
Ürəyini parçalayan
Güllədən də razı adam.
Sığmır bu saxsı torpağa
Külüm, yerimi dəyişim...
Doğum,
yerimi dəyişim?
Ölüm, yerimi dəyişim?
Riyaziyyatın elementar məntiqi
var: toplananların yerini
dəyişsən, cəm
dəyişmir və ya vuruqların yerini dəyişsən, hasil dəyişmir. Deməli, əsas məsələ nəticədir
(Yeri gəlmişkən,
"saxsı torpaq"
ifadəsi olduqca orijinal, təzə və özünəməxsusdur.
Obraz kimi əladır). Lazımi nəticəni o zaman qazanacağıq
ki, içimizin-çölümüzün
qapılarını sivil
dünyaya açaq, dəyişək, səviyyəmizi
yüksəldək, daxilimizdəki
düşüncələri də islah edək,
tərbiyələndirək, ən azından bu məmləkətə xor baxmağa qoymayaq!
Şair
ən əvvəl doğulduğu və yaşadığı ölkənin
sakinidir, vətəndaşıdır.
Elçin Mirzəbəylinin
Vətən haqqında
yazdığı şeirlər
saf, səmimi duyğularıdır, ürəkdən
süzülən etiraflardır.
O, özünü qınasa
da, bəzi məqamlarda
günahkar çıxarsa
da, soyuqluqda və
biganəlikdə Vətəni
suçlasa da, "çarmıxa
çəkmir", aydın
sabaha yol axtarır, məlum axtarış isə mütləq mənada qalibiyyətin açarıdır.
Yadımdadır, Vaqif
Cəbrayılzadənin (onda
hələ Bayatlı
deyildi) tələbəykən
təxminən, 50 il öncə
Axundov kitabxanasının
qabağında pıçıldaya-pıçıldaya
küçədəcə mənə oxuduğu,
"Ah, zalım dostlar,
zalım qardaşlar"
şeiri və yəhudi əsilli fransız yazıçısı
Alber Kamyunun
"Yad" povestini (türklər
"Yabançı" adıyla
çeviriblər) müzakirəmiz.
İndi eyni mövzuya
müxtəlif istedadların
yanaşma tərzindən
ləzzət alır,
fərqliliyi və fərdiliyi ayırd eləməyə çalışır,
təbəssümlə hər
iki sənətkarı
(hərçənd ki, Kamyu
1962-ci ildə dünyasını
dəyişib. Vaqif Bayatlıya Tanrı kömək olsun!) alqışlayıram.
Müəllifin poetik detalları
uğurlu tapıntılarıdır.
Elçin "Ya Rəbb, göy üzü də zalımlarındı" - söyləyir,
"bir ilahi sirr çəkdi məni, bircə daş artırdım"
fəlsəfəsinin həqiqətinə
enir, "yerdə yuva verdin, göydə barındım, izin ver, düşüm aşağı" qənaətində
(səh.40) insanın yalnız
torpağına sədaqətindən
xəbər verir, bəşəri mövzuda
qələmə aldığı
"Tanrı utanacaq göz yaşlarından"
(terror qurbanlarına ithaf),
"Yandırılan dualar",
"İlahi, Yer üzündə şeytan
da əzab çəkir",
"Allah dərdi", "Bu sənin dünyandı"
və s. bədii mətnlərində obrazlı
təfəkkürün qüdrətindən
məharətlə barlanır,
lirik lövhələr,
"insan mənzərələri"
yaradır.
Hər bir şairin sevdiyi, könül bağladığı sözlər,
terminlər var ki, əsərlərində
onlardan geniş istifadə edir. Elçin Mirzəbəylinin
üz tutduğu ifadə, bol-bol işlətdiyi kəlmə
müqəddəs "İlahi"
kəlməsidir. Bu termin
"Anamın duası"
kitabındakı yazılara
qətiyyən sünilik
vermir, əksinə, onların təbiiliyini artırır. Əlbəttə,
müəllifin mütaliəsi
genişdir, o, çətinlik
çəkmədən alternativ
sözlərə, idiomatik
birləşmələrə, omonimlərə üstünlük
verir, fikrinin sərrast ifadəsi naminə dəridən-qabıqdan
çıxır. Məsələn,
"Sən get, yolun uzaqdı", "Ömür
yolu", "Ata", "Ən xoşbəxt ölüm", "Allahın
altında bir dərdin ola" şeirlərində
olduğu kimi...
Yuxarı
buluddu, aşağı
torpaq,
Gəl indi ömür sür bu qarın
altda.
Tanrım,
nə yazmışdın?
Vallah, bilmədim,
Qaldı
ovcumdakı qabarın
altda...
Elçin Mirzəbəylinin üslubuna
dərin lirizm, bir kövrəklik, incəlik xasdır. Nadir hallarda şair bu ovqatdan gen düşür. Onun yaratdığı qəhrəman
ipə-sapa yatmır, daim hərəkətdədir
və darıxır. Düzdür, bəzən
müəllif əndazəni
aşır, publisistik
əhval-ruhiyyə şairin
yaratdığı obrazı
"göydən" yerə
endirir. Ancaq o, gerçək əhvalat və hadisəyə də özünün ayrıca lirik-mifik baxış bucağından
baxır. Yüksək
pafosdan, aldadıcı
didaktikadan qaçır.
Misal üçün,
"Elə darıxasan"
şeiri yetər.
"Elə darıxasan,
sözün dilindən
asıla... Dilinin ucu göynəyə".
Bu bədii qarğışın
mabədi daha gözlənilməzdir. "Gözünə
çəkəsən bütün
yolları, çəkəsən...
Gözünün içi
göynəyə". Burada
ustalıqla sözün
alt qatı ilə üst qatı uzlaşıb, qəribə
estetik harmoniya əmələ gəlib. Və yaxud "bilirsən, nə qədər söz öldürmüşəm? Allah, bir ömür də həbsə at məni". Yenə Füzuli sehrindən və möcüzəsindən
əla təsirlənmə:
"Kim verə həbsi
bədəndən çıxmağa
rüxsət sənə?"
Bədən həbsxanasından
çıxmağa icazəni
kim verər sənə? Bu sələf-xələf
bağlılığı təkcə seyrçi, zahiri əlamət sayılmamalıdır, həm
də çağdaş
Azərbaycan şairinin
kökə, ilkə, irsə bağlılığının
göstəricisi sayılmalıdır
("Ömür məhbusu",
səh.81).
Məlum
həqiqətdir ki, ilin
fəsilləri var və
bu mövcudiyyət şərti surətdə
dörd guşəyə
bölünüb: yaz,
yay, qış, payız.
Hər fəslin öz yeri. Şairlər
isə insan ömrünü müxtəlif
fəsillərə ayırıblar.
Şübhəsiz, yazın
öz tamı və ləzzəti... Payız barlı-bəhrəli
mövsümdür, şirindir,
ancaq qarlı-şaxtalı
qış olmaya.
Bir gün mən olmasam...
Dəyişəcəksən...
Dərdin
yandıracaq səni,
od kimi.
Bütün dünya ilə
döyüşəcəksən,
Tənha
qalacaqsan - son ümid kimi.
"Payız etüdü",
"Bizi fatehlərin qarğışı tutdu",
"Mən sənə
Tanrının əmanətiyəm",
"Sonuncu portret",
"Bircə kəlmə
payız", "Ver əlini,
dur, gedək", "Mən
üsyan edirəm",
"Yenə səni gözləyirəm" şeirlərində
Elçin öz ömrünün həm yaz fəslinin etüdlərini çəkib,
həm də payızının nostalgiyasının
mənzərəsini orijinal
tərzdə canlandıra
bilib. Məncə,
"Anamın duası"
şeiriyyəti hələ
təkrar-təkrar vadar
edəcək ki, bu maraqlı kitabın mütaliəsinə qayıdım.
Axı, şeir toplusunu birnəfəsə
oxudum!
Ağacəfər Həsənli
Ədəbiyyat
qəzeti.- 2024.- 5 oktyabr, №38.- S.28-29.