"Yaşamaq
yaş deyil hələ"
Adil Cəmilin 70 yaşına
"Hər söz ayrılıqda yalnız bir məna daşıyır.
Söz sənətkarı
bu mənalı sözlərə öz duyğu və həyəcanlarını yükləyəndə
sözlər şeirləşir,
nəğmələşir. Buna sözlərdən toxunmuş
həyəcan, duyğu
hörgüsü, yəni
şeir deyilir... Kitabını oxuculara təqdim etdiyimiz Adil Cəmil nə gözəl deyib: "Yüksüz kəlmələrin
yükü ağırmış"
Fikrin bu şəkildə deyilişi
qeyri-adi olduğu üçün bu, şeirdir. Nədir bu qeyri-adilik? Axı, bir şey
ki, yüksüzdür, o, necə
ağır ola bilir?!
Bu ağırlıq fiziki
ağırlıq deyil,
mənəvi ağırlıqdır.
Bu cür ağırlığı
çəki ilə deyil, hisslə ölçürlər, o şey
ki hisslə, mənəviyyatla
ölçülür, bu,
özü şeirdir...
Adilin şeirləri xalq ruhundan süzülür.
Hiss olunur ki, aşıq
şeirini, folkloru yaxşı bilir. Buna görə də deyimləri təbii və səmimidir".
Böyük şairimiz Bəxtiyar
Vahabzadə qırx il
bundan əvvəl otuz yaşı yenicə tamam olan və yetmişinci
illərdə istedadlı
gənc şairlər
sırasında adı
tez-tez hallanan Adil Cəmilin şeirləri haqqında yazmışdı
bu sətirləri.
İndi
Adil Cəmil yetmiş
yaşına gəlib
çatdı. O, doğrudan
da, əsl şair ömrü yaşayıb.
Bu ömürdə sevinc
də, kədər də, təəssüf də bir-birini əvəz edib. "Bahar" adlı ilk şeiri "Mingəçevir
işıqları" qəzetində
dərc ediləndə
cəmi 16 yaşı
vardı. İlk şeirlər
kitabı - "İşıqlar,
pərvanələr" "Yazıçı" nəşriyyatında
işıq üzü
görəndə 26 yaşındaydı.
Bu birinci şeir və ilk şeirlər kitabı onun həyatında gecəsi olmayan və heç vaxt olmayacaq, işıqla dolu günlərin yadigarıdır. "Gündoğandan
günbatana", "Aylı
gecə nağılı",
"Sözümün canı
var" şeirlər kitablarında
da o gecəsi olmayan, işıqla dolu günlər onun sevinc dolu günlərinin,
aylarının, illərinin
müjdələriydi. Adil Kəlbəcərin
Kilsəli kəndində
dünyaya göz açıb və adını çəkdiyim
bu kitablarda onun təbiət və ocaq duyğuları
dil açır:
Boylandım şimşəyin qızıl
rəqsinə,
Qayalar qoymadı qorxam, diksinəm.
Sarmaşdım lalənin alov köksünə
Bu həsrət dağlara tanıtdı məni.
Yetmişinci-səksəninci illərin gənc şairi Adil Cəmil təbiətə
üz tutur, ülviliyi, təbiiliyi tərənnüm edirdi.
Bu təbiətə həsr
olunan şeirlərdə
yağış "çəmən-çəmən
çiçəkləyir, qayalar Şəmşirin qıfılbəndinə çevrilir,
"Dirəklər işıqlı
ürəklərini Qaldırıb
Dankotək başının
üstə", "Aldanıb
payızın qızıl
"payına" Küləyə
qoşulub yarpaqlar qaçır"... Adilin
"aylı gecə nağılları"nda insan-təbiət
harmoniyası romantika ilə naxışlanırdı:
Adil Cəmil elə ilk şeirlərində uğurlu
təşbihlərə, metaforalara
üz tutdu. Çox yaxşı dərk elədi ki, sözə ehya vermək, onu poetik mənaya çevirmək lazımdır,
şablondan, hamının
işlətdiyi və
artıq stereotipləşən
ifadələrdən qaçmaq
gərəkdir. Bu tipli
şeirlərdə Adilin
metaforik düşüncə
tərzi onun şairlik istedadından xəbər verirdi.
Aylı
gecələrin ayrı
rəngi var,
Belə
gecələrdə salxım
söyüdün
Yamyaşıl yarpağı gümüşü
olar,
Gümüşü söyüdün
ağ kölgəsində
İki sevgilinin görüşü
olar.
Adil Cəmil təbiətdən
cəmiyyətə, cəmiyyətdən
təbiətə boylanan
bir şair kimi diqqəti cəlb edirdi və kənddən, təbiətdən, onun gözəlliklərindən söz
açan şeirlərində
İnsan amili birinci sıradaydı. Məsələn, adi bir çobandan söz açmağa nə var ki? Amma çoban
məişətinə bələd
olmadan o şeiri necə yazmaq olar?
Haçan ki gün batıb,
şər qarışardı,
İnəyin, buzovun mələrtisindən
Qoyunun, quzunun mələrtisindən
Elə bil göy ilə
yer qarışardı.
1972-ci ildə Adil Cəmil arzularının ünvanına
- Bakıya yollandı,
ADU-nun jurnalistika fakültəsində
təhsil aldı. Amma
doğulduğu torpağa,
ocağa məhəbbəti
onu tərk etmədi. Şəhərdə
qəribsədi də...
Ay ana, bu həsrət tutub sinəmi,
Ürəyim elə bil düşüb qəfəsə.
Dərə ağız açıb
əjdaha kimi
Udurmu çayları bircə nəfəsə?
Burda gəncliyimi mən tapan gündən,
İtib
uşaqlığım sıx
meşələrdə.
Arzumun dalınca at çapan gündən
Yoluma göz dikib bənövşələr də...
"Ürəyimdə bir haray var" - bu, Adil Cəmilin 1992-ci ildə çap etdirdiyi bir şeir kitabının
adıdır. Azərbaycanda
səksəninci illərin
sonu - doxsanıncı
illərin əvvəllərini
hamımız yaxşı
xatırlayırıq. Poeziyamızda
Vətənimizdə baş
verən hadisə və olaylarla bağlı çoxlu sayda haray və
çağırış ifadə edən yüzlərlə şeirlər,
poemalar yarandı. Şairlər vətənin
o ağır günlərində
xalqı mübarizəyə
səsləyir, məmləkətin
başına gətirilən
müsibətlərdən söz
açırdılar. Təbii
ki, Adil Cəmil də
səsini bu səslərə qatdı.
Doğulduğu Kəlbəcərin
o ağır günlərində
Adil tez-tez ata yurduna, doğma ocağa baş çəkirdi. Amma o bir qəriblik havası duyurdu:
Bu torpaq, bu meşə,
bu dağlar mənim,
Bəs niyə bağrıma basa bilmirəm?
Yuvası
dağılmış budaqlar
mənim,
Ay ellər, dərdimi yaza bilmirəm.
Kəlbəcər həsrətilə dünyasını
dəyişən atası
Savalanın əziz xatirəsinə həsr etdiyi şeirin son bəndində yazırdı:
Deyirdin,
o yurda dönməliyik
biz,
Deyirdin,
dizimdə hələ
təpər var.
Sən idin bir parça
Kəlbəcərimiz,
Daha nə sən varsan, nə Kəlbəcər var.
Onun və hamımızın Qarabağ, Kəlbəcər
həsrəti 2020-ci ildə
sona vardı. Və indi çox
gözləyirik ki, Adil Cəmil
yaşının bu yetkinlik çağında
o doğma ocaqların
baharlı günlərini
şeirlərinə gətirsin.
Ümumiyyətlə, Adil Cəmil müasir Azərbaycan şeirinin vətənpərvərlik
missiyasına bütün
yaradıcılığı boyu sadiq qalıb.
Bakıda Xətaiyə
heykəl qoyulmamışdan
öncə onun "Doğma torpaq, yad heykəllər" şeirini
mən Adil Cəmilin ən vətənpərvər
ruhda yazılmış
bir şeiri kimi qiymətləndirirəm:
Bu torpağa heykəl qoyan
Eloğlumun heykəli yox.
Qaçaq Nəbi qaçaq
düşüb,
Koroğlunun heykəli yox.
Alışıram korun-korun,
Bulud boylu tüstümə bax.
Qaniçənin, başkəsənin
Başa
çıxan büstünə
bax.
Bəsdir
heykəl qoyduğumuz
Bu torpaqda yad oğluna.
Bircə
qarış yer verməzmi
Odlar yurdu od oğluna?
"Qarabağın hər qarışı Ruhumuzun vətənidir. O - çırpınan
bir ürəkdir, Azərbaycan bədənidir".
Bu misralar onun 20 Yanvar faciəsinə həsr etdiyi "Qan borcu" poemasından götürülüb.
O poemada həmin işğal gününün
bütün dəhşətli
mənzərələri, sanki
bir sənədli filmdə əks olunurmuş kimi canlandırılır. "Şəhidlərin
ayağı dəyən
yerdə gül bitib. Harda ki qan tökülüb, orda qərənfil bitib".
Onun şeirlərinin canı, cövhəri lirikadır.
Lirik şeir o zaman ürəyi tərpədir
ki, o şeirdə obrazlı
ifadələrlə, təsirli
şeir parçaları
ilə qarşılaşırsan.
"Ünvansız şeir"
cəmi səkkiz misradan ibarətdir. Bu şeir lirik şeirin ən yığcam, amma qəlbə, hissə sirayət edən bir nümunəsidir:
Ağrıyan ürəyin üstündə
əsin -
Böyük ağrıların kökü
dərində.
Gecəni
yuxusuz keçirən
kəsin
Dan üzü doğular bəbəklərində.
Doğular dan üzü, nurlanar
dünya
Nurlu adamların baxışlarından.
Kədərli-kədərli fırlanar dünya
Asılıb bu payız yağışlarından.
Adil Cəmilin 70 yaşı münasibətilə qələmə
aldığım bu yazıda ondan bir tədqiqatçı kimi də geniş
söz aça bilərdim. Deyim ki, o,
"Manas" eposu və
türk dastançılıq
ənənəsi" mövzusunda
namizədlik dissertasiyası
müdafiə edib. Doxsanıncı illərdə
Adil Cəmil bu dastandan Azərbaycan dilinə tərcümələr
etdi, epos haqqında monoqrafiyası işıq
üzü gördü.
Bu monoqrafiya beynəlxalq
TÜRKSOY təşkilatı tərəfindən yüksək
qiymətləndirildi.
Onun sevgi şeirlərindən
də söz açmadım. Onun sevgi şeirlərini oxuyanda, adam bahar yağışına,
payız çəninə,
günəşli gündüzlərə
bürünür. Adil Cəmilin
sevdiyi şairlər çoxdur və əlbəttə, mənim
kimi o da Füzuli heyranıdır. Və müasir şeirimizi də Füzulisiz təsəvvür etmir:
Ölməzlik közərir söz
ocağında -
O, ölməz sənətin
özülü imiş.
Ən gözəl şeirini yazan çağında
Hər şair bir azca
Füzuli imiş.
Bu yazını başa çatdırmaq istəyəndə
bir daha Adil Cəmilin şeirlərinə
nəzər yetirdim, o
şeirlərdəki doğmalıq,
səmimilik, yurda bağlılıq mənim
də içimdən
keçdi. Mən də Adil Cəmil kimi, dağın döşündəki o balaca
kəndi dünyanın
ən böyük kəndi bilmişəm. Və mənə də elə gəldi ki, dağların
boynuna dolanan cığır torpaqdan göyərən göy sətir imiş... Mən də Adil Cəmil kimi, ömrümün o uşaqlıq
və gənclik illərinə üzümü
tutub deyəm ki:
Ağlayım dağılmış quş yuvasına,
Uçan
"divarını" hörəsi
olum.
Qarışıb meşənin yaz
havasına
Bir yuva ömrünə dayaq olmağa
Çevrilib bir ağac pöhrəsi olum.
Amma bu yazını başa çatdıranda
Adil Cəmilin dünyadan
vaxtsız köç
edən şair oğlunu - Orxan Adiloğlunu xatırladım.
Onun "Ünvanlı
sətirlər" adlı
yeni şeirlər kitabı
çapdan çıxmışdı.
Sevincini mənimlə
də bölüşmüşdü.
O kitabda Orxanın öz atasına - Adil Cəmilə həsr etdiyi şeirindən bu misralarla sözümü
bitirirəm:
Vətənimin təəssübkeşi,
Düz baxışlı, düz yerişli -
Adil Cəmil.
Vətənimin şair oğlu,
Sənətinin püxtələşmiş qadir oğlu -
Adil Cəmil.
Xarüqələr yaratmısan öz
səsinlə,
Yazdığına ruh vermisən nəfəsinlə,
Adil Cəmil.
Vaqif YUSİFLİ
Ədəbiyyat
qəzeti.- 2024.- 5 oktyabr, №38.- S.27.