“Yer üzü
ayrılıq xəritəsidir”
Adil Cəmil yaradıcılığına
bir baxış
Qismətin
olmasa əl boşa çıxar,
Naxışı
tutanlar tez başa çıxar.
Ömür-gün
ələnər, çıxdaşa çıxar,
Qalar nəzərində
boş ələk kimi.
Bağlı
qapılara ümiddir açar,
Ay Adil,
bir kimsə qalmasın naçar.
Yaralı
sinədə dərd çiçək açar
Yağışdan
sonrakı göbələk kimi.
Adil Cəmilin
misralarıdır. Deyim tərzindən, mətləbindən
asılı olmayaraq mən bu sətirlərin yer
aldığı şeiri bütün halıyla bir ustadnamə
kimi oxuyuram. İfadə etdiyi, anlatmaq istədiyi fikrin həqiqətlərinə,
gerçək olduğuna (və
qaçılmazlığına) varıram. Ustad sözü
kimi yaddaşıma ismarlayıram. Amma ustadlar ustadnaməni bir
deməzlər ki! Yubatmadan, geriyə saxlamadan davamını gətirərlər.
Qayda belədi. Gərəkdir ki, Adil Cəmildən gələn
növbəti ustad sözünə göz atmağın məqamını
heç qaçırmayaq. Diqqət edək və yadda
saxlayaq:
Havayı
yağmayıb saçıma bu qar,
Gələn
yaş dərd verir, sər verir mənə.
Bir zaman qəlbində
yer verən qızlar
İndi də
metroda yer verir mənə.
Ay
ömür, nə yaman tez gəlib-getdin?
Sən
demə bu ömrün yarısı yuxu...
Cavanlıq
deyilən ilğımda itdim,
Sonra nə
yaşadım - hamısı yuxu!
Keçdiyimiz,
adlayıb gəldiyimiz və (özü də daha çox)
keçib gedəcəyimiz ayların, illərin (və ola
bilsin ki, qərinələrin) yol xəritələri,
olub-olacaqları cizgilənib bu sətirlərdə. Sirli
şifrələr, kodlarla süslənib. Ömrün əvvəlindən
sonuna qədər nə varsa, bağlı sandıq, daxıl
kimidi. Durmadan, dayanmadan anlatmaqdadır ki, "açma sən
pərdəni, hər pərdədə var min əsrar"
(S.Ə.Şirvani).
Sadəcə,
varıb da bu yerdə, bu məqamda bitmir ki, Adil Cəmildən
gələn ustadnamələr. Özünün də
yaxşı bildiyidir ki, ustadlar ustadnaməni bir deməzlər,
iki deməzlər, üç deyər, üç söyləyərlər.
Ulular adətini pozmaq nə həddimizə?! Davamını gətirmək,
yol tutmaq, törəyə baş endirmək boynumuzun borcu. Daha
bir ustad sözünə göz atırıq Adil Cəmilin:
Gümüş
cığırları nərdivan etdim,
Bir zirvə
sevinci uyutdu məni.
Dumanlıq
qoynunda tapıldım, itdim,
Bələdçim
dağ çayı ovutdu məni.
Boylandım
şimşəyin qızıl rəqsinə,
Qayalar
qoymadı qorxam, diksinəm.
Sarmaşdım
lalənin alov köksünə,
Bu həsrət
dağlara tanıtdı məni.
Özüm
heyran qaldım öz həvəsimə,
Qovuşdum
zirvənin buz nəfəsinə.
Düşdüm
bu dağlarda Kərəm izinə,
Yolların
haçası yanıltdı məni.
Göy
çəmən nur içdi bir düşüm şehdən,
Dünya ətirləndi
bir əsim mehdən.
Xatirəm
boylandı qövsi-quzehdən,
O həsrət
ömürlük unutdu məni.
Təkcə
bu şeirin oyatdığı təəssürat və
yansıtdığı şahidlik bəs edər ki, bir
ömür boyunca oxucu yaddaşında Adil Cəmil
poeziyasına, onun poetik söz aləminə yönəli
qalsın. Səni səndən alıb aparsın; o yerlərə
ki, sənin orda, o əlçatmaz aləmdə
uşaqlığın, atalı-analı günlərin,
axına qarşı inadlı dirənişlərin qalıb.
O aləmi yenidən göz önünə gətirən kino
lenti kimi açılır, qan yaddaşından
süzülüb gəlir Adilin şeirləri. Elə bu səbəbdən
də, "...istər mövzularının rəngarəngliyinə,
istər yaradıcılıq ifadə texnologiyalarının
mükəmməlliyinə, istərsə də üslubunun
özünəməxsusluğuna görə Adil Cəmilin
adı Azərbaycanın müasir məşhur şairlərinin
adı ilə bir sırada çəkilir... Adil Cəmil
şairdir, publisistdir, elm adamıdır... Bütün bunlarla
bir yerdə, eyni zamanda, ürəkli, təpərli və
etibarlı bir Vətən övladıdır. Onun istər bədii,
istər publisistik, istərsə də elmi
yaradıcılığında uşaq sadəlövhlüyü,
təmizliyi və səmimiliyi ilə yanaşı, həm də
aydın cizgiləri ilə seçilən ağsaqqal təmkini,
müdrikliyi və xeyirxahlığı var" (akademik Nizami
Cəfərov).
Ən əsas
olanı isə odur ki, bir tanınmış söz adamı,
şair-alim kimi Adil Cəmilin estetik idealı, bədii-fəlsəfi
qayəsi, vətəndaşlıq mövqeyi aydın, milli dəyərlərə,
köklərə yetərincə bağlıdır. Fikirlərində
və həyata baxışında ardıcıldır.
***
Adil Cəmil
yaradıcılığı ilə
tanışlığımın əsası onun 1978-ci ildə
qələmə aldığı "Novxanı
bağları" adlı şeiri olub. Bu, o zaman idi ki, mən
Gəncə Dövlət İnstitutunun birinci kursuna yenicə
daxil olmuşdum. 18 yaşım vardı. Gənc yazar kimi ustad
Qərib Mehdinin başçılıq etdiyi
"İlham" ədəbi birliyinə qədəm
qoymağa başlamışdım. Poeziyada yeni söz, yeni
axtarışlar təşnəsi olduğum vaxtlar idi. Adilin
"Novxanı bağları"nı o vaxt oxudum və həmin
şeirdə təkrarlanan "Ağaclar torpağın azadlığıdır"
misrası təzə əkinə sancılan sevimli bir ağac
qələməsi kimi yaddaşımda əbədi bir yer
aldı. İllər keçdikcə kök atdı,
böyüdü. Hər dəfə sevdiyim şeirlər
sırasından gözlərim önündə oldu. Dil əzbərimə
döndü. Çeynənib, köhnəlmədi. Adil Cəmil
yaradıcılığı ilə
tanışlığımın sonrakı illərində,
yeni kitablarında, seçilmiş əsərlərinin hər
yeni cildlərində gözüm həmişə o şeiri,
o misranı aradı. Hər dəfə də eyni heyranlıq
duyğusu, ruh, zövq rahatlığı ilə yenidən
götürüb oxudum o şeiri. Və hər dəfə
hardan könlümü-gözümü oxşayan, məni məndən
alıb aparan təbiət gözəlliyi, orman genişliyi, kənd-kəsək
mənzərələri gördümsə, Adil Cəmilin o səmimi,
unudulmaz şeirini də yenidən xatırladım, xəyalımdan
keçirdim; öz doğmaca müşahidəm, heyrətim,
heyranlığım kimi:
Bu yerlər
eləcə yaşıla çalır,
Başqa
boyaların kasadlığıdır.
Çəpərlər
alçalıb, bağlar ucalır,
Ağaclar
torpağın azadlığıdır.
Yarpaqlar
gözümün yaşıl eynəyi,
Bu
yaşıl baxışda bir dünya heyrət.
Töküldü
üstümə durna lələyi,
Torpaqda Vətən
var, səmada qürbət.
Adilin
heyranlıq dolu həssaslıqla,
görüb-götürdüklərinə xüsusi
duyğusallıqla qələmə aldığı bu
şeir beləcə, öz şirin, kövrək axarı ilə
davam edir. Bitmir. Bu müşahidələr və duyğulu
naxışlamalar şeirdən-şeirə keçir.
Müşahidələrin poetik ifadəsi "bir bəyaz
xatirə"yə çevrilir. Uzaqdan, uzaqdan,
çox-çox uzaqdan səhərə (və böyük
şəhərə) sarı açılan dağ
yollarına dönür. Hər misra boyunca böyük şəhərlərə
doğru maraqla boylanan, uçunan kənd həyatı,
yaşamı boy göstərir. O kəndin gecəsi gecədən
keçir, "səmada ulduzlar çoxalsın deyə":
Uzanar,
uzanar o dağ yolları -
Uzaqda
açılan səhərə sarı.
Yuxuma
dolanar ana qolları,
Kəndimiz
boylanar şəhərə sarı.
Uzanar,
uzanar o Aylı gecə -
Məni
aydınlığa çıxarsın deyə.
O kəndin
gecəsi gecəmdən keçər -
Səmamda
ulduzlar çoxalsın deyə.
Oxuyuram və
yadıma həmin tələbəlik illərimin
üçüncü ilində görkəmli
yazıçı-dramaturq, müasir ədəbiyyatdan bizə
dərs deyən unudulmaz Altay Məmmədovun xalq
yazıçısı Sabir Əhmədlinin
"Qanköçürmə stansiyası" adlı əsərinə
münasibətini bilmək istədiyim anlar düşür.
Əsərlə bağlı Altay müəllimin fikrini
soruşdum. Qalın şüşəli eynəyinin
altından özünəməxsus müdrik, nüfuzedici
baxışlarla bir xeyli məni süzdü. Ani fikrə
daldı. Olduqca sakit, güclə eşidiləcək səslə
ömrünün ən gözl etiraflarından birini etdi Altay
müəllim: "Uzun illərdir bu təhsil ocağında
çalışıram. Hər il tələbələrin
qanköçürmə aksiyalarına cəlb edilməsinin də
şahidi olmuşam. Belə məcburi aksiyalara etiraz da eləmişəm.
Zəruri hallarda yolum o stansiyalardan da keçib. Yəni o
stansiyaları çox görmüşəm, amma etiraf edim ki,
bu tipli bir stansiya, aksiya barədə o cür gözəl,
bitkin, möhtəşəm bir əsər yazıla biləcəyini
heç vaxt ağlıma gətirməmişəm. Mən bir
yazıçı kimi həmişə o mövzunun
yanından keçib getmişəm. Bu, Sabir Əhmədovun
yazıçı kimliyinin, yazıçı müşahidəsinin
ortaya qoyduğu əsl ədəbiyyat hadisəsidir..."
İndi
A.Cəmilin "Bir parça kəndəm" adlı
şeirinə yenidən nəzər saldıqca mən
özüm də unudulmaz Altay Məmmədovun o səmimi
etirafına hesablanıram. Yəni, ölkənin ən ucqar
bir kəndində dünyaya göz açmışam. Kənd
həyatının çeşidli xatirələri yer alıb
yaddaşımda. Dağ-aran arası yollar keçmişəm.
Amma həmin kənd həyatının Adilin "Bir
parça kəndəm" adlı şeirində olduğu qədər
mükəmməl, dolğun obrazını şeirə gətirmək
heç vaxt marağımda olmayıb. Əksinə, daha
çox şəhər həyatının, uzaq aləmin xəyali
düşüncələrinin havası çöküb
yazı-pozularıma. Nəzər yetirsək, elə əksər
qələm dostlarımızın
yaradıcılığına da şamil olunası bir
haldır bu... Yəni kənd həyatından sivrilib
çıxan biz kənd uşaqları üçün
yaşadığımız kəndin gecəsi gecələrimizdən
keçməyib, o gecələrin səmada ulduzların
çoxalmasına vəsilə olduğunun fərqinə
varmamışıq. Belə müşahidələr Adil Cəmil
kimi fəhmli, detal və ştrixləri ustalıqla poetik mətnə
çevirməyi bacaran söz adamlarına xas olan cəhətlərdir.
Demək olar ki, gündəlik həyatımızın bir
parçası olan, ancaq diqqət etmədiyimiz detal və
ştrixlər Adilin səmimi və yaddaqalan şeirlərinin
başlıca "materiallarına" çevrilir. O
"materialların", müşahidə və fəhmetmələrin
şəhdi-ləbi, istiliyi Adil Cəmil
yaradıcılığının unikal təsvirlərinin
uğurunu təmin edir:
Uzanar,
uzanar o dağ çayı da,
Tövşuyə-tövşüyə
axar dalımca;
Yalvarıb-yapışar:
bəlkə qayıdam,
Qayıda
bilmərəm... baxar dalımca.
O yol da, o
çay da yaxındır, nə qəm -
Axşam
da mənimdir, səhər də mənim.
O kənddən
ayrılan bir parça kəndəm,
Ömrümün
davamı şəhərdə mənim.
Adətən,
söz adamları qoyub gəldikləri kənd həyatını
ilkinlik, paklıq simvolu kimi şəhərlə üz-üzə
qoyurlar. Belə əsərlərdə kədər,
peşmanlıq hissi önə keçir. Geriyə
dönüş ağrısı yaşanır. Amma A.Cəmil
bu həyatı iç-içə dünya kimi bir arada, təbii
inkişaf, əlaqə, inteqrasiya çərçivəsində
tərənnüm edir. Yaşamın bütün paralelliklərinə
açıqdı. Bu, onun barışdırıcı, vətəni
bütöv, bir arada görmək istəyindən, təbiətindən
irəli gəlir. "O kənddən ayrılan bir parça
kəndəm - ömrümün davamı şəhərdə
mənim" - misraları arzulara doğru aparan yolun təkamülü,
məntiqi davamı kimi oxunur onun təqdimatında. Kənd
şəhərə və ya əksinə, şəhər kəndə
qarşı qoyulmur. Çünki dərin bir
dünyagörüşlüklə, yaxşı bilir:
Hara getsən
dünyanın bir üzü
baharı
yaşadır
Yamyaşıl
ağacıyla,
al-əlvan
yamacıyla...
...hara
getsən sevmək, sevilmək
Ürəkdə
göyərən ehtiyac.
Kimisi
sevilməyə,
Kimisi sevməyə
ac...
Hara getsən
evlərin
yoxsulu,
varlısı var.
Cavanı,
qocası,
Qızı,
qarısı var.
Doğru
olanı belədi. Kabarda Balkan şairi Qaysın Quliyevin təbirincə
desək, analar hər yerdə bir cürə ağlar, harda
tökülürsə qırmızıdır qan...
Dünyanın fərqli coğrafiyalarında yaşayan, amma
eyni düşüncəyə hesablanan fikir adamlarının
həyata baxışı, qənaətləri eyni nöqtədə
kəsişir həmisə. Birinin yazdığı, təqdim
etdiyi fikri o birininki tamamlayır. Ardını gətirir. Eynilə
Adil Cəmilin tamamladığı kimi:
Hansı
kəndli süfrəsinə
qonaq olsan
öz kəndçinə
bənzəyəcək -
Danışanda
şirin kəndli şivəsiylə
süfrəni
bəzəyəcək.
...Hara
getsən dünyada
bulaq elə
bulaqdır,
yaylaq elə
yaylaqdır...
Axşamların
eyni rəngdə olması, səhərlərin süd
görüntüsü da o cür... Hara getsən fəsilləri
dəyişkən, nəsilləri döyüşkən
görəcəksən. Pətəkdə arılar
qaynaşan kimi görərsən insanları.
Hara getsən
yad dillərdə
demirəm,
insanca
danışmaq
su
içimi tək asandır.
Hara getsən
dünyada
İnsan
elə insandır.
Adilin
poeziyası insanı insan yapan, insanın yolunu insanlıq
yoluna yönəldən, o səmtə dartan poeziyadır.
Bütün anlamıyla diqtə edir ki, insan
insanlaşmayınca, kamilləşməyincə
bölünür ölkələr, çaylar, dənizlər.
Cadarlı çöllərə su əvəzinə
tıkanlı məftildən sərhəd çəkilir. Bu
məftillər torpağın (və dünyanın)
çiynində ağır yükə çevrilir. Bu təsvirlərin,
anlatma və xatırlatmaların davamını müdrik,
dünyagörmüş sənətkar qənaətləri ilə
gətirir Adil Cəmil:
Analar
görürəm əli dizində,
Sızlayır
mehri də, məhəbbəti də.
Elə
bil dünyanın xəritəsində
Bölünüb
dünyanın səadəti də...
Demişdim
axı, Adil Cəmil yaradıcılığı ilə ilk
tanışlığım onun "Novxanı
bağları" şeirilə başlamışdı. Amma
ustadlar sözlərinə bir təqdimatla başlamazlar ki!..
Davamını, daha irəli aparan bir haşiyəylə gətirərlər;
adəti pozmuram. Xatırlayıram ki, Adillə ikinci
tanışlığım "Yazıçı" nəşriyyatında
oldu. Nəşriyyata təqdim etdiyim şeirlər
qovluğumun taleyilə maraqlanmaq üçün getmişdim.
Ötən əsrin doxsanıncı illərinin
ortalarıydı. Adil o zaman nəşriyyat redaktoruydu. Cavan
idi. Sir-sifətində ilahi bir nur, təbəssüm, işıq
vardı. Şəxsi tanışlığımız
olmadığından mən uzun müddət uzaqdan-uzağa
sayğı dolu nəzərlərlə tamaşa etdim. Dönə-dönə
"Ağaclar torpağın azadlığıdır"
mirasını xatırladım. Elə bu təəssüratlar
altındaca da döndüm. Çevrilib o zaman daha yaxından
tanıdığım, sadə və səmimi, olduqca
qayğıkeş Mustafa İsgəndərzadənin iş
otağının qapısını açdım.
Aradan illər
keçib. Ən azından 21 ildir ki, mən "Ədəbiyyat
qəzeti"ndə Adillə birgə
çalışıram. Demək olar ki, bu 21 ilin hər
anını bir yerdə olmuşuq. Hər gün
görüşür, uzun-uzadı söhbətlər edirik.
Amma Adil Cəmil mənim gözlərim önündə yenə
də onu vaxtilə "Yazıçı" nəşriyyatında
necə görmüşdümsə, elə də qalıb; Gənc,
ilahi təbəssümlü, sir-sifəti nurlu,
işıqlı və xüsusi doğmalıqla. Heç dəyişməmiş
kimi. Amma aradan uzun illər keçib. İndi Adilin şeirlərinə
yenidən nəzər saldıqca, baxıb görürəm
ki, o, haqqında bəhs etdiyim gənclik illərinin sürətlə
ötüb-keçməsinin təəssüfünü
çox-çox illər bundan əvvəl yaşayıb. Bu
mövzuda silsilə yazıları var. Ötən
ömrün bir göz qırpımı olması həqiqətinə
varanda Adilin vur-tut 29-30 yaşı olub. Yəni olduqca cavan. Mən
ilk dəfə onu az qala həmin yaşda
görmüşdüm. Amma heç ağlıma da gəlməzdi
ki, açığını desəm, bir qədər də
qısqanc nəzərlərlə baxdığım həmin
cavan oğlan elə yaşının o çağında
"Ötən ömür göz qırpımı"
şeirində ifadə etdiyi ovqatla yaşayırmış:
Ötən
ömür su içimi,
Ötən
ömür göz qırpımı.
Xəyalımda
tonqal çatıb,
Yandırıram
söz "çırpımi".
...Ötən
ömür-gün də belə,
Gedən
gedir, qalan qalır.
İnsan
yanır, əvəzində
Ömür
adlı yalan qalır.
Bu, Adilin
hələ 1984-cü ildə qələmə
aldığı şeirdən seçmələrdir. Amma
bundan öncəki illərdə eyni mövzuda
yazdığı şeirləri də var. Ən
maraqlısı budur ki, Adil o cavan, gənc yaşlarında belə
olduqca ahıl, dünyagörmüş, müdrik ab-havası,
düşüncələri ilə yazıb, ömür-gün
hesabatı verib özünə. Bu deyilənlərin bir
sübutu hələ 1978-ci ildə qələmə
aldığı "Mənim yaşım" şeirindən
gəlir. Hələ 22 yaşında yazdığı
şeirdəndir
aşağıdakı misralar:
Dərdimin
yaşı var özümdən böyük,
Gözümün
yaşı var - gözümdən böyük.
Mənim
yollar ölçən ayağım böyük,
Mənim
qələm tutan əlim də böyük,
Buna
yaş neyləsin, yaş neyləsin ki?!
...Alnımın
qırışı fikir yoludur,
Qəlbimin
yolları fikir doludur.
Gözümün
yaşı da gözümdən böyük,
Böyüyüb
olmuşam özümdən böyük;
Buna
yaş neyləsin, yaş neyləsin ki?!
Otuz
yaşının olmuşları Adilin başqa bir şeirində
yenə də aparıcı (və diqqətçəkən)
mövzulardan biri olaraq yada düşür. Ömürdən-gündən
keçib gedən aylar-illər artıq vaxt, zaman
ölçüsü deyil, daha çox illərin həmsöhbətinə,
yol yoldaşına, müsahibinə çevrilmiş obraz,
doğma sima kimi təqdim olunur. Hər ilin, hər ayın,
günün, saatın hesabatı yer alıb şeirdə. Bu
hesabat hər kəsin ömründən-günündən
keçən məqamlarla həmahəngdir. İzahagəlməz
oxşarlıqlar, paralelliklər də öz yerində... Sanki
Adil Cəmili oxuyursan, amma gözlərin önündən gəlib-keçən
öz ömrünün, öz taleyinin bir
parçasıdır. Sən o ömürdə, o
yaşantıda varsan, onunla həmahəng, həmrəysən,
onun paralelliyində, bəzən lap iç dünyasında
belə yaşayırsan:
Gah
Günəşli güneylərdən,
Gah
dumandan, çəndən keçdin.
Günə,
aya, ilə dönüb,
düz
otuz il məndən keçdin -
otuz
yaşım.
Bu
dünyada insanın özünün belə bir ağac
olması həqiqətindən yazır Adil. Bir isti
baxışdan, xoş davranışdan boy atıb göyərdiyi
olur. Soyuq baxışlardan qurumağı var. Oda-alova
atılması, çıtır-çıtır yanması
var. Sevildiyi, aldanıldığı, atıldığı
var. Yürük olduğu, əl ağacına
döndüyü də var, tüfəng qundağına, top
mancanağına çevrildiyi də... Yazın yaz
çağında qışa düşdüyü,
qışın oğlan vaxtı yay gətirdiyi məqamları
var yaşın. O durumun yaşantılarını olduqca səmimi,
nostalji duyğularla qələmə alır Adil Cəmil. Həm
də yaşanan ömrün son anda təskinedici, qürur və
vüqar dolu bəxtiyarlığının
şükranlığı ifadə olunur onun misralarında.
Baxıb görürsən ki, mübarizələrlə dolu
bir ömrün qalibiyyəti fövqəladə dərəcədə
ağır və çətin başa gəlsə də, bu
heç də asan olmasa da, ömrünü şam kimi əritsə
də, nəticə çəkdiyin əzablara, əriyən
şama dəyərmiş. Deyilən, haqqında bəhs edilən
fikirlərin canlı, silinib-pozulmaz həqiqətləri, təsdiqidir
Adilin yazdıqları:
Dağlar
mənə qüdrət verdi -
Özüm
də bir dağa döndüm.
Qələbədən-qələbəyə
Ürəyim
bayrağa döndü.
Otuz ildə
dəyişmədi
Qaynar qəlbim,
dəli başım.
Gəncliyimin
zirvəsisən,
Zirvədəyəm,
otuz yaşım.
Səninkidir
bu bar-bəhər,
Səninkidir
bu göz yaşım.
Qollarını
sal boynuma -
Sən mənimsən,
otuz yaşım.
Bu hesabat
anının, dəyərləndirmə məqamının
hardasa bir neçə il öncə, 1979-cu ildə qələmə
alınmış "Hələ harasıdır" adlı
şeirdə təməli qoyulub; Adilin arzularının, yetəcəyi
hədəflərinin açıq-gizli kodları
naxışlanıb həmin şeirdə. Onun həyat
uğrundakı mübarizələrinin, bu yolda hansı iradənin
və inadın sayəsində duruş gətirə biləcəyinin
gerçək şəkillənməsi kimi oxunur təqdim
olunan mətn. Keçilməz dağlar aşmaq, yollar
keçmək, bəhərli bağlar salmaq, səadət,
xoşbəxtlik dolu evlər, binalar ucaltmaq istəklisidi əbədi
qəhrəman. Bu xoşniyyətli obraz həm də müəllifin
öz qəlbinin, həyat missiyasının siması və
güzgüsü kimi yansıyır yaddaşlara:
Qızıl
səhərlərə düşən iz ollam,
Yanar səhralarda
bir dəniz ollam.
Kəsilməz
dalğamın ardı-arası,
Hələ
harasıdır, hələ harası...
Şimal
havasına yad nəfəsimlə,
Alov nəfəsimlə,
od nəfəsimlə
Çaylar
yarasıyam, buzlar qırası -
Hələ
harasıdır, hələ harası...
"Arzu
dağlarında" ovçu olmamış,
Bu uzaq
yollarda yolçu olmamış,
Gözün
yol çəkməsin, gözüm qarası,
Hələ
harasıdır, hələ harası?..
Yolu bəlirlənməyən,
səmti tutulmayan hədəfə yetmək olmaz ki! Məqsədsiz,
məramsız döyüşlərin qələbə
şanına rəvac verildiyi olmaz ki! Boşuna atılan
güllə boşluğa çovuyar, hədəfə yetməz.
Xoş olan odur ki, Adil Cəmil bir vətəndaş, oğul
kimi də, şair, yetkin qələm adamı kimi də adi həyat
mövqeyini ən gənclik illərindən hədəfləyib.
Durub-dayanmadan onu uca, məqsədə götürəcək
yollara qoşub. Cəhd edib. Ömür qoyub. Böyük yer
üzünü, onun qayğılarını, xoşbəxtlik
yolunu ürəyində daşıyıb. Bu vacib yolda (və
vacib çabada) ləngidiyi, boşa verdiyi anların
acısını çəkib:
Hələ
istəyimcə boy atmamışam,
Ellərin
yanında üzüqarayam.
Hələ
bircə misra yaratmamışam,
İllərin
yanında üzüqarayam.
...Fikir
sorağında əriyirəm mən,
Bir nəğmə
gətirir hər gələn gecə.
Boylanır
südəmər sətirlərimdən
Bəyaz
varaqlara "əkilən" gecə.
Hələ
bilinməyir kiməm, nəçiyəm,
Bu elə
yoldur ki, azmamaq olmur.
Sinəm
çağlamasa kiriyəcəyəm,
O vaxt
yazıram ki, yazmamaq olmur.
Bütün
bu nostalji, ömür-gün, yaş hesabatı
qovşağında tale elə gətirdi ki, Adilin 60, 65 illik
yubileylərini birgə, eyni çatı altında qeyd etdik.
Amma bu ötüb-keçən vaxt-vədə Adilin
ömürlüyündə yalnız ay-gün, il, zaman qismində
gerçəkləşdi. Yəni, illər onun mənəvi,
ruhu baxımdan gənclik təravətindən, cavalıq
şövqündən heç nə alıb apara bilmədi.
Əslində mənəvi, ruhi cavanlığı ilə
kamilliyini, süfi əxlaqi məziyyətlərini bir araya gətirdi
və hər kəs üçün onu da anlatmağı
unutmadı ki:
Hələ
ömür deyil ömrün uzunu,
Min illər
yaşayır duyğusuz daş da.
Yaxşı
deyirlər ki, insan özünü
Nə
yaşda bilirsə, elə o yaşda...
Orası
da var ki, ömürdən keçib gedən illər Adil Cəmil
üçün hər şeydən əvvəl ana
qucağı, ikinci beşik kimidir. Yəni, Adil o illərə
vəfalıdı, heç vəchlə unutmur, o illərə
ömrünün xatirə beşiyi kimi baxır, dönə-dönə
o vaxta, zamana qayıdır. Səbəbini
"ömrümün beş ili" şeirində
bütün qapsamı ilə bəyan edir, anladır:
O illər
məktuba "yığıbdı" məni,
Görüblər
qanadlı qaranquşam mən.
Taleyim təzədən
doğubdu məni;
Kəndimiz,
elimiz, obamız üçün
Təzədən,
təzədən yaranmışam mən.
O illər
qürurtək qəlbimdən keçib,
Demişəm
ləpəyəm, hələ nəyəm mən.
O illər
bəzən də cibimdən keçib,
Görmüşəm
yenə də tələbəyəm mən.
Adil
ömürdən keçib-gedən o illəri həyat və
insanlıq yolunda atdığı, onu arzularına doğru
inamla aparan addımlar kimi dəyərləndirir. Sabahına
atdığı addım kimi əziz tutur. Nazlanan nazənin
gözəllər qismində nəzər salır. Təsəlli,
ümid dolu hənirti, nəfəsini yanında hiss edir:
Közərib
sinəmdə odu, ocağı,
Beləcə
boy atıb beş ilim mənim.
O illər
ömrümə ana qucağı,
O illər
ikinci beşiyim mənim.
Tapdığım
cığırlar, keçdiyim yollar
Kövrək
bir qələmin ucundan keçib.
O illər
bilir ki, keçdiyim yollar
Anamın
ağarmış saçından keçib.
Bu sətirləri
yaza-yaza Adilin 60-65 illik yubileylərini keçirdiyimiz anları
yenidən xatırlayır, göz önünə gətirirəm.
Eyni zamanda onunla tanışlığımızın növbəti
mərhələləri haqqında olan fikirlərim təsbeh
dənələri kimi sapa düzülür yaddaşımda.
Dərin ehtiram və heyranlıq duyğularıyla qələmə
alıram ki, bu tanışlığın özüllərindən
biri də onun dünyaya göz açdığı Kəlbəcər
torpağı, Kəlbəcər sevgisiylə
bağlıdır. Çünki mən özüm də o əziz,
gözəlliklər məskəni Kəlbəcərdə
keçən günlərimi ömrümün ən unudulmaz
günləri hesab etmişəm həmişə. Ailəmizin
dağ-aran köç-düşləri həmişə Kəlbəcərlə
sonuclanıb. O bölgənin insanları ilə
qaynayıb-qarışmışdıq. Kəlbəcər
yaylalarını ayaqdan-başa, başdan-ayağa, elədən-elə,
belədən-belə yurd-yurd, oba-oba gəzib-dolaşmışam.
Hər daşına, qayasına, dağına-daşına bələdəm.
Hərdən bu barədə söhbət düşəndə
zarafatla deyir ki, sən məndən də çox kəlbəcərlisən.
Doğru olanı da bu. Amma bir həqiqət də var ki, Adil o
doğma diyara təkcə gəzib-dolaşmasıyla
bağlı deyil, iç yaşamı, ruh
bağlılığıyla bağlıdı. Bu səbəbdən
də Kəlbəcər mövzusu onun
yaradıcılığından doğma yurd, od-ocaq, ata-ana,
bacı-qardaş obrazı kimi keçir. Kəlbəcər
mövzusu onun yaradıcılığında qızıl xətt
qismindədir. Az qala hər şeirində təkrarlanır,
yad edilir, tərənnüm olunur. Bir alim kimi böyük zəhmət
hesabına tədqiq etdiyi "Manas" dastanı,
İssık göl qırğız xalqı, xüsusilə
dahi yazıçı Çingiz Aytmatov üçün nədirsə,
Kəlbəcər mövzusu da Adil Cəmil üçün
odur. Kəlbəcər onun üçün həm dastan,
nağıl, əfsanə, həm də düşüncəsinin
ifadə simvoludur; öz ucalığı, zəngin təbiət
gözəllikləri ilə bir arada. Bu səbəbdən də
o, Kəlbəcəri gələcək nəsillərə
öz canının bir parçası kimi əmanətləyir.
Dünyanın gözəlliyi, möcüzəsi adına
ismarlayır. Dönə-dönə dilə gətirir ki:
Əyilməyən
dağ bildiyim adamlar,
Şəhidini
sağ bildiyim adamlar,
Bu
dünyada unutqanlıq yamandı,
Kəlbəcəri
unutmayın, amandı.
...Kəlbəcərdi
əzəl baxtım, yurd yerim,
Kəlbəcərdi
daha mənim and yerim.
And
içək ki, kimsə pozmaz bu andı,
Kəlbəcəri
unutmayın, amandı.
Bu
şeir doğma, füsunkar Kəlbəcərimizin (və
Qarabağ torpaqlarımızın) Ermənistanın
işğalı altında qaldığı illərdə qələmə
alınıb. Həmin illərdə ki, bir çox cavan qələm
söz adamları yenilik adıyla hər cür ədəbi
"izmləri" böyük şövqlə ədəbiyyatımıza,
xüsusilə də poeziyamıza "qaynaq etməklə"
məşğul idilər. Bu "izmlər" daxilində
yurd, vətən, milli adət-ənənə
anlayışları çox vaxt arxa plana keçir.
Anlaşılmaz, məğzi-mənası bilinməyən, mənasızlığı
forma yeniliyi ilə ört-basdır edilən poeziya nümunələri
qarşılığında Adil Cəmil davamlı şəkildə
çoxəsrlik poeziya ənənələrinə sadiq
qaldı. Ədəbiyyatın, söz sənətinin milli
kökdən, təfəkkürdən gələn yolundan vaz
keçmədi. Söz sənətinin əbədi
missiyasına sadiq qaldı. Fərqində oldu ki, Vətən
dara düşəndə əsl sənət adamı onun
danışan dilinə, vuran qəlbinə, yazan əlinə
dönməlidir. Bu səbəbdən də Adil məlum
işğal dönəmində, sözün həqiqi mənasında,
Kəlbəcər, Laçın, ümumən Qarabağ
bölgələrimizin danışan dilinə çevirdi
şeirlərini. Kəlbəcərləşdi.
Şuşalaşdı. Laçınlaşdı. Daim
xatırlatdı, uğrunda döyüşə səslədi,
qan yaddaşımızın diriliyi yolunda şam
yandırırmış kimi yazdı şeirlərini. Öz
iradəsini, məramını belə anlatdı, belə qoydu
ortaya:
Firqətin
mənimlə yola gedərmi,
Sən
ki, qala idin, Qala gedərmi?
Baharsan,
yolunu gözləyən qışam,
Şuşam,
ay Şuşam!
Natəvan
ruhusan, Nəvvab qəzəli,
Əlçatmaz,
ünyetməz dağlar gözəli.
Vəslinə
yetməkçün gərək vuruşam,
Şuşam,
ay Şuşam!
Belə
yazırdı və yenə də dönüb-dönüb
unudulmaz, doğma Kəlbəcərinin adını anır, ona
qovuşmaq, yetmək istəyinin poetik şəklini çəkirdi:
Səni
itirəndə bildik qədrini,
Ey anam Kəlbəcər,
atam Kəlbəcər.
Dünya
cənnət ola, verməz ətrini,
Qayıtmaz
süfrəmə o tam, Kəlbəcər.
Dilim yox mən
səni dindirmək üçün,
Leysanam bu
dərdi hönkürmək üçün.
Həsrət
yanğısını söndürmək üçün
Zirvəndə
bir ocaq çatam, Kəlbəcər.
...Adiləm,
qoy sənə deyim sözümü,
Ürəyin
tabı yox, qəlbin dözümü.
Gəzəri
torpağam, bir gün özümü
Sənin
torpağına qatam, Kəlbəcər.
Ruhu
oyadan, yaddaşı təzələyən və millətin
bütün döyüş əzmini, iradəsini,
itirilmiş, işğal olunmuş bölgələrin
azadlığı üçün səfərbər edən
misralar, çağırış notları yer alıb
şeirdə. Yurdsuzluq, doğma od-ocaqsız yaşamaq dərdinin,
sınağa çəkilən səbrinin şəklini bu
poetik misralara belə köçürür, nəqş edirdi
Adil Cəmil həmin illərdə:
Hədəfə
dəyməyən kəlməmiz hədər,
"Qarabağ"
sözünün əyarı yoxdur.
"Qırmızı
kitab"a düşən quş qədər
Yurdsuz bir
insanın dəyəri yoxdur.
Ayvuran,
Kolabad düşür yadıma,
Şırşırın
yoxuşu yuxumdan keçir.
İçimdə
boğulan bu fəryadıma
Dünya
üz çevirir, zaman yan keçir.
Diqqətə
çatdırılan bu poetik nümunələr o zaman, elə
bir vaxtda qələmə alınıb ki, ədəbi
mühitdə özünü zirvə bilən, yeri gəldi-gəlmədi,
əsl söz adamlarının bostanına daş atan bir para əliqələmlilər
bir ağızdan "Niyə Qarabağ mövzusunda əsər
yazan yoxdur?" - deyə yaxa cırırdılar. Bir balaca zəhmət
çəkib oxumaq, təqdir etmək əvəzinə,
görünməmiş ədabazlıqla yurd itkisinin
ağrı-acısını qələmdən keçirən
söz adamlarını hədəfə alanlar özlərini
təəssübkeş, əzabkeş kimi
sırıyırdılar cəmiyyətə. Həmin vaxtsa
Adil Cəmil dərin bir nisgil, yurd itkisindən doğan
ağrı ilə baş-başa "Yurd yerim - dərd
yerim", "Kəlbəcərdə", "Ağlama, ana
torpağım", "Unutmuşuq Qarabağı",
"Kəlbəcər", "Bir gün Kəlbəcərə
qayıtmaq üçün", "Vətən oğlu, Vətən
sənin deyilmi", "Çadır şəhərciyi
qış günlərində", "Getdi əlimizdən
Kəlbəcər, getdi", "Özünü qayadan atan
qızlara", "İtən qeyrətim", "Bəhmən
Vətənoğluna" və bu sıradan olan
çoxsaylı, silsilə şeirlərini yazırdi. Bu
şeirlərdə yurd-yuvası talan edilmiş, didərgin
salınmış bir milyona yaxın didərgin
soydaşımızın sağalmaz yarası qan verməkdəydi.
O dərdin, nisgilin şəkli əkslənirdi:
İlahi,
yurd yerim dərd yerim oldu,
Torpaqla
sınağa çəkilməyəydim.
Dağlara
baxıram, dağlanır sinəm,
Bu
dağla sınağa çəkilməyəydim.
Gəzir
xəyalımda gəzdiyim yaylaq,
Saralmış
yarpağam, qurumuş budaq.
Ürəyim
deyəni demir ha dodaq,
Dodaqla
sınağa çəkilməyəydim.
Bu acı
yaşamın poetik ifadəsi daxilində Adil Cəmil millətin,
bir milyona yaxın qaçqın-köçkün
soydaşlarının o doğma yerlərə
qayıdış, dönüş yolunu göstərməyi də
unutmur. Kişilik imtahanına hazırlayır
soydaşlarını. İşğal altında qalan yurd yerlərimiz
uğrunda ayağa qalxınışın vacibliyini önə
çəkir:
Bilmirəm
qorxduqmu bir qaşıq qandan,
O torpaq
uğrunda keçmədik candan.
Kişilik
çıxmadı bu imtahandan,
Papaqla
sınağa çəkilməyəydim.
Adiləm,
özümdən bəzən küsdüm də,
Yansam
"Vətən" deyər göydə tüstüm də...
Döyüşdə
öləydim ayaq üstündə,
Yataqla
sınağa çəkilməyəydim.
Qəhrəman
türk savaşçısı, şair və hökmdar Qazi
Bürhanəddinin yüz illər öncə etdiyi
"Döşəkdə ölən igid ölməyir, murdar
olur" səslənişinin çağdaş həyatımızda
daha təkidlə, daha ərdəmliklə ifadəsi kimi
oxunur, yadda qalır bu sətirlər. Təbii ki,
Qarabağ probleminin həlli təkcə bir rayon
camaatının, bir ölkənin, ya elə bir nəfərin
iradəsi, istəyilə həll ediləsi məsələ
deyildi. Bunun üçün Dövlət, Ordu və Xalq
birliyi ilə yanaşı, aparıcı, supergüclərin
haqqı tanımaq zamanı yetişməliydi. Dünya Azərbaycan
həqiqətlərini həzm etməliydi. Təbii ki, Adil Cəmil
yetkin ziyalı olaraq bu məsələlərin nədənliyini
və gedişatını yaxşı bilirdi. Amma eyni zamanda
onun vətəndaş istəyi, yurd sevgisi zamanı qabaqlamaq,
hadisələri önləmək çabalarından da yan
keçmirdi. Dəmadəm yurda boylanışı, yurda
yalvarışı boy göstərirdi poeziyasında. Şər,
təcavüz, işğal qarşısındakı
gücsüzlüyün xəcilliyini ifadə edirdi. Axına
qarşı üzməyin vacibliyini təlqin edən şeirlərini
yazırdı, üzrxahlığını dilə gətirirdi:
Ruhum səndə
qalıb, canım a dağlar,
Məni
torpağına, daşına çevir.
Səni
xilas üçün hər birimizi
Bir
bölük əsgərə, qoşuna çevir.
Başımız
altından al mütəkkəni -
Tufanda
yellənsin ömrün yelkəni.
Bizə
qan udduran hirsi, hikkəni
Düşmənə
atılan qurşuna çevir.
Bu misralar
elə bir vaxt, zaman şəraitində qələmə
alınırdı ki, vaxt-bivaxt ATƏT, Minsk qrupu vecsiz
monitorinq görüşmələri keçirir, biri gəlib,
biri gedirdi. Boş vədlər tirajlanır, ikili standartlar
lüzumsuz şərtlərlə ört-basdır edilməkdəydi.
Super dövlətlər güzəştli
barışıqlıqlardan dəm vurur, özlərinin də
gözəl bildikləri həqiqət üzərinə yalan
pərdəsi çəkirdilər. Məhz belə bir vaxtda
Adil Cəmil böyük zəfəri hər bir Azərbaycan
övladının bir sırada birləşən əsgərə
dönməsində görürdü. Çıxış
yolunu haqq uğrunda atılan, atəşlənən
qurşunda görürdü.
Qurbanlıq, şəhidlik yolunun xilas, şərəf
yolu olduğunu yaddaşlarda təzələyirdi.
Bu qəmli
Qarabağ dastanının sonu nə yaxşı ki, dövlətimizin
və millətimizin tarixi qələbəsi ilə
sonuclandı. Nə yaxşı ki, Adil Cəmil doğma yurd
yerlərini ziyarət etmək səadətinə qovuşdu.
Bu sevinc özü ilə yeni mövzular gətirdi - yazmaqla
bitməyən mövzular...
Sərvaz Hüseynoğlu
Ədəbiyyat
qəzeti.- 2024.- 5 oktyabr, ¹38.- S.24-26.