Elçin İsgəndərzadə
yaradıcılığı
Türkçülük
- vətənçilik kontekstində
"Xarıbülbül" dediyimiz, həqiqətən də bu nadir və əfsanəvi "quş", adı dillərdə dastan olan qədim bir torpaqda - Şuşa torpağında yuva qurmuşdur. Amma şuşalılara rəvan şeir dili verən, ilahi səs bağışlayan bu "bülbül" oxumur; öz dili, öz səsi yoxdu. Mən Şuşada qızılgülün üstə qar görmüşəm. İlin dörd fəsli bir gül ləçəyində qərar tutmuşdu.
Elçin İsgəndərzadə də Şuşada anadan olub. "Xarıbülbül"ün həmyerlisidi. Üstə qar olan qızılgülü yəqin ki, o da görüb.
Şuşa yad əllərdə, düşmən tapdağında olanda, "Xarıbülbül"ün yuvası dağıdılanda Elçin İsgəndərzadənin yaradıcılığında Şuşa harayı tüğyan edirdi. O, Xarıbülbülün əvəzinə oxumalı, qarlı qızılgülün əvəzinə danışmalı idi... Oxudu da, danışdı da!..
Ürəyimin başında,
gözlərimin yaşında
Bir bulud hüzn,
bir yarpaq nisgil.
Xəyalımda Xarıbülbül,
ilk sevdamdı elə bil.
Ömür qaralı-ağlı,
bütün yollarım bağlı.
Gah ulu babası Qurbaninin xalq ruhunda, gah da çağdaş türk şeiri üstündə köklənən şeirlər, poemalar yazan müəllifin əsərləri qarşımdadı.
O, üzünü tək bir oxucuya yox, bütün Türk dünyasına tutub danışır, tanıdığı şəxsiyyətlərə müraciət edir. Gah ürək sözünü, gah da əsrin sözünü deməyə çalışır. Zəmanəylə, dövranla üzbəüz oturub danışmağı sevir. Onu danışdıran ilahi bir qüvvə var ki, daima şairin rahatlığını pozur. O bu "təzyiqə" məhkumdu - şairlik səadəti də bundadı.
Gənclik şeirlərinin birində Elçin böyük arzularla yaşadığını, həyata, insana bağlılığını təbii boyalarla ifadə edir.
Ancaq böyük Nizaminin dediyi kimi, bir köynəyə sığan insan bir dünyaya sığmadığı üçün, bəzən öz hisslərini cilovlaya bilmədiyinə görə ona elə gəlir ki, həyatın ən ağır anlarını yaşayır.
Mənim bu dünyada əlim çatası
nə qədər arzular qaldı gözümdə,
- deyə şikayətlənir də. Hətta şairin səfəfbəredici poetikasında belə not səsləri eşidilir:
Demək südündə şairlik varmış,
şair oldum.
Demək südündə alimlik varmış,
alim oldum.
Demək südündə oğulluq yoxmuş, -
Ola bilmədim,
oğlun ola bilmədim, QARABAĞ!
Əlbəttə, bu misralar göründüyü kimi birbaşa yox, onun sətiraltı mənasında qəbul edilməlidir.
Çünki şair başqa
bir şeirində:
Mən bu
gözəl dünyanın
nəşəsini,
qəmini,
sevgisini,
ölümünü,
Cənnətini,
Cəhənnəmini
bir şair kimi görüb gəldim
dərgahına Allahın.
Diz çöküb dua elədim,
çin
oldu sayəndə duam,
- deyir.
Bu da şairin özünütəkzib
üçün, oxucu qarşısında səmimi
etirafı, ünsiyyət vasitəsidi. Təbiətdə
olduğu kimi, şairin də dəyişən fəsilləri
olur. Şuşada qışda açan qarlı
qızılgül kimi. Mən buna anomaliya yox, təbiət
hadisəsi deyirəm. Çünki şairliyin hər anı
bir təbiət hadisəsidir.
Elçin İsgəndərzadə isə şeirdən-şeirə
püxtələşən, poetik uçuşlara həmişə
hazır şairdi.
Oyanır
türküm, oyanır,
hər şəhid məzarından
Boylanır bir Boz qurdum.
Təbrizdən İrəvana
uzanır
ana yurdum.
Atlarımın nalları
çapır daşlı yolları.
Tanrı
ətəyində əlim,
yolun son
ucu ölüm.
Ay baxır göy üzündən,
keçdim Cıdır düzündən.
Cıdır
düzündə bahar, -
daşlı yolda qan izi var.
Ağlama
kəhər atım,
Göydə Ay mənim muradım.
Onun "Avtoportret",
"Türkün qəzəbi", "Qaranlıq, zülmət,
qan və qaçqınlıq", "Qazi
türküsü" kimi şeirlərində və silsilə
poemalarında Şuşa həsrəti, Qarabağ dərdi bir
torpaq oğlunun ruhi ağrıları kimi hiss olunursa,
türkçülük - şairin yaradıcılıq
manifesti kimi özünü daha şəffaf göstərir.
Elçinin türkçülüyü isə - vətənçilik
kontekstində onun poeziyasının leytmotividir.
Bu hisslər və duyğular Elçin humanizmi, Elçin həssaslığı,
Elçin mehribanlığı kimi insandakı ümumbəşəri
keyfiyyətlərin daha da inkişafına səbəb olur,
daimi mehri-ülfətdə, daimi ünsiyyətdə keçən
ömrə xüsusi məna verir.
Çingiz Aytmatov yazır
ki, "Elçin İsgəndərzadənin
poeziyasının son illər dünyanın onlarla ölkəsində
yerli dillərə çevrilərək çap olunması
ondan xəbər verir ki, türk poeziyası da artıq dünya
poeziya okeanına yelkən açmaqdadır".
KKTC Cümhurbaşqanı Rauf Denktaş:
"Kıbrıs və Azərbaycan türkləri eyni
kökdən gəlmələrinə, eyni dili istifadə etmələrinə
rəğmən, yaxın zamana qədər bir-birini
yaxından tanıya bilməmişlər. İndi isə bu
qapı açıldı...
Prof. Dr.
Elçin İsgəndərzadə bu sırada olan dəyərli
bir arkadaşdır".
Mən burada yalnız türk dünyasının iki
tanınmış və sevilən şəxsiyyətlərinin
fikirlərini misal çəkdim.
Müəllifi olduğu, tərtib
etdiyi, Azərbaycan türkcəsinə
çevirdiyi kitabların sayı-hesabı yoxdu. Öz
kitabları dünyanın bir çox dillərinə tərçümə
edilib.
Bütün bunlar isə Azərbaycanın müstəqilliyi illərində
bizim ədəbi mühitdə həqiqətən tarixi hadisədir.
Elçin İsgəndərzadənin zəngin bioqrafiyasının
təkcə xronoloji hissəsi ilə tanış olduqca
düşünürsən ki, insan istəsə, az bir
müddətdə dağı dağ üstə qoya bilər.
Mən eşidəndə ki, Gəncə
şəhərində yaşayıb-yaradan görkəmli,
koloritli bir yazıçı Qərib Mehdinin əsərlərinin
on beş cildliyini (əlyazmasından tutmuş mətbəə
proseslərinə qədər) Elçin İsgəndərzadə
nəşr etdirib, sonra da o cildləri müəllifin
özünə hədiyyə edib. Mən də gəncəli
Qərib qardaşım qədər sevindim.
Yaxud Xudu Məmmədovun adına elm sahəsində, Şahmar Əkbərzadə
adına isə ədəbiyyat sahəsində Beynəlxalq
mükafatlar təsis edib və 24 ildir ki, laureatların 100-dək
kitabları hədiyyə olaraq bir-birinin ardınca işıq
üzü görür. Kitab nəşri sahəsində bu,
bütöv bir ədəbi hərəkatdır.
Elçinin Xudu Məmmədovun
və Şahmar Əkbərzadənin xatirəsinə
həsr etdiyi poemaları da minnətdarlıqla oxudum.
Xudu Məmmədov o vaxt biz gənclər
üçün paklıq, azərbaycançılıq məktəbi
idi.
İndi
"Bu qala bizim
qala" poemasını məmnuniyyətlə oxuyanda o
böyük insanın mələk siması yenidən gözlərim
önünə gəlir.
...Dünya
talan dünyadı,
gün gəlincə, verdiyini
geri alan dünyadı.
Sən taleyin gecəsini
gündüzünü görmüşdün.
Göy qübbəsi altında
bu dünyanın hər üzünü görmüşdün.
Sən dünyaya uymadın,
sən mərd oğlu mərd idin.
Sən gül ləçəyindən
yumşaq,
qranitdən sərt idin.
...Çiçək ömrü,
yarpaq ömrü
yaşadın,
yüzillik çinarlar sənin
yaşıdın.
Çiçək ömrü,
yarpaq ömrü,
bulaq ömrü,
mələk ömrü yaşadın.
Poemadan
köçürdüyüm bu misralar Xudu müəllimin
portret cizgilərini çəkmək üçün ən
münasib, ən seçmə sözlərdi. Əgər o
yaşadısa, həqiqətən "çiçək
ömrü, yarpaq ömrü, bulaq ömrü, mələk
ömrü" yaşadı.
Müəllifin poemada real boyalarla
verdiyi kristal haqqında söhbət Xudu Məmmədovun elmi
axtarışları və tapıntıları ilə
bağlıydı. Xudu Məmmədov kristallar barədə
Londonda ingilis dilində doktorluq dissertasiyası müdafiə
etmişdi.
Eşitmişdim ki, azərbaycanlı alim Xudu Məmmədov
bizim ulu nənələrin toxuduğu xalıların, kilimlərin
üstündəki naxışların izini yerin səkkizinci
qatına aid olan kristal kəsiyində görübdü.
Olduqca maraqlı bir elmi kəşfin müəllifinə taleyi
yaşamaq üçün möhlət vermədi. O,
dünyasını qəfildən dəyişdi.
Könül çırpıntılarını
oxucusu ilə
bölüşən müəllif indi də "Şahmar
şikəstəsi" poemasında dünyasını
vaxtsız dəyişən şair Şahmar Əkbərzadənin
yadda qalan detallarla bədii obrazını yaradır.
Burada şairin "48 ölçülü
qadın paltarı" məşhur hüznlü şeiri,
Şahmarın "Topxanaya, Armud ağacına
yazdığı məktub"un ermənilər tərəfindən
güllələnməsi xatırlanır; taleyi bir-birinə bənzəyən
qələm dostlarının Bişkekdə
görüşü də unudulmur:
Eyvandan
qaranquşlar
xəbər verir ilk bahardan.
Mir Cavadın rəsmləri
asılmışdı divardan.
Kitab dolablarında
Çingiz ağanın kitablarıyla
yan-yana,
çiyin-çiyinə
Bizim Bəxtiyar, Şahmar, Anar.
Siz sonuncu Ordaçılar idiniz, -
Çingiz ağa, Bəxtiyar.
Boz qurd kimi məğrur
Oljas,
Xudanın sirri Xudu.
Və sən, qardaşım Şahmar.
Şahmar
şəxsiyyətinə və poeziyasına, ümumtürk
dünyasına məhəbbət hissilə
yazılmış "Şahmar şikəstəsi" əsəri
bəlkə də Şuşada eşitdiyim sonuncu muğam fəryadı
idi ki, o indi Cihada çağırırdı.
Elçin İsgəndərzadə bir-birinə bənzəməyən,
lakin ulduz karvanına bənzəyən poemalar və şeirlər
silsiləsi yazmışdır ki, onlar da ilhamlı
könül dünyasından xəbər verir.
Mən ümid edirəm ki,
şairin türk dünyasına səpələnmiş
oxucuları öz könlündən keçənləri
Elçinin kitablarının səhifələrində
tapacaqlar. Elçinin özünü axtarsalar, o həmişə
olduğu kimi oxucularının yanında, könlündə,
taleyindədi.
İstedadlı qardaşıma daha
çox cildliklər, daha böyük
uğurlar arzulayır və Qarabağlı, Şusalı 60
illik yubileyini ürəkdən təbrik edirəm!
Nəriman HƏSƏNZADƏ
Ədəbiyyat
qəzeti.- 2024.- 5 oktyabr, №38.- S.20.