İkinci Qarabağ müharibəsi şəhidlərinə

 

İki min yeddi yüz səksən üç nəfər,

Yurdun ərən sayı, yurdun mərd sayı.

O qədər çoxdur ki, vallah, o qədər,

Bilinmir qəlbdəki kədər, dərd sayı.

 

Dərdim qalaq-qalaq, bu dərdi didin,

Gülüşlər köç edib, gözdə qəhərdir.

Şəhid anasının dərdi şəhidin

Qəbrinə tökülən torpaq qədərdir.

 

Vətən eşqi yenilməyən qüvvədir,

İgidlər vətəndən güc ala bilər.

Şəhidlik zirvəsi elə zirvədir,

İgidlər oraya ucala bilər.

 

Məzar da vətəndir, beşik də vətən,

Vətənini vətən edən şəhidlər.

Açıq alın ilə "uf" da demədən,

Ölümün üstünə gedən şəhidlər.

 

Qolların tuncdandır, qayadan kürək,

Üçrəngli bayrağı öpdün hər saat.

Atəşə bir odlu sinə gərərək,

Əvvəl torpaq dedin, sonra isə həyat.

 

Şəhidlik mərdlikdir, qəm-kədər deyil,

Bu fəryadı yerlər, göylər eşitdi.

Qarabağda təkcə əsgərlər deyil,

Meşə şəhiddir, ev də şəhiddir.

 

Həsrətin tüstüsü hey qalxdı göyə,

Otuz il o yurddan aralandınız.

Qarabağ yarası sağalsın deyə,

Siz öz köksünüzdən yaralandınız.

 

Bütün el ağladı qəm-kədərinə,

Gülüş bir dodağa, gözə yad oldu.

Atana, anana sənin yerinə

Daha indən belə dərd övladı oldu.

 

Sancıldı köksümə kədər adlı ox,

Çıxardım yadımdan mən öz adımı.

Səni Qarabağda nurlu nənə yox,

Bir ölüm mələyi qarşıladımı?

 

Bir vaxt silinərmi salınan iz ki,

Heç kimsə unutmaz sizi bir anlıq.

Vətən torpağına bələndiniz ki,

vaxtsa göyərsin bu qəhrəmanlıq.

 

Türkün oğulları bəndmiş bir himə,

Addım səsinizdə cəngi səslənib.

Niyə bilməmişik qardaş, sən demə,

Hər ceyran döşündə aslan bəslənib.

 

Bircə həmləsi də getmədi becə,

Düşmənə sərt zərbə, ağır güc oldu.

Dörd yüz on altılar böyüyüb necə,

İki min yeddi yüz səksən üç oldu.

 

Bu yurdun qayası, daşı danışsa,

Özünə özünü bu xalq tanıdır.

Ağacı göyərdən susa, yağışsa,

Qeyrəti göyərdən şəhid qanıdır.

 

Əflatun Baxşəliyev

 

Ədəbiyyat qəzeti.- 2024.- 12 oktyabr, №39.- S.23.