"Azərbaycan
dilinin yaranması türk
dillərinin diferensasiyasının
təzahürüdür"
Azərbaycan dili, Azərbaycan ədəbiyyatı və
funksional üslublar tarixçisi, filologiya elmləri doktoru, akademik Nizami Cəfərovla milli dil, ədəbiyyat və mədəniyyətimizə
ümumi baxış
Akademik Nizami Cəfərovla müsahibə
Əməkdar elm xadimi,
filologiya elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi
üzvü,
dilçi,
ədəbiyyat tarixçisi Nizami Cəfərov
"Azərbaycan dilində sadə cümlənin struktur-semantik inkişafı" mövzusunda namizədlik, "XVIII əsr Azərbaycan ədəbi dili"
mövzusunda doktorluq dissertasiyaları
ilə elm aləmində istedadlı
dilçi alim kimi tanınmış
və bu istiqamətdə ixtisaslaşaraq müasir dilçiliyin bir sıra aktual problemlərini araşdırmışdır.
Azərbaycan dili və ədəbiyyatı
tarixçisi kimi bu sahələrə
o, özünün dəqiq sxem və modellərini gətirməklə bərabər, bütün dil təzahürlərini
ümumtürkoloji kontekstdə araşdırıb, onun etnopsixoloji, etnokulturoloji köklərini müəyyənləşdirən və yol yaradan bir alimdir. 65 illik yubiley günlərində görkəmli alimin elmimiz qarşısında böyük xidmətlərini ictimaiyyət qarşısında bir daha sərgiləmək üçün onunla həmsöhbət olduq.
- Nizami müəllim,
siz Azərbaycan dili tarixinin bir elm kimi inkişafında ciddi xidmətləri olan alimlərdənsiz.
Bu prosesə
hansı
dövrdə
qoşulmusunuz və
dilçilik elminə gətirdiyiniz yeniliklər nələrdir?
- Bir elm kimi bu sahə ötən əsrin 30-cu illərindən formalaşmağa başlayıb. Həmin dövrdə bu istiqamətdə çoxlu ümumi təsəvvürlər vardı və bu iş davam etsəydi, güclü bir məktəb olacaqdı. Ona görə ki, həmin dövrdə əsasən, türk dillərinin ümumiliyindən çıxış edilirdi. Amma az sonra dilimizin adı dəyişdirilib Azərbaycan dili qoyuldu, istər-istəməz, türk dilləri kontekstindən çıxarıldı. Tarix isə elə bir məsələdir ki, o həmişə inteqrasiya tələb edir. Yəni, Azərbaycan dilinin yaranması türk dillərinin diferensasiyasının nəticəsidir. Və türk dillərindən Azərbaycan dilini təcrid etməkdən ötrü 30-cu illərdə Azərbaycan dili üçün fərqli, təcrid olunmuş bir tarix yaradılmağa başlandı. Hətta iş o yerə gəlib çatdı ki, yalnız Azərbaycan dili üçün yox, müxtəlif türk dilləri üçün də eyni yanaşma işə düşdü və onların da mənşəyini müxtəlif yerlərdə axtarmağa başladılar. O cümlədən, xalqların tarixi ilə də eyni cür davranıldı. Yəni, 30-cu illərdən başlayan Azərbaycan dili tarixçiliyi 40-50-ci illərdə də eyni tendensiya ilə davam etdirildi.
- Bəs Əbdüləzəl Dəmirçizadə
əfsanəsi?..
- Elə ora gəlirəm, Əbdüləzəl Dəmirçizadə həmin dövrün ən yaxşı mütəxəssis dilçilərindən idi. Amma buna baxmayaraq, o da müəyyən olunmuş ideoloji istiqamətdən kənara çıxa bilməzdi.
- Yeniləşmə dövrünün - 60-cı illər prosesinin başında kimlər dayanırdı?
- 60-cı illər daha çox Tofiq Hacıyev, Hadi Mirzəzadə kimi dil tarixçilərinin adıyla bağlıdır. Hadi Mirzəzadə bir az əvvəldən, 40-cı illərdən fəaliyyətə başladığı üçün həm 50-ci illərdə var idi, həm 60-larda. Lakin intensiv fəaliyyəti, əsas əsərləri 50-60-cı illərdə çıxdı ortaya.
- O dövrün dil tarixçiləri sırasında Məmmədağa Şirəliyevin adı
da çox çəkilir.
- Şirəliyev dialektoloq idi. O da bu istiqamətdə müəyyən məqalələr yazıb. Dediyim dövrdə, hər sahədə olduğu kimi, dilçilikdə də bir az emosionallıq vardı. Hətta 70-80-ci illərdə bu emosionallıq bir az da genişləndi. Yəni, dili mümkün qədər qədimləşdirmək, mümkün qədər qədim sözlər tapmaq, Azərbaycan dilinin Şumer dili ilə müqayisəsini aparmaq kimi tendensiyalar yarandı. Həmin dövrdə Aydın Məmmədov çıxdı ortaya. Kamil Vəliyev, Kamal Abdulla müəyyən işlər gördü. Təbii ki, dillə fəxr eləmək, qədimliyini sübut etmək yaxşı işdir. Amma bununla yanaşı, Azərbaycan dili həm də emosional şəkildə təcrid olunurdu.
Yəni,
hamımız bilirik ki, Azərbaycan dili türk dillərinin
parçalanmasından yaranıb və
bu dilin tarixi ümumtürk dili tarixindən qədimə gedə bilməz. Çünki ümumidir
bu dil və
dediyim kimi, sonradan diferensasiya olunub. Amma birdən ağıllı bir dilçi deyəndə ki,
15-16-cı əsrlərdə formalaşıb dilimiz, dərhal dırnaqarası
patriotlar başlayırdılar
ki, bizi cavanlaşdırırsız,
bizim qədim tariximizdən imtina edirsiz və s. Amma Azərbaycan dilinə qədərki o tarix də sənin tarixindir və bu, ümumtürk tarixidir. Onları bir-birindən təcrid etmək olmaz. Bunu birdəfəlik bilmək lazımdır
ki, Azərbaycan türkcəsi
ilə Türkiyə türkcəsi müəyyən
tarixi proseslər nəticəsində bir-birindən
ayrılıb.
- Türk coğrafiyasının
siyasi regionlaşma sonucu, yəni...
- Şübhəsiz.
Axı dil cəmiyyətlə bir yerdədir. Nə dərəcədə xalqlar
formalaşırsa, bir-birindən
təcrid olunursa, dil də ona
uyğun formalaşıb
təcrid olunur. Dil hansısa bir akademik təfəkkürlə
təcrid olunmur. Ona görə də Azərbaycan dili tarixini min il qabaqdan başlamaqla bir şey çıxmaz. Çünki bu, artıq Azərbaycan dili deyil, ümumi
bir hadisədir.
-
80-90-cı illərdə fəaliyyətə
başlayan yeni nəsil
dilçilərin əsas
tendensiyası nələrdir?
- Türkoloji kontekstə qayıdış. Bu dövrdə
emosionallıq nisbətən
azaldı, akademizm gücləndi. Akademizm də güclənəndə,
istər-istəməz, məsələyə
sxemində, kontekstində
baxmağa məcbursan,
çünki burda artıq emosiya yox, ağıl işləyir.
- Siz də həmin
nəsildənsiniz, prosesə
necə, hansı prinsiplə qoşuldunuz?
- Elədir. Dil tarixiylə mən 80-ci illərin ortalarından məşğul olmağa
başlamışam. 1985-ci ildə "Sadə cümlənin struktur-semantik
inkişafı" mövzusunda
namizədlik müdafiə
etmiş və bununla da prosesə qoşulmuşam. Və mən bu sahəyə
rəhmətlik Tofiq Hacıyevin tələbəsi
kimi gəlmişəm.
Daha çox onun mövqeyində durmuşam. İlk dövrlərdə
mənim mövqeyimdə
də müəyyən
qədər emosionallıq
olub. Amma tədricən
gördüm ki, dilimizi
bu şəkildə ümumi türk dil sistemindən ayırıb qədimləşdirməklə
elmiliyi pozuruq. Çünki elmdən danışırıqsa, mütləq
elmi baxış olmalıdır, sxem və modellər olmalıdır. Ona görə
də bu dövrlə o qədər
də böyük mübahisəyə girmədən,
tədricən keçdim
dil tarixinin metodologiyası ilə bağlı işlər yazmağa. Və deməliyəm ki, dil tarixinin metodologiya məsələləri istiqamətində
məndən çox
işləyən olmayıb.
- Nizami müəllim,
emosionallıq, görünür,
xalq olaraq canımızda var. Çünki
sizin dövrdə, xüsusən də
90-cı illərin müstəqillik
və milli qalxınma
havasında yazılan
bir çox məqalə və tədqiqatlar da emosionallıqdan
xali deyildi.
- Hə, yəqin ki, dövrün təsiriydi, dil tarixiylə bağlı o emosional dövrün davamı gəldi. Qəzənfər
Kazımov "Azərbaycan
dilinin tarixi"ni yazdı. Bəzi başqa tarixçilərimiz
də dil tarixiylə bağlı emosionallığa uydular, Azərbaycan dilinin ən qədim dövrü və sairə kimi əsərlər yazdılar.
Elmi iddia ilə ortaya çıxarılsa da, elmi
dayağı olmayan primitiv əsərlər idi çoxu. Çünki eramızdan əvvəl ikinci minillikdə Azərbaycan dili deyəmməzsən. Hətta biz orta əsrlərə aid olan Nəsiminin, Füzulinin dilinə Azərbaycan dili deyəndə, müəyyən şərtiliyi
nəzərə almalıyıq.
Yəni, Füzulinin dili Vaqifin dili
deyil axı. Vaqifin dili təmiz
Azərbaycan dilidir. Füzulinin dili isə Azərbaycan dili kontekstinə tam keyfiyyətlə oturmur, çünki bu, hansısa bir ortaq dil mədəniyyətidir.
- Demək, qızıl orta, dil tarixinə
ortaq məxrəcdən
yanaşmaqdır.
- Mənim izlədiyim metodoloji prinsip də elə bu oldu. Yəni,
mən konkret bir dövrün dil xüsusiyyətlərindən,
həmin mərhələdəki
proseslərdən yazanda,
hər şeyi ümumi götürürəm
ki, qoyduğum prinsip, deyək ki, üç-beş
əsr sonraya da, üç-beş əsr əvvələ də izahat verə bilsin.
Yoxsa, ancaq bir dövrü
götürüb, onu
çox parlaq bir şəkildə, həm də yalnız o dövrə uyğun prinsiplərlə
müəyyənləşdirəsən və bu dövrü
başqa dövrlərə
qarşı qoyasan.
Bu, doğru yanaşma
deyil. Axı, bu, dildir, yüz
illərlə yaşayır
və eyni xüsusiyyətləri daşıya-daşıya
yaşayır. Demək,
metodologiya da ümumi prinsiplərə əsaslanmalıdır
və mən də fəaliyyətimdə
bu cür yanaşmanı əsas götürdüm.
Ümumiyyətlə, istənilən
elmlə məşğul
olarkən metodologiya dəqiq müəyyənləşdirilməyibsə,
deyilən sözlər
nə qədər gözəl olsa da, söz yığınından
başqa bir şey deyil və heç bir məntiq də verməz.
- Azərbaycan dili tarixi elmində ancaq sizin adınızla
bağlı işlər
varmı və hansılardır?
- Çox fikirləşdim,
hansı dövrün
tarixini işləyə
bilərəm ki, o müxtəlif
dövrlərə izahat
verə bilsin və müxtəlif dövrlər orda görünə bilsin? Mən gördüm ki, bu, on yeddi-on səkkizinci əsrlərdir.
Çünki bu əsrlərdə dil mühiti artıq özünəməxsusdur. Yəni,
biz Füzulinin əlyazmalarını
dünyanın müxtəlif
kitabxanalarında tapa bilirik,
Vaqifi isə dünyanın heç yerində tapa bilməzsən.
Vaqif nə varsa, Azərbaycandadır.
Yəni, o, dünyaya çıxmayıb. Dünya
üçün bu dil təzahürü maraqlı olmayıb. Ümumtürkoloji mühitdə
də olmayıb. Yəni, on yeddi-on səkkizinci əsrlərə
o intibah anlayışını
ki, mən gətirdim,
həmin intibah dövrü məhz bu dövrdür və bu dil
şəhərlərdə yox, kəndlərdə yaranaraq gəlib. Həm də bu dil, artıq
xalqın dilidir. Amma indiyə qədər bizim dilçilər deyirdilər ki, Azərbaycan
dilinin əsasında Füzulinin dili dayanır.
Füzulinin dili elə bir səviyyədir ki, bu səviyyədən dil başlamaz, bu səviyyədə dil bitər. Yəni, Füzuliyə qədər müəyyən
səviyyədə, deyək
ki, o dilin inkişafı,
dilin modelləşib sxemləşməsi, üslub
texnologiyaları, ifadə
tərzi belə gəlir. Amma 16-17-ci əsrlərdə
ki, xalq dili inkişaf edərək yüksək səviyyəyə
gəlir, hansı ki, Vaqifin dili həmin
dildir. Yəni, kökünü xalqdan götürən bir professionalizmdir və bu, Azərbaycan dilidir. Düzdür, Nəsimidən gələn
və Füzuliyə qədər davam edən dil Seyid
Əzim Şirvani ilə, Sabirlə sonralar da davam edir. Amma bu dil,
artıq ətalətə
gedən və stilizasiya olunmuş dildir. Yəni, artıq bu, ciddi, geniş, dərin düçüncə
dili deyil. Sabirin dili Füzulinin
dilinin əks qütbü, satirik tərəfidir. Yəni, eyni təzahür, eyni ifadə tərzi, eyni texnologiyadır. Demək, artıq bu dilə
satirik münasibət
var və bu dil təfəkkürdə
yeni bir mövqe qazanır. Bu məsələni
təkcə mən demirəm, Tofiq Hacıyev məndən daha əvvəllər demişdi.
17-18-ci əsrləri işləyəndən
sonra gördüm ki, bu, yeni yaranan ümumi, anlaşıqlı
bir xalq dili olsa da, eyni
zamanda kökü çox qədimdir. Çünki xalqın içindən, daxilindən
gələn, qədim
türk təzahürləri,
qədim türk intonasiyası olan bir dildir. Və
ərəb, fars dili təsirlərindən
kənar bir dildir. Başlıcası,
intellektual dil olmasa da, millətin özünə məxsusdur.
İntellektual dil texnologiyası isə dövrlə bağlıdır,
müəyyən dövrdə
yaranır və sonra aradan çıxır.
Baxmayaraq ki, bu gün də bizə zövq verir, amma nəticə
etibarilə o, canlı,
yaşayan dil deyil. Bu mənada, müasir dil professional dil təzahürlərindən
deyil, milli xalq dilindən gəlməli və elə həmin mənbədən,
alt qatlardan yenidən qaynayıb qalxmalıdır.
Bu dövr mənə on doqquz-iyirminci əsrlərdə
dilin necə, hansı formalar və hansı dil təfəkkürü
üzərində inkişaf
etdiyini müəyyənləşdirməyə
imkan verdi. Tarixi ardıcıllıq və məntiqi yanaşma buna da yol açdı ki, dilin daha qədim, daha əvvəlki dövrlərə necə
gəlib çıxdığını
müəyyənləşdirəm.Yəni,
məsələn, Füzuli
dili səviyyəsində
olan bir dilə Avropa sözləri, rus sözləri keçə
bilməzdi. Amma xalq dili elədir ki, müxtəlif dil təzahürlərini və
müxtəlif təzyiqləri
qəbul etməyə
hazırdır. Çünki
hələ yazılmayıb,
hələ sağlamdır
və ağ kağız kimidir. Bu isə istər-istəməz,
yeni mühit formalaşdırır.
Bir də mən 17-18-ci əsrlərdə Azərbaycan
dilində müasirləşmə,
yeniləşmə, yeni dil
təzahürü yaranmasını
eyni zamandakı başqa türk dilləriylə də müqayisə etdim. Bəlli oldu ki, həmin dövrlərdə,
məsələn, türkmənlərdə
də eyni proses olub. Deyək ki Məhtimqulunun dili meydana gəlib, baxmayaraq ki, ondan əvvəlki dil daha çox, Orta Asiya türkcəsi
deyilən ümumi dilin nəzarəti altındaydı. Yaxud Türkiyədə klassik Osmanlı dilindən fərqli olan yeni bir təzahürü - Əhməd Nədimin dilini, adi danışıq
dilinin ədəbiyyata,
elmi dilə gətirilməsini müqayisəli
bir tipologiya ilə verdim. Sonra başqa dünya dillərindəki klassik nümunələri müqayisələrə
cəlb elədim. Baxdım, bu elə bir hadisədir
ki, bütün dillər
üçün ümumi
və səciyyəvidir.
Məsələn, Avropada
latın dili dünyanın ən inkişaf etmiş dilidir. Amma maraqlıdır
ki, fransız, italyan, ispan dilləri klassik latın dilini imtinadan əmələ gəldi, baxmayaraq ki, kökü, əsası latındır.
Lakin həmin dillər
ədəbi, normativ latından yox, vulqar latın dili deyilən, sadə xalq dilinin parçalanmasından
əmələ gəldi.
Yəni, roman dil qrupundan olan xalqların dilləri də ibtidai səviyyədən diferensasiyaya
başladı. Bax, belə-belə mexanizmlər
tapıldı və dil tariximiz üçün
bir sxem müəyyənləşdirildi.
- Bu cür müqayisəli yanaşma və dövrləşdirmə sizinçün
bir ədəbiyyat tarixçisi kimi də keçərlidir, yəqin ki.
- Şəksiz. Ədəbiyyat
tarixini 11-12-ci əsr,
13-14, 15-16 , 17-18-ci əsrlər
kimi dövrləşdirəndə,
belə çıxırdı
ki, yeniləşib dəyişmə
ancaq iki əsrdən bir gedir. Hətta bəzən elə ədəbiyyat tarixləri
yazılırdı ki, orada
ədəbiyyat 11-ci əsr
ədəbiyyatı, 12-ci əsr
ədəbiyyatı kimi
ayrıca əsrlərə
bölünürdü. Yəni,
sırf belə bir xronologiya qoyur və elə
bil ki, o xronologiyanın
içərisini doldurmaq
istəyirdilər ədəbiyyatla.
- İllər ərzində
akademik sistemə, dərsliklərə oturmuş
bir sistemə qarşı dayanmaq və onu dəyişdirmək...
Bu, olduqca çətin
işdir.
- Çətin də olsa, görülməliydi
bu iş. Mən görməsəm,
başqaları görməliydi.
Çünki dil kimi, ədəbiyyat da dövrləşdirmə üzrə
olmalı, təhlil, tədqiq də dövr içində aparılmalıdır ki, obyektivlik
olsun. Yəni, deyək ki, epos dövrü,
yaxud, lirika daha çox neçənci əsrlərdə
yaranıbsa, bax, onlardan istifadə olunmalıdır. Adi bir misal deyim: 15-16-cı əsrlərdə, müəyyən
qədər də
17-ci əsrdə bizdə
tərcümə ədəbiyyatı
çox inkişaf edib. Böyük Şeyx Səfidən başlamış, çoxlu
tərcümələr olub.
Amma 17-18-ci əsrlərdə biz bu intensivliyi görmürük, elə
bil ki, tərcüməyə,
o klassik mədəniyyətə
ehtiyac yoxdur artıq. Və mən bunların ümumi sxemini müəyyənləşdirəndə bildim ki, bu, dildə də, ədəbiyyatda, mədəniyyətdə,
incəsənətin müxtəlif
formalarında da belədir.
Məsələn, bizim
klassik şəhərlərimizin
yaranması və inkişafı 15-16-cı əsrlərə
qədər gəlir,
17-ci əsrdə isə
artıq o şəhərlər
dağılır. Bərdə
süqut edir, Gəncə, Şamaxı,
Şabran süqut edir və yerində
və yaxud yanında yeni tip şəhərlər
meydana gəlir. Kənd tipində və yaxud kənd
şəhərə çevrilir,
17-18-ci əsrlərdə kənd
texnologiyası ilə
çoxlu şəhərlər
yaranmağa başlayır.
Və dil də bütün o ümumi prosesin tərkib hissəsidir.
- Demək, sizin fəalliyyətinizdə birtərəfli
yanaşma yoxdur və burda coğrafiya
da, ictimai-siyasi proseslər
də dil prosesində birgə iştirak etdiyi üçün onların
hamısını vəhdətdə
götürürsünüz.
- Çünki dildə baş verən hadisələr cəmiyyətdə
baş verən hadisələrin təzahürüdür.
Düzgün nəticəni
də ancaq bu təzahürlərə
bütöv bir canlı orqanizm kimi, sistem kimi
baxıldığı zaman əldə etmək mümkündür. Mən
də bütün orqanizmdə nələr baş verirsə, onları ümumiləşdirib
sistem şəklində
verməyə çalışdım
ki, dil tariximiz ayrıca, əlahiddə bir hadisə kimi, onun dəyişib
yenilənməsinə əsas
yaradan digər hadisələrdən təcrid
olunub getməsin və ona ümumi
türkoloji kontekstdə
baxılsın. Və
mənə qədər
ayrı-ayrı işlər,
araşdırmalar olsa
da, bu sistem yox idi.
- Azərbaycan türkcəsinin
təşəkkül tarixi
barədə danışdınız,
bəs bu türkcə üzərində
aparılan ümumi araşdırmalarla sizin mövqeyiniz arasındakı
konkret fərqlər nələrdir?
- Bəlkə də mənim dediyim ayrı-ayrı faktlar müxtəlif yerlərdə
deyilmişdi, amma fərqli-fərqli izahlar və fərqli-fərqli kontekstlərdə. Yəni,
nə cürsə, ədəbi dilimizin tarixinin sxemi yaranmırdı. Çünki
metodologiyasızlıq var idi.
Sadəcə olaraq, biri Füzulinin dilindən, biriVaqifin, yaxud Axundovun dilindən yazırdı.
Amma dilin ümumi hərəkatı ki, onun ritmləri necə gedir, bunun sxemi
yox idi. Sistem olmadığı üçün də təcrid olunmuş şəkildə götürülür,
dil tarixçiləri
türkməndən, türkdən
nələrisə mənimsəyərək
elmə gətirməyə
çalışırdılar.
Amma bu mənimsəməyə
ehtiyac yox idi. Hərənin özü üçün
bir tarix yaratmasına da ehtiyac yox idi. Bu tarix
necəydisə, o cür
də götürülməli
idi. Yəni, ortaq dövr öz yerində, təcridolunmalar, şaxələnmələr
də öz yerində. Dilimiz, birinci növbədə, ümumi türk dilləri tarixi kontekstində öyrənilməlidir.
Sonra da ona pegionlaşma,
ayrılma və parçalanmalar müstəvisindən
baxılıb sosioloji
tərəfləri öyrənilməlidir.
Çünki dil öz-özlüyündə inkişaf
edib, öz-özlüyündə
keyfiyyət verə bilməz; dilin daşıdığı material, istər, bədii informasiya olsun, istər, elmi və ya rəsmi.
Həmin informasiyalar nədən ibarət idi, hansı təfəkkür və intellekt təzyiqi işləyirdi ki, ona müvafiq olaraq dildə belə təzahürlər əmələ
gəlirdi?
Mən həm o konteksti lazımi genişlikdə götürdüm, həm
də dilin arxasında dayanan sosioloji, intellektual, mədəni təzyiq mexanizmlərini birgə götürdüm və bununla da saf, təmiz dil tarixi yox, dilin
əlaqədə olduğu
hər şeylə bir yerdə tarixini verdim ki, onda da sxem, model yarandı.
Metodoloji
hazırlığı mən
verdim, sonra da bir xeyli aspirantlar
çalışdılar bu
iş üzərində.
Düzdür, müəyyən
müqavimətlər də
oldu, amma hər dəfə onların elmi şəkildə cavabları
da verildi. Yəni, hesab edirəm ki, hər halda, bu işin aparıcı
adamı mənəm.
- Nizami müəllim, sizinlə eyni dövrdə fəaliyyət
göstərən və
populyarlıq qazanan başqa dil tarixçiləri də vardı...
- Elədir, hərə də bir cür
fikir gətirdi. Məsələn, Firudin Cəlilov, Qəzənfər
Kazımov kimi dilçilər fantastik şeylər başladılar.
Amma belə düşünürəm
ki, mənim tərəfimdən
o metod, sxem ki verildi, model quruldu, həm də əllə çəkiləcək
qədər aydın bir model quruldu, elə bilirəm ki, onun qarşısına çıxacaq yeni model yaratmaq
çətindir.
- Demək, Azərbaycan dili tarixi elminin
üçüncü dövrü
Nizami Cəfərovun adıyla bağldır.
- Hələ ki, bu sahədə mən özüm məşğulam.
-
Fundamental araşdırmalarınızdan biri də funksional
üslubların tarixidir.
Bu problem sizə qədər
hansı səviyyədə
öyrənilib?
- Funksional üslubların tarixi də ayrı-ayrı üslubların
tarixi kimi yazılıb. Orda da təcridolunmalar və xeyli dərəcədə
mexanikilik vardı. Yəni, elə tədqiqatçılar var ki, tədqiq
etdiyi materialın məntiqindən kənara
çıxa bilmədiyi
üçün təsvir
verir. Amma bütün
mətnlər ümumiləşdirmə
üçün bir vasitə olmalıdır və hər bir tədqiqatçıda
bu bacarıq olmalıdır.
Yəni,
bir var ki, bir məsələnin içərisində
olub ətrafını
təhlil edəsən,
bir də var, çox kənarda dayanıb bütün sxemi, hadisələrin bütün gedişatını
gendən görə biləsən. Mən funksional üslublarla da dil və ədəbiyyat
tarixində olduğu kimi, sxem və
modellə işləmişəm.
Hansı ki, bu da
Mendeleyev cədvəli kimi
bir şeydir və hardasa boş yerlər qalanda, fikirləşib o yerləri də doldurmağa məcbursan.
- Geniş auditoriya üçün funksional üslub məsələsini
bir qədər sadə şəkildə izah etmək olarmı?
- Funksional üslublar belədir də; bir var, dilin materiyası. Yəni, ölü bir şəkildə. Onun lüğətini, qrammatik
quruluşunu, mövcud
olan dil potensialını təhlil
edirsən. Bir də
var, o dilin hərəkət
texnologiyalarını tədqiq
edirsən. Bax, bu funksional üslubdur.
Bütün üslublarda eyni
sözlər işlənə
bilir. Funksionallıq isə o dilə, ifadəyə, sözə,
qrammatikaya rəng verə-verə gətirir.
Elə dilçilər
var ki, onlar üçün
ölü sözü
tədqiq etmək əsasdır. Məsələn,
bir yazıçının,
ya bir şairin,
ya bir elmi
əsərin dilinin lüğətini tuturlar.
Hansı qrammatik quruluş elementləri
var, onu göstərirlər,
ismin hal şəkilçiləri necə
dəyişir, onu göstərirlər. Amma bu,
mexaniki bir tarixdir. Bir də var, deyək, Füzuli sözü necə işlədirdi, Vaqif sözü necə işlədirdi. Burda da elə dilçilər var
ki, təsvir edib gedir. Amma elə dilçilər də var
ki, onlar o mexanizmləri
tapır ki, məsələn,
Füzulinin təşbeh
dil texnologiyası bu cürdür.Vaqifdə
nəylə nə müqayisə oluna bilər. Füzulinin sintaksisi, məsələn,
bu formadadır, yaxud aparıcı modelləri göstərir.
- Bu ki stilistikanın öyrənilməsidir.
- Bəli, funksional üslublar həm də stilistikaya aiddir. Çünki funksional üslub elə üslub tarixidir. Yaxşı mütəxəssislər baxan
kimi bilir ki, Füzulinin dilində sifətlər az işlənir. Yəni, Füzuli nəyisə poetik təhlil edəndə rənglərdən
istifadə etməkdən
qaçır. Vaqifin poeziyası isə bütövlükdə, rənglər,
əlamətlər üzərində
quruludur. Və bu dəyişmə mədəni prosesin bütün sahələrində
təzahür edir. Məsələn, deyək,
Ərdəbilin 16-cı əsrdə
tikilən məscidlərinin
üzərindəki naxışların
hamısı həndəsi
naxışlardır. Yaxud
Möminə Xatun türbəsi həndəsi
naxışlardır. 17-18-ci əsrlərdən başlayaraq
artıq nəbati naxışlar, rənglər
önə keçir,
həndəsədən çox,
təbiət görünməyə
başlayır. Və
ədəbiyyatda da ona
uyğun dəyişikliklər
baş verir.
İndi deyəcəksiz ki, burda ümumi mədəniyyəti
şərh mövqeyi
var. Bəli. Çünki
dil, eyni zamanda ümumi təfəkkür mədəniyyətinin
təzahürüdür və
ona belə də baxılmalıdır.
Söhbətləşdi: Bəsti
ƏLİBƏYLİ
Ədəbiyyat qəzeti.- 2024.- 5 oktyabr, №38.- S.8-9.