Min ilin başında
Zamanın əlyazması
çevrilir varaq-varaq,
Keçmişə boylanıram min ilin
zirvəsindən.
Nifrət
rüzgarlarında
sönür
neçə od-ocaq,
Milyon nəğmə qırılır
silahların səsindən.
Azıb
vaxtın axarı savaş burulğanında,
Önündəki düşməndi -
vur, kəsilsin nəfəsi!
Qan çayları çağlarkən
qurudu damarda qan.
Göz yaşları sel oldu - itən çaylar əvəzi.
Əllər tüfəng tutdusa,
tapılmaz
tarix yazan,
Bacaranlar
uydurur,
yalanlar başdan aşır.
Hamısı bir Allahdan gələn ismarışdısa,
Min il nəfəs dərmədən
dinlər niyə savaşır?..
Min ilin başındayam!
Neçə
sual dilimdə...
Haqqımı arayıram min ildir,
dayanmadan.
Allaha yalvardıqca fürsət
çıxdı əlimdən,
Atdım
özümü oda, taleyimə yanmadan.
Eyni sevgi bəslədim qoyunuma, qurduma
Əritdim iştahımı halallığın
odunda.
Kafir söylədiyimiz soxulanda yurduma
O da fitva verirdi
öz allahı adından...
Min ilin o üzündə eyni şər, eyni hədə,
Allaha pənah deyən sonucunu bilmədi.
Dünya
insan əliylə bəzənib-düzənsə də,
İnsanın qəlb dünyası
azca dəyişilmədi...
Nədən başlayaq
Yay qışa tələsir,
bağçalar solmur,
Yazın
sonu harda, əvvəli harda,
Sualsız-cavabsız yaşamaq olmur,
Baş açmaq da olmur bu sorğulardan,
Qələmim kağızdan ayrılmadı
heç,
Di gəl, yazacağım vərəq hələ ağ,
Nədən başlayaq?
İlahi,
qismətim düşərli
imiş,
Bütün gözəlliklər keçdi içimdən.
Səninlə görüşün vədəsi gəlmiş,
Hər gün xatırladır saçımdakı dən.
Mən çoxdan hazıram son sınağa da,
Yüz-yüz imtahandan keçdim
üzüağ...
Nədən başlayaq?
"Bütün xoşbəxtliklər"...
Yanıldım bir az,
Ağırdır xalqımın aldığı
yara.
Közlə yandırılan sözlə
sağalmaz,
Sözüm əlac deyil ayrılıqlara.
Təbriz
bir əldədir, Kərkük bir əldə,
Bu qanlı əllərdə
dünyam baş-ayaq,
Nədən başlayaq?
Adamlar hiyləgər, əməllər
yalan,
Dünyada milyonla şər
fırlanmada.
Payverən qismində gəlir
canalan,
Başıma Günəşlə Yer fırlanmada.
Bu şeytan təkəri dayanmalıdır,
Çəkilsin bu pərdə, Tanrıya
baxaq,
Nədən başlayaq?
Qaldı ürəyimdə
Soldu ürəyimdə gül arzularım,
Baharı
könlümə keçirəmmədim.
Yerlərin, göylərin minbir
rəngini
Sözün yaddaşına köçürəmmədim.
İldən-ilə keçdi - yaz aylarında
Gecəni
Şuşada yatmaq həvəsim.
İsa bulağından, Turşsudan
ötüb,
Kirsdə
gül-çiçəyə batmaq həvəsim...
Qalxam Kəlbəcərə Tərtər
boyunca,
İstisu
soyutsun həsrətimizi.
Büllur
aynasında Alagöllərin
Yenə
uca görək şöhrətimizi.
Bir günüm dostlarla, çay süfrəsində,
Gəncə çinarının altında keçsin.
Bir gün salam verim Buynuz kəndinə,
Ardını Dağdağan ağacı
seçsin.
Bu yaz Təbriz eşqi vurub başıma,
Dərmanım olardı Savalan
qarı.
Keçib Naxçıvandan İqdıra
gedəm,
Sevinə
dostumun yadigarları.
Bu bahar Volqada balıq
tutaraq,
Əkdiyim ağacla qucaqlaşardım.
Kazanda yanardım xatirələrdən,
Ufada yenidən uşaqlaşardım.
Çıxardı yoluma Altay gözəli
Dəli
maralların nəğməsi
ilə.
Qazax çöllərində bir
yurd qurardım
Gələcək Turanın həvəsi
ilə.
Sonra İssık-Kulda qopuz dinərdi,
Manas axıb gəlir qırğız qanından.
Keçib Buxaradan, keçib
Xivədən,
Bal dadam hər özbək dəstərxanından...
Yenə
qanad aça türkmən atları,
Gedib Aşqabadın aşiqi olam.
Krımda
ucalam Qız qalasına,
Sonra bir Borçalı aşığı olam...
İndi adamlara söz də toxunmur,
"Ənəlhəq" söyləyər
Hələbdə ahım.
Dəyişər Kərbəla qəmxanasını
Füzuli
adlanan ziyarətgahım.
Tonyuquq üstündə heykələ
dönüb,
Orxonun suyunda durulmalıydım.
Yenə
salam verib Tanrı dağına,
Xatuna yenidən vurulmalıydım.
Şükür, qanadlarım açıqdır
hələ,
Tanrı
güc verincə uçmaq istərəm.
Bir gündə yüz elə düşsün sorağım,
Yüz qardaş qapısı açmaq istərəm...
Mənə yol ömrünü
yaradan yazıb,
Tale yüz ünvana bağladı məni.
Yenə
də gedərdim, savaş havası,
İntiqam fürsəti saxladı
məni...
Cıdır düzündə
dost adları
Gənc
idik. Cıdır düzündən Daşaltına
enən bir cığırın sonunda,
yolumuzu
kəsən qayada adlarımızı
yazmışdıq: Çingiz
Əlioğlu, Nüsrət
Kəsəmənli,
Sabir Rüstəmxanlı...
Gözüm qara dumanı yarır qurd gözü kimi,
Əbədi ayrılıqdır qarşıdakı
uçurum.
Xatirələr daş olub sıxsa da ürəyimi,
İllərlə gözlədiyim bir
görüşə uçuram.
Dizlərimə güc gəlir,
yenə qaynayır qanım,
Bəlkə dönəcək geri
vaxtın cilovsuz atı.
Çingiz tamamlayacaq Qarabağ
dastanını,
Bir şerə çevriləcək
Nüsrətin zarafatı.
Ayağımda titrəyir köhnə
bir cığır sapı,
Ona qaya qaşında düyün vurubdur zaman.
Bizə
əli çatmayan daşla çəkib hesabı,
Sanki üç düşmənini
nişan alıb alnından.
O illərin həvəsi dartındıqca irəli,
Köhnə izlər sızlayır
ayaqların yasında.
Bir möcüzə olacaq, sanki aşıb illəri
Dostlarım görünəcək bir qaya aynasında.
Onda üç qartal idik, mənzilimiz yüz ölkə,
Qanadlarım qırılmış, ayaqlarım titrəyir.
Arxadan iki nəfəs, iki ruh, iki
kölgə
Qırx
il öncə keçilmiş
bir yola itələyir.
Düşmənim havalanıb, hər
gün yandırıb
onu,
Qobustan qayasına bənzəyən
yazılı daş.
İllərlə əzib onu, qaçırıb yuxusunu
Bir qaya yaddaşına həkk olunmuş üç qardaş.
Birdən
cığır qırılır,
aşağıda Daşaltı...
Burda sal qayalardan asılıb durur zaman.
Savaşın qanlı əli
dayandırıb saatı,
Ağ qaya, bizim qaya
seçilmir ağ dumandan.
Silinib, silinməyib?
Görünməzdir adımız,
Sanma düşmən niyyəti
ruhuma toxunacaq.
Elə bir ad yazdı ki, bu daşlara Ordumuz
Yüz illərdən sonra da fərəhlə oxunacaq.
Oyan, qaya yaddaşım,
Damarında coşsun qan,
Burdan cavan getmişdim, bura qoca gəlmişəm.
Səni
salamlayıram dostlarımın
adından,
Bayrağımla bir yerdə, uça-uça gəlmişəm!..
Niyə darıxıram?..
Niyə
darıxıram, bilmirəm,
niyə?
Onsuz da yaralar bitişəcəkdir.
Qar yeri bələsin, "mənimdir", - deyə
Bahar öz vaxtında yetişəcəkdir.
Ürəklər yorulmaz, tükənməsə
iş,
Ondan nə istədin, nə əsirgəmiş,
Yarsan da
köksünü, bir
aşıq demiş:
Torpağın cavabı güldür,
çiçəkdir.
Aldı
yelkənimi başsız
axınlar,
Süddən sümüyəcən qara yaxanlar.
Başımdan dağılıb getdi
yaxınlar,
Qalan can
sirdaşım yenə
ürəkdir.
Bulağa
çevrildi eşqin şərbəti,
Xatirəyə döndü Araz
həsrəti,
Ən dərin sevgilər yenə də yetim,
Ən uca zirvələr yenə də təkdir.
Həsrət nəğmələri sığmaz kamana,
Sözün imtahanı dərsdir
zamana,
Cığır tənhalığı yükdür dumana,
Mənzil
başınacan yürüyəcəkdir.
Ulduzlar bir işıq salxımı idi,
Bu ömür tarixin axını idi,
Sözüm azadlığın toxumu
idi,
Onu millətimin könlünə
əkdim...
İt nəsli
Gözünü yumaraq ağzını
açan,
Pişik
dərisində bir oğru siçan,
Bu söyüş adamlar, bu kin adamlar
Xalqın
ayağının çirki
adamlar
Dünyanın dadını qaçırır,
heyif.
Bir əxlaq məbədi tikmişdi millət,
Onlar bu məbədi uçurur, heyif.
Nə
ana tanıyır, nə
bacı bilir,
Söyüşü dərdinin əlacı bilir.
Dediyi hər kəlmə başının daşı,
Yerinə
utanır doğma qardaşı.
Bacısı soyunur hər kəlməsiylə,
Anası
ət tökür onun səsiylə.
Söyüşlər nəsilin payına azdır,
Bircə
yolu qalır - dilindən asdır!
Bütün iydəyəni itin
nəslidir,
Sözün satılmışı, fahişəsidir...
Torpağın yükü
Ömrün zirvəsinə çatanda
illər,
Arzular yorulub varanda sona
Qəlbimdə yeni bir ümid göyərər
Başqa
bir həyatın olacağına.
Tanrı
imkan verə, öz başdaşıma
Başımı söykəyib ağlayam,
bir az.
Alovsuz-tüstüsüz yananlarıma
Qoşulub yasımı saxlayam,
bir az.
Dönəm evimizə bir qərib axşam,
Yayın
ortasında, ya yağanda qar.
Yüz-yüz dost-tanışa yas
saxlamışam,
Bir gün də özümə yansam, nə olar!
Zamandan-zamana yol saldı ağlım,
Qovdu ürəyimi işıqla
kölgə.
Ölümdən sonrakı sonuncu
ağrım
Birinci sevincim olacaq, bəlkə.
Torpaqdan
dikələn bütün
məzarlar
Ağrıdır, təsəlli məbədi
deyil.
Ölməzlik arayır sözdə
Yazarlar,
Heç
sözün özü
də əbədi deyil.
Mərmərdi, ya daşdı
son sığınacaq,
Bütün yazılarım bitdi
ağıyla.
Bir yol incidərəm yurdumu, ancaq
Qəbrimin torpağa yük
olmağıyla.
Yanvar,
2023
İşçi qadınlar
Qadınlar yer qazır, ağac doğrayır,
Bu evin qadınlıq işimi yoxdur?
Onu bu külüngdən, baltadan ayır!
Bu işi görməyə kişimi yoxdur?
Torpağı şumlayır başıaşağı,
Bel daşa ilişir, sözünə baxmır.
Göylər taleyinə yanmadı
onun,
O da heç göylərin üzünə baxmır.
Sərvət də zəhərdir,
mayası qansa,
Ona yağış əziz, ona qar əziz.
Yanından ötüşən cənablardansa,
Ona su verdiyi ağaclar
əziz...
Ətrində boğulan xanımlara
bax,
Ədası həm sola, həm
sağa vurur.
Xanım
öz-özünü bəzədi,
ancaq
Qadın
bəzəyini torpağa
vurur.
Bu bağ əllərinin bərəkətidir,
Payızın süfrəsi baharda
boşdur.
Ona "Şanel"lərin, "Armani"lərin
ətrindən yovşanın qoxusu
xoşdur.
Asta addımından yol gəlir cana,
Bu bağda qayğıdan, qəmdən uzaqdır.
Bilir ki,
bu axşam öz ocağına
Halal çörəyiylə qayıdacaqdır...
Başqa həyat
Baharı
yarpaq-yarpaq saralan,
Sevinci yarpaq-yarpaq əriyən
ağaca
bənzəyə bilsəydim,
yenidən oyanardım
gələn baharda.
Dipdiri sıyrılıb çıxa
bilsəydim,
kəfən adlı qardan
Köklərimlə daha möhkəm
yapışardım torpaqdan.
Hər yarpağım bir tarix səhifəsi,
Hər çiçəkdən cənnət
alması
yetişdirmək həvəsim.
Hər anını ilə çevirərdim baharımın,
Çiçək-çiçək dünyaya
yayardım arzularımı.
Bütün sevdiklərim kölgəmdə,
Quşlarım uçub getməzdi
ölkəmdən.
Nə ocaqdan qopardım,
nə enərdim dağdan.
Nə bunca qaralardı,
nə şəkər yığardı
qan.
Quşlarım uçub getməsin
ölkəmdən,
Meyvələrim qopmazdı budaqdan
Bu yükü daşıdıqca
daşıyardım,
Bir başqa həyat yaşayardım...
Ata yurdunda
Ev kimsəsiz, həyət boş,
Sərələndim otluğa.
Göydə bulud qaynayır,
Allah, bir şimşək çaxa!
Sərçə, arı, qarışqa...
Hərəsi öz işində.
Şükür, hələ əl
çəkmir
Torpaq öz vərdişindən.
Uzaq bir xatirədir
Yoncanın tünd qoxusu.
Yatmağa imkan vermir
Ölüb-qalmaq qorxusu.
Ata, ana, qardaşlar...
Kim qalıb ki başımda?
Yağış gözləyən mənəm,
Diksinmə göz yaşımdan!
***
Ay quş, hardan gəlirsən?
- Balama dən yığmaqdan!.
Ay dost, hardan gəlirsən?
- Könlümə qəm yığmaqdan...
Dünyanın sonsuz yolu -
Dən gəzəndə qəm bulmaq.
Bir ağrıdan ölürkən,
Min ağrıdan doğulmaq.
Kim saldı bu dünyada
Dənlə Qəmi qarışıq?
Dən
- kökünə əlvida,
Qəm
- ölümlə barışıq.
Sənsiz sözüm dondu
Damarlarımda qan, dənizdə
dalğa,
Göylərdə ulduz dondu.
Bir sözü öldürmək
Bir eşq ölümündən
daha betər.
Sevgi dənizdə bir dalğa,
Söz
min sevgi fırtınası.
Dondu sözüm, sən də onun içində.
Orda alovlu bədən,
ağıl alan təbəssüm.
Dan yerinə boyanmış dodaqlar.
Gecəni
uzadan saçlar,
Tanrının ətəyindən üzülməyən
əllər...
Hər şey dondu bir anda.
Daha qorxma,
Günlərin ucuz xərclənməsindən,
Varlığından güc alan
Vampirlər dəstəsindən.
Üzünə qırış salan
gülməkdən,
Qocalmamış ölməkdən.
Sözümdə sən də dondun,
Qaldın
gənclik yaşında.
İlləri aşan olsa,
dünyanı heyran qoyar
qoruduğum gözəllik
zamanın o başında.
Ordakı ruhlar da...
Min ildir torpağı arıdır insan
Alaq nə azalan, nə də itəndir.
Yüz
il bundan əvvəl çəkib atdığın
Çayır daş üstündə
yenə bitəndir.
Dağda
yanğılanıb dönürsə
səsin,
Ocaq yandırırsa isti nəfəsin,
Çölündə qum axsın, ilan mələsin,
Bəxtinə düşdüsə - sənə Vətəndir.
Günbəgün artsa da yolumuzda daş,
Tələsmə, bu yükü çək, yavaş-yavaş.
O yana köçməyə
tələsmə, qardaş,
Ordakı
ruhlar da burdan gedəndi...
Çay gəlir
"Elə ki, aldın ələ,
heç
yerə qoymalı deyil"
Musa Yaqub
Şair
qardaş, ölüm
kəsdi aranı,
Günlər keçir, ay dalınca
ay gəlir.
Torpaq yenə ağa örtür qaranı,
Dost yerinə bir təpəcik pay gəlir.
Ayrılacaq buğdasıyla samanı
Sovrulduqca
xırmanları zamanın.
Qara daşı tükənməz
ki, dünyanın,
Biri getsə, beşi ona tay gəlir.
Daha yoxdur sizə gəlmək həvəsim,
Solğun
bağda, susqun dağda nə gəzim?
Təsəlli yox gəlhagəldə,
əzizim,
Yaxşı gedir, əvəzinə
zay gəlir.
Qırılıbdır sözün qartal qanadı,
Yorulubdur
yollar yoran inadım.
Dost olmasa, bu evlərin
nə dadı?!
Musa desəm, boz qayadan hay gəlir.
Çox
məclisdə dinləyirəm
şerini,
Çox
süfrədə boş
görürəm yerini.
Masabəyi söz deməyə
ərinir,
Mey də çəkmir, süfrəmizə çay
gəlir.
2022
Bir yastıqda qocalın
Bir yastıqda qocalın, ürəklər dağa dönür,
Söz də şirin şərbətdir, istəyidir
hər kəsin.
Ürəklə baş qoyanda, daş da pambığa dönür,
Daşı pambıq eləyən
pambıqla baş kəsməsin!
Bu şərbət tükənməsin,
ömrün sonuna kimi.
Paylansın neçə evə
bu günün toy havası.
Yastığın ağ üzündən
ölüm donuna kimi,
Sevənlərin alnından silinməsin
bu yazı.
Yastıq
ağa çevirsin ömrün hər qarasını,
Baş yastığa çatınca,
coşsun damarlarda qan.
Bağlayın bu arzuyla könlün hər yarasını,
Nəvələrin dilində adınız
ballanacan...
Bəylə gəlin adına!
Hər dodaqda bir dilək,
Solmaz çiçəklər kimi
bu sevginiz solmasın.
Sevinc yaşı islatsın bu yastığı ömürlük
Göz yaşı selə dönsün, ancaq Araz olmasın!
Nəyə gərəkmiş?
Niyə
zövq almışam
bu qovhaqovdan,
Nə idi ruhuma güc
verən inad?
Obadan-obaya, kənddən-şəhərə,
Arzudan-arzuya uçuran qanad?
Niyə
düşünmədim yolun
sonunu?
Təkləndim, yollarda ələndi
dostlar.
Mən,
məzlum millətin haqq arayanı
Haqqı
arayanı anlayanmı
var?
İlahi
ədalət hardadır,
hanı?
Dünya
bahar olsa, bizə yağır qar.
Torpağa səpdiyim göz
yaşı oldu,
Biçdiyim - payımı sovuran
rüzgar.
Qəm çaldı sazımın
sarı simini,
Hər mənzil başında bir sürü nadan.
İlahi,
ağzımı dirədin
dağa,
Başqa
yolun yoxmu ayrılıqlardan?
Min elçi göndərdin imtiyaz ilə
İnsan
yenə cəllad, yenə gözü ac.
Min il kürəyimə sancılıb
qalan
Xəncər yarasına bulmadın
əlac!
Sənə giley-güzar eləmirəm,
yox,
Bu dərdi ürəyim çəkir min ildir.
Məni
cəhənnəmdən keçirtdin,
ancaq
Mən onu dünyanın cənnəti bildim.
Öndə son mənzilim, yol
çatır başa,
Tək vərəqə dönüb
çevrilir keçmiş.
Onsuz da düzələn deyilmiş
dünya,
Onda bu savaşlar nəyə gərəkmiş?
30.07.2023
Kiçik adam
Hərdən küncdə-bucaqda yorum
yazıb, söz atan,
Bizi uca görəndə sözü kiçilən
adam,
Mən,
Tanrı sevgisinin zərrəsiylə varlıyam,
Sən,
nəfsi böyüdükcə
özü kiçilən
adam.
Nə sözün peşindəyəm,
nə şöhrətin,
nə işin,
Daşıdığım qanaddır, yox çiynimdə başqa yük.
Kainat boşluğundan uçub
gəldim, demişdim,
Balaca qum dənəsi! Ancaq dünyaca böyük.
Yanır
Tanrı dağında
ruhumun ocaqları,
Başqa
bir ocağım da Savalanın başında.
Sahilimi bulunca dünya boyu çağlaram,
İlk nəğməm ilk andımtək
dolandıqca başımda.
Mənim
evim də bəlli, əslim-nəslim
də bəlli,
Min illər qartal kimi zirvələrdə yaşayan.
Qismətimə bu xalqın sevgisi düşüb, bəli,
Sən də böhtan üyüdüb, pislikləri
daşıyan...
Yaşa!
Yaşa! Bu ruhla bəxtəvərsən, görürəm,
Görünür, öz zəhərin
özünə yetincədir.
Anla ki, mənim ömrüm ölümümdən başlanar,
Səninsə, yazıq ömrün
zəhərin bitincədir...
Necoldu
Yerdə
cəhənnəmi yaşadıq
niyə,
O cənnət havalı illər necoldu?
O ruhlar biryolluq çəkildi göyə,
Ruhların əkizi - güllər
necoldu?
Birisi
min düşmən qalası
yıxan,
Birisi gül olub, külündən doğan,
Birisi qitədən-qitəyə axan...
O dağlar titrədən sellər necoldu?
Qığılcım axtardıq farsın külündə,
Yol gəzdik ərəbin bitməz felində,
Üz tutduq Allaha özgə
dilində
Bəs Tanrı söyləyən
dillər necoldu?
İnancı günəşə, duası aya,
Ədalət göyərdən, həqiqət
yayan,
Gücünü tükənməz, əbədi
sayan,
Mayası
göylərdən ellər
necoldu?
Sabir Rüstəmxanlı
Ədəbiyyat
qəzeti.- 2024.- 5 oktyabr, ¹38.- S.10-11.