Azərbaycan elm tarixində
Aida
xanım İmanquliyevanın misilsiz xidməti
"Aida xanımın bütün elmi yaradıcılığı
Azərbaycan ilə
Şərq dünyası
arasında əlaqələrin qurulub möhkəmlənməsinə yönəldilmişdir".
Mehriban Əliyeva
Azərbaycan Respublikasının
Birinci Vitse-Prezidenti
Vaxtlı,
vaxtsız, fərqi yoxdur, ömür anidir, keçicidir, fanidir. Ömrü ölçə bilən saatlar, günlər, aylar, illər var. Ömür aydındır,
ömrün əvvəli
və sonu var. Lakin ölümsüzlüyü öləndən
sonra da yaşayanlar qazanır - unudulmaz şərqşünas alim Aida xanım
İmanquliyeva kimi...
Platonun fəlsəfəsinə görə,
"Ədaləti anlamaq,
gözəlliyi duymaq,
yaxşını arzu
etmək - şüurlu
həyatın mənasıdır".
Həyatda insanın elə bir qabiliyyəti
var ki, onun köməyi
ilə özünə
ölməzlik qazana bilir. Bu, gözəl əməl, xeyir iş, başqalarına fayda verən yaradıcılıqdır. M.F.Axundzadənin
bir ifadəsi diqqəti cəlb edir: "Yüksək əxlaqlı, xeyirxah insan yalnız o adam hesab olunur
ki, özünün bütün
hərəkət və
davranışlarını əsl vətənpərvərliklə
əhatələndirsin".
Müasir
Azərbaycan jurnalistikasının
təşəkkülündə xüsusi yeri olan professor Nəsir İmanquliyev mətbuatımızın,
xüsusən, Bakı
Dövlət Universitetinin
inkişaf tarixində
əvəzsiz xidmətlər
göstərmişdir. Şəxsiyyəti
zaman yetirir, tarix qiymətləndirir. Xalqının
tarixini qələmi ilə yazan Nəsir İmanquliyev kimi böyük insanın həyatı böyük yola bənzəyir.
Nəsir
İmanquliyevlə Gövhər
xanımın yeganə
övladı olan, bu günlərdə 85 yaşını qeyd edəcəyimiz Aida xanım
İmanquliyeva dünyaya
gəlişiylə bu
xoşbəxtlik çırağını
yandırmış oldu.
Ölməzliyi ölümündən sonra qoyub getdiyi
əsərləri ilə
qazanan bu gözəl xanımı,
şərqşünas alimi
unutmaq olmur... Bundan da böyük xoşbəxtlik olarmı?
Gözəl ziyalı
ailəsində tərbiyə
alması da bir çox şeyləri şərtləndirmişdir. Aida xanımın görkəmli
jurnalist, pedaqoq, Əməkdar elm xadimi Nəsir İmanquliyev, əsilzadə ailəsindən
olan Gövhər xanım kimi müdrik, mehriban, duyğulu, cəfakeş, tələbkar valideynləri
olmuşdur.
Ötən əsrin əvvəllərinin
zülmətdə işıq
olan müəllimlərinə
bənzəyən bu ziyalı ocağının
- iki əzəmətli
çinarın pöhrəsi
olan gənc Aida xanımı çox-çox
sonralar dünyanın
hər yerindən görəcəkdilər. Ana təbiət
ona hər şeyi bəxş etmişdi.
Azərbaycan Dövlət Universitetinin
şərqşünaslıq fakültəsinin ərəb
şöbəsində təhsil
almış, Moskvada
SSRİ Elmlər Akademiyasının
Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirmişdir.
Elm sahəsində yeniliklərə
imza atan professor, həm də yüksək idarəçilik
keyfiyyətləri, ictimai-siyasi
fəallığı, böyük
vətəndaşlığı ilə seçilirdi.
Akademik Ziya Bünyadov "Aida xanım böyük zəhmətkeş və özünə qarşı
həddindən ziyadə
tələbkar bir alim
olmuşdur", deyə
xüsusi vurğulamışdır.
Sankt-Peterburq Universitetinin
professoru Olqa Frolova Aida xanımla bağlı söyləmişdir:
"Bütün ərəb
dünyası alimləri
professor Aida İmanquliyevanın əsərlərini oxuyur və onu ehtiramla
yad edirlər. Onlar məhz bu əsərlərdən
öz yaradıcılıqları,
Afrika, Asiya və demək lazımdır ki,
dünyanın bütün
ölkələrinin yazıçılarını
öyrənmək, başa
düşmək üçün
güc alırlar".
SSRİ Nazirlər Soveti yanında fəaliyyət göstərən Ali Attestasiya
Komissiyasının qərarı
ilə ona "Xarici Asiya və
Afrika xalqları ədəbiyyatı"
ixtisası üzrə
1991-ci ilin mart ayında
professor elmi rütbəsi
verilmişdi. Azərbaycanda
ilk qadın - ərəbşünas
elmlər doktorudur. Azərbaycan şərqşünaslıq
elmini xarici ölkələrdə keçirilən
beynəlxalq konfrans və simpoziumlarda təmsil etmişdir. Dünya şərqşünaslığında
ərəb məhcər
ədəbiyyatının ən
tanınmış tədqiqatçısı
olan Aida xanım bu problemə "Mixail Nüaymə və "Qələmlər
birliyi", "Cübran
Xəlil Cübran",
"Yeni ərəb ədəbiyyatının
korifeyləri" monoqrafiyalarını
və 70-dən artıq
elmi məqalə həsr etmişdir.
Keçmiş SSRİ-də Ümumittifaq
Şərqşünaslar Cəmiyyəti
Rəyasət Heyətinin,
Şərq ədəbiyyatlarının
tədqiqi üzrə
Ümumittifaq Koordinasiya
Şurasının üzvü
olmuşdur. O, Azərbaycan
şərqşünaslar məktəbinin
nümayəndəsi kimi,
Moskvada, Kiyevdə,
Sankt-Peterburqda, Poltavada,
Düşənbədə, Tbilisidə və başqa şəhərlərdə
keçirilən elmi konfranslarda, simpoziumlarda, sessiyalarda məruzələr
edib.
XX əsr Azərbaycan ictimai elmində sosio-mədəni və ədəbi istiqamətdə
qadın hüquqları
problemini ilk dəfə
Aida xanım İmanquliyeva
elmi təhlilə gətirmişdir. Aida İmanquliyeva
C.Cübranın "Qırılmış
qanadlar" povestini təhlil edərkən də, gender stereotiplərini
açır: "Cahanda
hər şey qeyri adi gözəllik,
yüksək əsl-nəcabət,
cəmiyyətdə tam müstəqil
mövqe, çox yaxşı təhsil, böyük iradə güvvəsi, qətiyyət
və cəsarət onu qalan insanlardan
kəskin şəkildə
fərqləndirir". Aida xanımın irəli sürdüyü müddəalar,
həm də fəlsəfi mətnli baxışlardır, böyük
fəlsəfi bir məktəbdir.
Aida İmanquliyeva 1991-ci ilin avqustundan Şərqşünaslıq
İnstitutunda direktor vəzifəsini icra etməyə başlamış
və həmin ilin dekabrında isə direktor vəzifəsində çalışmışdır.
Dahi Sokratdan soruşurlar: "İnsanda ən çox nəyi qiymətləndirirsən? - "İnsaniyyəti", - deyə
Sokrat cavab verir. - "Bəs insaniyyət deyəndə
nəyi başa düşürsən?" - sualına
isə - "İnsana
layiq olan keyfiyyətləri", - deyə
cavab verir.
Gündəlik gərgin iş
rejimi Aida xanımı
xanımlıqdan məhrum
edə bilməmişdi.
O, hər şeydən
əvvəl öz ailəsini, həyat yoldaşını çox
sevən gözəl qadın, qayğıkeş
bir ana idi. Aida xanım sevimli qızları Nərgiz və Mehriban xanımın
təlim-tərbiyəsi ilə
çox ciddi məşğul olardı.
Aida xanım elmi-inzibati işlərlə həddindən
çox yüklənməsinə
baxmayaraq, sevimli nəvələrini bir an unutmaz, onların qayğısını və
nazını çəkərdi.
Həmin İnstitutun direktoru işləyərkən
Aida xanım əməkdaşlarına
qayğı ilə yanaşaraq onların elmi biliklərinin aşkar edilməsinə yardım göstərirdi.
İstedadı, xeyirxahlığı, nəcibliyi, mərdliyi, sadəliyi, vətənə
sədaqəti, insanlara
sevgisi ilə hər zaman seçilirdi.
Aida xanımda Azərbaycan
qadınlarına xas olan ən nəcib
keyfiyyətlər təcəssüm
edirdi.
Azərbaycan Elmlər Akademiyasının
Şərqşünaslıq İnstitutunun nəşr etdirdiyi "Ərəb filologiyası məsələləri"
məcmuəsinin tərtibçisi
və redaktoru olmuşdur. "Yaxın Şərq xalqlarının
müasir ədəbiyyatında
tərəqqi və ictimai ədalət uğrunda mübarizə problemi", "Yaxın və Orta Şərqdə
milli-azadlıq hərəkatı
məsələləri", "Şərq filologiyası məsələləri", "Yaxın Şərq xalqları ədəbiyyatı
imperializmə qarşı
mübarizədə", "Xarici Şərqin problemləri: tarix və müasirlik",
"Şərq ədəbiyyatında
ənənə və
novatorluq" məqalələr
məcmuələrinin redaksiya
heyətinin üzvlərindən,
müəlliflərindən və redaktorlarından biri olmuşdur.
Aida xanım yalnız yaradıcılığı ilə
deyil, həm də təşkilatçılıq
bacarığı, rəhbərlik
fəaliyyəti ilə
öz həyatının
missiyasına - yaşadığı
mühit və rejim çərçivəsində
Azərbaycan milli özünüdərkinin
qorunub-saxlanılması, inkişafı
idealına sadiq qalıb. "Ərəb filologiyası" şöbəsinin
əməkdaşlarının tərcüməsində İraq yazıçılarının əsərlərindən ibarət
kiçik bir antologiyanın tərcüməsində
və çapında
da Aida xanımın gərgin
əməyini xüsusi
qeyd etmək lazımdır. "Ağ
günlərin sorağında"
adlanan həmin məcmuədə Aida xanımın
tərcüməsində İraq yazıçısı Mahmud əz-Zahirin
"Boğulmuş hıçqırıqlar"
adlı hekayəsi də öz əksini tapmışdır.
Professor Nərgiz Paşayevanın
qeyd etdiyi kimi: "Elə insanlar olur ki, onların ömrü qısa olsa da, qurtarsa da, həyatı davam edir. Biz onları görmürük,
səsini eşitmirik,
amma qəlbimiz onlarla danışır. Gözlərimiz onları görmür, amma onların siması, cizgiləri, surəti daim canımızda, qanımızda, ürəyimizdədir
və o surət bizi heç vaxt tərk etmir. Adətən, insan həyatdan köçdükdə yerdə
qalanlar onun gözlərini bağlayırlar.
Ancaq sirr ondadır ki, qalanların,
dirilərin gözünü
çox vaxt həyata həyatdan köçənlər açır.
O, sözün əsl
mənasında, nadir və
parlaq insan idi. Çünki onun zahiri gözəlliyi
müqabilində çox
zəngin daxili aləmi var idi. Həmin o zahiri gözəllik daxili gözəlliklə bir harmoniyada idi. Bu insan doğrudan da, mükəmməl əqidəyə,
möhkəm prinsiplərə
malik bir insan idi".
Aida xanım İmanquliyeva elmi işlərlə yanaşı, pedaqoji fəaliyyətlə də
məşğul idi.
O, Azərbaycan Dövlət
Universitetinin Şərqşünaslıq
fakültəsində ərəb
ədəbiyyatından dərs
deyirdi. Yüzlərlə,
minlərlə tələbələrin,
elm adamlarının, müəllimlərin,
sadə insanların ömürlərində yaşayan
ömrü əbədi
sönməyən işıq
ömrünə bənzəyir.
Aydın məntiqi, fitrətən xəlqiliyi,
həssaslığı, dəqiqliyi
və ən başlıcası, xeyirxahlığı
onu hamının gözündə ucaltmışdı.
Aida xanım yenilik duyğusuyla hər gələn sabahı gözləyən və tələbələrində də
bunu görmək arzusuyla yaşayan unikal bir insan,
cəsarətli elm, təhsil
fədaisi, Azərbaycan
elminin, təhsilinin, maarif və mədəniyyətinin əsl
cəfakeşi idi.
Azərbaycan Respublikasının Birinci
Vitse-Prezidenti, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyeva
Aida xanım haqqında
belə yazır:
"Aida xanımın bütün
elmi yaradıcılığı
Azərbaycan elminin, düşüncələrinin, fəlsəfəsinin islam
aləmində yayılmasına
nail olmuşdur. Bütün
bu sahələrdə
Aida xanımın elmi
irsi bu gün
də yaşayır və dövlətimizə
xidmət edir".
Gəlimli-gedimli, son ucu ölümlü
bu dünyada Aida xanım özündən
sonra çox gözəl, unudulmaz xatirələr qoymuşdur.
Elə insanlar var ki, bu dünyada qazandıqları hər şeyi son damlasınadək
vətənə, ana yurda,
insanlara qaytarırlar.
Görkəmli alim, ictimai
xadim, gözəl qadın və ana olan Aida İmanquliyeva belə alimlərdən, belə şəxsiyyətlərdəndir.
Günel MƏLİKLİ
Ədəbiyyat
qəzeti.- 2024.- 5 oktyabr, №38.- S.12.