"Dünya
səni qocaltdı, yaşıdın olsun deyə..."
Mirzə Fətəli Axundzadə ilə başlayan, suallar doğuran, cavabladıqda bir anlıq susan, amma dərhal da cavabların da suallara dönüşdüyü qovğa haqqında ən müxtəlif ədəbiyyatşünas, tənqidçi və yazıçılar söz demişlər. Ancaq və lakin Cəfər Cabbarlıdan tutmuş, bu günə qədər deyilənlər o dəhşətli mülahizənin - tənqidi fikrin yanından səssizcə keçmiş, əlac, bəzən sual yiyəsini "daşqalaq" etmək ifadəsinə sığınmış kimi görünüb. Semiotiklərdən tutmuş, ənənəvi tənqidçilərə qədər bu suala rəngbərəng cavabların içində zəiflərlə bərabər çox mükəmməl olanları da var. Məsələ bu deyil. Niyazi Mehdinin sözlərinə görə, Axundzadə ilə Şərq poeziyası - onun zövqünə və estetik platformasına uyğun olmayan ədəbiyyat arasında kəskin "işarə düşmənçiliyi mövcud idi". Bu mülahizəni ənənəvi (normal) ədəbiyyatşünaslıq dilinə çevirdikdə şərh genişlənir, necə deyərlər, "bütün dünyanı tutur", təqribən, belə: Axundzadə Füzulini ona görə qəbul etmirdi ki.... yeni tipli ədəbiyyat yaransın, əgər bu tezis, bu qatı inkar olmasaydı, Azərbaycanda sosial ədəbiyyat yerli-dibli olmayacaqdı. Bircə mülahizə də var: Axundovun başlatdığı tənqid prosesi tam olaraq incələnmədiyi üçün verilən bütün şərhlər birtərəfli görünür. Yəni, Axundzadə ilə ədəbiyyatdan "didərgin salınan" (guya...-!) Füzuli Mirzə Cəlil və xüsusən, Mirzə Ələkbər Sabirdə daha böyük ölçülərdə meydana çıxdı. Yəni, sonrakı proseslərdə Axundzadənin niyyətinin gizlin tərəfləri aşkara çıxır. Bu faktı, yəni milli ədəbiyyatın poetikası üçün cahanşümul prosesi nəzərə almayan alimlərə iki yol qalır: ya Axundzadənin fikrini təkzib etmək (hətta bu fikri və onun sahibini daşqalaq etmək), ya da barışdırıcı mövqe tutmaq...
Məhəmməd Füzuli poeziyası unikal bir hadisədir, son dərəcə orijinal və qəribəliklərlə doludur. Onun müasiri olan təzkirəçi Lətifi elə belə də yazırdı: "Nəvai tərzinə yaxın cazibəli bir tərzi və qəribə bir üslubu vardır..."
Bu sitatdakı "cazibəli tərz" və "qəribə üslub", bəlkə də o dövr təzkirəçilərin hər addımbaşı olmasa da, işlətdikləri normativ ifadələr olub. Ancaq bu misalda yerinə düşür. Həm də o dərəcədə yerinə düşür ki, şairin hər hansı bir qəzəlinin ayrı-ayrı zaman kəsimlərində fərqli mənalar doğurması, yəni oxucunun özünə görə, "onun qədər" görünməsi faktı heyrət doğurur. Biz fikrən, Füzulini Şərqin və Qərbin ən böyük şairləri ilə müqayisə edə bilərik və bura dünyanın modernist, müasir şairləri də daxildir. Tomas Eliotun da daxil olduğu o çəmbərdə kimsə Füzuli "qəribəliyindən" kənarda deyil; yəni dünyada elə şairlər var ki, onlar haqqında danışanda, Con Qolsuorsinin dediyi sayaq "böyük", "möhtəşəm" kimi duzsuz sözlərdən vaz keçib bütün varlığınla mənalar aləminə dalmaq istəyirsən. Füzuli mənaları ən müxtəlif kontekstlərdə icad edirdi, Füzulidə müasir, modernist poeziyanın kökü var: mətləb icad etmək. Rolan Bartın vaxtilə yazdığı bir fikir - "hekayəni şeir kimi, şeiri roman kimi oxumaq məsələsi" Füzulidə, onun türk divanında tam yerinə düşür. Bədii təzadlar üzərində qurulan dünya Əlişir Nəvaidə olduğu kimi möhtəşəm və bitib-tükənməyən, oxunduqca mənaları yeniləyən dünyadır. Hər iki şairdə orijinal gediş nədir? Fikrimizcə, bir qəzəli bir oxunuşda fəth elədiyini zənn edərsən, hansısa görünməz əl o mənaları silib aparar şüuraltına, sonrakı oxunuşlarda fərqli mənalarla tanışlıq şansı yaranar. Beləcə, sən yorulana qədər...
Hər şey, bütün məsələ həm də Nəvainin Nizamidən sonra cığatay türkcəsində "Xəmsə" yazması ilə başladı. İndi Nəvainin Füzuli yaradıcılığına təsirindən yazırlar və düz də edirlər, çünki Füzuliyə Nəvai qədər yaxın ikinci bir sənətkar tapmaq mümkünsüzdür, ancaq Füzuli istənilən təsiri öz xeyrinə çevirən, o mənbədən aldığı informasiyanı öz lisanına çevirməyin mükəmməl ustadı idi. "Mətləül-etiqad"da "izmlər", cərəyanlar haqqında yazdığına baxmayıb, onu sırf sufi, təsəvvüf şairi adlandıranlar bir an düşünsünlər. Füzuli o "izmlər"dən yuxarıda idi.
Bəzən yox, əksər hallarda kontekstin, əsas mənbələrin sərf-nəzər edilməsi bu şair və onun yaradıcılığı haqqında anormal fikirlərə yol açıb.
Başqa bir məsələ: Füzulinin şeirə, poeziyaya münasibəti, bunu dibaçələrdən oxumaq mümkündür. Ən ümdəsi, şeirin Füzuliyə münasibətidir ki, bunu hər kəs öz ölçüsündə qavraya bilər. Bütün dünya poeziyası kontekstində...
Cavanşir YUSİFLİ
Ədəbiyyat
qəzeti.- 2024.- 5 oktyabr, ¹38.- S.15.