Xalq artisti Əliabbas Qədirov:

Onların simasında Ərtoğrolu axtarırdı...” 

 

Xalq artisti Əliabbas Qədirovun Turan Cavid haqqında müsahibəsi

 

Oktyabr Cavidlər ayıdır. Hüseyn Cavid oktyabrın 24-də, Ərtoğrol 22-də, Turan Cavid 2-də dünyaya gəlib.

Ümummilli lider Heydər Əliyev Hüseyn Cavidin nəşini vətənə gətirəndə oktyabrın 26-ı idi.

Turan Cavid dünyasını dəyişəndə onun evinə ilk gələn Xalq artisti Əliabbas Qədirov oldu. Üstündən bir neçə ay keçəndən sonra Əliabbas müəllimə zəng vurub söhbətləşmək istədiyimi bildirdim. Yaş fərqimizə baxmayaraq ilk sözü bu oldu: "Hara gəlim?" "Özüm gələrəm", - dedim. Əliabbas Qədirovla  2005-ci il iyunun 26-da səhər Akademik Teatrdakı otağında görüşdük. Danışdıqlarını lentə aldım... Hər ikisini rəhmətlə anıb  Əliabbas Qədirovun 19 il əvvəl Turan Cavidlə bağlı danışdıqlarını "Ədəbiyyat qəzeti"nin oxucularına təqdim edirəm.

Turan xanımla bağlı çoxlarını danışdırıb xatirələrini lentə almışam. Bu da o söhbətlərdən biridir...

 

Azər TURAN

 

- Turan Cavidi vaxtdan tanıyırdınız?

- Turan xanımı 1965-ci ildən tanıyıram. Mənim müəllimim olmuşdu. İncəsənət İnstitutunda bizə teatr tarixindən dərs deyirdi. Turan xanım bizim ən sevimli müəllimimiz olub. Bütün tələbələr onu çox istəyirdi. Qrup rəhbərimiz Mehdi Məmmədov idi. On bir nəfər idik. Mən, Rasim Balayev, Mikayıl Mirzə, Tariyel Vəliyev, Vaqif Əsədov başqaları. Turan xanımı ilk gündən çox istədik. Bilirdik ki, o, böyük Hüseyn Cavidin qızıdır. Sonra onun öz böyük  əxlaqına, nəzakətinə  görə. Bəlkə başqa dərslərdə çox çılğın olurduq, şuluqluq edirdik. Amma Turan xanımın dərslərində özümüzü elə aparırdıq ki, Turan Cavid bizdən inciməsin. Çünki o, Cavid yadigarıdır. Turan xanım bizə həm ana, həm bacı oldu. Xoşu gəlməzdi onun qız xeylaqları özlərini yüngül aparanda. Çalışardı ki, millətimizə xas olan xüsusiyyətləri aşılasın qızlara. Oğlanlara münasibətində isə, sanki onların simasında Ərtoğrolu axtarırdı. Turan xanım İnstitutun qapısından girəndə biz özümüzü yığışdırırdıq.

- Bəs başqa tələbələr?

- Hamı... hamı... bütün İnstitut özünü yığışdırırdı. O bizə həm müəllim kimi, həm öz doğması kimi baxırdı. Mən ikinci kursda oxuyanda, "Azər"in üzərində işləyirdim. Üçüncü kursda Azəri Gənc Tamaşaçılar Teatrının səhnəsində oynadım. Yəqin bilirsən, o vaxt Hüseyn Cavid o qədər təbliğ olunmurdu. Cavid sirr kimi qalmışdı. Hardasa Caviddən bir parça hazırlanırdısa, ondan bir şeir oxunurdusa, yaxud onun haqqında bir söhbət gedərdisə, büruzə verməsə , üzündən oxunmasa da, Turan xanım bunu böyük bir razılıqla sezərdi, amma büruzə verməzdi. Biz onu hiss edərdik. Azəri oynayandan sonra o mənə bir kəlmə söz dedi.

- dedi?

- Dedi ki, Əliabbas, təbrik edirəm. Böyük Cavidin ruhuna layiq oynadın.

Tamaşanı Müxlis Cənizadə hazırlamışdı. Mehdi Məmmədov aktyor sənəti, Müxlis  Cənizadə səhnə danışığı müəllimimiz olub. Rəhmətliklərin hər ikisi Cavidi çox sevən adamlar idi. Mənim burada, Akademik Teatrda ilk rolum Cavid tamaşasında olub. Bir gün Mehdi müəllim: - Sən böyük Cavidin "Xəyyam"ında Yusifi oynayarsanmı? - deyə soruşdu. Təəccüb etdim: - Mehdi müəllim, siz zarafat edirsiz? - dedim. Cavab verdi ki, mən indiyə qədər səninlə zarafat etmişəmmi? Mehdi müəllim ağır adam idi. Hər adama açılmazdı. Sözsüz ki, Turan xanımın Mehdi Məmmədova böyük rəğbəti vardı. Çünki Mehdi müəllim "Xəyyam"a, "İblis"ə quruluş vermişdi. Turan xanım premyeralara gəlib baxardı. Rejissora, aktyorlara özünəməxsus tərzdə minnətdarlıq edərdi.

- Məsələn, necə?

- Çox danışmazdı. Çox qısa cümlələrlə öz minnətdarlığını bildirərdi. Amma onun iki kəlmə sözü içərisində bilirsənmi, vardı? Sanki demək istəyirdi ki, Cavidə olunan hörmətə görə mən ürəyimi verirəm sizə. Mən "İblis"də , "Xəyyam"da da oynadım. Düzdür, mən bilirdim ki, Caviddə böyük fəlsəfə var, onda xalqı bir millət kimi tanıtdırmaq hissi güclüdür. Bunu bilə-bilə bir dəfə Mehdi müəllimdən soruşdum ki, sizin Cavidə bu qədər  bağlılığınızın səbəbi nədir? Dedi ki, mən müəllimimin borcundan çıxmaq istəyirəm, onun ruhunu şad etmək istəyirəm. Allah Mehdi müəllimə qəni-qəni rəhmət etsin. Onsuz da, xalq Cavidi tanıyırdı, bilirdi. Amma Mehdi müəllim Cavidi yeni nəsillərə tanıtdırdı. Əgər o, heç bir şey etməsəydi belə, Cavid əsərlərini səhnəyə gətirdiyinə görə onu dahi adlandırmaq olardı. Mehdi müəllim Cavid əsərlərini səhnəyə gətirəndə maneələr vardı. Orda-burda danışırdılar, Cavidin dilinin qarasınca deyinirdilər. Biz isə cavan olsaydıq da, bilirdik ki, Cavid nəhəngdir. Müxlis Cənizadə isə Kazım Ziyanın tələbəsi olmuşdu. Ona da Cavid sevgisi Kazım Ziyadan keçmişdi. Bu insanların layiqli bir insana - Cavidə layiqli münasibətləri vardı.

- Turan xanım rəhmətə getdiyi gün onun evinə ilk gələnlərdən biri siz oldunuz. Qəribə bir hal vardı sizdə.

- Turan xanımın ölüm xəbərini alanda biz toydaydıq. Bunu eşidib çox pis oldum, titrətmə gəldi mənə. Yoldaşım məndən pis hala düşdü. Belə bir ifadə var: "Cənnət anaların ayaqları altındadır". Əslində cənnət hər ananın ayaqları altında ola bilməz. Cənnət Turan xanım kimi  qadınların ayaqları altında olar. Turan xanım adama əziyyət verən deyildi. Ondan biz həm həya, abır öyrənmişik. Onun insanlara pərdəli münasibəti vardı. Çox istəyirəm onu mən. Amma neyləyəsən ki, dünya belədir. Bir yandan dolur, bir yandan boşalır.

- Sonuncu dəfə vaxt görüşdünüz?

- Son görüşümüz "Afət" tamaşasında oldu. Xatırlayıram, həmin tamaşaya bir yerdə gəlmişdiniz. Məmnun qalmışdı. Tamaşanı da öz istədiyi rejissora verdik. Mehriban Ələkbərzadəni özü təklif etmişdi...

 

Təqdim etdi:

Azər Turan

 

Ədəbiyyat qəzeti.- 2024.- 5 oktyabr, ¹38.- S.14.