Antanas A.Yoninas

(Litva)

 

Tənha adamın şərabı

 

Unutdular sözləri, nitqi, görüş yerini,

o axşam çəkildilər sakitcə bir vadiyə:

birinin arxasına düşdü itin kölgəsi,

yavaşıyan küləkdi o birinin həmdəmi.

 

Enirdilər şimaldan üzü cənuba doğru,

sanki külək qovurdu xəzan yarpaqlarını.

Yalnız otlar belini düzəldib oğrun-oğrun,

xışıldayıb dururdu hiyləsiylə küləyin.

 

Nəvazişlə, qorxacaq gecə onları qucdu,

sonra ürəklənərək uddu, onları uddu,

bu ecazkar şərabdan aşiqtək meyxoş oldu.

 

Başlarını arxaya atıb mürgülədilər,

suçsuzdular, yuxuda gördülər göy üzünü,

bir dirilmədilər, bir dirilmədilər.

 

Bayquş kabus

 

Gecədə görünmür şəhərin sonu,

sınıq pəncərədə gözlər deyil ki...

Hardasa kiçicik damcılar kimi

işıq əks olunur indi şüşədə.

 

Hər bir həyət-baca zülmət doludu,

mən dalın-dalın çəkilirəm, bax:

şüşələr, pəncərə uzaqlaşdıqca,

cavablar yaxına gəlir bir azca.

 

Boş otaq səs-küylü, addımlar durmur,

təklik dalanında dolaşır kabus.

Bayquş uçub keçir, qanadlar səssiz,

nəfəsim diridi, dualar susqun.

 

Zülmətə qarışıb itə bilmirəm,

Kandardan tonqaltək o ardıc kolu

elə bil otağa hücum edəcək.

Növbəti saatın öpüşü ki var -

 

Duyuram dadını, qüssəylə, dərin.

Gözümü bağlayır, tutur, sanki son,

bir əl toz-torpağı soyuq mərmərin;

bu da elə bil ki, yeni Parfenon.

 

Qalıram, qalıram, qalıram yenə...

İsti qanadıyla gəzir alnımda...

Coşqun şəlaləsi birdən çağlayır

sükutda gizlənən dəli sözlərin.

 

Yuxuya bənzəyir bütün olanlar,

yuxuya bənzəyir, yuxuya, vallah.

Bayquşa zillənib bax, indi kabus,

qadına deyil ha, baxır bayquşa.

 

Tərcümə təqdim etdi:

Səlim Babullaoğlu

 

Ədəbiyyat qəzeti.- 2024.- 5 oktyabr, №38.- S.21.