Attila Balaş
(Macarıstan)
Şeir məni
yazır
Otaq qrotek vəziyyətdə donur,
qıc olan adamı görmüsüz,
ona oxşayır bu.
Nəfəsim getdikcə ağırlaşır,
şüurum təzədən işə
düşür,
mən onu təsadüfün
cənginə buraxıram.
Vəziyyət aydındı,
mənimçün
diriliyimdən başqa
heç
nə fərq eləmir.
Pəncərə
küçənin tutqun işığındakı
hərəkətsiz kilsənin boz qüllələrini göstərən
tozlu ekrana oxşayır.
Şeir
noutbuku açır,
ürəklə işə salır,
ekranda ağ səhifə görünənədək
barmaqlarını döyəcləyir masada.
Klavişlərə toxunur, düzəliş edir, pozur,
yenə
yazmağa girişir:
pulemyot atəşi...
Şeirin
başı üstündən
qırış-qırış mətnə baxıram,
məni
təsvir edir - anlayıram.
Şeir
məni yazır...
Çoxdandı yazmırdım,
hərçənd hər necəsə
klavişlərdəki hərflər
silinir...
Məktublar, ərizələr, hesablar,
bütün bu işlər məni müflis edir
hər gün
və hər gün şeir məni boş-boşuna gözləyir
sözləşdiyimiz həmin o oturacaqda.
Məyusluqla...
Kim bilir harda,
əynini
dəyişib
hansı
ürəyin döyüntülərini
dinləyir indi?!
İstisna deyil ki, nə vaxtsa
klavişlərdən bütün hərflər silinənədək
ədəbsiz hərfləri,
həyasız xəyalları
bütün ağ vərəq
boyu səpələyəcəm.
Daha yorulmayacaq gözlərim,
ecazkar obrazlara çevrilən
bütün bu şeyləri
görməyəcək.
İş yerindəki kətildən
qalxar,
gülümsəməyə məcbur edərdim özümü,
heç
kim də
dodaqlarımın küncündə gizlənən
kədərimi görməzdi...
Nə yaxşı olardı...
Amma yox,
hələ ki televizordan xəbərləri
izləyirəm -
şeir
məni yazanacan.
Tərcümə və təqdim etdi:
Səlim Babullaoğlu
Ədəbiyyat
qəzeti.- 2024.- 5 oktyabr, №38.- S.21.