Ömrün yolu - şeirdən
akademik çevrələrə
İsa
Həbibbəylinin doğum
gününə
Akademik
İsa Həbibbəylinin alim tərcümeyi-halı
bizim ədəbiyyatşünaslığın vahid tərcümeyi-halının
bir hissəsini özündə ehtiva edir, onun ayrı-ayrı
təmayül və mənzərəsini
görükdürür, əsərləri elmi-nəzəri
fikrin son əlli ildə keçdiyi təşəkkül və
inkişaf yolu haqqında aydın təsəvvür oyadır.
İsa Həbibbəyli
70-ci illər ədəbi nəslinin yetirməsidir. Məmməd
Cəfər Cəfərov məktəbinin ən yaxşı
dəyərlərini mənimsəyib ədəbi prosesə
yanaşmada prioritetə çevirən tədqiqatçı
alimdir. Məmməd Cəfər sevgisi İsa Həbibbəylinin
tərcümeyi-halından işıq kimi keçir. Amma
yalnız Məmməd Cəfəri deyil, ömründən
keçən bütün alimləri hörmətlə
xatırlayır, yad edir, yubileylərinə, anım günlərinə
ehtiramla yanaşır. Eyni sədaqət hissi ilə İsa Həbibbəyli
dövlətçiliyə, milli ideologiyaya etibarlı
insandır. Xüsusilə azərbaycançılıq
ideologiyası onun əsərlərinin başlıca istiqamətidir.
Son illərdə meydana qoyduğu ədəbiyyat
tarixçiliyi konsepsiyasının da yeni dövr
üçün əhəmiyyəti ilk növbədə,
onun azərbaycançılıq ideologiyasının prinsipləri
əsasında yazılmasıdır.
Məlumdur ki, 1990-cı illərdə, milli
müstəqilliyimizin bərpası ilə hər cür
ideoloji diktələrdən arınmış bir ədəbiyyatın
problemlərinin öyrənilməsi prosesləri
başlandı. Bu istiqamətdə vacib məsələlərdən
biri ədəbiyyatda azərbaycançılıq, milli
özünüdərk və vətənpərvərlik ideyalarının
təşəkkülü və inkişafı mərhələlərinin
öyrənilməsi idi. Akademik İsa Həbibbəyli XX əsrin
əvvəllərindən etibarən milli ədəbi-ictimai
fikirdə Azərbaycançılıq təliminin əsas yer
tutduğunu bildirərək yazırdı: "Azərbaycançılıq
- milli düşüncənin və Vətən
anlayışının bir yerdə qavranılması təlimi
kimi xalqın və ölkənin milli maraqlarının -
maarifçilikdən milli azadlıq ideyalarına, istiqlal
mübarizəsi düşüncəsinə, dövlət
müstəqilliyi şüuruna qədərki bütün
ideallarının ədəbiyyatın canında və
qanında olmasını qaçılmaz həyati tələbat
səviyyəsinə qaldıran ümummilli məfkurədir".
Məhz məfkurəvi qayəyə söykənməsi, milli
özünüdərk və vətənpərvərlik
ideyalarının parlaq təcəssümünü verməyi
əsas hədəfə çevirməsi XX əsrin əvvəllərinin
ədəbiyyatını həlledici mərhələ kimi təsnif
etməyə imkan verirdi.
İsa Həbibbəyli milli şüurun
yetkinləşməsi, xalqın etnogenezisinin dərki
üçün vacib olan bu amilin bir doktrina, konsepsiya kimi ədəbi-nəzəri
fikirdə qoyuluşunun vacibliyini təsbit edən alimdir. Onun
bütün yaradıcılığı bu ideologiyanın
prinsipləri əsasında qərar tutub. Bunların lap uca mərtəbəsində
isə təbii ki, Cəlil Məmmədquluzadəyə olan
sevgi dayanır. Böyük yazıçının əsərlərində
olan azərbaycançılıq xətti, milli şüur
İsa Həbibbəylinin də alim kimi yaradıcılıq
kredosunun əsasında dayanan başlıca amildir. Və bu iki
ziyalını, onların mexaniki deyil, ruhsal-mənəvi
birliyinin əsasında dayanan amilin ilkin adı da elə azərbaycançılıq
duyğusudur. İsa Həbibbəyli Cəlil Məmmədquluzadə
irsinin sistemə salınması, onun bütün nəsil
şəcərəsinin müəyyənliyinin aşkara
çıxması üçün ömür verən
insandır. Cəlilşünaslığın elm kimi
inkişafı İsa Həbibbəylinin adı ilə
bağlıdır.
İsa Həbibbəylinin bioqrafiyası,
bu bioqrafiyaya sığan kitablar ədəbiyyatımızı
sistemli görüb duymağa material verir, klassik ədəbiyyatdan
tutmuş çağdaş ədəbiyyatımızın ən
son dövrlərinə qədər keçilən yol
görünür bu yazılarda. Məsələ yalnız
araşdırma ilə bitmir əlbəttə, onların
yaddaşla mənəvi təmasda rolu inkar edilə bilməz.
Yaddaş, sənət və ədəbiyyat! Onun sənətə,
dövrə yanaşmasında bu amilin əhəmiyyətli
rolu var: "Böyük ədəbiyyatı tarixi ənənələr,
müasir Zaman və gələcək miqyasında qavramaq, dəyərləndirmək
və xalqa çatdırmaq Ədəbiyyatşünaslıq
elminin borcu və vəzifəsidir"; üstəlik İsa Həbibbəyli
bura şəxsiyyət amilinin önəmini əlavə edir:
"Yazıçı Zamanı düşündürən və
qabaqlayan böyük ideallar səviyyəsinə
çatdıqda ədəbi şəxsiyyətə
çevrilir".
İsa Həbibbəylinin nəzəri
düşüncələrinin hədəfində
milli ədəbi-bədii fikrin tarixi inkişafına xas
qanunauyğunluqlar dayanır. O, bu qanunauyğunluqların tədqiqinə
üç prizmadan nəzər yetirir: şəxsiyyət və
onun bədii inkişafda rolu, milli məfkurə və azərbaycançılıq
amili. Maraqlıdır ki, bu prinsiplər alimin ədəbiyyat
tarixinin öyrənilməsinin də qarşısında
dayanan struktur amillərdir: sivilizasiya amili, ədəbi-tarixi
proseslərin reallıqları, Azərbaycanda ədəbi cərəyanlar
və Azərbaycançılıq məfkurəsi.
İsa Həbibbəyli cərəyanlar
barədə milli ədəbiyyatşünaslıqdakı
mövcud buxovları, ironiya və inamsızlığı
aradan qaldıran, bu barədə geniş və qətiyyətli
danışmağa yol açan alimdir. Təsəvvür edin,
postmodernizm termininə hələ də qıcıqla
yanaşıldığı dövrdə İsa Həbibbəyli
ondan çağdaş ədəbiyyatın əsas ədəbi
cərəyanı kimi bəhs etdi. Ədəbiyyat
İnstititunda "izm"lərlə bağlı söhbəti
kuluarlardan tribuna səviyyəsinə qaldıran İsa Həbibbəyli
oldu. Yəni buyurun müzakirə edək, diletant praktikalardan
uzaq elmi, akademik refleksiya sərgiləyək. Hər il
keçirilən "İlin ədəbi yekunları"
elmi-yaradıcılıq müşavirəsi, Ədəbiyyat
İnstitutunda iki dəfə geniş formada təşkil olunmuş
"Ədəbi cərəyanlar: poetikası və
estetikası" mövzusunda elmi sessiya, İnstitutda fəaliyyət
göstərən "Ədəbi cərəyanlar"
sektoru dediklərimizə sübutdur. Eləcə də iki il əvvəl,
AYB-nin XIII qurultayında etdiyi məruzədə də
çıxışını cərəyanlar kontekstində
qurması...
Bütün dünyanı tərpətmiş,
yaradıcılıq firtınası
yaratmış Qərb nəzəri-estetik fikir istiqamətlərinin,
cərəyanlaşmanın bizdə də fundamental əsası,
yaxud ötəri də olsa izi, ştrixi varmı? Bu əlbəttə
ki, məsələnin bir tərəfidir. Digər məsələ,
çağdaş zamana onun öz parametrləri,
düşüncə paradiqması ilə yanaşıb dəyərləndirmək
zərurətidir ki, buna nail olmadan nə yeni yaranan ədəbiyyatı
tədqiq etmək mümkündür, nə də dünya mədəniyyəti
içində necə görünməyimizi bəlirləmək.
Əks halda yəqin ki, müstəqillik dövrünün ədəbiyyatını
analizin predmetinə çevirmək mümkün olmazdı.
İsa Həbibbəyli 1991-ci ildən başlayan müstəqillik
dövrü çoxmetodlu Azərbaycan ədəbiyyatını
tədqiq edərkən bu amilləri nəzərə alır,
məsələni vahid ədəbi informasiya məkanından
nə isə əxz etmək kimi deyil, həm də ora
özünəməxsus milli çaların
artırılması şəklində qoyur və bu parametrlər
əsasında çağdaş ədəbiyyat, mətn,
müəllif məsələlərini izah edir.
İsa Həbibbəyli ədəbiyyatşünaslıqla
ədəbi prosesin
yaxınlaşmasına, qaynayıb qarışmasına
çalışan ədəbiyyatşünaslardandır. Bu
da onun həm yeniliklərə açıq olmasından, həm
də ədəbiyyatı vahid, sistemli mexanizm kimi bütöv
görmək əzmindən doğur. Onun ideya müəllifliyi
və rəhbərliyi ilə "Müstəqillik
dövrü Azərbaycan ədəbiyyatı" ikicildliyinin
hazırlanması, Heydər Əliyevin 95 illiyi ilə
bağlı ərsəyə gətirilən ikicildlik
"Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi
gerçəklikdən ideala", 100 illiyi ilə bağlı
meydana qoyulan "Azərbaycan ədəbiyyatında Vətən
və dövlətçilik məfkurəsinin intibahı: Heydər
Əliyevdən İlham Əliyevə" kitabları,
müasiri olduğu şair və yazıçıların
yeni əsərlərinə mütəmadi diqqəti onun elmi
yaradıcılığının prioritet istiqamətlərindəndir.
Buna əsas verən digər amil isə düz on il sərasər
Ədəbiyyat İnstitutunda ilin ədəbi yekunlarına həsr
olunmuş elmi-yaradıcılıq müşavirəsinin
keçirilməsi, ardınca orada səslənən məruzələrin
toplu qismində nəşr olunması faktıdır.
Çapı çoxdan dayandırılmış "Azərbaycan
ədəbiyyatşünaslığı", "Ədəbi
əlaqələr", "Xəbərlər"
jurnallarının yenidən dirçəlişi, nəşrinə
start verilməsi, habelə nəzəri problemləri ehtiva edən
"Poetika-izm" məcmuəsinin ardıcıl
çapı xüsusilə elmi tədqiqatları ilə
bağlı ünvan arayan doktorantların təmənnasız
üz tuta biləcəyi toplulardır. Ard-arda keçirilən
mötəbər konfranslar və orda səsləndirilən məruzə
mətnlərinin yer aldığı kitablar, İnstitutda
anım günləri daim yad olunan ustad ədəbiyyatşünaslar
və onların seçmə əsərlərinin çap
olunub təkrar ədəbi dövriyyəyə gətirilməsi
də bu qayğı və diqqətin bariz nümunələridir.
Habelə elmi kontekstdə ilk dəfə "Fizika və
lirika", "Neft və ədəbiyyat"
mövzularının qabarması və müxtəlif
düşüncə yönünü daşıyan alimləri
bir araya cəm edib ədəbiyyata daha geniş spektrlərdən
nəzər yetirmək cəhdi... Dünyanın
seçilmiş türklərindən olan Olyas Süleymenovu
Ədəbiyyat İnstitutuna dəvət edib əməkdaşlara
bayram əhvalı yaşatdığı gün, yaxud Nobelli
yazar Voli Şoyinka ilə İnstitut zalında canlı
görüş təşkil edib dünyanı Azərbaycanın
bir küncünə sığdırmağı
bacardığı o möhtəşəm anlar, eyni kontekstdə
Çingiz Aytmatovla bağlı düzənlədiyi beynəlxalq
səviyyəli konfrans, dünyanın bir çox ölkələrindən
dəvət almış alimlərin məruzələrində
sərgilənən Aytmayov sevgisinə şahid olmaq, Beynəlxalq
ana dili ilə bağlı İsa müəllimin dəvət
etdiyi respublika məktəblilərinin ifasında səslənən
şeir parçalarını dinləmək, onların balaca
qəlblərindəki işığa, vətən
duyğusuna sarıldığımız o kövrək məqamlar
hər deyəndə ələ düşən
yaşantılar deyil. Bütün bunları İsa müəllimin
necə sevə-sevə, ürəkdolusu etdiyinin fərqində
olmuşam. Bu ilin iyun ayında Oğuz rayonunda keçirilən
"Mən böyüyürəm, İnsanlar"
kitabının təqdimatının təşəbbüskarı
da İsa müəllim olmuşdur. Kiçik bir kitabça, o
kitaba toplanmış 13 balaca uşağın
düşüncə dünyasının məhsulu olan mətnlərin
işığına sevinmək və onları diqqətsiz
qoymamaq həssaslığı! Elə "Uşaq ədəbiyyatı"
şöbəsini yaratmaq təşəbbüsünü irəli
sürmək və onu gerçəkləşdirmək həssaslığı
kimi.
İsa Həbibbəyli uşaq ədəbiyyatının inkişafında,
onun yeni epoxanın dəyərləri işığında dərk
olunmasında xüsusi rolu olan alimdir. Bizdə uşaq ədəbiyyatının
vəziyyəti akademik səviyyədə ardıcıl təhlil
və tədqiq obyektinə çevrilməmişdir. Ədəbi
tənqid belə kiçiklər üçün
yazılmış əsərləri bəzən sükutla
qarşılamışdır. Müxtəlif illərdə ədəbiyyatla
bağlı müxtəlif janrlarda məruzələr edərkən
uşaq ədəbiyyatının problemlərinə qısaca
toxunmuş, ötəri nəzər salmaqla kifayətlənmişdik.
İsa Həbibbəylinin təşəbbüsü ilə 28
yanvar 2015-ci ildə "Uşaq ədəbiyyatı: Ədəbi-tarixi
ənənələri və müasir problemləri"nə
həsr olunan müşavirənin keçirilməsi problemlərə
siqlətli nüfuz üçün mütərəqqi
addım oldu. Uzun illərin susqunluğundan sonra böyük
bir sahənin problemləri mötəbər tribunada
aktuallanırdı. Bu, uşaq ədəbiyyatının təbliği
və problemlərinin gündəmə gətirilməsi
istiqamətində dinamikliyin yaranmasına rəvac verdi. Tək
onu demək kifayətdir ki, artıq hər il keçirilən
"Ədəbi proses" elmi yaradıcılıq
müşavirəsində bu sahəyə dair silsilə məruzələr
dinlənir. Bu məruzələr uşaq ədəbiyyatının
inkişaf qanunauyğunluğu ilə bağlı müəyyən
fikir hasil etməyə, ümumiləşdirmələr
aparmağa imkan yaradır.
Prezident
İlham Əliyevin apardığı
siyasət nəticəsində aparıcı ölkələrdən
birinə çevrilmiş müstəqil Azərbaycanda yeni nəslin
yetişdirilməsi qarşıya qoyulan dövlət səviyyəli,
əsas problemlərdən biridir. Hansı ki, bu amilin zəruriliyini
Yeni Azərbaycan Partiyasının VII Qurultayında ölkə
başçısı İlham Əliyevin özü də
xüsusi olaraq vurğulamış, habelə bu yaxınlarda
gerçəkləşən VII çağırış
Milli Məclisin ilk iclasında əsas tələb olaraq irəli
sürmüşdür. Milli ruha sahib, sağlam əqidəli,
dürüst, dövlətinə və xalqına sədaqətli
nəsil yetişdirməyin vacib məram olduğunu nəzərə
çatdırmışdır. İsa müəllimin təşəbbüsü
ilə yaradılan Uşaq ədəbiyyatı şöbəsi
bu amilləri hədəfləmək, həmçinin işin
elmi müstəvidə öyrənilməsi üçün
inkişafına təkan vermək məqsədi
daşıyır. İsa Həbibbəyli uşaq ədəbiyyatının
keçdiyi yola da bu kontekstdən nəzər yetirir: məfkurəyə,
milli ruha, milli ideala xidmət. Yəni Azərbaycan uşaq ədəbiyyatında
azərbaycançılıq məfkurəsi. Bu ideologiyadan da
üstün bir dəyərdir.
***
Azərbaycan
Respublikasının Prezidenti, möhtərəm İlham
Əliyevin sərəncamı ilə Akademiyanın prezidenti
kimi təsdiq olunduğu zamandan etibarən İsa Həbibbəylinin
başladığı işlər elmdə, ədəbiyyatda
çıxdığı yolun davamı oldu. Akademik azərbaycançılıq,
ideoloji istiqamətlərdə məqsəd və məramlarını
daha geniş, daha diapazonlu müstəvilərə adlatdı.
Prezident İlham Əliyevin
çağırışlarına uyğun olaraq müxtəlif
elmi-tədqiqat institutlarında Qərbi Azərbaycanın
tarixi, folkloru, toponimikası, əlyazmalarının tədqiqi
ilə bağlı yeni şöbələr yaratdı. "Qərbi
Azərbaycan ensiklopediyası"nın
sözlüyünün hazırlanaraq təsdiq edilməsi,
müəlliflər heyətinin müəyyən olunması
yaddaşa, yurd yerlərimizə diqqət olmaqla yanaşı,
həm də məfkurəvi bazanın yaradılması
işində müstəsna addım sayılmalıdır.
İsa Həbibbəylinin akademiyaya
rəhbərliyindən sonra ilk dəfə
olaraq Azərbaycan Milli Elmlər Akademiyası Türkiyə
Cümhuriyyətinin Atatürk, Kültür, Dil və Tarix
Yüksək Qurumunun "Türk Dilinə Xidmət"
mükafatı ilə təltif edildi. Qeyd edək ki,
"Türk Dilinə Xidmət" mükafatı Azərbaycan
Milli Elmlər Akademiyasının müstəqillik illərində
təltif olunduğu ilk beynəlxalq mükafatdır.
Ümumiyyətlə, son illəri Akademiyanın beynəlxalq elmi əməkdaşlıqlarını
gücləndirməsinin ən mühüm mərhələsi
kimi səciyyələndirmək olar. Məsələn, ötən
ilin noyabrında AMEA-da "Nobel mükafatına aparan yolun dərsləri:
mif, reallıqlar, uğurlar və
çağırışlar" mövzusunda keçirilən
beynəlxalq elmi konfrans bu baxımdan əhəmiyyətli hadisə
sayılmalıdır. AMEA prezidenti, akademik İsa Həbibbəyli
Akademiyada elmi prioritetlərin müəyyənləşdirilməsinə
və Elmlər Akademiyasının beynəlxalq elmi əməkdaşlığının
gücləndirilməsinə verə biləcəyi töhfələri
nəzərə alaraq, dünya miqyasında
tanınmış elm xadimi, türk dünyasının elm sahəsində
ilk Nobel mükafatı laureatı, professor Aziz Sancarın
AMEA-nın fəxri üzvü seçilməsi ilə
bağlı təşəbbüs irəli sürdü və
səsvermənin nəticələrinə əsasən, Nobel
mükafatı laureatı Aziz Sancar AMEA-nın fəxri
üzvü seçildi. Yaxud Banqladeşdən olan və
hazırda Banqladeş Müvəqqəti Hökumətinə
rəhbərlik edən Nobel Sülh mükafatı laureatı
Məhəmməd Yunusla keçirilən görüş və
onun Alan Jolislə birlikdə hazırladığı
"Kasıbların bankiri" kitabının təqdimatı
da akademik çevrəmizin yaddaqalan hadisəsinə
çevrilməklə bərabər yeni elmi nəsli bəşəri
elmi dəyərlərin tədqiqinə doğru istiqamətləndirməyə
xidmət edir.
***
İsa Həbibbəylinin
alim, rəhbər kimi özəlliklərindən yaza-yaza hiss
edirəm ki, sanki nə isə tamamlanmır... Nədir o
tamamlanmayan məqam?!. Yollar şeirdən
başlamışdı axı... Poeziyaya, şeirə sevgisi gətirmişdi
onu elmə. İsa müəllimin şeirlərinin yer
aldığı X cilddə Arpaçayın şəkli
altında belə qeydlər yer alır: "İsa Həbibbəylinin
iki aurası var. Biri Qəndab xaladır ki, Allah onun
ömrünü daha çox uzun etsin. O biri aurası da
Arpaçaydır"...
Məncə, bura bir də onun şeir dünyasını əlavə
etmək olar. Ona görə yox ki, ədəbiyyata ilk
addımlarını şeirlə atıb. Həm də ona
görə ki, İsa müəllim indi də bu qədər gərgin
iş qrafikinin içində tapdığı ilk imkanda
ruhunun təlabatı kimi özünün "İtaka
adasına" qayıdır.
Kim bilir, bəlkə yollar deyil, elə ömür şeirdən
başlamışdır...
Elnarə AKİMOVA
Ədəbiyyat
qəzeti.- 2024.- 12 oktyabr, №39.- S.4-5.