İsa Həbibbəylinin nəzəri görüşləri
müasir elmi
strategiyalar, müstəqillik və dövlətçilik
kontekstində
Akademik İsa Həbibbəyli elmi yaradıcılığı,
ideya və
təşkilatçılığı
ilə Azərbaycanda müasir ədəbiyyatşünaslıq elminin,
eləcə də humanitar dünyagörüşünün formalaşıb inkişaf etdirilməsində müstəsna rola və funksiyaya malikdir. O,
Azərbaycan ədəbi-nəzəri
fikrini müstəqillik,
dövlətçilik ideyasına,
milli ideologiyaya, müasir
elmi strategiyalara əsaslanan nəzəriyyələrlə
irəliləməsinə elmi
yaradıcılıq və
idarəçiliklə xidmət
edir. Çevik münasibəti və həssas müşahidə,
təhlil istedadı, analiz-sintez bacarığı,
geniş elmi erudisiyası ilə problemlərin aktuallığını
müəyyənləşdirən
İsa Həbibbəyli həm
öz yaradıcılığında,
həm də mövzuların, istiqamətlərin
müəyyənləşməsində,
yeni tədqiqatların planlaşdırılmasında,
elmin təşkilində
hər zaman yenilikçidir
və ənənəyə,
milli maraqlara qarşı
həssasdır.
İsa Həbibbəyli poetika problemləri, ədəbi-tarixi
proses, ədəbi mühit,
ədəbiyyat tarixinin
dövrləşdirilməsi, ədəbiyyat və dövlətçilik münasibətlərində
ədəbiyyatın funksiyası,
ədəbi təsir kateqoriyasının üfüqlərinin
yenidən müəyyənləşdirilməsi
istiqamətində apardığı
tədqiqatlar və irəli sürdüyü
müddəalarla elmi fikrimizi xeyli zənginləşdirmişdir.
Müasir
dünyada ədəbiyyat
araşdırmalarında janr,
poetika, sənətkarlıq,
cərəyan identifikasiyası
ilə bərabər
milli, genetik identifikasiyaya
da xüsusi əhəmiyyət
verilməsi diqqəti
cəlb edir. Bu isə sivilizasiyalar və mədəniyyət
tarixi, inkişaf mərhələləri problemini
aktuallaşdırır. Maraqlıdır
ki, poetika, semiotika istiqamətində aparılan
tədqiqatlar belə çox vaxt mədəniyyət, milli kimlik,
etimoloji istiqamətdə
dəyərləndirilir və
ya onlara xidmət edir.
İlk məqalələrindən başlayaraq,
fərqli münasibət
və elmi nəticələr sərgiləyən
alim, hələ birinci
monoqrafiyasında üzərində
tədqiqat apardığı
mövzu ilə bağlı yeni tipli bir əsər meydana gətirərək özünün ədəbiyyatşünas
kimi gələcəkdə
görəcəyi işlərin
perspektivlərini canlandırır,
eyni zamanda ədəbiyyatşünaslığımızda
yeni perspektivlərə yol
açır. Yazıldığı
dövrdən elmi nailiyyətə və istinad qaynağına çevrilən bu əsərdə - "Romantik
lirikanın imkanları"nda
(Bakı, "Yazıçı"
1984) sistemli təhlil və təsnifat, fərqli baxış prizması ilə rastlaşırıq. Azərbaycan
romantizminin əsas istiqamətlərindən birini
təşkil edən romantik lirikanın mövzu dairəsi, ideya istiqaməti, lirik-poetik formaların inkişafı, məcazlar
sistemi, üslubla bağlı məsələlər
monoqrafiyada tədqiq edilib həll olunan problemlər sırasındadır. Həmin
monoqrafiyada ilk dəfə
olaraq romantiklərin
XX əsr Azərbaycan
poeziyasını hansı
forma və janrlarla zənginləşdirməsi, alınma
janrlarda milliləşmə
prosesinin gedişi xüsusiyyətləri, Qərb
və Şərq mənşəli janrların
sintezləşməsi, şəhər
mənzərələrinin təsviri və simvolikası, vətən,
peyzaj və siyasi lirikanın vəhdətdə təzahürü
kimi sonrakı tədqiqatlara yol açacaq, nüfuz edəcək mühüm elmi əhəmiyyətli müddəa və qənaətlərlə rastlaşırıq.
Müəllifin yeni nəzəri
baxışının ortaya
çıxardığı məqamlara diqqət yetirək; yeni romantik ədəbiyyatın məzmununda
aparıcı yeri olan vətən, hürriyyət, millət eşqindən, şairlərin
bu hissləri oyatmaq, tərbiyə etmək, şüurlara yerləşdirmək cəhdindən
bəhs edərkən,
istər-istəməz həm
maarifçiliyin, həm
də romantizmin yeni tipologiyasına ehtiyac olması qənaətini formalaşdırır; Şərq
romantikası və romantizmin vəhdəti, fərqliliklərini göstərərkən
də yeni axtarış
və sistemləşdirmələrə
yol açır; Qərbdən gələn
poetik formaların qazandığı milli və
fərdi keyfiyyətlərdən
söz açdıqda
milli zəminin unudulmadığını
faktlarla göstərir,
müşahidə etdiyi
elementlərin analiz və sintezini aparır, sistemləşdirir,
nisbi dominantlıq probleminə aydınlıq
gətirmək istiqamətində
yeni araşdırmaları stimullaşdırır.
Romantizm ədəbi cərəyanını klassik
Şərq romantikası
və Qərb romantizmi kontekstində tədqiq edən alim, cərəyanın fəlsəfəsi,
yaranma şəraiti, poetikası, ənənələri,
təmsilçilərinin üslub
fərdiliyi kimi məsələləri sistemləşdirib
problemə kompleks yanaşmanın uğurlu elmi nəticələrini əldə edir. İlk monoqrafiyasından sonra da ədəbi cərəyanlar
mövzusu İsa müəllimin
yaradıcılığında ardıcıllıq və
davamlılıq nümayiş
etdirir. O, Cəlil Məmmədquluzadə və
mollanəsrəddinçilərin yaradıcılığı əsasında
tənqidi realizmin Azərbaycan ədəbiyyatında
qazandığı incəlikləri,
özünəməxsusluqları araşdırıb sistemləşdirir,
sovet ədəbiyyatı
və sovet dövrü ədəbiyyatı
anlayışlarının müqayisəsində sosialist
realizmi və modernizm münasibətlərinə
aydınlıq gətirir,
müstəqillik dövrü
Azərbaycan ədəbiyyatının
çoxmetodlu xarakterini
müəyyənləşdirir, ədəbiyyatşünaslığımızda
ilk dəfə erkən
realizmin ədəbi cərəyan kimi mövcudluğunu əsaslandırır.
Ədəbi cərəyanları
birtərəfli, yalnız
normativ qəliblərlə
yox, sabitlik və dinamiklik, milli ənənə və mühit kontekstində araşdırmağın uğurlu
elmi nəticələrini
əldə edir.
İsa müəllimin ədəbiyyatın
nəzəri problemlərinə
həsr olunmuş məqalələrində də
son dərəcə maraqlı,
yaddaqalan, yeni araşdırma
və müzakirələrə
yol açan elmi müddəalarla rastlaşırıq. Bu baxımdan,
onun "Ədəbiyyatşünaslıq
elminin şöbələrinə
yenidən baxış"
və "Satira ədəbi növ kimi" məqalələri
işıq üzü
gördüyü andan
böyük marağa
səbəb oldu. Hər şeydən əvvəl bu məqalələrdə gündəmə
son dərəcə aktual
problemlər gətirilmişdi.
Bu, ədəbi-nəzəri fikrimizin müasir dünya ədəbiyyatşünaslığının
problemləri ilə inteqrasiya olunması baxımından da əhəmiyyətli
idi. Sistemlərin dağılmasına yönəlik
nəzəriyyələr ədəbiyyatşünaslıq
sahəsinə də nüfuz edib. Beynəlxalq aləmdə ədəbiyyatşünaslığın öz, əsas sahələri ilə onun əlaqədə olduğu elm və nəzəriyyə sahələri
arasındakı sərhədlərin
qaldırılıb təqdim
edildiyi görüşlərin
yayılmasının şahidi
oluruq. Çox vaxt kontekst şərtləri
ilə sahə və şöbə tipləri eyniləşdirilir.
Doğrudur, elmi inteqrasiyaların sürətləndiyi
bir dövrdə, sözsüz ki, ədəbiyyatşünaslıq
və ədəbiyyat
nəzəriyyəsi mühafizəkar
vəziyyətdə qala
bilməz. Ancaq kateqoriyaları bir-birinə
qarışdırmaq da elm və
nəzəriyyə deyil.
İstər-istəməz müasir
ədəbiyyatşünaslıq və ədəbiyyat nəzəriyyələri problemlərinə
münasibət zərurəti
yaranır. Azərbaycan
ədəbiyyatşünaslığında
həmin problemin həlli yönündə
də ilk addım
İsa Həbibbəyliyə aiddir. Alim ədəbiyyatşünaslığın
şöbələrinin yeni təsnifatını verdiyi
məqaləsində bu
elm sahəsindəki nəzəriyyə
və metodların inkişafını nəzərə
alaraq qəbul olunan ənənəvi bölgünün sisteminin
genişlənib zənginləşməsi
görüşünü müdafiə
edir.
Azərbaycan ədəbiyyatının qaynaqları və mərhələlərinin yenidən
dövrləşdirilməsi və nizamlanması. Hər bir xalqın
inkişafı yaxşı
yeniləşməyi bacaran
keçmişi ilə
bağlıdır. Qədim
sivilizasiyası olan xalq ənənələrini
yaşatmasa, dünya mədəniyyət meydanını
tərk etmək məcburiyyətində qala
bilər. Müasir dünya elmində, sanki kimin daha
qədim mədəniyyətə
və keçmişə
malik olmasını müəyyənləşdirmək
uğrunda mübarizə
gedir. Torpaqlar, maddi sərvətlərlə
bərabər, sivilizasiya
nailiyyətlərinə sahiblənmək,
mənimsəmək iddiaları
geniş hal alıb. Bir xalqın tarixində sivilizasiyanın
mövcudluğu, sonrakı
ənənələrdə yaşarılığı, genetik
gücü əsaslandıqca
irəli getmə, söz demə, müdriklik haqqı artır. İsa müəllim
ədəbiyyat tarixinin
dövrləşməsi konsepsiyasını
ədəbiyyatşünaslıqda ona qədər hakim olan marksist formasiyalar
qəlibindən çıxararaq,
sivilizasiyalar istiqamətində
dəyərləndirməklə ədəbiyyatşünaslıq elmimizin əsas mahiyyətini onun üstünə çökmüş
ağır yükdən,
ədəbiyyatın dəyərləndirilməsinə
səhvlərə doğru
yönləndirən ideoloji
qəliblərdən uzaqlaşdırdı.
Ədəbiyyat tarixinin
dövrləşdirilməsi ədəbiyyat tarixinin nəzəri problemidir. Daha doğrusu, nəzəri konsepsiyasız
ədəbiyyat tarixinin
dövrləşdirilməsi mümkün deyil. Müstəqillik dövründə
bu, ədəbiyyatşünaslığımızın
müəyyənləşdirilməli
"yol xəritəsi",
ədəbi-nəzəri fikrin
müstəqilləşmə tələbatı kimi ciddi aktuallıq qazanmışdı.
Ədəbiyyat tarixinin dövrləşdirilməsi
konkret yazıçının
yaradıcılığı, ayrıca bir mərhələnin xüsusiyyətləri
üzərində aparılan
sistemli araşdırma
prosesindən keçməyi
tələb edir.
İsa müəllim bu
yolu Cəlil Məmmədquluzadənin yaradıcılığı
və XX əsr Azərbaycan ədəbiyyatı
üzərində tədqiqatlar
ilə keçdi. Dahi yazıçının
dünyagörüşünün və yaradıcılığının
formalaşmasına təsir
edə bilən amillərin, yazıçının
özünün fəlsəfəsinin,
ideya və ideologiyasının, mühit
və yazıçı,
müasirlər arasında
qarşılıqlı əlaqələrin
kompleks proqramını
təqdim edən alim yenə də ədəbiyyat nəzəriyyəsi
üçün əhəmiyyətli
olan bir sıra prinsiplərin müəyyənləşməsinə nail olur. Bu tədqiqatla İsa
müəllim ədəbiyyat
tarixinin mirzəcəlilşünası,
nəzəriyyənin mühitşünası
(həm də ilk mühitşünas) kimi tanındı; ədəbi
mühitin tədqiqat modelini formalaşdırdı.
Ondan sonra Cəlil Məmmədquluzadədən
və ədəbi mühitdən yazan hər bir tədqiqatçı
araşdırmaya İsa Həbibbəyli
prinsiplərinin təyin
etdiyi trayektoriyadan başladı. "Cəlil
Məmmədquluzadənin mühiti
və müasirləri"
əsərinin mühüm
yeniliklərindən biri
də o idi ki, burada sovet ədəbiyyatşünaslığının
cəbhələşmədə, qarşıdurmada təqdim
etdiyi mollanəsrəddinçilər
və füyuzatçıların
milli mənafedə, maraqlarda
vahid platformada çıxış etdikləri
əsaslandırılırdı.
İsa Həbibbəyli ədəbiyyat
tarixindən yazarkən
də, dəqiqləşdirmələri
və ümumiləşdirmələri
ilə diqqəti cəlb edir. Onun bir neçə
dildə işıq üzü görüb, beynəlxalq miqyasda ədəbiyyatımızın təbliğinə xidmət
edən "XX əsrin
əvvəlləri Azərbaycan
ədəbiyyatı" əsərinin
annotasiyasında göstərilir
ki, "Kitabda XX əsrin
əvvəllərində yaşayıb-yaratmış
Azərbaycan yazıçı
və şairlərinin,
tənqidçi və
ədəbiyyatşünaslarının həyatı və yaradıcılığının əsas tarixləri, tərcümeyi-hal göstəriciləri,
yaradıcılıq yolu
öz əksini tapmışdır." Kitabla
tanışlıq isə
annotasiyada vəd olunanın daha artığı ilə bizi qarşılaşdırır;
müəllif yaradıcılıq
yolunun öyrənilməsinin
hansı şərtlər
daxilində mükəmməl
ola biləcəyinin layihəsini
təqdim edir. Yazıçı tərcümeyi-halını
bütün mühüm
faktları ilə təqdim edən İsa Həbibbəyli, eyni zamanda onların yaşadığı dövrün,
tarixin də "tərcümeyi-halı"nı unutmur, zəruri şərt kimi yazıçı və tarix tərcümeyi-halını,
bioqrafiyasını bir-biri
ilə əlaqədə,
vəhdətdə təqdim
edir. İstər romantiklər, istər mollanəsrəddinçilər, istərsə də XX əsrin başlanğıcının
fərqli ədəbi
cərəyanları haqda
yazarkən, onların
davam etdirdiyi ənənələri araşdırarkən
İsa müəllim dövrləşdirmə
konsepsiyasını irəli
sürmək və əsaslandırmaq üçün
son dərəcə ciddi
elmi tədqiqat yolu keçmiş,
fundamental baza qazanmışdı.
Azərbaycan ədəbiyyatının dövrləşdirilməsi uzun
illər marksizm-leninizm
nəzəriyyəsi, xüsusən
də, Plexanovun monist görüşləri əsasında
aparılırdı. Bu, ədəbiyyata
yanaşmada yalnız sinfilik prinsipini önə çəkməsinə
görə deyil, həm də Şərq, eləcə də türk xalqlarının mədəniyyətinin
"gerilikçi feodalizm"
məhsulu kimi dəyərləndirilməsinə yol açdığına
görə zərərli
idi. Akademik İsa Həbibbəylinin müəllifi
olduğu, sivilizasiyalar
amilinin əsas götürüldüyü yeni konsepsiya sovet ideologiyasının Azərbaycan,
geniş mənada, türk, şərq xalqları ədəbiyyatına
qüsurlu baxışında
əsaslı dönüş
yaratdı.
Türk
xalqları ədəbiyyatının
dövrləşdirilməsinin ilk konseptual modelini hazırlayan Mehmet Fuad Köprülü
və onun davamçıları - İsmayıl
Hikmət, Əmin
Abid, Əli Nazim, Bəkir
Çobanzadə və
b. dövrləşdirməyə aid baxışlarında türk ədəbiyyatlarının
ortaq proseslərini vahid sistemdə təqdim etməyə çalışıblar. Bu sistemin
əsasında M.F.Köprülünün müəyyənləşdirdiyi
ardıcıllıq dayanırdı:
"1. İslamiyyətdən əvvəl
türk ədəbiyyatı.
2. İslam
mədəniyyəti təsiri
altında türk ədəbiyyatı.
3. Avropa mədəniyyəti
təsiri altında türk ədəbiyyatı."
Bu üç dövr türk ədəbiyyatlarının
tarixi prosesini hər nə qədər əhatə etsə də, tamamlanmaya, genişlənməyə
və dəqiqləşməyə
ehtiyacı var idi. Belə ki, islamiyyətdən
əvvəlki dövrün
coğrafi əhatəsi
və qədim mənbələri tam əhatə
olunmamışdı; "Avesta"
kimi abidə nəzərə alınmamışdı.
2-ci mərhələnin adında
İslam mədəniyyəti, 3-cü mərhələdə isə
Avropa mədəniyyəti
amillərinin təsir
kimi vurğulanması
o dövr ədəbiyyatlarına
çoxtərəfli baxışın
sərhədlənməsinə, əvvəlki ənənələrin,
inanc və dünyagörüşü sistemlərinin,
yaddaş qatlarının
davamının yaşama
şəkillərinin aydınlaşdırılıb
üzə çıxarılmasına
maneələr yaradırdı.
Bu mənada, ədəbiyyatımız
üçün formasiyalar
nəzəriyyəsindən daha məqbul görünən M.F.Köprülü konsepsiyasının
da yenidən nəzərdən
keçirilməsi və
inkişafı aktuallıq
qazanmışdı. Keçən
əsrin 20-ci illərində
Azərbaycan ədəbiyyatı
tarixinin dəyərləndirilməsində
M.F.Köprülünün
bölgüsü əsas
model kimi qəbul edilirdi. Repressiya illərindən başlayaraq
bu yanaşma sistemi ədəbiyyat tarixçiliyindən uzaqlaşdırıldı.
Marksizm-leninizm dünyagörüşünə
uyğunlaşdırılan ədəbiyyat tarixinin mərhələləri ilə
insanlara həm sinfi mübarizə şüuru aşılanır,
həm də bütün vasitələrlə
hakim xalqın öncüllüyü
qabağa çəkilərək
şişirdilir, milli özünəməxsusluqlardan
daha çox, rus ədəbiyyatına bənzərliklərin, "inqilabçı
demokratik" baxışlara
uyğunluğun müəyyənləşdirilməsinə
üstünlük verilirdi.
Ədəbiyyat tarixinin dövrləşdirilməsində,
nəzəri baxışda
müstəqilliyin əldə
edilməsi üçün
marksist ədəbiyyatşünaslığın
monist qəliblərindən uzaqlaşmanın zəruriliyi
ideyası ilə çıxış edən
akademik İsa Həbibbəyli
"...çoxəsrlik Azərbaycan
ədəbiyyatı tarixini
dövrləşdirərkən sivilizasiya amili, ədəbi-tarixi proseslərin
reallıqları, Azərbaycanda
ədəbi cərəyanlar
və azərbaycançılıq
məfkurəsi kimi prinsiplər"in nəzərə
alınmasının vacibliyini
müəyyən edir.
İsa müəllimin yeni dövrləşdirmə
konsepsiyasına qədər
qədim dövr, orta əsrlər ədəbiyyatlarının zamanı,
məzmunu və mədəni-coğrafi məkanı
bu qədər geniş və zəngin parametrlərdə
müəyyənləşdirilməmiş,
XVII-XVIII əsrlərdə yaşanan dəyişmələr,
ictimai-real motivlərin
güclənməsi ümumi
bir proses kimi diqqəti cəlb etməmişdi. Bundan əlavə, sovet və postsovet, müstəqillik dövrü
ədəbiyyatlarının dinamika və tipologiyası da belə geniş aspektdə qavranılmamışdı. Azərbaycan
ədəbiyyatının qədim
dövrlərinə sivilizasiyaların
kəsişməsi işığında
nəzər salınması,
Orxon-Yenisey abidələrinin
ədəbi mətnlər
kimi dəyərləndirilməsinə
aid yeni müddəalar irəli
sürülməsi, Vətənimizin
ən qədim dövrdən türk mədəniyyətinin yaranması
və inkişafında
tutduğu strateji mövqeyə elmi aydınlıq gətirilməsi
son dərəcə əhəmiyyətli
məsələlərdəndir. Bu aspektdə Gəmiqaya-Qobustan
abidələrinin mətn-yazı
xüsusiyyətlərinin də
sistemə daxil edilməsi yanaşma kompleksində boşluqların
tamamlanmasına və
yeni tədqiqatlara yol açır. İsa müəllim
fakt və tədqiqatlardan çıxış
edərək yazır:
"Azərbaycanda bədii
təfəkkürün formalaşmasında
xalq ədəbiyyatı
ilə yanaşı, Gəmiqaya-Qobustan qayaüstü
rəsmlərinin də
özünəməxsus rol
oynadığını, iz
açdığını qeyd etmək lazımdır. Tədqiqatçılardan
Vəli Əliyev, Əbülfəz Hüseyni,
Vəli Baxşəliyev,
İsaq Cəfərquliyev,
Əbülfəz Quliyev,
Nəcəf Müseyibli
və başqaları
Gəmiqaya-Qobustan qayaüstü
rəsmlərində türk
yazı sisteminin izlərinin olmasını
dəfələrlə etiraf
etmişlər." Bu cür
əhatəli dəyərləndirmə
təkcə Azərbaycan
yox, eyni zamanda bütün türk xalqlarının qədim dövr mədəniyyətinə, ədəbiyyatına
daha geniş aspektdən yanaşmanın
yollarını açır.
İsa müəllim təqdim etdiyi konsepsiyada türk xalqları ədəbiyyatındakı uyğunluqları
və genetik-tipoloji paralelləri önə çəkir, mövcud bağları, əlaqələri
göstərməyə çalışır.
Həmin əlaqələrin
qədim tarixdən paralel müstəvidə inkişafını, XIX əsrin
sonu, XX əsrin başlanğıcı onilliklərində
bir daha fəallaşmasını, vahid
platforma formalaşdırma
cəhdlərini də
müəllif tədqiqatdan
kənarda qoymur; bunu "mədəni-maarifçi"
mühitin inkişafında,
XX əsrin ilk onilliklərində
ideologiyaların milli intibah
idealları ətrafında
vahid cəbhədə
birləşməsində də
nəzərə alır.
Azərbaycan ədəbiyyatını ümumtürk ədəbiyyatının
ayrılmaz tərkib hissəsi hesab edən akademik, eyni zamanda ortaq
türk ədəbiyyatının
dövrləşdirilməsi problemi üzərində də araşdırmalar aparıb, layihələr təqdim edir. Qazaxıstanın paytaxtı
Astana şəhərində Beynəlxalq Türk Akademiyasının təşkil
etdiyi Türk dünyası Ədəbiyyat
institutları direktorlarının
iclasında İsa müəllimin
"Türk xalqları
ədəbiyyatının dövrləşdirilməsi
konsepsiyası" mövzusunda
məruzəsi geniş
müzakirə olunmuş
və yüksək qiymətləndirilmişdir. "Geniş müzakirələrdən
sonra "Ortaq türk ədəbiyyatı"
dərsliyi üçün
ilkin layihədə təqdim olunan dövrləşmələrin təxmini
bölgüsü əvəzinə,
akademik İsa Həbibbəylinin
təklif etdiyi türk xalqlarının
min ildən çox dövrü əhatə edən ədəbiyyat tarixinin inkişaf yolunu əks etdirən 6 mərhələ
üzrə dövrləşdirilməsi
haqqındakı prinsiplər
məqbul hesab edilib." Ortaq türk ədəbiyyatının
dövrləşdirilməsi, eyni zamanda bu
ədəbiyyatın tarixinin
öyrənilməsinin metodoloji
əsaslarını və
ədəbi-tarixi prosesin
nəzəri prinsiplərini
təmin edir. Bu, hazırkı mərhələdə
son dərəcə aktual
olan türk birliyi ideyasının ədəbiyyatşünaslıq təminatıdır.
Xalqların qədim mədəniyyət
daşıyıcısı olması onların yazılı abidələri
ilə də əsaslandırılır. İsa müəllimin "Kitabi Dədə Qorqud"a həsr olunmuş tədqiqatları, xüsusən,
"Kitabi-Dədə Qorqud"
yazılı epos və
ya epopeya" monoqrafiyası türk xalqlarının oğuz qrupunun, Azərbaycanın yazılı ədəbiyyatının
qədim dünya mədəniyyətinə haqlı
iddialarının əsaslandırılması
baxımından mühüm
əhəmiyyətə malikdir.
Sovet dövrü tədqiqatlarında "Kitabi-Dədə
Qorqud" əsasən,
şifahi xalq ədəbiyyatı nümunəsinin
yazıya alınması
kimi dəyərləndirilirdi.
İsa Həbibbəyli "Dədə Qorqud"a yeni
elmi baxışın
aktuallığını vurğulayaraq
yazır: "Müstəqillik
dövrünün ümummilli
ideyaları və azərbaycançılıq idealları
Azərbaycan ədəbiyyatı
tarixinin ibtidası məsələsinə yenidən
baxmağı, bu zaman
hər hansı bir ideoloji prinsiplərdən
deyil, real ədəbi-tarixi
faktlardan və proseslərdən çıxış
etməklə milli ədəbiyyat
tarixinin şifahi və yazılı başlanğıcını elmi
şəkildə müəyyənləşdirməyi
tələb edir."
Alimin abidəni şifahi mədəniyyət
prinsipləri ilə yanaşı müəllifli,
çoxvariantlılıqdan kənar əsər kimi, yazılı ədəbiyyat kontekstində
qiymətləndirməsi və
irəli sürdüyü
arqumentləri əsaslandırması
təkcə əsərin
janrını müəyyənləşdirməyə
yox, həm də oğuz türklərinin qədim yazılı ədəbiyyat
ənənələrinin varlığının
sübutuna xidmət edir. Oğuz türklərinin yaşadığı
coğrafiya və ona aid mədəni-coğrafi
ərazilərə qonşularımızın
iddialarını nəzərə
aldıqda, bu tədqiqatların nə dərəcədə faydalı
və aktual olduğunu təsəvvürə
gətirə bilərik.
Akademik "Kitabi-Dədə
Qorqud"u təkcə
"yazılı ədəbiyyatın
inkişafına təkan
verən" abidə
kimi yox, həm də şifahi ənənələri,
qaynaqları özündə
qoruyub saxlayan yazılı, şifahi və yazılı sənəti sintezləşdirən,
möhtəşəm əsər-abidə
kimi qiymətləndirir.
Dünya epos nümunələri
və qədim yazılı dastanlar kontekstində "Kitabi-Dədə
Qorqud"u yüksək
qiymətləndirən İsa müəllim abidəyə
yazılı dastan, kitab, müəllifli
bədii əsər kimi yanaşmaqla, əslində Oğuz-Azərbaycan
sivilizasiyasının, yazılı
ədəbiyyat tarixinin
qədimliyi faktını
əsaslandırır. "Kitabi-Dədə Qorqud"un
yazılı ədəbiyyat
nümunəsi olması
əvvəllər də
irəli sürülmüşdü.
Lakin onun folklor və yazılı ədəbiyyat təhkiyəsi
kontekstində sistemli tədqiqi İsa müəllimə
məxsusdur. O, "Kitabi-Dədə
Qorqud"un təhkiyə
texnikasının yazılı
ədəbiyyat təhkiyəsinə
daha çox uyğun gəlməsini mətnlə əsaslandırır
və onu yazıya alınmış
şifahi xalq ədəbiyyatı nümunəsi
olması qənaətindən
uzaqlaşdırır.
Vaqif yaradıcılığına yeni baxış və erkən realizm nəzəriyyəsinin əhəmiyyəti.
Dövrləşdirmə konsepsiyasının
türk, ümumiyyətlə
Şərq xalqları
ədəbiyyatına tətbiqi
imkanlarını genişləndirən
bir amil də üzərində israrla durulan və əsaslandırılan erkən
realizm nəzəriyyəsidir.
Bu nəzəriyyə əsasında
orta əsrlər və yeni dövr ədəbiyyatları arasındakı
keçidin xarakteri təyin edilir. Dövrün ümumi mənzərəsində baş
verən dəyişmələrin
sistemləşdirilməsi dominant olan cəhətlərin
yeni bir hadisəyə
zəmin olmasını
əsaslandırır. Bu təyinat
son dərəcə mühüm
elmi-strateji məzmun daşıyır; ənənəvi
sivilizasiya yeninin gəlişi ilə ölüb sıradan çıxmır, onda öz iştirakını,
yaşamını təmin
edir, inteqrasiya yolu ilə inkişaf
edir. Belə olduqda, yeni dövr də artıq birqütblü şəkildə
Avropa təsiri kimi səciyyələnməkdən
uzaqlaşır, daha mürəkkəb, zəngin
və dinamik mahiyyətli olduğunu nümayiş etdirmək imkanları qazanır.
Erkən
realizmin bir mərhələ kimi mövcudluğunun sistemli təhlillə əsaslandırılması
klassik ədəbiyyatın,
divan poeziyasının yeni dövr
ədəbiyyatına irəlilədiyi
yolun milli özünəməxsusluğunu,
genetik kodlarını
izləməyə ciddi
faktlar verir və bu sahədə
elmi baxışları,
nəzəriyyələri stimullaşdırır.
Nəzəriyyənin əsaslılığı
həm də onun perspektivliyində özünü göstərir.
Bu, özünü İsa müəllimin
erkən realizm sahəsində apardığı
tədqiqatların sürətlə
ədəbiyyatşünaslığa nüfuzu və həmin sahədə yeni tədqiqatların üzə
çıxmasında göstərir.
Realizmin
milli və ya regional tipinin təyinində erkən realizm mərhələsinin müəyyənləşdirilməsi
strateji və elmi əhəmiyyətə
malik təyinat kimi qiymətləndirilə bilər.
Akademik İsa Həbibbəylinin
Azərbaycan ədəbiyyatı
tarixinin dövrləşdirilməsi
konsepsiyasında ilk dəfə
olaraq mühüm bir mərhələ kimi götürülən
erkən realizm elmi baxımdan perspektivlidir və tətbiq imkanları genişdir. Onun perspektivliyinin əsas istiqaməti bu mərhələnin əksər
Şərq, eləcə
də türk xalqlarının ədəbiyyatına
tətbiqolunma imkanında
üzə çıxır.
"...XVIII
əsrin realizmi təsviri realizm yox, realizmin ərəfəsinin, başlanğıc
dövrünün ovqatını
yaşayan və əks etdirən erkən realizm idi. Molla Pənah
Vaqifin realizmi Azərbaycan ədəbiyyatında
realizm ədəbi cərəyanının müqəddiməsidir."
Müddəa qəti və doğrudur, müəyyənləşdirilən strateji istiqamət uğurludur. İlk növbədə,
ona görə ki, özündən sonrakı
bütün ədəbi
cərəyanlarda təkcə
kənardan daxil olan ənənəni yox, milli qaynaqları da nəzərə almağın
yollarını açır
və zəruriliyini vurğulayır. Başqa bir tərəfdənsə
ədəbiyyatdankənar müstəvidə
də elmi yanaşmalara, fikir, düşüncə zənginliyinə
yol açır. Müstəqillik dövründə
Vaqifə, eləcə
də onun zirvəsində olduğu ədəbi mərhələyə
qayıdış, həmin
mərhələnin mahiyyətini
araşdırmaq, Qarabağa
qayıtmaq, mədəni-coğrafi
ərazilərimizin qorunmasına
elmin, ədəbiyyatşünaslığın
paralel gedişidir. Vaqif haqqında yazmaq, onun dövründə
ədəbiyyatın yeni zirvə
olduğunu əsaslandırmaq
həm ədəbi ənənədəki qırılmazlığa,
yeniləşmədə daxili
potensialın, enerjinin
gücünə, həm
də Qarabağ xanlığının Azərbaycan
mədəniyyət tarixinin
inkişafında oynadığı
rola diqqət yönəltməkdir. Azərbaycan
ədəbiyyatının ayrıca
və çox mühüm mərhələsinin
formalaşmasında Qarabağ
mühiti, Vaqif və onun adı
ilə bağlı ədəbi məktəbin,
eyni zamanda ədəbi cərəyanın
dəyərləndirilməsi, yerinin və funksiyasının müəyyənləşdirilməsi
ədəbiyyatla bərabər,
humanitar dünyagörüşü,
siyasi proseslər baxımından son dərəcə
aktualdır. "Molla
Pənah Vaqifin yaradıcılığı Azərbaycan
ədəbiyyatında Məhəmməd
Füzuli ilə Mirzə Fətəli Axundzadə arasında fərqli bir sənət zirvəsidir",
müddəasını irəli
sürən alim həmin
zirvənin bütün
parametrlərinə, yaranma
və formalaşmasında
iştirak edən tarix-mədəniyyət qatlarına,
mühitə, struktur komponentlərə, prosesin
gedişinə aydınlıq
gətirir.
İsa müəllim müasir ədəbi prosesi diqqət mərkəzində
saxlayır və elmlə ədəbiyyatın
əlaqəsinin möhkəmləndirilməsinə
xüsusi əhəmiyyət
verir. Onun təşəbbüsü ilə
ilin ədəbi yekunlarına aid keçirilən
müşavirələr, bu
müşavirələrdə gənclərin fəallığı
ədəbiyyatımızın, mədəniyyətimizin inkişafına
və gələcək
kadrların yetişməsinə
xidmət edir.
Müasir
dünyada elmlərarası
əlaqələrin, multidisiplinar
tədqiqatların artdığı
bir vaxtda İsa Həbibbəyli akademiyada
"Fizika və lirika" konfranslarının
keçirilməsini layihə
kimi irəli sürdü, onların uğurla yerinə yetirilməsinə rəhbərlik
etdi, humanitar və dəqiq, təbiət elmlərinin təmsilçilərinin, yaradıcı
şəxslərin fikir,
təcrübə bölüşdürmə,
nailiyyətlərini təqdimetmə
imkanlarını genişləndirdi.
İsa müəllim yeni ideyaları,
əsərləri ilə
bərabər, yeni kadrların
yetişməsindəki fəaliyyəti
ilə də ədəbiyyatşünaslığımızı
zənginləşdirir. Məşhur
bir fikir var: əsl alimin kitabları və tələbələri olar.
Naxçıvan Dövlət
Universitetinin qurucusu olub, oradan AMEA-ya gələn İsa Həbibbəyli Azərbaycan
üçün layiqli
kadrlar ordusu yetişdirib. Hal-hazırda
gənc alimlərin elmə cəlb edilməsi, onların elmdə dayanıqlılığının
artması üçün
bir vaxtlar çox qarşılaşdığımız
və əzab çəkdiyimiz süni maneələrin hamısını
aradan qaldırıb. Elmlə məşğul olmaq istəyən, yeniliklərə maraqlı
olan gənclərə
mümkün olan dəstəyini əsirgəmir.
Akademik
İsa Həbibbəylini, müəllimimi,
müasir Azərbaycan
ədəbiyyatşünaslığının
və elminin inkişafına yüksək
töhfələr verən
görkəmli alimi,
elm təşkilatçısını 75
illik yubileyi münasibətilə təbrik
edir və ona uğurlu, faydalı fəaliyyəti
ilə davam edəcək uzun ömür arzulayıram!
Tahirə MƏMMƏD
Ədəbiyyat qəzeti.- 2024.- 12 oktyabr, №39.-
S.6-7.