Uşaqlar üçün qeyri-səlis məntiq
Şübhə və "bəlkə"lərin
işığında
II
hissə
Dostların yeni dərs ilində ilk dəfə tanış olduqları fənnin adı "Qeyri-səlis məntiq" idi. Bu fənni onlara yenicə tanış olduqları Fəxrəddin müəllim tədris edəcəkdi. Özü dediyi kimi, o, hər şeydən əvvəl məntiq müəllimi idi. O həmişə - davranışda, yazı-pozuda, danışıq zamanı təmiz məntiqin tərəfdarı idi. Xaricdə keçirilən konfransların birində gənc Fəxrəddin Uğurlu "qeyri-səlis məntiq"in yaradıcısı, Azərbaycan əsilli amerikan alimi Lütfizadənin çıxışını dinləmişdi və bu çıxışdan sonra onun elmi həyatı öz istiqamətini kökündən dəyişmişdi. Sonra o, Amerikaya L. Zadənin yaşadığı şəhərə getmiş, onun çalışdığı Berkli Universitetinə doktorant olaraq qəbul olunmuş, Zadə ilə birbaşa əlaqə qurmuş, Zadənin onun yazdığı dissertasiya işinə elmi rəhbər olmasına nail olmuşdu. Daha sonra Fəxrəddin müəllim doktorluq dissertasiyası müdafiə etmiş və bütün dünyada artıq seyri-səlis məntiqin aparıcı mütəxəssislərindən birinə çevrilmişdi. Səlis məntiqin mütəxəssisindən qeyri-səlis məntiqin qızğın tərəfkeşinə dönmüşdü.
Böyük bir universitetdə çalışaraq, qeyri-səlis məntiqin və qeyri-səlis riyaziyyatın bilicisi kimi uğurlu tədqiqatlar aparan Fəxrəddin Uğurlunun düşüncəsinə görə insanların qeyri-səlis məntiqlə tanışlığı orta məktəbdən başlamalıdır. Yalnız belə olarsa, onlar bu elmin dərinliklərinə enərək onun sirlərinə daha sıx şəkildə yiyələnə bilərlər. Həm də azyaşlı uşaqlar klassik məntiqlə, onun qanunları və prinsipləri ilə tanışlığının fonunda qeyri-səlis məntiq elminin dərinliklərini daha optimal şəkildə və daha böyük uğurla mənimsəyərlər. Fəxrəddin Uğurlu belə düşünürdü. Elə bu fikir də onu orta məktəbə çəkib gətirmişdi.
Amma... yenə də amma! Bəli, amma ilk dərs onun gözlədiyi kimi keçməmişdi. Uşaqların gözündəki lal etiraz onların alışdıqları çərçivələri pozaraq yeni sferalara daxil olmaq həvəslərinin olmamasından xəbər verirdi. İkirəngli dünyadan çoxrəngli dünyanın seyrinə çıxmaq ideyasına gəlmək, uşaqları dünyanın yalnız iki rəngdən deyil, bu iki rəng arasında mövcud olan sonsuz sayda rənglərdən ibarət olduğuna inandırmaq o qədər də asan deyilmiş. Onun sehrli xalçasına oturub əsrarəngiz səyahətə çıxmaq istəyənlər bu sinifdə, deyəsən, yox idilər. Kim bilir, bəlkə bu arzu yavaş-yavaş onların beyinlərə girəcək və qəlblərinə hakim kəsiləcəkdi - kim bilir?! Ümid yalnız buna qalırdı.
Hələlik isə, Fəxrəddin müəllim ilk dərsdə uşaqları onların alışdıqları məntiqdən savayı, bu məntiqi, hətta öz içinə yığa biləcək başqa bir məntiqin - qeyri-səlis məntiqin də var olmasına inandırmaq istəmişdi. Asan olmayacaqdı, o bunu bilirdi. Bəlkə də uşaqlar dərsin bitdiyini bildirən zəng səsindən sonra qışqırışa-qışqırışa dəhlizlərə, ordan da məktəb bağçasına doluşan kimi, onu da, qeyri-səlis məntiqi də unudacaqdılar. Ola bilərdi. Fəxrəddin müəllim belə düşünüb acı-acı gülümsədi. Amma o bilmirdi ki, belə olmadı. O bilmirdi ki, qeyri-səlis məntiqlə ilk dəfə tanış olan bu uşaqlar dərsdən sonra məktəb bağçasında Fəxrəddin müəllimin onların qəlbinə səpdiyi şübhə toxumlarını hərəsi öz bildiyi kimi cücərtməklə məşğuldur. Bir-birilə mübahisə edə-edə yeni fənnin ağır və mürəkkəb yolu ilə irəliləməyə çalışırlar.
Dostların - Əhmədin, Hüseynin, Minanın, Zaurun öz aralarında razılaşdırdıqları qəribə eksperimentləri olurdu. Bir ay əvvəlki son eksperiment bu idi: kim kimi evdə saat neçədə xatırlayacaq?! İstəyirdilər bilsinlər ki, bu xatırlamalar eyni saatdamı baş verir, yoxsa, ayrı-ayrı vaxtlarda?! Onlar bir-birinin yadına nə zaman - özlərindən xəbərsizmi düşürlər, ya ki, bu yadasalmalar eyni vaxtda baş verir?! Mina Hüseyni xatırlayan zaman Hüseyn də Minanı xatırlayırmı?! Və yaxud Hüseyn və Əhməd bir-birini eyni vaxtdamı, yoxsa, ayrı-ayrı vaxtlarda xatırlayırlar?! Uzaqdan uzağı xatırlamaq hər hansı bilgi ilə, məsələn, xəbərgöndərmə ilə baş tutur, yoxsa, bu, bilgidən kənar, intuisiya vasitəsilə olur?!
Bu xatırlama əhvalatı bir aya yaxın davam etdi. Təəssüf ki, onların gözlədikləri alınmadı. Eyni vaxtda xatırlama baş vermədi. Beləliklə, özlərindən də xəbərsiz real bilgi xaricindəki kommunikasiyanın (intuisiyanın) mövcudluğuna dostlar inanmamaq məcburiyyətində qaldılar. İndi isə yeni eksperimentlər üçün tamamilə yeni meydan açılırdı. Bu, "şübhə" və "bəlkə"lərin meydana çıxması idi. Onlar meydana qasırğa kimi daxil olurdular. Eynən sevdikləri futbol dühaları Ronaldo və Messi kimi.
İki gün sonra dostlar məktəb bağçasında yenə bir yerdə idilər. Onlar uzun mübahisələrdən sonra belə qərara gəldilər ki, "şübhə" və "bəlkə"lərin işığında qətiyyətli addımlar atsınlar. Onlar artıq şübhələrin özü ilə gətirdiyi həqiqətlərə inanmağa başlamışdılar. Onlara artıq elə gəlirdi ki, belə olarsa, yəni, biri həqiqət, o biri yalan olan iki hökmün (halın) arasında onlar hökmən axtarıb üçüncü bir hal da tapa bilərlər. Hər bir ikili əks qütb arasında orta hal hökmən vardır! Hər halda qeyri-səlis məntiq və bu məntiqin yaradıcısı Zadə belə deyirdi. Məsələyə yalnız şübhə ilə yanaşmaq lazımdır. Şübhə qeyri-səlislik meydançasının əsas düyün nöqtəsidir. Əslində, şübhə qeyri-səlisliyi tanıma vasitəsidir.
- Aristotel məntiqinə hücum! - Hüseyn bir əlini yuxarı qaldırıb təntənəli şəkildə bəyan elədi. Və Fəxrəddin müəllimin artıq bugünkü dərs zamanı dediyini eyni hərəkət, səs tonu və intonasiya ilə təkrar eləmiş oldu.
- Şübhələrdən, bəlkələrdən ibarət hücüm! - Zaur onun dediyini tamamladı.
- Mənim atam həmişə "bəlkə" eşidəndə qayıdıb deyir ki, qızım, "bəlkə"ni əkiblər, bitməyib... - Mina ehtiyatla, yavaş səslə "bəlkə" məsələsinə münasibət bildirmək istədi.
- Ooo... Bəlkəni əkiblər, bitməyib. Nə qədər də gözəl deyib... - Uşaqlar xorla Minanın atasının dediyi sözlərə təəccüb dolu münasibət bildirdilər. Sonra sakitləşib yenə də əsas söhbətə qayıtdılar.
Hüseyn Əhmədə müraciətlə soruşdu:
- Sən nə zaman bizə öz şübhənin nədən ibarət olduğunu deyəcəksən? Biz də axı bunu bilmək istəyirik. O gün evə gedərkən sən bu barədə nə isə demək istədin, amma demədin.
- Demədi, demədi... Dostlar arasında sirr saxlamaq düzgün deyil. Sən bizdən nə gizlədirsən? - Zaur yarızarafat, yarıciddi şəkildə soruşdu.
- Düzgün deyil... - Mina da dəstədən geri qalmayıb onlara qoşuldu.
- Dostlar, deyəcəm. Gəlin, hər birimiz öz şübhə damarımızla mövzunun içinə girək. Mən "ya ölü - ya diri" qarşıdurmasına şübhə ilə yanaşacam.
- Yaxşı, o zaman hərəmiz bir qarşıdurma seçək. Fəxrəddin müəllimin ev tapşırığına ciddi yanaşaq. Hər birimiz bir əkslik götürək. Və bu əksliyin arasına üçüncünü daxil eləməyə çalışaq, - deyə Hüseyn təklif etdi. - Mənim əks qütbüm qoy "bişmiş-çiy" olsun.
- Mənimki "gözəl-kifir" olsun.
- Zaur dedi.
- Mənimki də olsun... - Mina heç cür özü üçün
əksqütblü quruluş
tapa bilmirdi. - Mənimki
də...
- Səninki də qoy olsun "isti-soyuq" əksliyi. - Hüseyn Minanın dadına çatdı.
- Yaxşı, qoy mənim əksliyim də olsun "isti-soyuq". - Mina bir qədər düşünüb
Hüseynə minnətdarlıqla
baxdı və razılaşdı.
Fəxrəddin müəllim onlara
belə bir tapşırıq vermişdi.
Hər bir şagird bir əkslik tapır. Məsələn, "yaxşı-pis,
səhər-axşam, yer-göy,
çiy-bişmiş, ölü-diri..."
Sonra o bu əks qütblərin arasına üçüncü halı
daxil edir. Ya da belə deyək: daxil etməyə çalışır.
Aristotel deyirdi ki, bu mümkün deyil. Qeyri-səlis məntiq deyir ki, mümkündür.
- Oldu. Sabah hər birimiz öz şübhəmizlə
bu iki əks
qütb arasına
"bəlkə"mizi əkək.
Bəlkə bitdi? - Əhmədin bu sözlərindən sonra hamı gülüşərək
Minaya baxdı.
Ertəsi
gün qeyri-səlis məntiq dərsi Fəxrəddin müəllimin
gözləntisindən daha
canlı keçdi. Dostlar bir-birinin ardınca "ya... ya" bağlayıcılarının
yaratdığı quruluşların
əks qütblərində
yer tutan halətlərin arasına
nə ondan, nə bundan olan semantik hallar
daxil edə bildilər. Bunun üçün
onlar bu günə qədər öyrəndikləri bütün
biliklərini işə
salmışdılar. Köməyə
ədəbiyyat, tarix,
mədəniyyətşünaslıq gəldi. Nəticədə,
şübhə damarı
qaynadı və əkilən bütün
"bəlkə"lər Minanın atasının dediyinin əksinə olaraq bitdi. Niyə
belə oldu?! Nə baş vermişdi?!
Sadəcə, uşaqlar Aristotel
prinsipinə uyğun olaraq "ya... ya" əvəzlik qrupunun relsindən çıxıb başqa
yola düşə bilmişdilər. Bu tamam başqa "nə... nə..." əvəzlik
qrupunun relsi idi. "Nə... nə..." ilə düşünərkən uşaqlar
başa düşdülər
ki, "nə... nə..."
öz arxasınca
"ya... ya..."dan fərqli olaraq "bəs nə?" sualını gətirə
bilir. "Ya...ya..."da isə belə davam yoxdur. "Nə axşamdır, nə səhərdir" cümləsinin
"bəs nədir?"
davamı vardır. Onun da cavabı "bəlkə günortadır"
halıdır. Fəxrəddin
müəllim deyirdi
ki, qeyri-səlis məntiq
iki qütbün arasına üçüncünü
daxil etməklə dünyadakı, ətraf mühitdəki vəziyyəti
daha hərtərəfli
və daha səlis ifadə etməyə cəhd edir.
Əhməd bu zaman əlini
qaldırıb Fəxrəddin
müəllimə belə
bir sual vermişdi:
- Fəxrəddin müəllim,
siz dediniz ki, Aristotelə görə iki əks qütbün
ortasına üçüncü
hal daxil edilə bilməz. Mən düzmü başa düşdüm?
- Bəli, elədir. Aristotel bunu üçüncünün istisnası
qanunu adlandırmışdı.
- Fəxrəddin müəllim
Əhmədə belə
cavab verdi.
- Sonra dediniz ki, üçüncünün
mövcudluğunu ortaya
qeyri-səlis məntiq
atır və beləliklə, bu məntiq vəziyyəti daha obyektiv, daha səlis şəkildə canlandırmağa
xidmət edir. Belədir?
- Bəli, belədir. - Fəxrəddin müəllim
ancaq indi, cavab verəndən sonra qəflətən anladı ki, Əhməd hansı "partlayışı"
hazırlayır. Amma artıq
gec idi. Əhməd tələsik
içində mina olan
sualını "partlatdı":
- Bəs o zaman bu məntiqin adı nə üçün qeyri-səlis məntiqdir? Niyə o daha səlis məntiq adlandırılmadı?
Sinifdə rəğbət dolu
uğultu gəzdi. Fəxrəddin müəllim
anlayırdı ki, bu sualın cavabı yavaş-yavaş addım-addım
qalxmalı olduqları
pilləkəni, təxminən,
əlli addım birdən irəli tullanıb keçib getməkdir. Buna baxmayaraq
o, Əhmədə və
Əhmədin sualını
rəğbətlə qarşılayan
digər uşaqlara səbirlə qeyri-səlisliyin
adı ilə məzmunu arasındakı
uyğunluqdan və
ilk baxışdakı uyğunsuzluqdan
söz açmağa
başladı.
(Ardı var)
Kamal Abdulla, Rafiq Əliyev
Ədəbiyyat qəzeti.- 2024.- 12 oktyabr, ¹39.- S.8.