Nizami Cəfərov - fikir
həyatımızda mərhələ yaradan alim
Nizami Cəfərov bütövlükdə türk, eləcə də Azərbaycan düşüncə tarixini (daha doğrusu, türk düşüncə tarixinin fəlsəfəsini), bu sahənin elmi metodologiyasını yaradaraq araşdırır. Onun "Azərbaycanşünaslığa giriş" kitabı bu istiqamətdə konseptual bir başlanğıc idi və Azərbaycanşünaslıq kimi bəlirlənən bu təfəkkür hadisəsini Azərbaycanda türk düşüncə tarixi də adlandırmaq olardı. Nizami Cəfərovun tədqiqatı Hilmi Ziya Ülkenin "Türk düşüncə tarixi"ndən xeyli dərəcədə fərqlənir. Hilmi Ziyaya görə, türk düşüncə tarixi Türkiyə Cümhuriyyətinin sərhədləri daxilində mövcuddursa, Nizami Cəfərov bu stereotipi dağıdıb, Türkiyə də daxil olmaqla, Azərbaycan və Türküstanın düşüncə tarixini də bu areala daxil etməklə türkologiyada yeni üfüqlərin açılmasına səbəb oldu. Onun Azərbaycan dilçiliyinə, filoloji zehniyyətinə gətirdiyi məfkurəçilik milli ideoloji aspektin müəyyənləşməsində həlledici amillərdən birinə çevrildi. Bu məqamda ümummilli lider Heydər Əliyevin 1995-ci ildə vurğuladığı bir məqamı xatırlatmaq istəyirəm. O, milli ideologiyanın yaranmasından danışarkən, ədəbiyyatçıların böyük xidmətini xatırladaraq, xüsusilə qeyd edirdi ki, "Bəlkə bu milli psixologiya, milli ideologiya indi böyük bir sistem şəklində deyil, yəni bir sənəd, bir kitab, bir proqram yoxdur. Amma bu olmalıdır". Və üstündən qısa müddət keçəndən sonra Heydər Əliyevin sərəncamı ilə Azərbaycanda ilk ideoloji türkçü təsisat - Atatürk Mərkəzi yaradıldı və Nizami Cəfərov da Heydər Əliyev tərəfindən həmin qurumun başçısı təyin olundu. Əslində Nizami Cəfərovun türkşünaslıq və Azərbaycanşünaslıq kontekstində yazdıqları həmin milli ideologiyanı sistemləşdirən qiymətli məxəzlərdir.
Azərbaycanda türkçülük tipoloji baxımdan Türkiyədəki türkçülük axımından əsaslı şəkildə fərqlənir. Nizami Cəfərovun türkçülük konsepsiyasında Atatürk də, Şah İsmayıl Xətai də eyni vüsətlə və biri digərini incitmədən, biri digərinin yerini daraltmadan iştirak edir.
Bəlkə də kimlərəsə primitiv görünəcək, olsun, amma mən bunu xüsusən qeyd etmək istəyirəm ki, Nizami Cəfərovda, tutaq ki, Türkiyə alimlərinin çoxunda olduğu kimi qızılbaş kompleksi yoxdur. O, sovet alimlərinin (sovet ideoloji yönlü alimlərin) ümumtürk dilinə vurduğu zərbənin, Azərbaycan dilini ortaq türk dili məkanından ayırmalarının qarşısına türkcənin diferensasiyası nəticəsində ortaq və ümumi kökdən ayrılıb, müstəqil dil kimi gəlişməyə başlamış Azərbaycan dilinin təşəkkül prosesinin tarixini çıxarmaqla elmi fikirdə aktivləşdirməklə ortaq türk dilçiliyində yeni düskurs yaratdı. Azərbaycan dilinin təşəkkül prosesini də həmin məcrada təhlil elədi.
Prosesin tarixi səfəvi-osmanlı münaqişələrinə, daha sonra, sovet hakimiyyətinin qurulduğu ilk illərə dayanır. 1920-ci illərdən etibarən, dil birliyi ideyasına yönələn türk respublikalarında tətbiq olunan rus-bolşevik siyasəti Azərbaycandan Türküstana qədər türklərin dil böhranına ürcah edilməsinin əsasını qoydu. Vahid türk dili bünövrəsinin dağıdılması, ardıyca da "Planlı dil çalışması"nda Zəki Vəlidi Toğanın dediyi kimi, "Böyük bir Avrasiya dili olmaq peşinə düşən rus dili qarşısında Rusiyaya tabe və ona qonşu Şərq millətlərinin dillərinə bunları "xalqlaşdırmaq" bəhanəsiylə ədəbi dillərin məhəlli danışıq dilləri əsasında "tadil"i, bu yolla bu qövmlər arasında dil və imla qərarsızlığı yaratmaq, bu dillərin "yaşama istedad və qüdrətini məhv etmək", eləcə də, yenə Zəki Vəlidinin "Xatirələr" əsərində xatırlatdığı kimi, sovet hakimiyyətinin ilk illərində kominternin iclasından dərhal sonra müsəlman ölkələrdə çalışacaq qeyri-türk kommunistlərə türk məmləkətlərində nə qədər ki, imla sabit deyil, türk ləhcələri arasında fərqliliyi qabartmaq və məzhəb ixtilaflarının daim qızışdırılması (göründüyü kimi, təkcə dil məsələsi deyil - A.T.) barədə məxfi təlimatlar ötürülməsi, bu yolla həm müsəlman türk aydınlarını parçalamaq, həm də onları tezliklə zərərsizləşdirməy"in mümkün olacağı barədə məkrli niyyətlərin qarşısına Azərbaycanda yalnız səksəninci illərin sonunda, xüsusən, 1990-cı illərin əvvəllərində çıxılırdı ki, Nizami Cəfərovun adı bu elmi müqaviməti yaradan alimlərin arasında ön sıralardaydı.
Nizami Cəfərovun 1980-ci illərin sonlarından etibarən yazmağa başladığı "Füzulidən Vaqifə qədər" silsilə yazılarında belə bir qənaət irəli sürüldü ki, Azərbaycan təfəkkürü nə qədər diferensial hadisə olsa da, müsəlman mədəniyyətinə özünün ümumtürk konteksti ilə çıxır. Burada bir məqamı da etiraf etməliyik: Nizami Cəfərovun həmin silsilə yazıları Azərbaycanda yeni nəslin milli müstəqilik şüuruna sahiblənməsində böyük iş görmüşdü və o yazıların dərc olunduğu "Ədəbiyyat və incəsənət qəzeti" həm də Nizami Cəfərovun həmin silsilə yazılarına görə oxunur və həmin darmacalda bu məqalələri intizarla gözləyən oxucu təbəqəsi formalaşırdı. Həmin məqalələrin yazıldığı illərdə xalq hərəkatından söhbət belə getmirdi və elmi arsenalda Mirəli Seyidovun türk düşüncə məxəzlərini hərəkətə gətirən "Mifik təfəkkürün qaynaqları" kitabından başqa hansısa kitab yox idi. Sonralar Azərbaycanşünaslığın elmi metodoloji kontekstini yaradan Nizami Cəfərovun bu sahədə gördüyü işlərin uğurlu başlanğıcı onun yuxarıda xatırlatdığım məqalələri hesab oluna bilər və təsadüfi deyildi ki, 1991-ci ildə kitab şəklində nəşr olunan həmin silsilə yazılara giriş Azərbaycan barədə tarixi-kulturoloji mülahizələr kimi təqdim olunurdu. Nizami Cəfərov 1980-ci illərin ortalarından etibarən, elmdə birmənalı şəkildə qəbul edilməsə də, inadla və israrla bəyan edirdi ki, III-V əsrlərdə ümumxalq Azərbaycan dili formalaşır - bu proses türk tayfa dillərinin (birinci növbədə, folklor dilinin) mərkəzləşməsi hesabına gedir. O zaman 30 yaşlarında olan Nizami Cəfərovun 1980-ci illərdə irəli sürdüyü bu mülahizələr Azərbaycan türkologiyasının yeni məzmuna adlaması kimi dərk olunurdu. Təbii ki, bu fikirlər, Zəki Vəlidi Toğanın səlcuqlu amilinin Azərbaycandakı mövcudluğuyla bağlı qənaətləri ilə üst-üstə düşür. Amma buna rəğmən, Nizami Cəfərov tarixi prosesi daha qədimlərə, ən azı, beş yüz il əvvələ aparırdı. Baxmayaraq ki, bu mülahizələr irəli sürülərkən hələ sovet rejimi süqut etməmişdi. Amma buna rəğmən, Nizami Cəfərovun alim mövqeyi sovet dilçiliyi kontekstinin əsaslarına kökündən zidd idi. Qeyd etdiyimiz dövrdə Nizami Cəfərov "XII əsrdə Nizami Gəncəvi ərəb, fars şairlərindən daha ardıcıl şəkildə antik mədəniyyəti müsəlman mədəniyyətinin tarixi mənbələrindən biri kimi təqdim edirdi" qənaətini irəli sürür və dərhal da yeni və gözlənilməz bir hipotez irəli sürürdü: "Bu, türk təfəkkürünün dünya təfəkkürü universallığına qalxmaq iddiasının (və istedadının) göstəricisi idi".
Nizami Cəfərov ədəbiyyatşünaslığa, daha doğrusu, ədəbiyyatşünaslıqda dövrləşdirmə konsepsiyasına də yön verdi. "Füzulidən Vaqifə qədər" silsilə yazılarında gənc alimin Füzuli dilini tezis, Vaqif dilini antitezis, Səməd Vurğun dilini sintez adlandırması da, onun gənclik maksimalizmi deyil, gənc Azərbaycan aliminin müdrik elmi qənaətiydi (bizdə, yəni milli ideologiyada bütün böyük hadisələr tezis, antitezis və sintez üçlüyünün vəhdəti nəticəsində meydana çıxır. Bayrağımız kimi). Üstündən illər keçəndən sonra Nizami Cəfərov fikirlərini bu şəkildə yekunlaşdırdı ki, "orta əsrlərə aid olan Füzulinin dilinə Azərbaycan dili deyəndə, müəyyən şərtiliyi nəzərə almalıyıq. Yəni, Füzulinin dili Vaqifin dili deyil axı. Vaqifin dili təmiz Azərbaycan dilidir. Füzulinin dili isə Azərbaycan dili kontekstinə tam keyfiyyətlə oturmur, çünki bu, hansısa bir ortaq dil mədəniyyətidir".
(Keçən həftə Füzuli barədə yazdığım "Bən türkzəbandan iltifat eyləmə kəm" yazımda cəsarət edib Füzuli dilini "Ortaq ədəbi osmanlı türkcəsi" adlandırmışdım).
O, hər zaman cəsarətli davrandı, filolojidə, tarixşünaslıqda Azərbaycanşünaslığın məhvərində cərəyan edən yeni filoloji aspektlər təklif etdi. Azərbaycan intibahının hüdudlarının müəyyənləşdirilməsində əsaslandırılımış elmi iddialar irəli sürdü.
Nizami Cəfərov heç vaxt emosional millətçilik etmədi.
Onun türkçülüyü
intellektual yöndəydi
və təkcə Azərbaycanda və Azərbaycan dilçiliyində
də deyil, Türkiyədə və türk dilçiliyinə
münasibətdə də,
Türküstanda da stabil,
səbirli elmi istinad yaradılmasına nail
oldu. Azərbaycanda Vaqif, Türkmənistanda Məhtimqulu, Türkiyədə
Əhməd Naimin dilini də, latın dilindən
imtina əsasında yaranmış latın mənşəli fransız,
italyan, ispan dillərini müqayisəli
təhlilə cəlb
elədi. Çünki
onun universal elmi zəkası buna tam imkan verir. O, öz yazılarıyla türkologiyanın
elmi əsaslarını
zənginləşdirməklə yanaşı, türkologiyanın
ideolojisinin də yaranmasına stimul verən alimlərdən biridir (bu baxımdan
təkcə Nizami Cəfərov deyil, dilçilik və ədəbiyyatşünaslıq məxrəcində yeni istiqamət
yaradan Aydın Məmmədovun, Kamal Abdullanın,
Kamil Vəli Nərimanoğlunun,
Firudin Ağasıoğlunun
da adlarını minnətdarlıqla
çəkməliyik. İndi söhbət
Nizami Cəfərovdan
getdiyinə görə,
əsasən onun yaradıcılığı üzərində
dayanıram).
Nizami Cəfərovun səfəvilərin
də, Türkiyədə
cümhuriyyət ideoloqlarının
da milli konsepsiyasına münasibəti
təkcə ədəbiyyatşünaslıqda
deyil, türk tarixşünaslığında da yeni mərhələ hesab oluna bilər. İslamda vahidlik, vəhdət anlayışının
parçalanmasını eyni
inancı və eyni dini bölüşən
iki türk qövmünün - səfəvilərlə
osmanlıların ziddiyyətləri
zəminində deyil, İslamın türk arealına yayıldığı
ilkin dönəmdə
türklərin əzəli
dini olan Tanrıçılığın türk ruhunun "periferiya"larına çəkilməsində
görür. Türk məkanında yaranmış
yeni türk qolları
əslində fərqli
təriqətlərin hesabına
ziddiyyətlərin nəticəsi
olaraq parçalanmağa
başlamışdılar. Yuxarıda xatırlatdığım
məqaləsində Zəki
Vəlidi də bunun xüsusi təlimatla həyata keçirildiyini qeyd edirdi.
Osmanlı-Səfəvi savaşlarına
qədər türkləri
vahid milli məcrada birləşdirən İslam dini
Çaldıran savaşı
dönəmindən etibarən
öz daxilində yaranmış ziddiyyətlərin
hesabına türkləri
bölməyə başlamışdı.
Əli bəy Hüseynzadə iki türk səltənətinin
- səfəvilər və
osmanlıların, daha
dəqiqi, Səlimlə
Xətainin simasında
təkcə türk aləminin deyil, daha geniş mənada, İslam aləminin
təqsim edildiyini, bölündüyünü qeyd
edirdi. Nizami Cəfərov isə bunu ümumislam kontekstindən deyil, ümumtürk kontekstindən
şərh edir.
O, ideoloji baxımdan türkçüdür, elmi
baxımdan türkoloqdur.
Tutaq ki Azərbaycan ədəbi dilinin təşəkkülünü də, Cümhuriyyət ideologiyasını da həm
türkçülük kontekstindən,
həm də türkoloji aspektdən şərh edir. Bu baxımdan o, hər iki istiqamətdə əyarı müəyyənləşdirən
böyük alimdir.
Atatürk
Mərkəzinin rəhbərinin
dilçi olması isə onun həm
də Atatürkçü
olmasına dəlalət
edir. Fikrimi aydınlaşdırmaq istəyirəm.
Ünlü Atatürk süfrələrində
Mustafa Kamal Paşanın dediyi
belə bir fikir var: "Biz balkanları
niçin kaybettik biliyormusunuz? Bunun tek sebebi vardır; bu da İslav araştırma cemiyetlerinin
kurduğu dil kurumlarıdır. Türk
Birliğinin bir gün hakikat olacağına inancım vardır. Ben görmesem
bile gözlerimi dünyaya
onun rüyaları içinde kapatacağım.
Türk Birliğine inanıyorum. Yarının
tarihi, yeni fasıllarını
Türk Birliği ile açacak, dünya sükununu bu fasıllar içinde bulacaktır..."
Nizami Cəfərovun yönəltdiyi Atatürk Mərkəzi
Türk dünyasını
bir-birinə bağlayan
körpülərin ən
etibarlılarından və
tanınmışlarındandır.
Nizami Cəfərovun türkçülüyü
Azərbaycan mərkəzlidir.
Azərbaycan mərkəzli
olsa da, o, türkçülüyü
daha geniş spektrdə təqdim və təhlil edir. Və təhlillərini
yalnız dilçilik
və ədəbi mətnlər əsasında
deyil, eyni zamanda tarix, coğrafiya, etnoqrafik bilgilərinin fonunda aparır. "Ərdəbil
şeyxləri"nin ideoloji
aspektini, dini rəhbərlik institutunu və səfəvi şeyxlərinin
mürşid nüfuzunu XV yüzilin sonlarında yeni təşəkkül
tapmaqda olan Azərbaycan dövlətçiliyinin
yaranmasında əsas
amillər kimi tədqiqata cəlb edir. Azərbaycançılığı
tədqiq edən alimlər, Nizami Cəfərova görə,
islamın ərəb
nüfuzundan deyil, məzmunca türkləşmiş
islama, başqa sözlə, təktanrılı
inancın hesabına türkləşmiş islama
istinad etməlidirlər.
Nizami Cəfərovun irəli sürdüyü
konsepsiya ilə yanaşanda türk müsəlmanların Qaraxanlı
kimliyi də, Əhməd Yəsəvi meyarları da, hələ
üstəlik, farsların
"Avesta" fəlsəfəsiylə
yeni şəkil verdikləri islam layihəsi də aydınlığa qovuşur...
Nizami Cəfərov fikir həyatımızda ayrıca
mərhələdir.
9 oktyabr 2024
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2024.- 12 oktyabr, №39.- S.10-11.