Turan çətiri altında
Görkəmli türkoloq alim Bəkir
Çobanzadə (1893-1937) ali təhsil üçün niyə
məhz Macarıstanı seçmişdi? Budapeşt
Universiteti Avropada türkologiya kafedrasına malik ilk universitet
(1870-ci ildən fəaliyyət göstərirdi) sayılsa da,
macar paytaxtı Rusiya imperiyasından çıxan gənclərin
təhsil məqsədi ilə üz tutduğu ənənəvi
ünvanlardan deyildi. Bəlkə də burada 1848-ci il macar
inqilabının "Avropanın jandarmı" kimi
tanınan rus çarı I Nikolayın göndərdiyi kazak
alaylarının əli ilə yatırılması öz mənhus
təsirini göstərmişdi? İstənilən halda, XIX əsrdə
Avropanın ən gözəl paytaxtlarından sayılan
Budapeşt Rusiya üçün yad və uzaq
görünürdü.
Fikrimizcə, Qalatasaray məzunu
Bəkir Çobanzadənin məhz
Budapeşti seçməsində İstanbulda tanış olub
yaxınlaşdığı macar ziyalısı Lipot Mosonyinin
təşviqləri önəmli rol oynamışdı.
Müasir macar alimlərindən Çorba Gyorgy və Fodor Qaborun
"Szazadok" ("Əsrlər") məcmuəsində
dərc etdirdikləri "Lipot Mosonyi: tarixi tədqiqlər və
Konstantinopolda macar mədəni siyasəti. 1914-1916"
adlı geniş araşdırmadan da göründüyü
kimi, Lipot Daqelmayer Mosonyi öz dövrünün kifayət qədər
yaxşı tanınan, geniş əlaqələrə malik
elm və din adamı idi. Birinci Dünya müharibəsi illərində
ilkin qaynaqlar, arxiv sənədləri əsasında
Macarıstan-Osmanlı münasibətlərini
araşdırmaq məqsədi ilə Avstriya-Macarıstan
hökuməti onu İstanbula göndərmişdi. Vəzifələri
sırasına macar katolik kilsəsini təmsil etmək və
İstanbulda yaşayan dindaşları ilə işləmək
də daxil idi. Fəaliyyətində elmi və mədəni
münasibətlər tarixinin araşdırılması, habelə
yeni əlaqələr qurulması da mühüm yer tuturdu.
Doğrudur, tanışlıqlarının başladığı 1915-ci ildə Qalatasaray
liseyinin sonuncu sinif şagirdi Bəkir Sidqinin macar dili ilə
bağlı təsəvvürləri yalnız ümumi
xarakter daşıyırdı. Amma Lipot Mosonyinin sayəsində
tezliklə macar ədəbiyyatı tarixi və görkəmli
nümayəndələrinin yaradıcılığı
haqqında nisbətən əhatəli bilik əldə
etmişdi. Bunu artıq Budapeştdə yazdığı
aşağıdakı sətirlərdən də görmək
mümkündür: "Bir gün o (Lipot Mosonyi - V.Q.) məşhur
şair Yanoş Araninin "Toldi" əsərinin birinci
bölümünü türkcəyə çevirib mənə
oxudu. Həm qafiyəsi, ifadə və anlatma gücü, həm
də müəllifin cəlbedici şəxsiyyəti diqqətimi
çəkdi. Macarları, Macarıstanı əvvəllər
də tanımağa can atmışdım. Amma deməliyəm
ki, yalnız möhtərəm macar dostum və tanış
olduğum diqqətəlayiq əsər keçmiş xəyallarımı
biçimli bir hala salıb məni yeni addımlar atmağa təşviq
etdi. Çox keçmədən niyyətim gerçəkləşdi"
Digər
önəmli amil isə
Birinci Dünya müharibəsi illərində hərbi
müttəfiqlik nəticəsində geniş vüsət
alan türk-macar dostluğu, türk gəncliyinin məqsədyönlü
şəkildə Macarıstanın ali məktəblərinə
cəlb olunması sayıla bilərdi.
Müharibə ərəfəsində Macarıstan türk gəncliyi
arasında etnik mənşəyi, dili və tarixi
baxımından daha çox tanınan və maraq doğuran
yeganə Avropa ölkəsi idi. Bu da, ilk növbədə, XIX
əsrin ikinci yarısından etibarən macar ziyalılarının
turançılıq ideya cərəyanına
böyük maraq göstərmələri, panturanizmi geniş
yaymaq istiqamətində apardıqları ardıcıl tədqiqat-təbliğat
fəaliyyəti ilə bağlı idi.
Budapeştdə yaşayan türk
tədqiqatçısı, "Macar
turançıları" kitabının müəllifi Tarik
Dəmirkanın da qeyd etdiyi kimi, "Belə bir məqam
xüsusi ilə maraqlıdır: həqiqətən də, XX
yüzillikdə Türkiyədə pantürkizm və türk
milliyyətçiliyinin öncülü kimi ortaya
çıxan və Türkiyə Cümhuriyyətinin təməl
siyasi xətlərindən birinə çevrilən
turançılıq ideologiya olaraq türk əsilli
dünyanın hüdudları xaricində yerləşən
bir ölkədə - Macarıstanda yaranmış və ilk dəfə
orada təşkilati formasını almışdı".
Meydana çıxdığı ilk vaxtlarda
Macarıstanda daha çox coğrafi məfhum kimi başa
düşülən Turan və turançılıq zaman keçdikcə
siyasi xarakter almağa başlamışdı. Slavyan və
german dünyası arasında sıxılıb qalan, panslavizm
və pangermanizmin get-gedə daha aqressiv xarakter
aldığını görən macar milliyyətçiləri
üzlərini Şərqə - Asiyaya çevirmək, əzici
ideoloji cərəyanların qarşısına panturanizmlə
çıxmaq qərarına gəlmişdilər.
Bütünlükdə isə kiçik Macarıstanda pərvəriş
tapan turançılıq düşüncəsi özlərini
ari irqin nümayəndəsi sayan panavropa ideoloqlarının
hegemonluq və dünya ağalığı niyyətindən
müdafiə xarakteri daşıyırdı.
1910-cu ildə tanınmış
macar coğrafiyaşünas alimi və
dövlət xadimi, Macarıstan EA-nın həqiqi
üzvü, müstəqil macar dövləti qurulandan sonra iki
dəfə xarici işlər naziri, iki dəfə isə
baş nazir vəzifələrində
çalışmış hersoq Pal Telekinin (1879-1941) rəhbərliyi
ilə Budapeştdə Turan Cəmiyyəti (Turani Tarsasag) təsis
edilmişdi. Bir sıra nüfuzlu ictimai xadimləri, elm və
mədəniyyət adamlarını sıralarında birləşdirən
Cəmiyyət qarşısına "Avropadan Asiyaya,
Devenyüdən Tokioya qədər Turanı aramaq", vahid
soy-kökə malik xalqların turançılıq zəminində
mədəni-mənəvi, gələcəkdə isə
iqtisadi-siyasi birliyini təmin edib möhkəmləndirmək vəzifəsini
qoymuşdu. 1913-cü ildən Cəmiyyət eyniadlı məcmuənin
nəşrinə başlamışdı. "Turan"
çoxsaylı çətinliklərlə üzləşməsinə
baxmayaraq, nəşrini müəyyən fasilələrlə
İkinci Dünya müharibəsinə qədər davam
etdirmişdi. 1996-cı ildən etibarən macar cəmiyyətində
turançılıq ideyalarının yenidən dirçəlməsi
nəticəsində jurnal öz nəşrini bərpa
etmişdi. Rübdə bir dəfə çıxan sələfindən
fərqli olaraq yenilənən "Turan"ın ildə
altı sayı nəşr olunur.
Ümumilikdə isə Avstriya-Macarıstan
imperiyasının süqutundan sonra
müstəqil dövlətçilik şəraitində
turançılıq ideyaları nisbətən geniş
vüsət almağa başlamışdı. 1920-ci ildə
ölkədəki doqquz turançı qurum birləşib
vahid təşkilat - Macarıstan Turan Federasiyası (Magyarorsag
Turani Szövetseg) yaratmışdı.
Turan düşüncəsini yaymaq
baxımından Türkiyəyə və
türk xalqlarına mühüm önəm verilirdi. Türk əsilli
ölkələr ən yaxın müttəfiqlər
sayılırdı. 1913-cü ildə hersoq Pal Telekinin rəhbərliyi
ilə üçnəfərlik macar Turan heyətinin
İstanbula səfəri iki imperiyanın fikir adamlarını
turançılıq zəminində
yaxınlaşdırmağa xidmət edən Türk-Macar
Dostluq Cəmiyyətinin qurulması ilə nəticələnmişdi.
Türkiyədə Turan ideyaları
məhdud dairədə də olsa, XIX əsrin
sonundan etibarən yayılmağa başlamışdı. Bu hərəkatın
öncülləri sırasında Əli bəy Hüseynzadə,
Yusif Akçura kimi Rusiya imperiyasından Türkiyəyə
köç etmiş, həm Qərbə, həm də Şərqə
dərindən bələd olan ziyalılar dayanırdılar.
Əli bəyin 1904-cü ildə Qahirədə,
"Türk" qəzetində çap etdirdiyi "Sizlərsiniz,
ey qövmi-macar bizlərə ixvan, Əcdadımızın
müştərəkən məskəni Turan"
misraları ilə başlayan proqram xarakterli məşhur
şeiri azərbaycanlı fikir adamının Macarıstanda
turançılıq zəminində gedən prosesləri diqqətlə
izlədiyini söyləməyə əsas verir. Aradan bir
neçə il keçəndən sonra türk-macar
turançılığının manifesti adlandırıla
biləcək bu kiçik, lakin son dərəcə məzmunlu
şeir orijinalda və məşhur macar türkoloqu, professor
Dyula Mesaroşun macarcaya poetik tərcüməsində
"Turan" məcmuəsində çap olunmuşdu.
1913-cü
ildə İstanbulda sonralar Mustafa Kamal Atatürkün mətbuat və
ictimai fikir cəbhəsindəki fəal silahdaşlarından
biri kimi tanınan türk qadın yazıçısı
Xalidə Ədib Adıvarın "Yeni Turan" romanı
çap olunmuşdu. "Yeni Turan, güzel ölke, Söyle,
sana yol nerede?" leytmotivinin zaman-zaman təkrarlandığı
əsər qısa müddətdə türk gəncliyinin ən
sevimli kitablarından birinə çevrilmişdi.
Türkçülük hərəkatının
ideoloqlarından Ziya
Göyalp soydaşlarına əski və qutsal yurdu nişan
verərək "Vatan ne Türkiye`dir Türklere, ne
Türküstan, Vatan büyük ve müebbet bir ülkedir -
Turan!" misraları ilə intəhasız coğrafiyada fikir
və düşüncələrə hakim kəsilən
"əbədi Turan"ın poetik obrazını
cızmışdı. Eyni dövrdə yaşamış
macar turançısı, şair Arpad Zemplenyi isə onun səsinə
səs verərək, "Turan birliyi" adlı
araşdırmasında yazmışdı: "Türk
xalqı bütün zamanlarda birləşdirici, təşkilatçı
qabiliyyətə malik olub. Türklərin
ən əski dövlətinin Turan olması mümkündür.
Bütün bu torpaqlar indi Türküstan - yəni bir türk yurdu
kimi anılır".
Amma Xalidə Ədibin də inadla cavab tapmağa çalışdığı gerçək Turana aparan yol harada
idi? Onu necə bulmaq, ona necə qovuşmaq
olardı? Təbii ki,
bənzər sual macar turançılarını
da düşündürürdü. Cavab isə Turan idealının başqa bir aşiqindən - azərbaycanlı
şair və filosof Hüseyn Caviddən gəlmişdi:
"Turana qılıncdan
daha kəskin, ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət,
mədəniyyət!"
Təbii
ki, bu həqiqəti Macarıstanda da dərk etmişdilər. 1910-cu ildə
qurulan Macar Turan Cəmiyyətinin başlıca məqsədi
"Asiya və bizə qohumluğu çatan Avropa xalqlarının elm, sənət
və iqtisadiyyatlarını
öyrənmək, onları
ölkənin daxilində
və xaricində tanıtmaq, inkişaf və tərəqqilərinə
yardımçı olmaq"
şəklində müəyyən
edilmişdi. "Turan"
məcmuəsinin ilk baş
redaktoru Alois Paikert
(1866-1948) nəşrin birinci
sayına yazdığı
Ön sözdə qarşıda duran vəzifələrdən danışarkən,
onları belə səciyyələndirmişdi: "Devenyidən Tokioya qədər Avropada və Asiyada keçmişdə və
gələcəkdə özümüz
və dünya üçün dostlar və müttəfiqlər
qazanaraq Turanı araşdırmaq və qazanmaq - budur bizim məqsədimiz. Bu məqsəd ətrafında
birləşək".
Turan birliyi zəminində əməkdaşlıq etmək
istəyən digər
ölkələrlə olduğu
kimi, Türkiyə ilə əlaqələrin
mərkəzində də
belə bir maarifçilik fəaliyyəti,
qarşılıqlı öyrənmə
və zənginləşmə
istəyi dayanırdı.
Macarlar, xüsusən
də, türkoloq alimlər yalnız Türkiyəni gəzib dolaşmaq, türk dili və mədəniyyətini
birtərəfli qaydada
tədqiq etməklə
kifayətlənmək istəmirdilər.
Onlar prosesin qarşılıqlı xarakter
almasında, ortaq vətənin və müştərək köklərin
birgə fəaliyyət
nəticəsində araşdırılmasında
maraqlı idilər. Avropanın ortasında yerləşən, eyni zamanda türk-Asiya köklərini unutmayan çağdaş, müasir
Macarıstanı isə
bu baxımdan birləşdirici bir mərkəz kimi görürdülər.
Turan Cəmiyyəti eyniadlı
nəşrin səhifələrində
Osmanlı türkcəsində
çap etdiyi bir çağırışda
üzünü bütün
türk-tatarlara tutaraq
yazırdı: "Osmanlı
övladları ebeveyni!
Evlatlarınızı təhsil
üçün Fransa,
Almaniyaya göndərəcək
yerdə Macarıstana
göndərdiyiniz surətdə
daha ziyadə isabət etmiş olursunuz! Təhsili-ulum və fünun üçün Macarıstanda
sizi qardaşlarınız
bəkləməkdədirlər". Vaxtı ilə "Osmanlı padşahını
öz hökmdarı kimi tanıyan Macarıstan" bütün
orta və ali məktəblərinin qapılarını türk
tələbələrin üzünə
açmağa hazır
olduğunu dönə-dönə
bildirmişdi.
İstanbul
turançılarının Budapeştdəki macar dostların yardımı ilə Birinci Dünya müharibəsi ərəfəsində qurduqları
Təhsili-Sənaye Cəmiyyəti
də, ilk növbədə,
bu məqsədə xidmət edirdi. Cəmiyyətin qarşıya
qoyduğu başlıca
hədəf türk gəncliyinin ölkənin
ehtiyac duyduğu ixtisaslar üzrə müasir tələblərə
cavab verən Qərb təhsili almaları məqsədi ilə mütəşəkkil
qaydada Macarıstana göndərilməsi idi.
Tezliklə bu sahədə
gələcək əməkdaşlıq
üçün meydan
açan ilk ciddi addımlar atılmışdı.
1916-cı ilin aprel-may
aylarında Osmanlı
imperiyasının müxtəlif
bölgələrindən gəlmiş
186 nəfər türk
tələbə artıq
Macarıstan paytaxtında
idi. Çox güman ki, məhz onların problemləri ilə yaxından maraqlanmaq, dilə yiyələnmə, ölkəyə
uyğunlaşma şərtlərini
asanlaşdırmaq məqsədi
ilə Budapeştdə
Şərq Mədəniyyət
Mərkəzi (bəzi
mənbələrdə Şərq
Maarif Heyəti də adlandırılır)
qurulmuşdu. Bir neçə
aylıq gərgin dil və ixtisas
kurslarından sonra həmin ilin sentyabrında türk gəncləri müxtəlif
ali məktəblərdə
təhsilə başlamışdılar.
Şərq Mədəniyyət
Mərkəzinin 1916-cı ilin
dekabrında bu münasibətlə düzəltdiyi
qəbulda Turan Cəmiyyətinin həmin
dövrdəki sədri
Dyula Pekar türk əsilli tələbələr qarşısında
çıxış edərək
demişdi: "Üç
il əvvəl turançılıq
fikri bir neçə nəfər həvəskarın və
təəssübkeşin xülyasından
başqa bir şey deyildi. Ümumi müharibə (Birinci Dünya müharibəsi - V.Q.) başlayandan
bəri, hətta müharibənin təsiri
ilə bu xəyal müəzzəm
bir həqiqət şəklində meydana çıxdı".
1916-1917-ci
tədris ilinin sonunda onların 160 nəfəri imtahanları
uğurla verib növbəti kursa keçmişdi. "Turan"
dərgisinin yazdığına
görə, həmin tələbələrin 56 nəfəri
sənaye, 78-i kənd
təsərrüfatı, 12-si ticarət sahəsində müxtəlif ixtisaslara yiyələnir, 14-ü isə
texniki universitetdə oxuyurdu.
1917-1918-ci
tədris ilində əvvəlki tələbələrin
5 nəfəri geri dönməmiş, amma əvəzinə macar universitetlərinə 27 nəfər
yeni türk tələbə
qəbul olunmuş, nəticədə buradakı
türklərin ümumi
sayı 184 nəfərə
çatmışdı.
Osmanlı və Avstriya-Macarıstan
imperiyalarının Birinci
Dünya müharibəsindən
məğlub durumda çıxmaları, siyasi
və iqtisadi xarakterli çətinliklər
Turan Cəmiyyətinin
başlatdığı işi
uğurla davam etdirməyə imkan vermədi. Bela Kunun rəhbərliyi ilə cəmisi bir neçə ay ömrü
olan Macarıstan Sovet Respublikasının qurulduğu 1919-cu ilin noyabrında ölkədəki
türk tələbələrin
sayı 133 nəfərə
enmişdi. Onların hamısı istisnasız olaraq qeyri-humanitar ixtisaslar - əsasən, sənaye, dağ-mədən
işləri, əkinçilik
və kənd təsərrüfatı, ticarət
və s. üzrə təhsil alır, yaxud staj keçirdilər.
Bəkir
Çobanzadə "Turan"
məcmuəsi ilə
sıx əlaqə saxlayıb dərginin səhifələrində Krım
tatarlarının tarix
və mədəniyyəti
ilə bağlı yazılar dərc etdirsə də, Turan və Təhsili-Sənaye
Cəmiyyətlərinin xətti
ilə Macarıstanda təhsil alan tələbələr arasında
adına heç yerdə təsadüf olunmur. Bu da onun ölkəyə fərdi qaydada gəldiyini, lakin Şərq Mədəniyyət Mərkəzinin
müəyyən himayəsindən,
eləcə də digər türk tələbələrin faydalandıqları
imtiyazlardan istifadə
etdiyini düşünməyə
əsas verir. Eyni zamanda elə
təəssürat yaranır
ki, sanki o, Macarıstanda
dövrünə görə
kifayət qədər
çoxsaylı türk
tələbə gəncliyinin
mövcudluğundan, gündəlik
həyatından ümumən
xəbərsiz qalmışdı.
Təbii ki, bu inandırıcı sayıla
bilməz. Budapeştdəki
Osmanlı konsulu Enis Behic bəylə
yaxın dost olmaları,
hətta şeirlərindən
birini konsula ithaf etməsi də onun türk
icmasının fəaliyyətindən
uzaqlığını, yaxud
xəbərsizliyini düşünməyə
əsas vermir.
Turan Cəmiyyəti üzləşdiyi
bütün maddi və təşkilati çətinliklərə baxmayaraq
fəaliyyətini daha
da genişləndirmək, yaxın
perspektivdə yalnız
Anadolu deyil, türk-müsəlmanların
yaşadıqları digər
ölkələrdən də
Macarıstana tələbələr
gətirməklə bağlı
planlar qururdu. "Turan" məcmuəsi
1918-ci il saylarının birində
həmin fəaliyyət
barədə anons verərək yazmışdı:
"Bolqar və Arnavut Müsəlman gənclərinə yönəlik
maarif çalışmalarının
ardınca indi də Tatar (Volqaboyu tatarları - V.Q.) gəncləri
ilə bağlı işlərimiz başlayacaq".
Bəzi arxiv mənbələri deyilənlərin
sadəcə, boş vəd olmadığını,
sözdən işə
keçildiyi, Anadolunun
ardınca Krım və Kazandan da türk gənclərinin Budapeştə yol aldıqlarını aşkara
çıxarır. Hətta
krımlı gənclərin
macar paytaxtına gəlişini Bəkir Çobanzadənin əlaqələndirməsi
ilə bağlı faktlar da mövcuddur.
Belə
ab-havada Bəkir Sidqinin özünün də Budapeştə can atması təbii və anlaşıqlı görünür. Başqa
bir amilin də rolu ola bilərdi. Bəlli tarixi-siyasi səbəblər
üzündən hələ
erkən orta əsrlərdən başlamış
Krım tatarlarının
Avropa ilə əlaqələrinin, Qərbə
maraq və bağlılıqlarının digər türk xalqları ilə müqayisədə, daha güclü, intensiv olduğu inkaredilməz faktdır. Bu da Polşa, Rumıniya, Litva, Belarus kimi ölkələrdə
yaşayan müsəlman
tatar əhalinin mənşə etibarı
ilə əsasən, tarixi Krım yarımadasından çıxması
ilə bağlı idi. Macarıstanda soydaşları yaşamasa
da, bu ölkə də soy-kök zəminində bağlılığa
görə onların
diqqətindən kənarda
qalmamışdı.
Məsələn, "Tərcüman"ın
1908-ci il 42, 44, 49, 51, 65, 67-ci saylarında İsmayıl bəy Qaspıralının "Molla
Əhməd Fransəviyə
təsadüf" adlı
yazısı çap
olunmuşdu. Yol qeydləri şəklində
qələmə alınan
və "Firəngistan
səyahəti" trilogiyasının
sonuncu hissəsi kimi düşünülən
bu əsərdə müəllifin Macarıstana
səyahətindən söz
açılırdı (Həmin
əsər mənim Azərbaycan türkcəsinə
çevirimdə "İsmayıl
Qaspıralı. Firəngistan
məktubları" kitabında
(Bakı, "Qanun",
2015, s.277-298 ) da yer almışdır).
Budapeştin tarixi Buda
hissəsində yerləşən,
müsəlman və xristian əhali üçün eyni dərəcədə müqəddəs
sayılan Gül Baba türbəsini
ziyarət, Türkiyədə
Rəşid Əfəndi
kimi tanınan məşhur türkoloq
Armin Vamberi ilə görüş, Şərqin
və türk dünyasının problemləri
ətrafında müzakirələr
təəssüf ki, sona
çatdırılmamış yol qeydlərində öz əksini tapmışdı.
Digər
tərəfdən, İ.Qaspıralının
Şərq-Qərb müqayisəsini
etnogenez, tarix və mədəniyyəti
ilə iki əks qütbünə bağlı olan Macarıstanın timsalında
aparması maraqlıdır.
Əlbəttə, biz Bəkir
Sidqinin məhz bu əsərin təsiri, yaxud fəaliyyət və şəxsiyyətinə böyük
hörmətlə yanaşdığı
Qaspıralının təlqinləri
ilə Budapeştə
üz tutması qənaətində deyilik.
Lakin XX əsrin əvvəllərində
Qaspıralı ideyalarının
və "Tərcüman"ın
Krımın türk gəncliyinə böyük
təsiri də istisna olunmamalıdır.
Nəhayət, onu da qeyd edək ki, Bəkir Sidqi Çobanzadə humanitar təhsil məqsədi ilə Macarıstana üz tutan yeganə türk əsilli tələbə deyildi. Bəzi tədqiqatlarda iddia olunduğu kimi, Bəkir Sidqi Çobanzadə Eötvöş kollegiumu və Budapeşt Universitetinin ilk türk əsilli tələbəsi
də sayıla bilməz. Birincilik çələngi 1911-1914-cü illərdə riyaziyyat ixtisası üzrə təhsil alan Ata Refikə məxsus idi. İki Dünya
müharibəsi arasındakı
dövrdə isə Şərif Baştav (tarix, bizansşünaslıq),
Fuad Atalay (iqtisadiyyat),
Rəqib Hülusi Özdəm (dilçilik),
Hüseyn Namiq Orhun (dilçilik), Hasan Eren (dilçilik, macar ədəbiyyatı),
Həmid Zübeyir Koşay (tarixçi, muzeyşünas), İbrahim Kafesoğlu
(tarixçi) və b.
bu ali məktəbdən
məzun olmuşdular.
Onlardan professor Şerif
Baştav (1913-2010), Macarıstan
EA həqiqi üzvü,
linqvist və etimoloq Hasan Eren (1919-2007), tarixçi İbrahim Kafesoğlu
(1914-1984) türk-macar elmi-ədəbi
əlaqələrinin inkişafında
mühüm rol oynamışdılar. Bu görkəmli
elm adamlarının hamısı
ilk cığır açanlardan
biri kimi Bəkir Çobanzadəni
tanıyırdılar, irsinə
bələd idilər.
Milliyyətcə Kazan tatarı, sonralar
Türkiyə Cümhuriyyətində
Türk Dil Qurumu və Türk Tarix Qurumu kimi mötəbər
elmi-tədqiqat mərkəzlərinin
qurucu üzvü,
Ankara Etnoqrafiya Muzeyinin
və Hett Muzeyinin yaradıcısı
olan, 1957-1965-ci illərdə
Dünya Muzeylər Şurasına rəhbərlik
edən məşhur tarixçi, arxeoloq, dilçi və etnoqraf, professor Həmid Zübeyr Koşay da
(1897-1984) krımlı soydaşından
iki il sonra Budapeşt Universiteti fəlsəfə fakültəsinin
tarix-filologiya bölümü
tələbələri sırasında
yer almış və 1923-cü ildə təhsilini uğurla başa vurmuşdu. Amma Bəkir Çobanzadədən
fərqli olaraq tarixi vətəninə deyil, Türkiyə Cümhuriyyətinə qayıtmışdı.
Mədəniyyət quruculuğu
sahəsində Atatürkün
silahdaşları sırasında
yer tutmuşdu.
Çox
güman ki, iki türk gəncinin ilk tanışlıqları da Macarıstan
paytaxtında olmuşdu.
Çünki Koşay
da Bəkir Çobanzadə
kimi ünlü macar türkoloqu Gyula Nemetin tələbəsi
idi və ciddi elmi tədqiqatlarla
bir sırada orijinal bədii yaradıcılığa, habelə
poetik tərcümələrə
maraq göstərmişdi.
Macar poeziyasının
türk dilinə orijinaldan ilk tərcüməçisi
kimi tanınmışdı.
O da diqqətəlayiqdir ki, məşhur macar romantik şairi, milli-azadlıq hərəkatının
ideoloqu Şandor Pötöfidən çevirdiyi
şeirlərdən birini
mətbuatda çap etdirdiyi zaman, görünür,
yaxşı tanıdığı
və böyük hörmət bəslədiyi
"Ustadım Bəkir
Sıtkı Çobanzadəyə
ithaf" sözləri
ilə alim həmkarına
ünvanlamışdı.
Və heç şübhəsiz,
müxtəlif türk
boylarından yetişən
istedadlı gəncləri
uzaq Macarıstana toplayan ölkə üzərində açılmış
geniş turançılıq
çətiri idi.
Bizim günlərdə tarix özünü təkrar edir. 2014-cü ildən üzü bəri min nəfərə yaxın azərbaycanlı oğlan
və qız ali təhsil almaq üçün artıq Avropanın mühüm universitet mərkəzlərindən birinə
çevrilən Macarıstana
üz tutmuşdur...
Vilayət QULİYEV
Ədəbiyyat qəzeti.- 2024.-
12 oktyabr, №39.- S.12-13.