Kamal Abdulla və
Rafiq Əliyevin "Qeyri-səlis
məntiq və dil-nitq"
adlı yeni kitabı çap olunub
Azərbaycanın görkəmli ədəbi
siması, Xalq yazıçısı,
akademik Kamal Abdulla və AMEA-nın müxbir üzvü,
professor Rafiq Əliyev son illər qeyri-səlis məntiq nəzəriyyəsinin
daha da dərinliklərinə enərək, bu nəzəriyyəni
Azərbaycan ədəbi və elmi sahələrinə
uğurla tətbiq edirlər. Onlar dünya şöhrətli
azərbaycanlı alim Lütfi Zadənin məşhur qeyri-səlis
məntiq nəzəriyyəsini Dədə Qorqud boylarına tətbiq
etməklə diqqətəlayiq nəticələr əldə
etmiş, hər iki alimin birgə yazdıqları "Kitabi-Dədə
Qorqud" və qeyri-səlis məntiq" kitabı Azərbaycan
(üç dəfə), Almaniya və Türkiyədə
çap olunaraq, oxucular tərəfindən böyük maraq və
rəğbətlə qarşılanmışdır. Bu
günlərdə isə akademik Kamal Abdulla və professor Rafiq
Əliyevin qeyri-səlis məntiq nəzəriyyəsini sosial
elmlərə tətbiq edən yeni nəşri - "Qeyri-səlis
məntiq və dil-nitq" adlı kitabı çapdan
çıxmışdır.
"Sim-Sim"
nəşriyyatında işıq
üzü görən yeni kitabda qeyri-səlis
məntiq nəzəriyyəsi, ilk dəfə olaraq,
dilçilik obyekti olan dilə-nitqə tətbiq edilir.
Kitabın "Ön söz"ünün müəllifi
Türkiyə Cümhuriyyəti Dil və Sistem Fondunun sədri
Rüştü Burak Ekedir. Nəşrin elmi redaktorları -
professorlar Lətafət Qardaşova, Azad Məmmədov, Burak
Eke, rəyçiləri isə Xalq şairi Ramiz Rövşən,
İsmayıl Məmmədov və professor Hacan Hacıyevdir.
Kitabda qeyri-səlis məntiq nəzəriyyəsini dilçilikdə yeni
bir istiqamət kimi təqdim edən müəlliflər bu nəzəriyyənin
dilin təbii çoxmənalılığı və qeyri-xətti
xüsusiyyətlərini necə izah etdiyini əhatəli
şəkildə təhlil edirlər. Bu yanaşma həm
dilçilik, həm də informasiya nəzəriyyəsi sahələrində
yeni perspektivlərə yol açır, gələcək tədqiqatlar
üçün zəmin yaradır.
Lütfi
Zadənin məşhur
nəzəriyyəsindən bəhrələnən
Kamal Abdulla və Rafiq Əliyev qeyri-səlis məntiqin nitqdə
necə təzahür etdiyini, dilin özünəməxsus
xüsusiyyətlərini izah etməyə
çalışaraq, yeni tədqiqat sahələrini
işıqlandırırlar. Kitabın elmi əhəmiyyəti
yalnız bu nəzəriyyənin tətbiqi ilə məhdudlaşmır,
eyni zamanda, geniş tədqiqat istiqamətlərinə yol
açaraq, dilçilik və məntiqi sintez edən yeni
üfüqlər formalaşdırır. Bu fundamental tədqiqat
L.Zadə tərəfindən təməli qoyulan qeyri-səlis
məntiqin gələcəkdə dilçilik və digər
sosial elmlərdə daha geniş tətbiq
olunacağını işarələyir.
Bütün bunlar və kitabın əhəmiyyəti haqqında
"Ön söz"ün müəllifi Rüştü
Burak Eke yazır: "Bu kitabı əlinizə
alımısınızsa, oxumağı düşünəcəksiniz.
Bir dəfə əlinizə aldığınızda artıq
sona qədər onu buraxa bilməyəcəksiniz. Bu kitab dənizdən
tam dolu bir görüntüdür. Hər bir oxucuya, hər
oxunuşda fərqli ləzzət təqdim edəcəkdir. Bu
kitab oxucusu üçün heç bir sərhəd qoymur:
yaş, təhsil səviyyəsi baxımından hər kəsə
müraciət edir. Amma, digər tərəfdən, yüksək
intellektual oxucuları hədəfləyir. Bu kitabın
araşdırdığı sahələrin birində və
ya bir hissəsində mütəxəssis ola bilərsiniz. Bir
qisminə intellektual marağınız ola bilər. Amma bu
kitabdan yararlanmağa başlamaq üçün, içindəki
düzəni - kitabın dediyi kimi - sinerjetik olaraq qavramaq
üçün bir səviyyə və səy tələb
olunur".
Müəlliflər isə "Qeyri-səlis məntiq və
nitq-dil" kitabının yazılma məramını
"Giriş"də belə açıqlayırlar:
"Kitabın adından göründüyü kimi,
təqdim edilən mövzu, yəni qeyri-səlis məntiqin
dil-nitq müstəvisində özünü göstərməsi
indiyə qədər hərtərəfli və sistemli şəkildə
öyrənilməmişdir. Eyni zamanda, bu faktın
özü, yəni mövzunun indiyə qədər öyrənilməməsi
onun bu günümüz üçün kifayət dərəcədə
perspektivli və dərin olmasından xəbər verir. Belə
ki, qeyri-məntiq prinsiplərinin və onun təməl
strukturlarındakı ciddi nəzəri-praktik müddəaların
dil-nitq sərhədlərini aşıb keçərkən
buranın dərin qatlarında eynən kaleydoskopda olan kimi
yeni-yeni mənzərələr yaradacağı məlum və
şübhəsizdir".
"Qeyri-səlis
məntiq və nitq-dil" kitabı aktual məzmunu,
novatorluğu ilə yanaşı, unikal tərtibatı ilə
də diqqət çəkir. Nəşrin ilk fəsillərində
L.Zadənin məşhur nəzəriyyəsinin yaranma tarixi,
onun klassik məntiqlə müqayisəsi, bu nəzəriyyənin
digər elm və istehsalat sahələrinə uğurlu tətbiqindən
söz açılır. Həmçinin qeyri-səlis məntiqin
fasetləri ilə bağlı deyilənlər, onların
ayrı-ayrılıqda araşdırılması, müxtəlif
elm və həyat sahələrinə tətbiqi ümumiləşdirilmiş
şəkildə təqdim edilir. Eyni zamanda, dil və nitqin nəzəri
dilçilikdə qəbul edilmiş fərqindən, bu fərqi
ortaya qoyan dilçi alimlərdən, dil-nitqin "nitq fəaliyyəti"
çərçivəsindəki birgəliyindən söz
açılır. Burada qeyri-səlis məntiqin əsas baza
elementi olan hedclərin mahiyyətindən, onların dil-nitq
vahidləri ilə əlaqəsindən, mikromətn və
makromətndəki rolundan bəhs edilir. Dil yaruslarında
qeyri-səlis məntiqin izləri, sinergetika və dil-nitq əlaqələri
təhlil edilir.
Sonrakı fəsillərdə fonoloji,
morfoloji, leksik qatlarda, cümlə və
mikromətnlərdə qeyri-səlislik məsələləri
araşdırılır. Dilçilik elmi və süni
intellekt məsələlərini
araşdıran fəsildə isə süni intellekt və
dil münasibətləri fonunda süni intellektin tərkib hissəsi
kimi özünü göstərən təbii dilin emalı və
xüsusilə, "sentiment" təhlil əsasında
dilçilik üçün perspektivli istiqamətlərə
işarə edilir. "Bədii dil və qeyri-səlis məntiq"
fəslində informasiya kanalında özünü göstərən
"küylər"lə bədii süsləmələr
arasında paralellik nəzərdən keçirilir, bədii
informasiyanın ötürülməsi, dəyərləndirilməsi
və qorunmasından söz açılır. Personifikasiya və
metaforlaşmanın bədii dildə yeri ilə bağlı
fikirlər irəli sürülür.
Kitabın "Nəticə" hissəsində hər fəsildən
doğan ümumi yekun müddəalar yer alır. Burada qeyri-səlis məntiqin
dil-nitqin inkişafı boyu səlis məntiqə nisbətən
daha geniş və əsaslı mövqe tutması, sinergetik
perspektivlərdən çıxış edərək,
müasir dilçilik elmi qarşısında duran zəruri
problemlər, qeyri-səlis məntiqin digər sosial elmlərə
tətbiqindən irəli gələn məsələlər,
bu tətbiqin perspektivləri, yeni tədqiqat üfüqləri
nəzərdən keçirilir. Kitabın "Əlavələr"
hissəsində isə oxuculara qeyri-səlis məntiqin
dörd əsas faseti haqqında geniş məlumat verilir. Kitab
ingilis dilində yığcam "Rezyume" ilə
tamamlanır.
Beləliklə, müəlliflərin qeyd etdiyi kimi, "Qeyri-səlis
məntiq və nitq-dil" kitabının "əsas nəticəsi
olaraq müxtəlif fəsillərdən bu və ya başqa
şəkildə keçən aparıcı ideyanı
qısa şəkildə bu cür ifadə etmək olar: qeyri-səlislik
məqamları dil-nitq məkanında qədim zamandan bu
günə qədər reallaşan inkişaf boyu artan xətt
üzrə hərəkət edir. Bu halı nadir istisnalarla hər
bir dil yarusunda müşahidə etmək mümkündür.
İnkişaf boyu qeyri-səlislik hallarının
artmasını dil-nitqimizin dərin struktur-semantik qatlarında
ontoloji olaraq mövcud olan qədim, ilkin demokratik meyillərlə
əlaqələndirmək lazımdır".
Göründüyü kimi, akademik Kamal Abdulla və professor Rafiq
Əliyevin "Qeyri-səlis məntiq və dil-nitq"
adlı yeni kitabı müəlliflərin dərin fəlsəfi
düşüncələrini və qeyri-səlis məntiqə
söykənən yaradıcılıq
axtarışlarını bir araya gətirir. Postmodernizm ruhunu
daşıyan bu fundamental tədqiqat təkcə elmi dairələr
üçün deyil, eyni zamanda, geniş oxucu auditoriyasına
dərin fəlsəfi və intellektual təcrübə təqdim
edir. Kitabın müasir dilçilik və məntiq sahələrində
açdığı yeni üfüqlər qeyri-səlis məntiqin
sosial elmlərə geniş şəkildə tətbiq
olunmasının vacibliyini bir daha ön plana
çıxarır, bu nəzəriyyənin sosial elmlərdəki
potensialını daha dərindən anlamaq üçün
mükəmməl platforma təqdim edir. Oxucuları
düşüncələrarası səyahətə dəvət
edən bu unikal əsər Azərbaycan dilçiliyində məntiq
və dil arasındakı əlaqələrin təhlilində
yeni istiqamətlər açmaqla yanaşı, hər iki
müəllifin elmi yaradıcılığının zirvəsi
olaraq gələcək tədqiqatlar üçün zəmin
yaradır, Azərbaycan elminə mühüm töhfə
verir.
Sadiq
Zaman,
filologiya üzrə fəlsəfə
doktoru
Ədəbiyyat qəzeti.- 2024.- 12 oktyabr, №39.- S.14.