Yağışda dayanacaqdakı qadın
Hekayə
"Dayanacağa
və sənsiz dünyamın ümidsiz küçələrindəki künclərə axşam
düşürdü. Bezdim
sənə bənzəyən
insanları sevməkdən.
Halının necə
olduğunu belə
soruşa bilmədiyim
birisən
daha mənim
üçün..."
***
Yenicə
yola çıxmışdı
ki, yenə yağış
başladı. Son vaxtlar
yağışı da sevmirdi. Eynəyi islanır, şüşənin
üstündə puçurlanan
damcılar görməyini
çətinləşdirirdi. Ən çox da evdən çıxanda çətirini unutmağı
onu lap karıxdırırdı.
Əlindəki kitabları özünə
sipər edib yağışdan qorunmaq istəmirdi.
Kitab çox şeydən qoruyar, mühafizə edər, əlbəttə,
içində daşıdıqlarına
bələd olsan. Kitabdan çətir kimi istifadə etmək isə yaramaz, qıymazsan. Həm də, axı o kitabların sətirlərində elə
yağış kimi ağlayan, yağdıqca
da damla-damla puçurlanan,
yaşaran cüt gözləri görməmək
mümkün deyil.
Hər gün keçdiyi yoldan bu gün
daha əvvəlki ahənglə keçmirdi.
Addımları daha yeyin idi, yağış
yağırdı axı,
leysan, necə deyərlər, "ucundan
tut, göyə çıx"!
Əvvəllər yağışın da vaxtı-zamanı, öz mövsümü olardı.
İndi daha nə fəsil, nə də mövsum bilmir, nə zaman istəsə ərköyün,
dəlisov atlı kimi, istədiyi vaxt, gözləmədiyin
anda səyridir, ələyir, yağır,
ha yağır...
Yağış öz yağmağında
olsun, həyat da öz axarı ilə davam edir, əlbəttə. Yenə də çayxanalar ağzınacan
çayxorlarla doludur.
Payız girib. İndi
buralarda havalar adamı üşüdür,
belə yağışlar
da çayxana azarına
tutulanlar üçün
yaxşıca bəhanədir.
Rayon yerlərində yaşlılar
bir yana, elə cavanlar da bütün günü çayxanalarda nərd atırlar, dominonun daşlarını stola elə
çırpırlar ki, nəinki
yoldan ötənlər,
yaxınlıqdakı dükan-bazar
əhli də diksinir. Hə, bir də, növbəti
əldə oynamağa
növbə gözləyənlər...
Onlar da öz növbələrini gözləyə-gözləyə
bekar durmayıb yoldan ötən əks cinsin nümayəndələrinə oğrun-oğrun baxıb sonra da arsız-arsız qımışırlar...
***
Havası
soyumuş mənzilinin
pəncərəsində öz
nəfəsinin buxarında
çəkdiyi, içinə
də "X" hərfi
yazdığı ürək
rəsmi yadına düşür. "Yadına
düşür" deyəndə
ki, əslində o işarə eləcə yaddaşında ilişib qalıb. Damlardan sular süzülür, ağacların yekə-yekə
saralmış yarpaqları
qarışıq yağış
tutmuş damcıları
üstünə-başına səpələnir.
İndi bütün bunları nədən xatırladığını
anlamır. Bədbinləşir.
Yəqin yağışdandı,
-mızıldanır...
Yağışla bağlı yazılan
çoxlu sevgi macəraları oxumuşdu.
Yağışda islanıb
bir isti otaqda sevgilisinin qoynuna girib qurunduğunu
çox xəyal etmişdi. İndi isə başqa cür düşünürdü. Ya
da tam əksinə, qurama
olan xəyallara aldanmırdı daha...
Yəqin
həyatın necə
naqolay olduğunu indi anlamışdı... İçindən elə
gəlmirdi əslində.
Bəlkə də macəra uydurmaq əvəzinə, daha çox toxtaqlıq tapmaq istəyirdi.
Darıxdı lap, suallar içində
vurnuxdu, "sualların
yeri küncdə olur", deyirlər. Baxır hansı sualların... Bu dəqiqə
kimdən soruşsan
ki, sevdiyin olubmu? Gözün döyəcək,
gizlədəcək. Zəmanəyə
uyğun "güləcək".
Yağış onu özündən aralayıb
çəkib apara bilmirdi. Məlum məsələ...
Gülür! İslanmağın qorxusu canına "hopanlar" taksilərə
tərəf qaçırlar.
Üstündə çətirdən
savayı taksiyə verəcək parasının
da olmadığına tam əmindi.
Həmişə belədir,
üstündə pul olmur ki... Ümumiyyətlə,
aldığı heç
nəyə çatmır.
Piyada getməyə isə hələ gücü-qüvvəti var. Dərəsi
yox, təpəsi yox, uzaq da olsa,
hələ ki, bu yolu gedib-gələ bilir.
Şütüyüb gələn taksilər dayanacağa yaxınlaşanda müştəri
ümidi ilə sürəti azaldırlar.
Budur, biri də gəlir. Gözlərini elə bərəldib baxır
ki, sanki zorla əlimi qaldırıb
"saxla", - deyəcəm.
Yağış da onlar üçün
yaxşı fürsətdir.
Dayanacağa çatana qədər
yağış qucaqlayıb
isladır onu. Saçlarından su damcılayır, başı
elə bil girov qoyub. Bir də, həə, dizlərini döyür, açıq dizlərini. Qapalı geyinməyi xoşlamır. Bu da elə
bərəlib baxan şorgöz gözlər
üçün əsil
fürsətdir. Allah vurmuşdu,
- bərkdən deyir.
Dodaqlarının yağışdan islanması
bir başqa aləmdir, deyəsən, bircə bu maraqlı
gəlir ona. Qarşı tərəfdən
bir kişi də elə onun kimi çətirsiz
"şütüyür". Bu şəhərdə bir adət də var axı, kişilər əllərində çətir
tutmazlar...
Görəsən, niyə bu qədər darıxdırıcıdır
oktyabr ayı, anlaya bilmir...
Bir dostu da:
- Bu ayda adamın yenidən doğulub təkrar sevməyi gəlir, - deyirdi. Zövqsüz...
Kişi
düz üstünə
yeriyir, sanki ayaqlayıb keçəcək,
zalım oğlu nə qaba adamdır.
Elə bil "Gönçüdəndir". Kişi olanda nə olar ki?! Beləsinin...
Yolundan çəkilir, çəkmələrinin
dabanlarından yan-yörəyə
su səpələnir.
Kişi isə ona mənalı-mənalı
baxır, düşüncələrini
oxuyur, ya da halına gülür sanki. Əslində eyni vəziyyətdədilər.
Sadəcə bircə
gözündəki eynəyi
ondan artıqdır, bir də əlindəki
yağışdan qorumaq
istədiyi kitablar.
- Bu da çayxanaya tələsir,
yəqin, əli də cibində, - düşük, heç olmasa, şlyapası olsaydı, polietilen torbanı başına taxıb. Bəlkə də o torbada elə soğan daşıyıblar. Soğanın
qoxusundan zəhləsi
gedir. Soğanbaş kişidən lap zəndeyi-zəhləsi
getdi.
Üzbəüz çayxanada küllənənlərin
yanından ötüb
dayanacağa yetişir.
Dayanacaqda bir
"PAZ" markalı, köhnə
avtobus bomboş dayanıb, qapıları
da bağlı. Avtobusa
minmək üçün
gözləyən kimsə
gözə dəymir,
heç sürücü
də yerində yoxdu. "Uzun çəkər bunun tərpənməyi", - deyə
düşünür. Gözləyir,
başqa çarə
yoxdu, yol uzundur, bu yağışda
evə piyada getsə, özünə sitəm edər, sətəlcəm olar.
Yanları kir basmış
qalın, iri şüşələrilə boyaboy dövrələnmiş,
indi də yağış gilələdikcə
xəfif küləyin
titrəyişindən çilənib
lillənən dayanacaqda
yerini rahatlayan kimi telefonuna zəng gəlir. Evdəndir, ya bəlkə də, bu yağışda yolda çətirsiz qaldığının qayğısını
çəkən birisi
var?.. Ona görə narahatlıq keçirdiyini
onu inandırmağa çalışan birisi...
***
Son eşitdiyi onun şəkərli diabet xəstəliyinə tutulmasıdır.
İndiki "şəkər"
halıyla necə olduğunu bilmək keçir içindən:
"Yəqin ki, çox
zaman ürəyi su içmək istəyir, ciyəri yanır. Amma şirnini heç sevməzdi ki. Görürsən
də, sevmədiklərin
intiqam alır səndən, - demək istəyir. Sevgi nədir, bilmirəm daha, o səninlə bitdi. "Başqa kimsə olmadı ki həyatımda. Nə qəribədir, heç sən də olduğun kimi deyildin mənim üçün".
Üşüyür bu hissdən. Yağış
onu belə titrədə bilməzdi. Çox dözülməz
hissdir!
Ağlasa,
kiprikləri bulaşar,
sanki, bu gün də gözünün qarasını
göz yaşlarıyla
yusunmu? Bəlkə güzgüdə bir halına baxa?! Güzgüləri də bəyənmirdi, insan belədir də. Bəzən özünü
aldatmaqdan başqa bir iş gəlmir
əlindən. Dayanacağın
qalın kirli şüşəsinin ortasından
ətrafa boylanır...
Gen-geniş park burdan ovuc içi
kimi görünür.
Bir kişi də ertəgözlü özünü
yağışa salıb
parkdakı işıqları
yandırmağa gəlib.
Qəribədir, elektrik
işıq lampaları
alışan kimi hava gözündə qaralır.
***
Kimsə
gəlir, addım səsləri yaxınlaşdıqca
güzgüyə baxmaq
istəyi yox olur. Sürücüdür,
yəqin. Yox, bu gələn həmin kişidir ki... Bayaqdan ötüb keçən o kişi elə bu maşının
sürücüsüymüş...
Sürücü "PAZ"ının qapısını açıb
hıqqanaraq kabinəyə
qalxır, yerinə keçib bir-iki ağız quruca öskürərək qapını
çırpır. O da maşının
güzgüsündən baxır,
deyəsən, onu tanıyıb. Bayaq yanından ötənlər
kimi qaba təbəssüm dodağında
donub qalıb. Üzünü yana çevirir, bəlkə başa düşə. Sürücü də guya özünü o yerə qoymayıb əlini siqaret qutusuna atır. Bir anlıq göydən ələnən yağış
da, içini saran üşütmə
də ara verir. Siqaret qoxusu avtobusa dolur.
***
...Çənəsini ovuclarına
alanda burnuna dolan siqaret qoxusunu
xatırlayır. Bir zamanlar
çox sevirdi o qoxunu. Nəfəsi də siqaret qoxuyurdu, öpüşləri
də. Sanki yuxudaydı,
hətta əhvalının
durulduğunu, rənginin
acıldığını hiss etdi. Sürücü isə durmadan toz basmış maqnitofonunun düymələrini
qurdalayırdı. Əvvəlcə
səs xırıldasa
da, sonradan açıldı.
Avtobus da eyni havayla yola düzəldi...
Müğənni isə öz aləmindəydi, oxuyur, elə bil göydən
sevgi yağışı
töküləcək...
Sürücünün siqaret "dəmi" bitir. Siqaretin kötüyünü
çırtma ilə
vurub pəncərədən
yolun ortasına vızıldadır. Sonra eləcə
sükanın arxasında
oturduğu yerdə başı yuxarıda, əlləri isə aşağıda nə isə axtarır. Axtardığını tapıb
deyəsən, əlində
bir şüşə
var. Ətir şüşəsidir.
Üstünə boşaltmağından
bilinir, sankı qadın sərnişinin
"xətrinə" siqaret
iyini qovacaq salondan.
Musiqi, siqaret, ətir - hamısında bir oxşarlıq var, bütün
bunları özlüyündə
bir araya gətirmək istəyir. Alınmır ki, alınmır...
Yenə telefonuna zəng gəlir. Bu dəfə də qızıdı. "Necə
gələcəksən?" - deyə soruşur. Qayğılanıb, kövrəlir. "Gələcəm,
əlbəttə, avtobusdayam,
narahat olma, gəlirəm", - deyir.
Avtobus ara-sıra dayanacaqlarda dayanır, ləngiyir, tövşüyür, nə
düşən var, nə
minən, yenidən guruldayıb yoluna düzəlir... Əməlli-başlı
üşüməyə başlayır.
- Görəsən, bugünkü
belə havada, onun günündə olan bir başqa
birisi olacaqmı bu avtobusa minsin?
Yox, deyəsən, hələ kimsə nə görünür, nə də yaxınlaşır. Sürücü
indi də radionu qoşur və axır ki, insafa gəlib, maşın yenə də ağır-ağır
yerindən tərpənir.
Yağış daha arxada qalıb. Onun yerini ümid
tutub, siqaret qoxusu da arxa oturacaqlara keçir. Heç ətir iyi də ona
təsir eləyə bilmir. Axı evdə onu gözləyəni
var... Gözünün işığı,
bircəcik qızı
onu gözləyir...
Avtobus qəfil dayanır. Üst-başı ələnib
tökülən sürücü
qaçaraq yolun kənarındakı mağazaya
girir və tez də qayıdır. Əli doludur, şəffaf sellofanda araq şüşəsi, iki çörək və bir düyüm
kolbasa açıq-aydın
görünür. Uzaqdan
gözlərini zilləyib,
üzünün cizgilərindən
nə düşündüyünü
anlamaq istəyir, yəqin. Hər halda onu düşünəcək
qədər sadəlövh
olmadığını bilir.
Yenə o şübhəli,
hiyləgərcəsinə quruca öskürəklə
boğazını arıtlayıb
avtobusun özü kimi xılxa motorunu işə salır. Arxa oturacaqdakı qoxular qarışır bir-birinə.
Bu günüqara avtobusdan
düşüb gedəndən
sonra, araq qoxusu, kolbasa iyi, çörək ətri qarışacaq bir-birinə. Avtobusdan düşəndən sonra
nə olacağını
axı niyə düşünür ki? Canı
cəhənnəmə!
Elə bu dəmdə avtobus yavaşıyır,
sürücü əyləci
basıb saxlayır. Kefinə soğan doğranıb,
əhvalı da pozulub,
sifətinin rəngi dəyişib. Öz-özünə
mızıldanır, təkər
partlayıbmış. Dərdə
bax, hələ. Yolu az qalıb.
Yağışa yoldaşlıq
edə-edə, amma əslində bu qaranlıqları gəmirə-gəmirə
axşamın çökməkdə
olan toranlığında
evlərin arasında evinin pəncərələrini
gəzir. Könlündən
bir ah qopur:
"Kaş, sənin də necə bir "şəkər"
olduğunu qızımızın
şirin təbəssümü
unutdura biləydi mənə..."
14 avqust 2024-cü il
Novruz Nəcəfoğlu
Ədəbiyyat qəzeti.- 2024.- 12 oktyabr, №39.- S.15.