Yuxu
Hekayə
- Vəfa, nə olub sənə? - deyə evə daxil olan Vüqar
təlaşla xəbər
aldı. - Üz-gözün
sel-su içindədir.
Lap cavan yasından çıxan qadınlara bənzəyirsən.
- Düz deyirsən, qardaş, onsuz da günümüz ah-vayda, göz yaşı axıtmaqda keçir...
- Qapıda dayanma, keç, keç otağına görüm,
nə baş verib? Kim dağıdıb
dünyanı yenə?..
- Kim dağıdacaq, anam Nərgiz, anamız! Bezmişəm day bunun əlindən. Bu evdə nə qədər söz-sov, gidə-gid olar?.. Allaha qurban olum,
hər şeyimiz var. Ev korluğu yox, yemək-içmək
korluğu yox, geyim-keçim korluğu
da yox. Bəs deyən gərək, nə istəyir bizdən?! Nə inadından əl götürür, nə də mənasız "mənəm-mənəm"liyindən. Atamın da səbrini qaçırıb, elə
bizim də. Ha can atır ki, qaşınmayan
yerdən qan çıxarsın... Daha
nəyini deyim, Vüqar?
- Dayan görüm, ay mənim qəşəng bacım...
Yəqin yenə ata ilə sözə
gəlib?
- Hə də... yox... tək ata ilə yox,
elə hamımızla.
Hörmətdən salıb
kişini. Böyük
bir orta məktəbə rəhbərlik
edən, dağ boyda xətir-hörmət
sahibi olan atam da bu gicin
əlində çaş-baş
qalıb. Ha nəsiyyət
edir, ha dil tökür, hara yetər,
elə bil daşa deyirsən, anlamır ki, anlamır. Əslində vallah, görürəm o özünü
qəsdən gicliyə,
dəliliyə qoyur. İstəyir hamı bu başıxarabdan qorxub çəkinsin,
"bəli", "baş
üstə" desinlər
cənab anamıza.
- Bilirəm, ay Vəfa, mən səndən də yaxşı tanıyıram anamı. Atam əslində bizə görə dərinə keçmir.
Bir də abrına, nüfuzuna boğulur. Hayıf deyil atamdan, qızıl kimi xasiyyəti var. Hər şeyi qarşılıqlı hörmətdə,
mehribançılıqda görmək
istəyir atam. O isə bunu, ya dərk eləmir,
ya da dərk eləmək istəmir.
- Qardaşım, mənim dediyim odur da. Bədbəxt anamızın
qarşılıqlı hörmət,
güzəşt anlayışlarından
bir zərrə belə xəbər-ətəri
yoxdur. Olsa da, özünü karlığa,
korluğa qoyub. Heç bilirsən, onun öz dilindən
nələr eşitmişəm?
Deyib mən bu evə gəlin
gələndə başa
salmışlar ki, ay qız,
ağlın olsun, nə sevgi, nə filan. Çalış, diribaş
ol, istədiyini et. Əlinin üstünə
əl qoyanın, sözünün üstünə
söz qoyanın olmasın.
- Onu çox yerində vurğuladın,
Vəfa. Kənardan barmaq uzadanlar indi də az
olmur. Dilverənləri
deyim, müəllimləri
deyim, başını
əməlli-başlı xarab
ediblər. Bəlkə
də öz yaxın adamlarıdı, nə bilim. Kim nə edirsə, Allah cəzasını versin.
- Vüqar, mən özüm neçə dəfə fürsət tapan kimi anamın
qılığına girib
başa salmaq istəmişəm. Heç
bilirsən, necə açılıb üstümə?
Deyib, ay qız, kəs səsini, mənə nəsiyyət
verən tapılıb...
Sən qanmazsan belə işləri... Hələ sənin özünə də anladacağam ki, getdiyin xarabada necə davranasan, necə hər şeyi ələ alıb hökmranlıq edəsən.
Vallah, qardaş, mən də çəkinmədən cavabını
qaytardım. Dedim, sən özün bu evdə dava-dalaşdan
savayı nə qazanmısan ki, öz yolunu da mənə qandırırsan? Səndə
əxz ediləsi heç nə yoxdur. Ancaq atamın
hər sözünü,
hər nəsiyyətini
qulağımda sırğa
etmişəm, sonadək
də edəcəyəm.
Bunu eşidəndə
lap dəli oldu arvad.
- Sağ ol, bacım,
düz demisən. O, atamızın tayı deyil. Sanki bir-birlərinə
əks qütblərdi.
- Vüqar, bilirsən, nə ağlıma gəlir? Düşünürəm,
görəsən, atam
nə yaxşı anamı boşamır? Hər şitliyinə dözür...
- Ay mənim əziz bacım, birinci, atamız ağıllı,
uzaqgörən insandır.
Əməkdar müəllimdir.
Hər xırda-para dava-dalaşdan ötəri
ailə dağıdan
deyil. Mənə danışıb hər şeyi. Deyib, hər çətinliyə
dözərəm, təki
siz ata-anasız qalmayasız. İkinci də, bildiyimə görə, anamızı
çox sevib. Anamız qanmasa da, onu itirmək istəmir atam.
- Qardaş, anam onu sevməyib bəyəm?! Sevməyibsə,
bəs onda zorla veriblər atama?
- Xeyr, elə olmayıb, o da sevib. Hələ eşitdiyimə
görə, lap betər
sevib. İntəhası,
anamızın sevgisi,
görünür, içinin
çirkli ab-havasına
qarışaraq çürüyüb
yoxa çıxıb.
- Onu düz dedin,
vallah. Sevgi ancaq saf ürəklərdə,
saf niyyətdə yaşaya bilər. Qəlbləri natəmizlər
o ülvi dəyərə
sahib olmağı bacarmazlar.
- Ay sağ ol, bacım,
lap şairlər kimi düzüb-qoşursan, - deyə
Vüqar gülümsəyir.
- Sən Allah qardaş, gülməyin yeri deyil. Gəl zarafata salmayaq. Artıq uşaq deyilsən ee, 24-ü aşırmısan. Vüsal
da orta məktəblə
vidalaşıb, yekə
kişidir.
- Heç özünü demirsən, sən də bir ildən
sonra müəllimə
olacaqsan. Tarixdən dərs deyəcəksən.
Özü də qələbəmizin tarixindən,
xalqımızın, ordumuzun
qəhrəmanlığından danışassan.
- Düz deyirsən, başına dönüm,
ay Vüqar, düz deyirsən, çox sevinirəm. Ancaq indi biz də gərək öz qəhrəmanlığımızı burada - evimizdə göstərək.
- Yəni nə edək, bacım?
- Onu edək ki, bu gözəl ailəmizdəki mənasız,
boş dava-dalaşa
son qoyaq. Bu da olsun, bizim qəhrəmanlığımız.
Kənardan kimsə gəlib evimizin problemlərini həll edəsi deyil. Özümüz - sən,
Vüsal, bir də mən - iki qardaş, bir bacı, nə olsa, bizlikdir.
Özümüzə güvənməliyik.
- Hə, Vəfa, yaxşı yadıma saldın, Vüsal da evdəydi?
- Evdəydi... O yazıq da cana doyub anamızın
hərəkətlərindən. Qapını çırpıb
evdən çıxdı.
Hara getdiyini bilmədim.
- Ay mənim ağıllı bacım, ya bunlar, bunlar deyəndə əslində
anamı nəzərdə
tuturam. Anam ağıla gəlib daşı ətəyindən
tökməsə, bir
qadın kimi öz yerini, həddini anlamasa, ailəmiz dağılmağa
məhkumdur. Atamızın
da dözümü, hövsələsi
dəmirdən, daşdan
deyil.
- Allah eləməsin, ayrılıq
baş versin, onda özümü öldürərəm. Mən
atamsız bircə gün də yaşayammaram.
- Axı bu bədbəxt
anamız da başa düşəsi ağılda
deyil. Atam onun xarakteristikasını
çox gözəl izah edib mənə.
Deyir, belə sayaq insanlar qayğıya, hörmətə
yox, ancaq qorxuya baş əyərlər. O, qorxunu
yaratmaqdan ötrü isə gərək özünü ondan beşqat artıq dəliliyə vurasan. Huş-başı yerində
olan, normal insan da süni rola girməyi əsla bacarmaz.
- Vüqar, qəribədir
ki, anam bir tərəfdən namaz qılır, ibadət eliyir, o biri tərəfdən də Allahın qoyduğu qanunların ziddinə gedir. Vallah, onu anlamaq çətin
məsələdir.
- Ay qız, o özü-özünü
yaxşı anlayır.
Elə güman edir ki, nə qədər alnını möhürə dayasa, başını qaldırıb
göylərə yalvarışlar
etsə, Allah da onun əməllərini görməzdən
gələcək, bağışlayacaq...
- Qardaş, yaxşı gəldin mətləbə.
El içində məsəl
var, deyərlər, "İlan
ulduz görməsə,
can verməz". Qorxu
söhbətini deyirəm.
Mən götür-qoy
edib bir şey fikirləşəcəyəm.
Mütləq fikirləşəcəyəm.
Onun dərdini qorxu yaratmaqla sağaldacağam, inşəallah.
- Yəni nə edəcəksən, ay Vəfa?.. Sevindirdin məni. Di söylə görüm, nədir elə? Bax, əgər dediyin işi bacarsan, onda evimizin əsl qəhrəmanı da sən
olassan.
- Vüqar, gəl səsə salmayaq. Bu bir sürpriz olmalıdır. Bizim üçün də, elə atamız üçün də.
- Demək belə, görəcəyin işləri
böyük qardaşından
gizli saxlayırsan?
- Can qardaş, səndən kənar nə işim ola bilər?! Hamısını danışacağam
sənə, məsləhət
alacağam. Bir sən
biləssən, bir də mən. Vüsal kiçikdir, bilməsə də olar.
- Nə deyirəm, ağlabatan olsa, mən razı.
***
İki qardaşın deyib-gülən,
dilli-dilavər bacısı
ailə problemlərinin
ağır yükü
altında əriyirdi.
Və eyni zamanda ortaya bir barışıq gətirəcəyinin də
yol-yolağasını düşünməkdən
qalmırdı. Atası
Mahir müəllimə
isti münasibəti sonsuz idi Vəfanın.
Heç anasını
da az istəmirdi. Di gəl ki, anası Nərgiz gündəlik vərdişə döndərdiyi
gidə-gidiynən, dava-dalaşıynan
qızının gözündən
düşmüşdü. Elədiklərinin əsla
fərqində deyildi bədbaxt qadın. Onun ucbatından ailə uçuruma sürüklənirdi. Atasının
da olub-keçənlərə sonadək göz yumacağı inandırıcı
görünmürdü.
Vəfa
heç cürə çəkə bilmirdi anasının haqdan, ədalətdən uzaq hərəkətlərini. Onun
nə zamansa, anlayıb əsl adam olacağı günün intizarındaydı
yazıq Vəfa. Zarafat deyil, bu gün-sabah qardaşı Vüqar ailə quracaqdı. Vüsal da subay qalası deyil ki. Hələ özü... Neçə yerdən qapılarını döymüşlər,
ürəyində tutduğuna
"hə" deməyə
də ehtiyat edirdi. Ola bilərmi heç el arasında
hörmət-izzət yiyəsi
olan ailə pərdə arxasında belə əsassız söz-sovun qurbanına çevrilsin?! Birdən ayrılıq oldu. Onda necə?! Bu ayrılığa tab etmək
olardımı? Vəfa
qəlbində hey üzüb-düzürdü.
-Yox, yox, qətiyyən ayrılıq
ola bilməz. Canı çıxsın anam, ağıla-huşa gəlsin,
yerini-həddini bilsin.
Uşaqlarını fikirləşsin.
Elə ən çoxu da özünü.
Vallah, ürəyim ağrıyır o bədbəxtə.
Allaha qurban olum, ona hərtərəfli
xoşbəxtlik nəsib
edib. Fəxr edəsi əri, oğlanları var. Ay səfeh,
nəyin çatmır,
qarnını deşən
nədir? Niyə anlamırsan həyatını?
Görünür, Allah verdiklərini
əlindən çıxarsa,
onda nə vaxtsa xoşbəxt olduğunu duymaq zorunda qalacaqsan axı.
***
- Allah, bu nə yuxuydu
gördüm mən?.. Bu nə bəladır bizi tapdı? - deyə göz yaşlarını sel tək axıdan Vəfanın səsinə
anası yan otaqdan özünü yetirdi:
- A qızım, nə olub? Niyə ağlayırsan? Yoxsa, yuxunda diksinib-eləmisən?
- Hə, hə, yuxu görmüşəm,
ana... Özü də
çox qorxulu yuxu. Otur, otur,
yanımda. Mən qalxa bilmirəm. Şil olmuşam elə bil. Əyləş ee, canım ana, əyləş səni
son dəfə qucaqlayım.
Gül nəfəsini, iyini,
qoxunu ürəyimə,
ciyərlərimə çəkim,
ay gözəl anam, yazıq anam, bədbəxt anam.
- Bıy, Allah məni öldürsün, Vəfa,
dəli olmusan, ağlın qaçıb?
Bir toxda görüm, bu vay-şivən nədi belə? "Son dəfə səni qucaqlayım" bəs nəmənədir? Maşallah,
sənin nəyindi
ki?!
- Ana, kim var evimizdə?.. Qorxuram danışmağa.
Barı, eşidən-bilən
olmasın sözümüzü.
- Ay qız, indi kim olacaq evdə,
gün günortadır,
ee. Hərə bir tərəfə çəkilib. Yuxuya qalan elə sən özünsən.
- Məni qınama, ana, gördüklərim yuxu deyildi, sanki əsl həqiqət idi. Özü də dəhşətli bir həqiqət.
- Anan qurban, lap öldürdün
məni. Ürək-göbəyimi
yedim. Bir qandırsana görək, nə olub, nə görmüsən,
nə eşitmisən?
- Dilim açılmır danışmağa. Ürəyim
elə bil tel üstədir. Qoy hələ özümə gəlim.
- Yəqin yuxunda öldürüblər səni,
hə, elə olub?
- Ana, mən ölməmişəm,
başa düş, sən..
sə... - sözünün
ardını sona çatdıra bilmədi və ucadan qışqırtı ilə
ağladı. Nərgizi
var qüvvəsi ilə
özünə dartıb:
- Ana, yazıq anam, bicarə anam, səni görmüşəm
yuxumda. Sən olmüsən e, sən. Xeyr... yox, əslində
ölməmisən, başımı
itirdim lap. Yəni sən öləcəksən.
Özü də bu gün, düzünü
desəm, axşam azanınadək.
- Can bala, sən əsl cadu-pitilik olmusan, Allah məni öldürsün. Gedim Fizzə arvada baxdırım.
- Nə Fizzə arvad, nə baxdırmaq? Mənim huş-başım yerindədir.
Ağlım evimizin saatı kimi dəqiq işləyir. Sən bir mənə
qulaq ver, yerli-yataqlı nağıl
eyləyim.
- Danış görək
di, içimi yedim lap.
- Ana, eyni yuxunu əslində
iki gün əvvəl də, dünən də gördüm. Amma demədim,
açıb-ağartmadım. "Yuxudur da, keçib-gedər"
düşündüm. Sən
demə, bu yuxuma yol tapmış
həqiqətiymiş. Əməlli-başlı
həqiqət. Başımın
üstünü almış
əli qılınclı
insan, əslində insan deyəndə, yəni ölüm mələyiymiş - Əzrayılmış.
Son dəfə mənə
çox hədə-qorxu
gəldi. Uca və ötkəm səslə bunları söylədi:
- Dediklərimi nöqtəbənöqtə
anana çatdır. Başa sal ki, o qadın hansı üzlə, hansı haqla təmiz, günahlardan xali olan bir ocağı
cəhənnəmə çevirib?
Cəhənnəm birdir.
O da bizim haqq dünyamızda. Ananın
barəsində dalbadal
eşitdiyimiz xoş olmayan məlumatlar bizi əməlli-başlı
təbdən çıxarıb.
O, nə ərli qadın kimi yerini qanır, nə üç uşaq anası kimi. Səbrimiz kükrəyib daşıb
artıq. Ona görə
o zalım qadına ölüm hökmü kəsilib. Elə bu gün. Günün
sonunadək dünyasını
dəyişməlidir! Burada
bizim əsl cəhənnəmimizdə onunçün
mizan-tərəzi qurulub.
Elədiklərinin bədəlini
ödəməlidir. Hökm
dəyişilə və
yüngülləşə bilməz!
Lakin bir şərtlə: o, ölümdən xilas olub bağışlana bilər, əgər silkinib bütün pis əməllərini atarsa, saf niyyətli
insan olarsa.
Yuxuma girən bəni-insanın
son xəbərdarlığı isə belə oldu, əziz anam: Boğazımı tutub bərk-bərk sıxdı və amiranə səslə dedi: "Qızcığaz,
üçüncü, həm
də sonuncu dəfə söylədiklərimi
olduğu kimi anana çatdırmasan, yatağından qalxa bilməyəcəksən. Ömürlük
şil kimi uzalı qalacaqsan".
- Ana, ana,
bir bax, möcüzə baş verdi, möcüzə... Həqiqətən də,
onun sözlərini sənə çatdırıb
qurtaran anda elə bil qurumuş
bədənim açıldı.
Canıma xoş bir yüngüllük gəldi. Qoy bir tez qalxıb
səni doyunca öpüm, qucaqlayım. Bax beləcə...
- Yavaş görüm, ay şeytan. Mən lap şokdayam, anlaya bilmirəm səni.
İndi mən nə etməliyəm axı?
- Əziz anam, sənə qurban olum, yəni aydın olmadı dediklərim?
- Sənin dediklərindən
belə başa düşdüm ki, Əzrayıl
bu gün gəlib mənim canımı alacaq, hə?! Axı nəyə görə, niyə? Az ibadət etmişəm Rəbbimə?
- Ay ana, nə ibadət, nə zad... Söhbət namazdan, orucdan getmir. Söhbət evimizdə törətdiyin dava-dalaşlardan,
yerli-yersiz özünü
haqlı çıxarmağından,
zakslı, kəbinli ərini heçə saymağından, bir sözlə, Allahımızın
buyurduqlarının əksinə
getməyindən, daha
nə bilim, hansı günahlarından
gedir. Mənasız inadın, özünə
bab gəlməyən
iddiaların öz içini
də çürüdür,
elə bizi də əridib yoxa çıxarır... Bilirəm, yazıq anam, birdən-ikiyə sən "mənəm-mənəm"liyindən
əl götürən
deyilsən.
Onun üçün
də çox qorxuram sənə görə. Artıq real ölümlə üz-üzə,
göz-gözəsən. Ya
daşı ətəyindən
töküb, ailəmizin
sevimli bir üzvünə çevrilməlisən,
ya da... uf... dilim də gəlmir
söyləməyə... özü
də nə etsən, elə bu gün etməlisən.
Tövbə qapısı
qaş qaralanadək açıqdır üzünə.
Bilmirəm, bunu bacaracaqsanmı, yoxsa, yox... Qırma bizi, ana, səni itirsək, biz neyləyərik?!
Yazığın gəlsin
bizə. Elə özünə də. Axı nə yaşın var.
Vəfa
gözlərindən yaş
axıda-axıda sözlərini
tamamlayıb yenidən
anasının boynuna sarıldı.
İçində ağır bir təlatüm yaşayan
ana çaş-baş vəziyyətdə
qızına:
- Vəfa, düzünü söylə, həqiqətən
də, mənim canımı alacaqları haqda söhbət gedib? Bəlkə ayrı cür olub? Bir yaxşı-yaxşı
fikirləş.
- Ana, nə tez unutdun
şil olmuş qızının birdən-birə
yataqdan qalxmasını?
Mən səhv söyləsəydim, elə
şil-şikəst kimi
də yatağımda
saxlayacaqdılar məni.
- Onu da düz deyirsən e... Keçmə
qurban olduğumun möcüzələrindən. Qızım, gəl otur yerində, heç yana çıxma, bu saat gəlirəm.
- Yaxşı, yaxşı,
ay ana, sən də uzağa getmə. Qoy bir doyunca
üzünü görüm,
mənim nisgilli anam, qəşəng anam.
Aradan bir qədər keçmiş ölüm
qorxusunu canında yaşadan, dil-dodağı
titrəyən ana rəng-rufu
ağ kağıza dönmüş halda geri qayıtdı. Qızı ilə qabaq-qarşı əyləşdi.
Əllərini əllərinə
alıb titrəyişlə
danışmağa başladı:
- Mə... mənim əziz qızım, inanıram yuxu görməyinə. Qətiyyən
şübhə etmirəm.
Bu kimi hadisələr
azmı olur? Amma sənə suallarım
var. De görüm, yuxunda
doğrudan da, mənim
adım hallanıb? Yəni elə bu bircə günün
içində canımı
alacaqlarını bildiriblər?
- Ana, vallah, billah, elədir, yalanı-filanı
əsla yoxdur.
- Axı, başına dönüm, ay qızım,
mən xəstə-zad
deyiləm ha, sağlamam.
Bu günə kimi də nə həkim, nə dava-dərman tanımamışam.
Birdən-ikiyə sağlam
insan necə ölə bilər axı?
- Ay yazıq anam, ay avam anam, o boyda
Allahın əlində
bir ölüm nəmənədir, hə?
Qurban olduğum istədiyi anda insanın canını ağır xəstəliyə
düçar edər,
ya gözlənilməz
qəzaya salar, ya da .. ya
da təbii
fəlakət gətirər.
Olmazmı məgər?
- Qızım, başa düşdüm səni.
Amma son bir ricam olacaq səndən. İncimə ha, əgər
dediklərin doğrudursa,
evimizdə muqəddəs
Qurani-Kərim kitabı
var. Onu tapıb gətirmişəm... O kitaba
əlini bas. Qoy sözlərinin düzgünlüyü
Allah dərgahında da təsdiq
olunsun. Bunu bacarsan, daha sənə şəkk-şübhəm
qalmaz.
- İnanmırsan mənə?
İndiyədək sənə
heç bir dəfə də olsa, yalan danışmışam?
- Xeyr, danışmamısan, gözümün işığı,
danışmamısan. Ancaq
yenə şübhəli
qalmayım. Əgər
yuxun söylədiyin kimidirsə, niyə qorxmalısan ki?! Əlini rahatca basıb and içə bilərsən.
Amma əvvəlcə get yaxşı-yaxşı
yuyun, təmizlən, sonra gəl.
Anasının tapşırığını cəldliklə icra edən Vəfa çox çəkmədi
evə döndü, yerini rahatladı: Ya Allah, kömək ol, - deyə astadan səslənib sağ əlini müqəddəs kitabın
üzərinə toxundurdu
və dualar etdi:
- Söylədiklərim doğrudur, heç bir yalanım yoxdur, - deyə Vəfa ayinini bitirdi: - Daha sözün, ay ana? İnandınmı indi? - deyərək qorxu təri axıda-axıda ayağa qalxdı, yenidən ona dördgözlə diqqət kəsilən anasını özünə tərəf çəkib hönkürdü. Xeyli vaxt bir-birinə sarılı qaldılar. Ana birdən qızından ayrıldı. İri addımlarla özünü daima ibadət etdiyi odasına saldı. Üzünü Qiblə səmtinə çevirib, başını dikəltdi, əllərini göyə tuşladı:
- Allahım, keç günahlarımdan. Öldürmə məni. Mən artıq əvvəlki Nərgiz deyiləm. Dəyişmişəm, paklaşmışam. İçimi didib-tökən, içimə ağırlıq gətirən iblisanə düşüncələrdən uzağam. İnsanlığın əksi olan nə varsa, artıq tərk edib məni. Özü də elə indi, bu saatda edib. Mən tamam başqalaşmışam.
Nə yaxşı yuxu əhvalatı ortaya çıxdı. Şükürlər olsun, özümə qayıtdım. Elə bil təzədən doğulmuşam. Allah mərdimazarlara, ev yıxanlara lənət eləsin. Baş-beynimi yemişlər... Elədiyim iyrənc oyunların fərqində deyildim. Tilsimdəydim, sanki.
Allahım, qıyma mənə, qapımızı Əzrailə tanıtma. Günü bu gün baş tacım olan ərimdən də, ciyər paralarım olan uşaqlarımdan da üzr istəyəcəyəm. Özü də dönə-dönə. Təki Tanrım məni bağışlasın, keçsin günahlarımdan. Mən ölmək istəmirəm!
Gün sona yetməkdəydi. Axşam azanına sayılı dəqiqələr qalmışdı. Suçlu qadın həyəcan, qorxu məngənəsində çeşidli şam süfrəsi açmağı da unutmamışdı. Gözləri yol çəkirdi. Vəfa anasının hərəkətlərini anbaan sezdikcə sevinir, qürurlanır və özünü dünyanın xoşbəxti sanırdı. Bir azdan həyət qapısı açıldı. Gələn Mahir müəllim idi. Nərgiz işini kənara atıb qapıya yüyürdü. Əri gözlərinə inanmadı. Amma yuxu deyildi. Bu, o idi. Bəli, o idi, ömür-gün yoldaşıydı. Lap qənşərində dayanmışdı. Baxışlar bir-birinə dirəndi. Mahir müəllim onu başdan-sonadək süzdü. Eynən birinci dəfə rastlaşdığı Nərgiziydi. Gülərüz, mehriban... Cavanlıq təravəti də üstündəydi. Şükürlər olsun.
Vəfa həsrətində olduğu bu mənzərəni seyr edərkən qardaşları Vüqar və Vüsal da içəri daxil oldu. Gəlib bacılarının yanında dayandılar.
***
O günün üstündən aylar, illər adlamışdı. Nərgiz Tanrının qəzəbindən yaxa qurtarmış, Vəfa da düzüb-qoşduğu oyunlara rəğmən cəzalandırılmamışdı. Görünür, Vəfanın xeyirxah niyyətlə uydurduğu yalanlar uca Allaha xoş getmişdir.
Fərəc Fərəcov
Ədəbiyyat qəzeti.-
2024.- 12 oktyabr, ¹39.- S.28-29.