Xatirələr, xəyallar
Faiq Balabəylinin
şeirlərində ana mövzusu
Faiq Balabəylinin yaradıcılığında əksər yazarlar kimi avtobioqrafik izlər vardır və bu nümunələr ədəbi tədqiqatda daha çox istifadə olunmağa uyğundur. Çünki oxucuya əsər qədər müəllifin həyatı, şəxsi kimliyi də maraqlıdır. Şairin şeirlərində yaşanmış hadisələrin duyğusu qədər ifadəsi də güclüdür. Anaya sevgisi, bağlılığı, tez-tez xatırladığı qayğısız uşaqlıq illəri, anasının xəstəliyi və ölümü, keçmişə - analı günlərinə dərin həsrət və bitməyən tənhalıq hisslərini köçürdüyü şeirlər yüzlərlə, minlərlə insanın ortaq taleyidir.
F.Balabəylinin şeirlərində ana obrazı onun həm insan kimi, həm də şair kimi portretini çəkir. Üstəlik, anadan başlayaraq, şairin həyata, adət-ənənələrə, dinə və sivilizasiyaya baxışını öyrənmək, ölüm və kədərə yüklədiyi poetik mənaları bilmək olur. O, özünü beləcə anlatmağa başlayır:
Bir oğlan varıydı,
siz tanımazsız.
...Atası fağır bir kənd kişisiydi,
anası dünyanın əzab çəkəni -
ürəyi qübardan düyün-düyündü.
Tanrı ruzusuydu qəmi, kədəri,
həsrəti bol idi, löyün-löyündü -
elə dərd çəkirdi -
siz tanımazsız...
Şeirin birinci bəndindən müəllifin kimliyi, elə şeirdə istifadə olunan sözlərdən açıq-aydın məlum olur. Misralarını içindən gəldiyi kimi yazır, bəzəməyə çalışmır.
Son illərdə özünü büruzə verən qərb poeziyasını az-çox oxuyan yenilikçi hərəkat yaratmağa cəhd edən bəzi şairlər milli mədəniyyətə, psixologiyaya uymayan, eyni zamanda şeirlərinin ölçüsü (daha doğrusu, ölçüsüzlüyü) heç bir milli şeir janrına aid olmayan nümunələrlə gündəmə gəlirlər və bunu Azərbaycan oxucusuna qəbul etdirmək, mənimsətmək üçün səy göstərirlər. Ola bilsin ki, bununla bağlı istisnaları qeyd etmək olar, ancaq müsbət danışmaq ümumiyyətlə, mümkün deyil.
F.Balabəyli isə özünə - keçmişinə bağlı şairdir, uşaqlıq, gənclik xatirələrindən ayrılmır. Yaradıcılığına ümumilikdə nəzər salsaq, bəlkə də onun qədər kəndə aid şeir yazan olmayıb.
Bəs nədir onu bu qədər kəndə - uşaqlığına bağlayan?!
Bunu anlamaq üçün onun həyatının ancaq uşaqlıq və yeniyetməlik dövrünü yaşadığı kəndlərini, ondan sonra ara-ara gördüyü, həmişə yolunu gözləyən anası ilə bağlı xatirələrini təfərrüatı ilə düşüncəsinin ən qorunan yerində saxladığı, ancaq misralara bükdüyü şeirlərinə baxmaq kifayətdir.
Qəfil yağan yağış isladacaq
uşaqlığımın ayaqyalın keçdiyi yollarını,
anamın hər axşamüstü
ayağımı yuduqdan sonra
belimə
dolanan qollarını,
yelçəyinin altından çıxan saçlarını...
F.Balabəyli xatirələri, misraları ilə oxucunu davamlı həyəcanlandırmağı bacarır. Bu şeirləri oxuyan hər kəs istər-istəməz uşaqlığını xatırlayır, əsasən də, eyni dövrü və kənd həyatı yaşayanlar xatirələrə dalır.
F.Balabəylinin bir şair kimi həyata və poeziyaya fərqli baxışı var. Ona görə bütün ayrılıqlar ahlara, ahlar göyün sinəsini dağıtmağa yönəlir. Beləcə, külək də, yağış da, qar da ayrılıqdan yaranır. Kainatda baş verənlər təbiətə təsir edir, təbiətdə yaz yaydan, yay payızdan, payız qışdan ayrılmaqla həyatı təzələsə də, bütün hallarda ayrılıqlar küsdürür, incidir, ağladır...
Körpə oğlanların da qaşları düyün vurub,
qızların bantı hanı? -
toysuz qalıb gəlincik...
Sonra əsən küləklər bizi tərk edib getdi,
Getdi, göyün üzündən buludları dağıtsın,
Getdi, bir qədər küskün, getdi, bir qədər incik...
Ayrılığın baş qəhrəmanı anadırsa, şair hisslərini bəzən sərbəst şeirə etibar etmir və misralarını qapalı ölçüyə, qafiyəyə sığdırmağa çalışır. "Yalquzaq səsi" şeiri şairin məhbus həytında yaşadığı ailə, xüsusilə, ana həsrətinin hayqırtısıdır.
Əlləri köksündə, ağbirçək anam,
Hələ də yollardan çəkmir gözünü.
Asdım asılqandan dərdi kürk kimi,
Yumruğum sinəmə dəydi gürz kimi.
Gördüm ki, pas atıb qında xəncərim,
Tiyəsi korşalıb, deşmir köksümü.
...Tiyəsi pas atan xəncər vurduğu
dərinə getməyən yaram
su verir.
Gündüz qaranquşdan gözlədiyimi
Qaranlıq gecədə yarasa
verir...
Müasirlik və mistisizm F.Balabəylinin şeirlərində paralel
olaraq işlənir. Özünəməxsus söz
seçimi ilə, daxili aləmini təbiətinə uyğun
ifadə etməklə,
zəngin assosiasiyalara
yol açan obrazlardan istifadə etməsi onu orijinal şair olaraq təqdim edir.
Sən Allahın əzizi, mənsə Tanrının
qulu,
Qul xatasız olmayır, böyüklər əfv edəndi.
Kim bilir, bəlkə elə eşqi ilahi olan,
Ürəyinin hökmünə baxaraq
səhv edəndi.
Bu misraları isə mütləq yaşadığı
hiss olunur. Bu şeirlər
ümumilikdə onun daxili dünyasının güzgüsüdür.
Əvvəl gələn xəbərlər
sonra heç gəlmədi də...
Sonra gəlməyən xəbər
ümidləri qarsadı...
Son dəfə əsən külək sonuncu yarpaqları
Qovdu, görə bilmədik, lap
uzağa apardı...
...Sonra həmən küləklər
yarpaqsız budaqların
üstündən uçub getdi...
getdi,
göyün üzündən buludları
dağıtsın...
Sərbəst şeirlə hecanı
bir qazanda əridən şair həyatın çətin
anlarının bədii
təsvirini yaradır.
Bu anlar şairin ruhən və zehni olaraq sarsılmasına
səbəb olur.
Daha heç nə qəlbimin sarı simini qırmaz,
Nə bacımın göz yaşı, nə anamın ağısı.
Çiynimi söykədiyim bu
ağacın gövdəsi,
Üzümü söykədiyim yarpaqların
ağrısı...
Xarici dünyanın qabalaşan
yönündən ayrılıb
daxili "mən"inə
üz tutan şair həyatın bayağı, istismarçı
tərəflərini şeirə
sığışdırır.
F.Balabəyli hələ
90-cı illərdə, xalqın
azadlıq, müstəqillik
uğrunda verdiyi mübarizədə həyatlarını
itirdiyi dostlarının
acısı ilə baş-başa qalır və sığınacaq limanı yenə də anadır. "Anama məktub" şeirində yazır:
Böyütdüyün oğuldan əsər qalmayıb,
ana,
Bir quruca nəfəsdir, bir də ki, quru əksim.
Nə mən yola gələnəm,
nə də yol gəlir mənə,
Nə mən səs eşidənəm, nə sənə çatar səsim.
Göy də saxlaya bilmir gözlərinin əksini,
Göylərə baxıram ki, orda
görüm tək səni.
Qız vaxtı toxuduğun sarı bülbül tikməni
Çəkib qəbrimin üstə,
ağlarsan əsim-əsim.
Ana-bala yaxınlığının
ən ağrılı
tərəfini ifadə
edən "ölüm"
anlayışı bütün
şairlər kimi, F.Balabəylinin də poeziyasında "qəbir" və "o qəbri ziyarət" düşüncəsi olaraq
işlənir. Şeirlərində
bəzən gələcək
qədər keçmiş
də onu darıxdırır.
O qədər oldu ki, ötüb keçənlər,
Gözümün önündə doğanaq
oldu.
Doğma
kəndimizdə bəzən,
elə bil,
Gah doğma, gah qərib, gah qonaq oldum.
Düşdüm dərə boyu,
gəzdim Bazını,
İzini
axtardım uşaqlığımın.
Hanı
acıqovuq, hanı tərs tikan
Yalın
dabanımın qəsdinə
dursun
Deşsin
dərisini ayaqlarımın?!
- deyir.
F.Balabəyli dənizçidir,
günlərlə ayağı
torpağa dəyməyən
şair zaman-zaman torpaq
üçün darıxır.
Ayrıldığı doğma
kənddə bəzən
özünü qonaq
hiss etsə də, yenə uşaqlığını,
Günəşdən qızan
torpaqda dabanlarının
dərisi yanan - ayaqyalın gəzdiyi günləri axtarır. Uşaqlığından bir
iz axtarması onun keçmişə bağlılığından irəli
gəlir. Dövrün
acımasızlığı, insanların mənən çirklənməsi onu üzür, yaxşıları
torpaq altda "görməyə" tələsir.
Yolum məzarlığın yanından
keçir,
Hamının doğması, əzizi
burda.
Kəndin
qarğaşası, çirkini
çöldə -
Saf yeri, pak yeri,
təmizi burda...
Necə
də doğmadı kənddə hər tərəf...
Və bunu bir neçə
şeirində təkrar
dilə gətirir:
...İndi
illər keçib, çox illər keçib,
hər kəndə gedəndə
dönürəm həmən
-
yolumun üstündən məzarıstana.
Nə qədər doğmam var, əzizlərim var
bu soyuq torpaqda yatır yan-yana.
Əlimi
uzadıb dururam elə,
bəlkə çəkəcəklər, aparacaqlar
o doğma ölülər məni yanına,
Necə
nisgillidir kənddə
hər tərəf...
F.Balabəylinin şeirlərində
tez-tez yaşadığı
narahatlıqlar nəhayətində
onu yenə də xatirələrlə
və xəyallarla yaşamağa vadar edir.
Arada
istəyirəm
ayrılığın nədən baş verdiyini,
necə
yaşandığını, heç bildinmi,
mənim
balam, - deyənim olsun.
İstəyirəm ki, kəndimizin üstü
ilə
uçan
buludun üstündə
oturum.
..Sonra
da yağış damlası
kimi
çırpım özümü
ayrılıqların baş verdiyi kənd yollarına.
Bu məqalə şairin ana haqqında yazdığı
şeirlərə xüsusi
bir baxış idi.
Ömrünün 60-cı ilində Faiq
Balabəyliyə anasının
xatirələrindən ilhamlanaraq
həyatını və
yaradıcılığını daha da zənginləşdirməsini
arzu edirəm.
Adilə NƏZƏROVA
Ədəbiyyat qəzeti.- 2024.- 12 oktyabr, ¹39.- S.17.